Birinci hissə
Страница 33 из 47 · 68%
“Sən zamandan əvvəl də vardın, – yoxsa səndən əvvəl də zaman vardı?”
Hər halda daş şair böyük Midiya çarlarının burda, qədim yunanların Oqbatan adlandırdıqları bu şəhərdə damları qızıl təbəqələrlə örtülmüş, mərmər sütunları Əlvənd dağından çapılan ağ mərmərdən yonulmuş möhtəşəm saraylardakı qısa ömürlü cah-cəlalına şahid olmuşdu. Sonra Midiya dövlətinin tarix üfüqlərində İranın Əhəməni şahları tərəfindən qəsb edildiyini və şahlardan yunanların arfa Kəsərkəs adlandırdıqları Ahasən vuruşları hekayəsi Bibliyada nəql olunmuş gözəl yəhudi qızı Esfirin bu şəhəri özləri üçün yaylaq malikanəsinə çevirdiklərini yadında saxlamışdı. Daha sonra bir qasırğa kimi Asiyanın sinəsi – İran yaylası üstündən əsib keçən Makedoniyalı İskəndərin ən çox bu şəhərdə əyyaşlığa qurşandığına və ən yaxın ürək dostu Kefestyün bir-birini əvəz edən şıdırğı içki məclislərinin şiddətindən bu şəhər demək olar ki, bütün xalqların və zamanların ən ulu sərkərdəsinin ən çox burda ağladığına, başına döyüb saçlarını yolduğuna şahid olmuşdu. Və min il sonra bir-birinin dalınca çaldıqları zəfər və qalibiyyətlərlə məst olmuş islam ordularının göyə ucalan təkəbbür və sədalarıyla Əlvənd dağının gödiklərindən üzü bəri bir sel kimi aşıb daşaraq şəhər üstünə gəldiklərini unutmamışdı. Və o zamandan daş şir arxasındakı mavi kaşilərlə üzlənmiş qoşa və uca qüllələrilə əzəmətli bir tağdan ibarət olan Bab-əl-Əsəd darvazasının üç bucaqlı alınlığında yaşayırdı. Daş xonça içində kufi xətti ilə həkk edilmiş islamın məşhur disturu “la qaliba Allah-Allahdan qeyri qalib yoxdur” kəlamı şəhərin yazısı olaraq qalmışdı...
...Və indi artıq bütün qafilə içəri keçmişdirsə, təkcə Barsis o qafilədən üzülmüşdüsə, burda bu darvaza önündə qalmışdısa və sağ əlinin şəhadət barmağını qatlayıb dişləri arasına alaraq bununla dünya qarşısında duyduğu böyük heyrətini ifadə edirdisə, səbəb o olmuşdu ki, uşaq gözlərini daş şirin tamaşasından qoparda bilməmişdi, çünki şir elə bil hardasa nə isə müdhiş bir şey görmüşdü və onun daş gözləri hədəqəsindən çıxmışdı. Və haraya isə sıçramaq istəyərək qabaq ayaqları üstündə dikəlmişdi. Amma sarğısını yerdən qoparda bilməmişdi. Nərə çəkib Əlvənd dağını lərzəyə gətirmək üçün ağzını açmışdı. Amma sinəsindən qopan daş nərəsi tıxanmışdı, boğazında qalmışdı, şirin daş gözləri ağlamaq istəmişdi. Amma şir olduğu üçün ağlaya bilməmişdi və buna görə sifəti yırtıcı bir qüdrətin dəliliyi ilə damğalanmışdı.
Bu vaxt Babək sorğu-sualsız içəri keçirildiyi üçün minnətdarlıq hissilə qatır üstündəki baş rahibin əlini tutmuşdu və qatır üstündə yol gəldiyinə baxmayaraq taqətdən düşmüş qoca bir müddət susqun bir halda Babəkin üzünə baxmışdı, sonra demişdi:
– Əlvida övladım, qoy rəbbin səni və o tifili bütün bəlalardan hifz etsin! Amma o qəzəb ki sənin ürəyində bir şir kimi yatmışdır, saqın övladım, qoyma ürəyində yatan o şir oyansın!
