Страница 6 из 47 · 11%

Xarisə qızardılmış qiymədən hazırlanırdı və bütün cah-cəlallı toy məclislərinin süfrəsində birinci və ən vacib bir xörək idi...

3

...Məmun pəncərə qarşısından çəkildi, döndü öz yerinə gəldi və dərhal yenə ayağa qalxmaq istəyən qocaya aman vermədi, əlini qocanın çiynino qoydu, sonra oturdu və dedi:

– Əgər bir şəxs ya Cəbrayıl, birinci səhvini ikinci ilə və ikinci səhvinin üçüncü ilə təshih etməyə başlayırsa, məgər bu haman şəxsin öz evinin altından gətirdiyi torpaqla öz evinin üstünə və yaxud damına suvaq çəkməsinə bənzər bir şey deyilmi?.. Və biz eşitdik ki, dünən axşam bizim vəzirimiz səni də öz hüzuruna çağırmışdı.

Qoca bir an cavabı gecikdirməyib yalnız o barədə düşünməyə macal tapdı ki, vəzirin Bağdad hadisələrini xəlifədən gizli saxlaması əlbəttə ki, bağışlanmaz səhv idi və üç gündü ki, xəlifə vəzirini hüzuruna çağırmırdı, vəzir isə bunu qoşun başçılarının fitnəsilə izah edərək yüksək rütbəli bir çox qoşun başçılarının maaşların çox aşağı salaraq, rütbəlilərindən intiqam almışdı və bu vəzirin ikinci səhvi idi ki, qoşunda özünə qarşı narazılığı artıracaqdı...

– Elədir ya əmirəlmöminin, – dedi qoca, – dünən axşam ibn Səhl məni hüzuruna çağırmışdı və mən cənabınızın əmrilə vəzir ilə vəliəhdin söhbətinə nəzarət elədiyim üçün...

– Və hər ikisi söhbətləri ilə əlbət ki, sənə borcludurlar. Amma çox qəribədir ki, nücum elminə çox dərindən aşina olan bir şəxs ilin bu vaxtında özünə həcəmət qoydurub qan aldırmaq üçün səni öz hüzuruna çağırır.

– Haqlısınız ya əmirəlmöminin və bu barədə mən də vəzirə xəbərdarlıq elədim ki, qışın bu vaxtında ki, günəş hələ balıq bürcündədir qan aldırmaq vücudu xəstəliyə düçar edə bilər, amma cənabınıza məlumdur ki, vəzir özü üçün zil cədvəlindən fal açmışdır və özünü inandırmışdır ki...

– Gələn həftənin səşənbə günü hardasa su ilə od arasında qanı axacaq?

– Elədir ya şövkəti cahan və indi vəzir hesablamışdır ki, sabah yola düşən saray qafiləsi səşənbə günü vəzirin vətəni Sərəxs¹ şəhərinə varid olacaqdır. Həzrəti Əli isə şeirlərinin birində buyurmuşdur ki, şənbə günü ova getmək üçün, yekşənbə tikintiyə başlamaq, düşənbə seyrə və gəzintiyə çıxmaq və səşənbə günü həcəmət qoydurub qan aldırmaq üçün on uğurlu günlərdir. Vəzir bu sənədi mənə oxuduqdan sonra dedi ki, qışın bu vaxtında özünə həcəmət qoydurub xəstələnsə də, bunun eybi yoxdur, təki o bəla başından sovuşsun və tale ulduzunun təhlükəsi rəf olunsun.

Tale? Rumicə tam insanın başına gələnlərdir. Amma sənin ki, ya Cəbrayıl, – dedi Məmun, – Zic cədvəli ilə açılan fala və yaxud tale zayicəsinə talelə bağlı olan digər işlərə və fallara gərək ki, heç bir etiqadın yoxdur.

