Birinci hissə
Страница 7 из 47 · 13%
– Qalxın ayağa kafirlər, Əmirəlmöminin hüzurundasınız! Dördü də birdən sıçrayıb ayağa qalxdı. Sonra Siracın işarəsilə dərhal yerə döşəndilər, xəlifə qarşısında yeri öpdülər və təkrar ayağa qalxıb bir-biri yanında cərgəyə düzüldülər.
Sirac quldurları bir-bir xəlifəyə təqdim elədi:
– Ya Əmirəlmöminin, – dedi, – bu Qalib əl Əsnəddir, İraq əhlidir, ərəbdir və müsəlmandır. Bu birisi Konstatin rumidir, xaçpərəstdir. Süriyədəndir və milliyəti rumdur. O birisi Fərəc Dəblimçidir. Atəşpərəstdir. Təbəristan əhlidir, bu da Məkik Sovğdaklıdır. Afitab pərəstdir və yaxud Günəşə, ulduza səcdə edən tayfadandır və Ceyhun nəhrinin o tayındandır və həyatın, ruzigarın bunları harda və nə cür bir-birinə rast gətirib və peşələrin zənciri ilə bir-birinə necə bağlanıblar, əlbəttə bu uzun bir hekayədir...
– Kifayətdir, – dedi Məmun və sürməli gözlərinin ilişkən baxışlarını növbə ilə quldurların sir-sifətində gəzdirəndən sonra mətləb üstünə gəldi ki: Sirac sizə nə demişdirsə doğru demişdir və zamani ki, o tapşırığı yerinə yetirdiniz...
Xəlifə bir an dayandı və düşündü ki, hərəsi bir dindən, hərəsi bir millətdən və hərəsi bir dərədən olan bu bədheybətlər yəqin indi onun bir xəlifə kimi başqa bir dil ilə, heç vaxt eşitmədikləri uca sözlərin dili ilə danışacağını gözləyirlər və xəlifə uca üsluba keçərək sözünə davam elədi:
– ...Və zamani ki, o məlum tapşırığı yerinə yetirdiniz, yəni çıxartdınız o şəxsin əynindən həyat libasını və geyindirdiniz o şəxsin əyninə məmat libasın – dərhal quş olub göyə uçarsınız. Balıq olub suya cumarsınız. Çünki qoşun əlbəttə ki, sizi axtarmaq üçün əmr alacaq... Və o vaxt ki, bizim qafilə Rey şəhərinə varid olacaq adı sizə məlum olan yəhudi sərrafın dükanında Sirac qalacağınız millətlərin baratın sizə çatdıracaq!
Və xəlifə çiynindən ağır bir daşı atmış kimi dönüb yer altından yuxarı qalxan pilləkənə doğru yönələrkən Qalib əl-Əsvad yerindən qımıldandı. Nə isə demək istədi, amma Sirac gözün ağartdı. Qalib dayandı... Çünki Sirac əvvəlcədən dörd quldura məlumat vermişdi ki, Əmirəlmöminin hüzurunda izinsiz olaraq heç kəs ağzın açıb bir söz deyə bilməz və danışmağa izin veriləndə də səsi çox yuxarı qaldırmaq və yaxud çox aşağı salmaq, qaşları çatmaq və yaxud gülüb dişləri göstərmək olmaz. Və nəinki onlar, hətta vəzir və vəliəhd belə xəlifənin hüzuruna kor girməli, lal çıxmalıdır.
Bu zaman xəlifə özü birdən geri döndü, əlini uzadıb Siracın qoltuğundakı gümüş dirhəm dolu və ağzı büzməli bir kisə çıxartdı və dedi:
– Hələlik qoy bu sizin üçün bir həftəlik cib xərcliyi olsun!
Və xəlifə gümüş dirhəm dolu kisəni quldurların üstünə atarkən, Qalib əl-Əsvad dərhal bütün təşrifatı unudaraq yerindən qopub irəli atıldı, dizi üstə yerə yıxıldı. Amma o kisəni Əminulla havada qapıb, qoymadı yerə düşsün.