Babək dinməmişdi. Yalnız son dəfə dalğın bir halda qocanın üzünə baxmışdı. Necə ki, yolda bir dəfə qocanın qatırı ilə yanaşı addımlayarkən baş rahib Həzrət İsanın sayı on olan məşhur buyruqlarından söhbət açarkən yalnız başını qaldırmışdı, qocanın gözlərinə baxmışdı və qoca bu baxışda nə görmüşdüsə kirimişdi.
Sonra Babək bütün qafilə ilə vidalaşmışdı və birdən görəndə ki, Barsis yanında yoxdur, qaşları çatılmışdı, tez geri dönmüşdü və iti addımlarla darvazaya doğru gedərkən darvaza keşikçilərindən biri bürc altındakı hücrəsindən çıxmışdı və Barsisə təpinərək demişdi:
– Qara keşiş dedi ki, sən onun dəst fərmanısan və indi ki, buyuruq uşağısan, nə orda ağzını açıb milçək tutursan? Bəlkə payandaz döşəyək qabağına ki, o palçıqlı qədəmlərinlə sən bizim bu diyara xoş gəlmisən?
Barsis səksənmişdi və baxışlarını şir heykəlindən qopartmışdı, dönmüşdü, darvazadan içəri keçmişdi və Babəklə üz-üzə gələrkən başını aşağı salmışdı, Babək isə narahatlığını bununla biruzə vermişdi ki, tez Barsisin qolundan tutub, ən iti yerişilə darvaza ağzından ta moltanilər karvansarasına kimi qurd balasını birnəfəsə yortmağa məcbur eləmişdi. Barsis isə nə səsini çıxarmışdı, nə danışmışdı, nə dirənmişdi...
Həmədan qeysəriyyəsi yaxud örtülü bazarın yanındakı iki qonşu karvansaradan biri şəhər əhalisi arasında ağ karvansara, digəri moltanilər karvansarası adlanırdı. Ağ karvansaranın böyük və xaçar gül, çargül həyətini çevrələyən uca hasarlar boyu yaşıl sərvlər cərgələnmişdi. Dəstəmaz almaq üçün həyətin ortasında fəvvarəli çarhovuz vardı, alt mərtəbəsindəki çilov mətbəxində bir-birinin yanına düzülmüş, böyürləri qara hisli qazanlarda günorta vaxtı və axşam çağı zəfəranlı plov dəm alırdı. Buradakı dövrələmə eyvanlı hücrələr döşənəkli idi. Və gecələr bu hücrələr zeytun yağı ilə yanan qəndilləri ilə çıraqban olurdu. Karvansaranın hətta xüsusi çalğıçıları və nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrət məclisi qurulanda nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrət məclisi qurulanda nəğməçi cariyələr o məclislərə ruh verir, əvəzində maddi nemətlər kəsb edirdilər. Çünki ağ karvansara kübar müsafirlər ilə topdan mal satan yadelli tacirlərin karvansarası idi. Moltanilər karvansarasında vəziyyət təfavütlü idi. Qapısız və gecələr işsiz olan hücrələrin döşənəkləri çürük həsir qırıqlarından ibarətdi. Hücrələri dövrələyən ensiz və uzun eyvan altında atlar, qatırlar, uzunluqlar bağlanırdı. Həyətdə isə dəvələr xıxırdılaraq yerə yatırılırdı.
Moltanilər karvansarası şəhərə gəlib çıxan binəsib qəriblərin, karvançı oğlanların və şəhərlər arasında yol ağardan sərsərilərin karvansarası idi və dilənçilərlə dolu olurdu. Bu günlər isə şəhər həbsxanasında artıq yer olmadığı üçün, bir dəstə ayaqları kündəli, qolları zəncirli dustağı da bura gətirmişdilər, yük heyvanları yanında zəncirlərini divardakı dəmir halqalara bərkitmişdilər və iki nəfər pasibanı da üstlərində keşikçi qoymuşdular.