– Elədir, ya həzrət, sizin kimi mənim də tale zayicəsinə və insan taleyinin göydəki ulduzların rəsm keçidi ilə təyin edildiyinə etiqadım yoxdur. Amma vəziriniz ulduz falçılığını ulduzlar elmindən ayırmır və özünə fal açdığı gündən su ilə od arasında müəmmasını həll edə bilmədiyi üçün çox pərişan idi. Nəhayət, dünən ona vəhy gəlib ki, od ilə su hamamda olur və əgər səşənbə günü hamamda özünə həcəmət qoydursa, qan aldırsa, qanı əlbəttə ki, od ilə su arasında axacaq və bununla da bir tərəfdən o ufaq ulduzun hökmü yerinə yetəcək və digər tərəfdən həyatını təhdid edən o təhlükə yox olacaq...

Və Məmun dodaqlarına qonan əyri bir təbəssümlə dedi:

– Və həqiqətən çox gözəl məşğələdir göydəki ufaq bir ulduzla bu siçan-pişik oyunu... amma ulduz falçılığının qədim İran tarixində çox uğursuz izləri var ya Cəbrayıl – vaxtilə islam qoşunları ilə sasanilər İranının qoşunları Kadesiya meydan müharibəsində üz-üzə gələrkən İran ləşgərinin sərkərdəsi Rüstəm Fərruxzad çox böyük bir ordu başında dayandığı halda, münəccimliyi ilə, gördüyü röyaların pərişanlığı ilə əzmini, iradəsini o dərəcədə iflic eləmişdi ki, nəhayət, özünü, Sasani qoşunlarını və bütün İranı bada verdi...

– Haqlısınız ya həzrət, İranın Kadesiya fəlakətinə Rüstəmin süstlüyü, xurafatpərəstliyi və münəccimliyi bais oldu.

¹ Tacikistan və İran sərhədində şəhərdir

– İndi də bizim vəzirin münəccimliyi bu səfər zamanı bizi bir az xərcə salacaq... – dedi Məmun, – amma onun çarəsi nədir və əlbəttə ki, o gün vəzir bizdən də adına layiq bayram hədiyyəsi alacaq.

Adət və qaidə belə idi ki, həcəmət qoydurub, qan aldıran üçün o gün bayram hesab edilirdi və bütün kürəyi neştərlənən o gün bütün qohum və dostlarından bayram hədiyyələri alırdı. Çünki zəmanənin təbabətinə görə hər il günəş əkizlər bürcünə daxil olanda yazın oğlan çağında, damarlarda qan qaynayanda həcəmət qoydurub qan aldırmaq vücudun bütün qüvvələrini yenidən bərpa edərdi, amma bununla belə xəlifənin son sözlərindən, sürməli gözlərinin ifadəsindən və qışın bu vaxtı vəziri həcəmət qoymağa məcbur olduğundan qoca təbibin ürəyində nə isə anlaşılmaz bir təlaş baş qaldırdı...

Xəlifə isə bu vaxt ayağa qalxmışdı və qocanı hüzurundan azad edərək demişdi:

– Mürəxxəssən ya Cəbrayıl, və qafiləmiz Sərəxsə yetişdiyi gün səhər tezdən bizi ziyarət edəndən sonra bütün günü vəzir ilə məşğul olmaq üçün biz sənə indidən rüsxət veririk...

4

Qoca təbibi hüzurundan azad eləyəndən sonra Məmun bütün günü heç kəsi qəbul eləməmişdi və indi gecədən xeyli keçdiyi üçün yalnız lələsi Sirac istədiyi vaxt xəlifənin yanına girib-çıxa bilirdi və nə qədər ki, Əmirəlmöminin yatmamışdı, əlbəttə ki, Sirac da yatmayacaqdı.

Və Sirac indi ikinci dəfə gəldi və dərin fikrə getmiş Məmunu ikinci dəfə başını qaldırmağa məcbur edərək dedi:

– İkinci xoruz banıdır, ya Əmirəlmöminin və o dörd nəfər kafir çiyinlərinə keçə şəlpələr salıb manqalın dövrəsində mürgü döyürlər və Miraxurun ayırdığı dörd yügürək at yəhər altında hazır dayanıb və məncə o kafirlərin səhər açılmamış çıxıb getmələri məsləhətdir.

