Birinci hissə
Страница 5 из 47 · 9%
– Sənin və mənim babam xəlifə Mənsur görəndə ki, Əbu Müslüm Xorasani dövlət üçün çox təhlükəlidir, tərəddüd eləmədi ki, o şəxsin dövlət qarşısında çox böyük xidmətləri də var...
Harun ər-rəşid sağ əlilə ensiz alnını ovuşduraraq dedi:
– Və üç gündür mən ancaq qoca haqqında düşünürəm, uşaqlıqdan mən ona – Yəhya Bərməkiyə ata demişəm və iyirmi il o qoca mənim vəzirim olub, xilafəti idarə eləyib – əgər onun da qətlinə fərman versəm, məgər Allaha xoş gedərmi?..
– Vacib deyil ki, qocanı da qətl etdirəsən, – dedi Zübeydə. – Qoca indi dişsiz bir ilandır, ömrünün qalanını zindanda qalmalıdır. Amma ilan balaları Cəfər Bərməki və qardaşları səlamət qalsalar oğlunun və oğlumun – birinci vəliəhd Əminin başına gələcəkdə bəla açacaqlar və Məracildən, o cariyədən olan böyük oğlun Məmunu taxta çıxardacaqlar.
Harun ər-rəşid üz-gözünü turşutdu, çünki özü də cariyə oğlu idi və Xorasanlı qızı – cariyəsi Məracildən olan böyük oğlu Məmunun xəlifəliyə daha artıq layiq olduğu qənaətində idi.
Qarşıda qapı yerindən asılmış və üstündə qızıl hərflərlə quran ayələri yazılmış pərdə azacıq tərpəndi və o pərdə arxasında kimin dayandığı hər ikisinə məlum idi və hardansa xoruzların ikinci banı başlamışdı. Pərdə arxasındakı müdhiş kölgə pərdəni tərpətməklə xəlifəyə vaxtın gəlib çatdığını xəbər verirdi və Harun ər-rəşid döndü Zübeydə xatuna əmr elədi ki:
– Vaxtdır, sən dur get!
Həmişə cariyələrinin köməyi ilə oturub qalxan Zübeydə xatun çox böyük bir çətinliklə çox ağır gövdəsini yerdən qaldırdı və çəpəki baxışlarını güclə ərinin üzündən qopardaraq hərəm dairəsinə getdi.
...Cəfər Bərməkinin eyş-işrət məclisi isə davam edirdi, bir eyş-işrət məclisi ki, hamı səksəkəli idi və hamı bu şadlıq məclisinin bir an tez sona çatmasını səbirsizliklə gözləyirdi. Lakin məclis sahibindən izinsiz heç kəs ayağa dura bilməzdi. Məclis sahibi isə xəlifənin əmrilə qurduğu bu məclisi öz başına dağıda bilməzdi. Çünki bilirdi ki, xəlifənin qulamlarından yenə kimsə gələcəkdir və yenə qolları üstə onun süfrəsinə pay gətirəcəklər və bununla da xəlifə ona məclisi davam etdirməyi əmr etmiş olacaqdı...
Və indiki məclisə bir an sükut çökəndə bu sükut məclisi elə bir vahimə ilə çulğalayırdı ki, dərhal hər tərəfdən kor nəğməçidən oxumasını xahiş edirdilər və kor nəğməçi də indi Əbu Nəvasın şerinə bəstələnmiş o mahnını oxumağa başlamışdı ki, göydəki ay para gümüş bir orağa çevrilmişdi və bu gümüş oraq göydəki zülmət çiçəkləri, nərgiz gözlü ulduzları biçirdi...
Və bu zaman nəhayət, o gəldi, salamsız-kəlamsız içəri girdi və dinməz-söyləməz qara heykəl kimi qapı ağzında ayaq üstə dayandı. Səssiz içəri girib qapı ağzında duranın kim olduğunu dərhal kor nəğməçi də hiss elədi, səsi sındı, ayağı altına töküldü, başı əyildi, sinəsinə düşdü və məclisə çökən bu məşum səssizlik içində sarı pərdə arxasından gənc bir cariyənin hıçqırtısı eşidildi.
