Страница 34 из 47 · 70%

² Xüsusi əl çırağı

Bundan sonra Babək dərindən nəfəsini dərmişdi, dönmüşdü yuxarı qalxmışdı, gəlmişdi öz yerinə, Barsislə yanaşı uzanmışdı və heç bir şey baş verməmiş kimi təmkinlə demişdi:

– Qulaq as, Barsis, hava işıqlananda, bazar darvazası ağzında təbil çalınanda mən qalxıb gedirəm. Günəmuzd bir iş tapıb qulpundan yapışmaq lazımdır. Hələ nə qədər bu şəhərdə qalacayıq allah bilir. Çoxdan itkin düşmüş bir dostum, mənə qardaşdan daha yavuq idi. İndi burda şəhər zindanındadır. Bir yol tapıb ondan xəbər tutmalıyam və sonra nə edəcəyəm onun üçün – bu barədə çox fikirləşirəm. Çünki qış qapını almamış biz gərək yola düşək və yol ki, çox uzundur, həftələrlə, bəlkə bir aydan çox piyada gedəcəyik... Çox uzaqlarda Barsis, həmişə dumanlı və çiskinli Bəzzeyin dağları ətəyində kiçik bir kənd var və o kənddə hər evin çay qırağındakı irili-xırdalı bağlarında; cərgə-cərgə əkilmiş ağ tut ağacları hər il yaxşı bar verir, indi bu saat hər gün o bağlarda şıdırğı tut çırpırlar və çırpılan tutu tərəcələr üstündə, gün altında qurudurlar, sonra o quru tut üyüdülür və tut unundan bişirilən əppək bütün qışı o kiçik kəndin ruzisi olur... Nə dedin?

Barsis heç bir deməmişdi və Babək susmuşdu. Güman edirdi ki, indi gecənin bu aləmində doğma kəndini bu cür yad eləməsi bəlkə Barsisi də kövrəltdi. Və uşağın dili açılacaqdı, özü barədə, kəndləri barədə, orada kimi vardı kimi yoxdu bu barədə nə isə deyəcəkdi. Amma Barsisdən səs çıxmamışdı və Babək əlavə eləmişdi:

– Söz ver ki, sabah sən bax burda bu hücrədə oturacaqsan, mən də harda olsam gün günortaya kimi qayıdıb gələm. Ayın-oyun gətirərəm. Oturub bir yerdə bir tikə çörək kəsərik...

Və nəhayət Barsisdən səs çıxmışdı:

– Sabah məni də apar özünlə, – demişdi, – Amma sabah mənə çörək lazım deyil. Elə bu gün yemədimmi?

Babək uşağın nə dediyinin fərqinə varmamışdı.

– Bu gün yavanlığımız olmadı, – demişdi, – amma sabah bir cürdək ayran alıb gətirərik ki, bayat səngək boğazımı deşməsin!

Amma Barsis yenə etiraz eləmişdi:

– Səngək al, çünki sən şəhər adamısan, çünki sən hər gün əppək yeməyə adət eləmisən.

Və indi o, Barsisin nə dediyini eşitmişdi və kirimişdi.

Barsis yenə sağ qolu başı altında dərin bir yuxuya getmişdi. O isə susmuşdu. Məgər ki, qurd balası üçün o, şəhər adamı imiş. Çox uzaqlarda qalmış dumanlı və çiskinli dağlar qoynundakı kiçik bir kənd qaranlıqdan siyrilmişdi, gəlmişdi gözləri qarşısında dayanmışdı. Kiçik bir kənd ki, orda da Barsis kimi ayaqyalın başaçıqdı və Barsis kimi yamaqlı köynəyinin yırtıqlarından qol-qabırğaları çıxmışdı. Kənd yazda ayransız, qışda yorğansız, axirətdə imansız qalanların kəndi idi ki, o il yenə qara bir qışdan sonra yaz açılanda dağın-daşın ot-alağını otlamağa başlamışdı. Və bu vaxt anası bir gecə gördüyü yuxunun zülmündən yuxusunda ağlamışdı və səhər durmuşdu onu kənddən qovmuşdu. Çünki hardasa uzaqlarda böyük şəhərlər vardı və o şəhərlərdə yaşayan məxluq o qədər harın və israfçı idi ki, hər gün çörək yeməyi özləri üçün adət eləmişdilər.