İstədiyi vaxt içəri girib-çıxan xəlifədən əvvəl özü sözə başlayan və hətta xəlifəyə məsləhət verməkdən çəkinməyən Siracın bu cəsarəti əlbəttə ki, icazəli bir cəsarət idi. Sirac dünən gecə xəlifənin ən məxfi bir tapşırığını yerinə yetirərək Xorasanın karvan yollarında çapavulluğu ilə məşhur olan dörd nəfər quldurbaşıyla dilənçi bir qarının komasında gizli görüşmüş, sövdələşmiş, sonra dördünü də gecəykən gizli olaraq Əbu Müslüm qəsrinə gətirmiş, zirzəmiyə salmış və qapını bağlatmışdı, çünki quldurların axırıncı şərti bu olmuşdu ki, Siracın onlara vəd etdiyini şəxsən xəlifənin öz ağzından eşidəndən sonra boyunlarına götürdükləri işi yerinə yetirəcəkdilər.

Və indi Məmun nəhayət, ayağa qalxdı və o Məmun ki, bu gün Qarlux türklərinin yabğusunu və Tibet Xaqanının elçisini qəbul etməyə tənəzzül etməmişdi və yaxud macal tapmamışdı. İndi özü Əbü Müslüm qəsrinin qaranlıq zirzəmisinə enməli idi və bu saat orda bir dənəsi qırmızı, altı dənəsi qara daşla qumar oynayan dörd nəfər heybətli quldurbaşıyla görüşməli və Siracın onlara vəd elədiyini şəxsən özü təsdiq etməli idi.

Məmun ayağa qalxarkən, Sirac dərhal xəlifənin çiyninə yunu içəriyə çevrilmiş və aşdanmış, dərisi zəfəranla boyanmış məşhur Xorasan kürkünü saldı və Məmun bir an ayaq saxladı, döndü, qeyri-ixtiyari şətrənc taxtası üstündə səhərdən qara piyadanın zərbəsi altında qalmış ağ vəzirinə baxdı. Sirac xəlifənin arxasından boylandı və şətrənc taxtası üstündəki vəziyyəti görərkən, heyrətini bununla ifadə elədi ki, sağ əlinin şəhadət barmağını ikiqat bölüb dişləri arasına qoydu, sonra dedi:

– Yox, kifayət deyil ya Əmirəlmöminin.

– Nə kifayət deyil? – dedi Məmun və lələsinə tərəf döndü.

Sirac qımışdı:

– Qara şahın mat olması üçün ağ vəzirin özünü qurban verməsi kifayət deyil.

– Vəzəriyyat oxuma Sirac. Bu oyun sənin xörəyin deyil.

– Elədir ya Əmirəlmöminin, amma Rəb-rəb oynayanda çox fikir vermişəm ki, o bir-biri dalınca iki, yaxud üç daş qurban verəndən sonra rəqibini mat qoyur – əcələ bir ağacdır, meyvəsi peşmanlıq.

– Sakın, – dedi Məmun, – bizi həmişə şeytan tələsdirir və yalnız səbrimiz bizi salamat sahilə çıxardır.

Sirac zeytun yağıyla yanan gümüş fanusu qapıb qəsrin uzun və qaranlıq dəhlizində xəlifənin önünə keçdi.

...Əbü Müslüm qəsrinin zirzəmisi divardakı dəmir yuvaya keçirilmiş böyük bir məşəlin hisi içində boğulan alovunun qızarındaq və titrək şölələri ilə işıqlanmışdı.

Siracın kafir adlandırdığı dörd nəfər quldurbaşı isə yemişdilər, içmişdilər, qumar oynamışdılar və indi böyük bir manqalın dövrəsində oturub çiyinlərinə saldıqları keçə şəlpələr altında mürgü döyürdülər və Siracın səsi zirzəmidə guruldadı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 мин

Стихи других поэтов