Qapı ağzında dayanmış çalması və kaftanı qapqara, amma ayaqlarındakı yarım boğaz məstləri rum imperatorunun çəkmələri kimi qıpqırmızı olan adam xəlifənin xadimi, yavəri və saray cəlladı Məsrur idi. Məsrur iri vücuduna yaraşmayan qadın səsilə yavaşdan dedi:
– Ya Cəfər, özün başa düşürsən ki, məni kim göndərib və yubandırma məni, qalx ayağa gedək!
Cəfər Bərməki ayağa qalxdı və dedi:
– Ya Məsrur, sənə and verirəm haqq-salamımıza, məni əvvəlcə Əmirəlmöminin hüzuruna apar, çox güman ki, bu saat məstdir – sonra ayılanda peşman olar.
Məsrurun dodaqları qaçdı, sarı və iri dişləri bir an açıqda qaldı.
– Cəfər, – dedi, – Əmirəlmöminin necə məst ola bilər ki, üç gündür nə ağzına bir loğma təam almışdır, nə də əngini meyə bulaşdırmışdır? Məgər ki, onun əmrilə qulamlar mətbəxdən gətirdilər bu payları sənə...
Məsrur qurbanını qəsrin alt qatındakı zirzəmiyə gətirəndə Cəfər Bərməki barmaqlarındakı üç üzüyü bir-bir çıxardıb cəlladına verdi ki, heç olmasa Məsrur özü xəlifənin hüzuruna getsin və xəlifəyə bircə bunu desin ki, Cəfəri gətirmişəm və Cəfər indi zirzəmidədir.
Ovcuna qoyulmuş üzük qaşlarının parıltısı cəlladın gözlərini qamaşdırdı, bu üzüklərin hər biri bir əyalətin xərac vergisindən daha artıq gələn bir varidata bərabərdi və yalnız xəlifənin barmaqlarında bu üzüklərə tay üzüklər vardı və Məsrur başını qoltuğuna alaraq xəlifənin hüzuruna getdi və ərz elədi ki:
– Cəfəri gətirdim ya Əmirəlmöminin, aşağı qatda zirzəmidədir.
Xəlifə heyrətlə cəlladının üzünə baxdı və dedi:
– Mən sənə, – dedi, – Cəfərin başın gətir demişəm, özün yox. Ya Məsrur yoxsa qocalıb xərifləmisən və yainki qulaqların ağır eşidir?
Məsrurun rəngi qaçdı və dönüb gedərkən cəllad bir halda idi ki, tez-tez ayaqları bir-birinə dolaşırdı...
...Məsrur gəlib vəziri aparandan sonra məclis dərhal dağılmışdı və indi içəridə yalnız iki nəfər – qoca təbib ilə kor nəğməçi hələ oturduqları yerdə donub qalmışdılar və kor nəğməçi hiss edirdi ki, indi məclisdə özündən başqa təkcə bir nəfər qalmışdır. Amma heç birinin artıq öz aralarında danışılası sözü qalmamışdı. Kor nəğməçi yenidən əmudu əlinə aldı, yenə simləri barmaqlarıyla daraqladı və şamları əriyib qurtaran boş məclisdə təkcə bir zəngulə vurdu ki, zaman ki, əcəl pəncəsini sinən üstə qoyacaq, o dəm ağlayacaqsan ki, bu dünyada sənə ən yaxın olan bu son həmişə səni aldadırdı ki, hələ çox uzaqdadır...
Sonra kor müğənni çığırıb susanda, xəlifənin qulamlarından dördüncüsü gəldi və qoca təbibi xəlifənin hüzuruna çağırdı...