3

Yarıqaranlıq dəmirçixanada bir az yuxarıda külək uğuldayırdı və bir az aşağıda kürənin kömür közləri üzərində yayxanan göyümtül dəm alovu gah süzülürdü, gah da çözülürdü. Sonra haça ucları xırdaca ilan dillərilə köz üstündə qıpqırmızı qızarmış dəmir parçasını duz-buz kimi yalamağa başlayırdı.

Babək ağır gürzü bir anlığa dikinə zindan üstünə qoymuşdu. Sağ əlini gürzün sapı üstündə saxlamışdı və baxışları torpaq döşəməni örtmüş yaşıl məmtəzin dəmir oxantılarına dikili qalmışdı.

Yenə Tərxan haqqında düşünməyə başlamışdı və yenə usta ona aman verməmişdi. Dəmirçi usta Məmtəzin dəri önlüyü hər gün üstünə yağan çırtdaq yağışının qara naxışları ilə bəzənmişdi. Lopa bığları xınadan qızartdaq bir rəngə boyanmışdı. Hər həftə ülgüclə qırxılan işıltılı başını qara bir təsəklə örtmüşdü və indi usta kürədə qızardıqca ağaran dəmir parçasını uzun qollu kəlbətinlə gah tərsinə, gah avandına çevirirdi. Eyni zamanda nəfəsini dərmədən döyürdü.

– İndi ki, yurdundan-yuvandan ayrı düşmüsən və Təbrizin qapısı bağlanmışdır üzünə, hərçənd Təbrizə hələ şəhər demək olmaz, çünki məscidin minbəri yoxdur və o şəhərin ki, minbərli məscidi yoxdur, o şəhər islam dünyasında şəhər hesab olunmur. Qərəz indi ki, qovğun bir didərginsən, gəzəcəksən qürbət iqlimləri bir-bir, onda agah ol ki, minbərli məscidləri olan şəhərlər içində Bəsrə məşhurdur məharət və fəndgirliyi ilə, Kufə – üzü dönüklüyü və bəlağəti ilə, Bağdad cahcalalı ilə, Leylac – əyanları ilə, Rey – məkr və xəyanətçiliyi ilə, Mərv – simicliyi və tamahkarlığıyla, Herat – paxıllığı və darqursaqlığı ilə, Nişapur – eyş-işrəti və zinakarlığı ilə...

Babək başını qaldırmışdı, sol əlilə alnının tərini silib atmışdı və qeyri-ixtiyari demişdi:

– Toxta, usta. Qoy heç olmasa üç-dörd şəhər bu dünyada salamat qalsın.

Ustanın qaşları yuxarı sıçramışdı, sonra aşağı düşmüşdü. İstədiyi elə bu idi, danışdırmaq – dilini açmaq istəyirdi bu qürbət qonağın ki, iki gündü yanında işə götürmüşdü, yoxlamışdı, işindən razı qalmışdı. Çünki qolları qüvvətli, zərbələri sərrast idi və iki gündü zindan arxasında ustanın işarəsilə ağır gürzünü bir anlığa zindan üstünə qoyub dayanırdı, şəhərin bu örtülü bazarındakı xüsusilə dəmirçilər cərgəsindəki bütün bu qulaq batıran daranqıltı, gumbultu içərisindən usta bu oğlanın ağır sükutunu eşidirdi və bu susqunluqdakı gərginlik ustanın aramını əlindən alırdı, hətta ürəyində nə isə tutqun bir təlaş hissi baş qaldırırdı...

Və usta gözlərini qıyaraq yanakı bir baxışla Babəki süzmüşdü. Sonra əlavə eləmişdi:

– Əlbəttə ki, Səmərqənd var bu dünyada o şəhər məşhurdu səxavəti və mərdanəliyi ilə, və yaxud Bağ şəhəri həmişə məşhur olub cəngavərlik və nəcabəti ilə və yainki çox şəhərlər toxuculuğu ilə ad çıxardıb və o şəhərlərdə toxunan kətan yumurta kimi ağappaq olur. Amma sən ki, Ərdəbil tərəfdənsən, o şəhər haqqında da bir giriz vurardım əgərçi xətrinə dəyməsəydi...