5
İndiki kimi və həmişə olduğu kimi o vaxt da tale ulduzu arabaçı bürcünün topa ulduzları içində ən şəfəqlisi və ən qəşəngi, görməlisi idi. Və günlərin bir günündə payız göylərinin bu zərif incisi Məmun imperiyasının qüdrətli vəziri Fəzl ibn Səhlin həyatını təhdid etməyə başladı...
Məmun tərəfindən “zolriyasəteyn” yəni “iki sinfin qılınc və qələm sənətinin ustadı” kimi fəxri bir ləqəblə şərəfləndirilmiş vəzir “Elmnücum” adlandırılan ulduzlar elmində geniş bilgisi ilə məşhur idi və “Zicnməmun” adlanan yeni astronomik cədvəlin tərtibində yaxından iştirak edirdi. Lakin 9-cu əsrin astronomiyası hələ mistik astrologiyadan qopa bilməmişdi və münəccim, yaxud ulduzçu simasında eyni zamanda həm astronoma, həm də astroloqa rast gəlmək olurdu.
Buna görə idi ki, vəzir Fəzl ibn Səhl yeni astronomik cədvəlin tərtibində iştirak edərkən astronom idisə, ulduzlar cədvəli ilə fala baxanda və tale zayicəsi tərtib edəndə dərhal astroloqa çevrilirdi.
Vaxtilə Bağdad sarayındakı katiblərdən biri olan Fəzl ibn Səhl vəliəhd Məmun üçün tale zayicəsi tərtib eləmiş və Məmunun iqbalının çox parlaq olacağını xəbər vermişdi, amma özü üçün tale zayicəsi tərtib eləmək istəyəndə hər dəfə mövhumi bir qorxu duyaraq, fikrindən vaz keçmişdi. Lakin eyni zamanda amansız bir maraq hissi və boylanıb gələcəyinə baxmaq arzusu öz şeytani cazibəsilə Fəzlə heç vaxt rahatlıq verməmişdi.
Sonra illər keçmişdi. Məmun xəlifə olmuşdu və yenə illər keçmişdi, Fəzl xəlifə Məmunun vəziri və sağ əli olmuşdu. Və kiçik qardaşıyla bərabər nəhəng bir dövləti idarə eləməyə başlamışdı.
Və indi o bu qədər parlaq bir gələcəyə gəlib çıxandan sonra, bir vaxtlar özü üçün tale zayicəsi tərtib etməyə cəsarəti çatmadığını xatırladıqca o vaxt ki, ağciyərliyinə öz ürəyində gülürdü.
...Nəhayət Bağdad hadisələri baş verdi. Vəzir hadisələri xəlifədən gizlədi, ümid elədi ki, qardaşı orda Bağdad şurişinin öhdəsindən gələcəkdir. Amma kiçik qardaşı böyük qardaşın etimadını doğrultmadı və iş işdən keçəndən sonra Məmun məsələdən xəbər tutdu. Düzdür vəzirinə bir söz demədi, amma vəzir xəlifənin gözündən düşdüyünü hiss elədi və pərişan gecələrinin birində qarşıda onu nələr gözlədiyini bilmək üçün oturdu, ulduzlar cədvəli üzrə özü üçün tale zayicəsi tərtib elədi. Və dəhşətə gəldi – hardasa od ilə su arasında qanı axacaqdı və hadisənin nə vaxt baş verəcəyi ayı, həftəsi və günü ilə xəbər verilirdi. Amma baş verəcək hadisənin yeri, məkanı müşkül bir müəmma idi ki, həllini tələb edirdi...
Belə oldu ki, o gündən arabaçı bürcündəki o dörd ulduzun ən işıqlısı nazik sapdan asılmış bir qılınc kimi vəzirin başı üstündən asılıb qaldı. Və o uğursuz gün yaxınlaşdıqca vəzir gecələr yatmadı. Vəzir düşündü-daşındı və həyatını təhdid edən o kiçik ulduzun amansız şərindən bir xilas yolu, bir nicat axtardı...
Və nəhayət tapdı.