Xəlifə bardaş qurub qara örtüklü məsnəd üstündə oturmuşdu. Qarşısında gümüş bir təşt vardı və o təştin içində kəsilmiş bir baş vardı və xəlifə dalğın bir halda əlindəki nazik çubuqla Cəfər Bərməkinin kəsilmiş başının qabarıq və uca alnında görünməz cizgilərlə nə isə yazırdı. Sonra pozurdu.
Qoca təbib içəri girib baş əyəndə, xəlifə başını qaldırmadı, qoca döndü, qapı yerindən asılmış ipək pərdə önündə hərəkətsiz qaldı. İzin verilməmiş danışa bilməzdi və danışılası bir sözü də yoxdu və əvəzində xəlifə danışırdı. Məhbubu, gözünün nuru, gözəl çöhrəli, uca alınlı Cəfər Bərməkinin kəsilmiş başı ilə söhbət edirdi:
– Niyə susmusan, ya Cəfər, – deyirdi, – vay olsun sənə ey əcəmlərin ən yaxşısı, necə ki, vay oldu. Mən gizli kəbin kəsdirib sevgili bacım Abbasəni sənə zövcə elədim ki, hər axşam ən məhrəm məclisdə bir sən olasan, bir də bacım – çünki heç birinizin fərağına dözə bilməzdim... Amma sən niyə şiyəlik eşqini ürəyindən çıxartmadın. Libasları ağ, ürəkləri qara şiyələri məclisdən qovmadın...
Xəlifə birdən başını qaldırdı, qaşların çatıb qoca təbibə baxdı və dedi:
– Baxırsan və ağlayırsan ya Cəbrayıl? Və buna ağlayırsan, mənə yox?
Qocanın boğazı qurudu:
– Baxıram, amma ağlamıram, ya Əmirəlmöminin və Allah sizin bir ömrünüzü uzun eləsin.
Elədir, gözlərin qupqurudur. Amma ürəyin ağlayır, çünki öz xəlifələrindən daha səxavətli olan bərməkilər ayda-ildə bir dəfə bərk xəstələri üstə çağırdılar, ya çağırmadılar, fərqi yoxdu, hər il sənə min təzmin¹ dirhəm ehsan edirdilər və indi ki, qoca zindandadır, oğulları o biri dünyada, əlbəttə ki, sənə çox böyük zülm oldu.
– Ya əmirəlmöminin, – dedi qoca, – hər il sizin mənə ehsan elədiyiniz...
– Sus, – dedi xəlifə və qoltuğundan çıxartdığı qara bir məndili təşt üstünə atıb ayağa qalxdı, – və necə ki, mən bilirəm sən də bilirsən ki, bu cibim, bu rəfiqim, bu Cəfərim məndən səxavətli idi və bu açıq alın arxasında işıqlı bir zəka vardı. Amma təəssüf ki, çox ehtiyatsız idi, o dərəcədə ki, şiyələrin qurduğu bir məclisdə məni Xorasanın istiqlalı ilə hədələmişdi. Vali nəfəsini dərməyə macal tapmamış o xəbər gəlib mənə çatmışdı.
Bədbəxt və ehtiyatsız qardaşım! Mən ona o qədər ixtiyar vermişdim ki, məndən soruşmamış qızımı qardaşım oğluna nişanlamışdı və sonra gəlib mənə xəbər verəndə, mən ona güldən ağır bir söz demişdim. Amma xəbəri yox idi ki, əgər qızın nişanlandığından xəbər tutmamışdımsa əvəzində can-ciyərimin hər dəfə gecə röyasında nələr sayıqladığından o özü hələ yuxudan oyanmamış – mən xəbər tuturdum...
¹ Bir milyon
Və xəlifə isterik qaqqıltı ilə uğunub özündən gedərkən, hər iki əlilə qarnını təbil kimi döyəclədi, sonra birdən kiridi və dedi:
Üç gündür, hərdənbir ağzıma bir noğul atmaqdan ürəyim bulanır. Ya Cəbrayıl, sərəncam ver süfrə açılsın və tapşır xarisə olsun o süfrədə və saqi bizə bir kuzə xoruz gözü “Soyuq ulduz” gətirsin...
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.