Babək qeyri-ixtiyari gülmüşdü və:

– Toxta usta, – demişdi, – mən də Həmədan haqqında deyərəm, sən eşidərsən.

Bu dəfə usta da gülmüşdü və bu gün üçün kifayətdi ki, nəhayət bu qaradinməzin ağzından iki-üç kəlmə söz qoparmışdı. Kürədəki dəmir parçası isə artıq dəmhadəmdə idi. Və usta uzun qollu kəlbətini ilə qızarmış dəmir parçasını kürədən gətirmişdi. Bir-iki dəfə havada silkələmişdi, elə bil tozunu çırpırdı. Sonra usta dəmir parçasını zindan üstünə atdı və başıyla Babəkə işarə elədi, yeganə bir hərəkət idi ki, buna izah yoxdu. Və Babəkin ağır gürzü zindan üstünə endikcə ağır çəkic zərbəsi altında qışqıran qırmızı çırtdaqlar fəvvarəsi dəmirçixananın alaqaranlığında yelpazə kimi gah açıldı, gah yığıldı. Usta tez-tez dəmir parçasını gah avandına, gah tərsinə çevirdi, dəmir parçası yayıldı, dəyirmiləndi. Sonra usta Babəki dayandırdı. Öz çəkicini sağ əlinə alıb işə saldı... və bir neçə dəqiqədən sonra ustanın çəkici altından çıxan daha bir at nalı daranqıltı ilə torpağa qalaqlanmış və qaralmış o biri nalların üstünə düşdü.

Bu dəfə də usta alnının tərini sildi. Gözləri dəmirçixana küncündə köndələninə çox hamarcasına kəsilmiş kötük üstündə oturmuş Barsisə ilişdi. Qurd balası eynilə yaşlılar kimi əllərini dizləri üstünə qoymuşdu. Açıq ovuclarına baxaraq fikrə getmişdi. Usta güc-bəla heç olmasa Babəkdən bir söz qoparmışdı. Amma bu uşaq bütün günü ağzına su alıb susurdu və usta özünü saxlaya bilmədi:

Niyə bu uşağı ayağına duzaq eləmisən, – dedi, – qoy getsin bazarda tay-tuşlarına qoşulsun. Qoy heç olmasa dinləməyi öyrənsin və heç olmasa əlində bir peşəsi olsun...

Amma Babəkin baxışları ustaya yaxşı bir şey vəd eləməmişdi. Usta dayanmamışdı:

– Deyir boş dayanınca, get düşməninə daş daşı. Qoy bizim uşağa qoşulub qonşu karvansaradakı nalbəndlərə nal daşısın.

Ustanın qonşu karvansara həyətindəki nalbəndlər cərgəsində öz müştərisi vardı və kiçik oğlu bütün günü ora nalbənd üçün nal daşıyırdı.

Babək dinməmişdi. Barsis isə o saat ayağa qalxmışdı və hazır nallardan dəri torbaya doldurub dalına atmışdı. Və ustanın kiçik oğluna qoşulub getmişdi. Usta isə arxalarınca xəbərdarlıq eləmişdi:

– Amma dinc durun ha. O gün bir-birinizi dişinizə vurdunuz kifayətdir.

Ustanın xəbərdarlığı səbəbsiz deyildi.

...O gün ki, Babək ilə Barsis uca tağlı bazar darvazası altından içəri keçib şəhərin örtülü bazarına gəlmişdilər, cümə axşamı idi. Və xüsusilə bu cümə axşamları Həmədanın örtülü bazarında elə bil ki, Ərsaat meydanında qiyamət günü məşq olunurdu. Uca tağlar altındakı darısqal və dərin tunelləri andıran bazar cərgələrinin getdikcə sağa və sola, uzununa, köndələninə əyilən şaxənin hər tərəfi qaynar qazanlar kimi qaynayır, arı pətəkləri kimi aramsız uğuldayırdı və əgər gündüzün günorta vaxtı şəhərin küçələrində, tək-tük adam gözə dəyirdisə, bu ona görə idi ki, səhər hava işıqlanandan, axşam hava qaralana kimi bütün şəhər bu örtülü bazarda olurdu – kişilər də, qadınlar da, hətta bütün uşaqlar da...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 мин

Стихи других поэтов