Məmun öz qafiləsi və saray qvardiyasıyla üç gün sonra səşənbə günü Sərəxs şəhərinə varid olacaqdı. Və iki gün orda səyyar bir sarayı andıran qara məxmərli nəhəng çadırı altında istirahət edəcəkdi.
Sərəxs şəhəri isə vəzirin vətəni idi. Orda anadan olmuşdu və o şəhərdə ki, bir çox mülkləri içindəki üç böyük hamamını icarəyə vermişdi və təkcə bu icarədən aldığı məbləğ vəzirin hər ilki mədaxilinə xeyli gəlir əlavə edirdi.
Və indi uzun bir qış gecəsinin sonunda birdən birə ansızın olaraq ildırım kimi başına çaxan çox sadə bir fikirdən vəzir heyrətə gəldi – od ilə suyun qonşuluğu hamamda olurdu. Və hər il günəş əkizlər bürcünə daxil olanda o şəxslər ki, məhz hamamda özlərinə həcəmət qoydururdular, məgər onların qanı od ilə su arasında axmırdımı?
Qurtuluş yolu tapılmışdı və elə o gecə vəzir qət elədi.
Orda, doğma şəhərində və öz hamamlarından birində səşənbə günü özünə həcəmət qoyduracaqdı. Və saray təbibi qoca Cəbrayıl ondan bir miqdar qan alacaqdı, beləliklə onu təqib edən o ufaq tale ulduzunun hökmü yerinə yetiriləcəkdi. Vəzir isə başının üstünü alan fəlakətdən qurtulacaqdı, üstəlik bu münasibətlə nəinki xəlifədən şahanə hədiyyə alacaqdı, hətta maaşlarını azaltdığı qoşun başçıları da ona qiymətli hədiyyələr göndərməyə məcbur olacaqdılar.
Vəzir fürsəti fotə vermədi, dərhal Mərv qapılarından Sərəxs qapılarına çapar göndərdi ki, culfaçılar məhəlləsindəki böyük hamam səşənbə günü şəhər sakinlərinin üzünə bağlansın və icarədar hamamı vəzir üçün qızdırıb hazır saxlasın.
...Nəhayət o gün gəlib çatdı.
Məmun öz qafiləsi və saray qvardiyası ilə Mərvdən hərəkət edərək gəldi Sərəxs şəhərinə varid oldu. Və şəhər cuvarındakı böyük bir bağda xəlifənin Qara məxmərli nəhəng çadırı ucaldı. Və bu çadırın sağında, vəzirin solunda Vəliəhdin çadırları quruldu, ordu başçılarının çadırları isə dörd bir tərəfdən bu üç çadırı mühasirəyə aldı.
Və günortadan bir az keçmiş Sərəxs şəhərinin ən böyük hamamlarından birində Xəlifə Məmunun vəziri ilə arabaçı bürcünün tale ulduzu arasında faciəli bir oyun başlandı.
İrandakı bir çox digər hamamlar kimi Sərəxs hamamı da yer altında idi. O küçənin səthindən başlayan iyirmi pillənin hamısı aşağıya yer altına gedirdi. Yuxarıda yer üstündə isə hamamın hər tərəfi qır ilə suvanmış dəyirmi günbəzi qara bir göbələk kimi qabarmışdı və indi səhərdən çisəkləyən yağış altında qara mərmər kimi donuq bir parıltı ilə bərq vururdu...
Və bu gün o günbəzin zirvəsinə sancılmış bayraq vaxtilə Məmunun öz vəzirini təltif elədiyi fəxri nizə ucuna keçirilmiş bayraq idi.
Hamamın içi də bu gün gəlin otağı kimi bəzənmişdi. Paltar soyunulan dairəvi otaqda yerə xalılar döşənmişdi. Taxçalardakı gümüş şamdanlarda rəngbərəng şamlar yandırılmışdı. Naxışlı və üçayaqlı alçaq mizlər üstünə güldanlarda gül, gümüş sinilərdə meyvələr və şüşə qablarda şərbət qoyulmuşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.