Karvansara sahibinin qoca xidmətçisi qara bir qul iki danaq alaraq Babək ilə Barsisi burdakı ən kiçik hücrələrdən birində yerləşdirmişdi və hücrənin damındakı yırtıqdan gecələr hansı bir ulduz isə hücrənin qaranlığına baxırdı. Babək bağlamasından çıxardığı bir tikə çörəyi iki bölmüşdü və hər ikisi qaranlıqda öz cirələrini gəvələyirdi, sonra başlarını həsir qırığı üstündə yerə qoyub sağ qollarını başları altında yastıqlayıb yol yorğunu olduqları üçün axşam çox ertədən yıxılıb yatmışdılar.
Və gecənin hansı aləmindəsə qapısız hücrənin çargül oyuğundan içəri düşən ay işığında Babək birdən oyanmışdı, Barsisi yanında görməmişdi, hücrəyə göz gəzdirmişdi. Hətta Barsisi səsləmişdi, amma cavab olmayaraq tez ayağa qalxıb eyvana çıxmışdı.
Bütün karvansara dərin bir yuxu içində idi. Hətta dustaqların keşiyini çəkən iki nəfər pasiban hasar dibində yerdə oturmuşdular, ayaqlarını irəli uzadıb arxalarını hasara söykəyib yatmışdılar. Gecənin bu aləmində hara gedə bilərdi Barsis? Yad bir şəhərin kimsəsiz küçələrində nə işi ola bilərdi? Olmaya itmişdi, ondan ayrılmış və şəhərdən çıxıb getmişdi. Amma bu vaxt şəhər darvazaları bağlı idi və bu vaxt heç nə şəhərdən çıxa bilərdi, nə şəhərə girə bilərdi və kimsəsiz küçələrdə yalnız Təbərzin¹ baltalarının dəstəklərini qurşaqlarına keçirmiş əllərin fanuslu² gecə gözətçiləri gəzirdi. Və bir də ki, bu dərəcədə vəfasızlıq heç o qurd balasına yaraşardımı?
Və birdən Babəkə vəhy gəlmişdi. Axşam yuxarıya ikinci mərtəbədəki hücrələrinə qalxarkən Barsis tez-tez dönüb dövrələmə eyvan altında heyvanlarla yanaşı zəncirləri divardakı dəmir halqalara bənd edilmiş, ayaqları kündəli, qolları zəncirli dustaqlara baxırdı və o dustaqlardan biri nə qədər dartınırdısa əlini yuxarıdakı atın başına keçirilmiş arpa torbasına çatdıra bilmirdi...
Babək barmağını dişləmişdi və tez aşağı karvansara həyətinə düşmüşdü. Yanılmamışdı.
...Barsis burada idi, dövrələmə eyvan altında idi, cumurdu, qolunu dirsəyinə kimi qıraqdakı atın başına keçirilmiş torbaya salırdı, dönürdü, arpa dolu ovcunu bir dustağın ovcuna boşaldırdı və xırmandan dən oğurlayan sərçə kimi tez-tez qanrılırdı, hasar dibində yatmış keşikçilərə tərəf boylanırdı. Və nə dustaqlardan bir səs çıxırdı, nə Barsis onlara bir söz deyirdi. Və növbəti dustaq arpa payını alırdı, tez acgözlüklə başını ovucları üstə əyirdi və bir an tez ovcundakını çeynəyib qurtarmağa çalışırdı. Və o dustaqlardan heç biri xəcalətli başını qaldırıb uşağın üzünə baxa bilmirdi, çünki çox yaxşı bilirdilər ki, əgər keşikçilərdən biri bu saat oyansaydı, yaxud at sahibi təsadüfən yuxarı qatdakı hücrəsindən çıxıb aşağı ensəydi, o vaxt burda onların gözləri qarşısında bir tikə uşağın başına nələr gələcəkdi.
Və indi Babək də təlaş içərisində keşikçilərə tərəf baxa-baxa qalmışdı və ta o vaxta kimi baxa-baxa qaldı ki, Barsis nəhayət ki, atın arpasını qarət edib qurtardı, dustaqların yanından ayrıldı, gəldi yenə başı aşağı Babəkin yanından keçdi və yalnız səssiz addımlarıyla pilləkənlə yuxarı qalxdı.
¹ Gecə keşikçilərinə məxsus baltalar
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.