Qızıl qönçələr
Страница 2 из 2 · 50%
Bu gün o balaca Süreyyanı hələ fərş fabriki açılmamış, hava qaranlıq ikən gətirmişdi fabrikin darvazası ağzında qoymuşdu, özü də hələ dükan-bazar açılmamış gəlmişdi, böyük bazarın qapısı ağzını kəsdirmişdi, çünki bu səhər böyük anbarlardan birinə çoxlu yük daşınacaqdı və qoca bu fürsəti əldən qaçırmayaraq hamıdan tez işə başlamağı qəsd eləmişdi – nə cür olursa-olsun, o bu gün bir şələ odun pulu qazanmalı idi.
Və səhər hava işıqlanan kimi o böyük anbara yük daşınması başlananda, qoca Firuz bu gün hamını heyrətə salan yaşına yaraşmayan elə bir qıvraqlıqla işə girişdi və bir an nəfəsini dərmədən, qan-tərə bataraq özünü elə şəhid eləməyə başladı ki, o biri cavan hamballar qocanın bu işinə mat və məəttəl qaldılar.
Günortaya yaxın o artıq əlliyə qədər ağır tay daşımışdı...
Və indi fikirləşirdi ki, dalındakı bu növbəti tayı da aşağı endirəndən sonra işə bir az ara versə, oturub bir az nəfəsini dərsə, qiyamət qopmaz, amma bu dəfə yarıqaranlıq dik pillələrlə nə qədər aşağı enirdisə, nədənsə hələ də yeraltı anbarın dibi görünmürdü.
...Birdən ona elə gəldi ki, ayaq basdığı növbəti pillənin kərpici ayağı altından yana qaçdı və dərhal gözləri qaranlıq gətirdi, əlini hara isə atmaq istədi, amma bu vaxt elə bil arxadan kimsə onun apardığı tayın üstünə yeni bir tay aşırdı, qoca müvazinətini itirdi, yerində səndələdi, cəld döşündəki kəndiri boşaldıb yükü dalından atmaq istədi, amma macal tapmadı, dizləri ikiqat büküldü və qayadan qopan bir daş kimi üzü aşağıya, yeraltı anbarın qara ağzını açmış boşluğuna yuvarlandı və dik pillələr onu bir-birindən alıb bir-birinə ötürdü, qoca çevrildi, diyirləndi və nəhayət gəldi anbarın qırmızı kərpicli döşəməsi üstünə sərildi, qışqırmağa, haraya çağırmağa nəfəsi qalmadı və üzüqoylu yıxıldığı yerdə döşənib hərəkətsiz qaldı, sonra hələ yuxarıda açılıb düşmüş ağır tay da ilişdiyi axırıncı pillədən qopub bütün ağırlığı ilə qocanın üstünə aşırıldı.
Aşağıda anbarda işləyən kişi qocaya tərəf yüyürdü, dartdılar qocanı yük altından çıxartdılar, amma artıq iş işdən keçmişdi, uzun bir ömür boyu daşıdığı yüklərin axırıncı tayı altında qoca Firuz öz həyatını dəfn eləmişdi.
Axşam uşaqlar iş gününü başa vurub, fərş fabrikindən çıxarkən, qar yağırdı və çoxu ayaqyalın olan bu uşaqlar yeri ağartmaqda olan qar üstündə barmaqlı və pəncəli izlər buraxaraq tələsə-tələsə evlərinə sarı dağılırdılar.
Yenə balaca Süreyyanı rəfiqələri qolları üstündə küçəyə çıxartdılar, amma bu dəfə darvaza qarşısında qoca Firuz babanı görməyəndə çox heyrət elədilər.
Süreyya küçənin o biri başına baxdı, gözlərini döydü – birinci dəfə idi ki, fabrikdən çıxarkən babası onu gözləmirdi.
Birinci qız dedi:
– Vay, Firuz baba niyə yoxdur?
İkinci qız dedi:
– Qar yağır, gözləyək, gələr.
Gözlədilər.
Uşaqlar hamısı dağılıb getmişdi, qaranlıq kəsifləşirdi, quşbaşı qar yağırdı və balaca Süreyyanın gözləri təşviş ilə dolu idi.
Birinci qız dedi:
– Süreyya, bəlkə köməkləşib səni birtəhər evinizə aparaq, Firuz baba görəsən nə iş çıxdı ki, yubandı bazarda qaldı...
Süreyya qətiyyətlə başını buladı:
– Yox, – dedi, – babam harda olsa bu saat gəlib çıxacaq, “siz gedin” gecdir, sonra qorxarsınız.
Qızlar qaranlığa baxdıqca doğrudan da qorxurdular və dayanırdılar bir az da gözlədilər, sonra Süreyyanın təkidi ilə bir-birinin əlindən tutub qaranlığa cumdular.
Və balaca Süreyya bu qarlı qış axşamında, küçədə – darvaza ağzında tək başına oturub babasını gözləməyə başladı.
Küçənin nəhayətində tənha bir fanar vardı, o da yandı, amma qoca Firuz yenə gəlib çıxmadı.
Qar isə getdikcə daha artıq bir şiddətlə yağırdı və donuq işıltısı axşam qaranlığında əks edirdi.
Bir saat sonra Süreyyanın yanından iki nəfər keçib getdi, sonra biri geri döndü və təkbaşına divar dibində oturmuş qızın ətəyinə mis bir pul atdı.
Qızcığaz səksəndi, dodaqlarını dişlədi ki, ağlamasın, ürəyi başqa bir qorxu ilə doldu, indi yanından ötən onu dilənçi zənn edəcəkdi və bəzisi dönəcəkdi, ətəyinə qara bir pul atacaqdı.
Onsuz da gecə həyatı olmayan bu şəhər indi bu qış axşamında tamamilə bomboş və kimsəsiz görünürdü.
Xüsusilə burda – şəhərin ucqarı olan bu küçədə qışın bu birinci qarlı axşamında artıq ins-cins gözə dəyməyəcəkdi.
İndi o getdikcə daha artıq qorxur və getdikcə canına hopan soyuqdan daha artıq üşüdüyünü hiss eləyirdi, amma hələlik özünü saxlayırdı səsini çıxarmırdı.
Sonra ona elə gəldi ki, gecə keçib, bütün şəhər yatıb və hələ də gəlib çıxmayan babasına qarşı ürəyində elə bir küskünlük baş qaldırdı ki, kövrəldi və səssizcə ağlamağa başladı.
Yenə nə qədər vaxt keçdi və doğrudan da gecə yarı oldu, amma Firuz yenə gəlib çıxmadı.
Və indi o çağırmağa başladı, əvvəlcə dəfələrlə babasını çağırdı, cavab verən olmadı, sonra Allahı, bəndəni – hamını köməyə çağırdı, amma heç kəs səsini eşitmədi.
Artıq dili söz tutmadı, bu qarlı qaranlıq gecədə burda tək qalacağını anladı və bağlı fabrik darvazasına doğru sürünməyə başladı ki, orda darvaza tağı altında qar tutmayan bir bucağa qısılıb səhərin açılmasını gözləsin...
Səhər günəşinin ilk şüaları bütün gecəni yağıb şəhəri qalın və ağ bir təbəqə ilə örtmüş qar üstündə bərq vurarkən, darvaza tağı altında bucağa qısılıb yatmış balaca Süreyya artıq yarıbayğın, yarıhuşsuz bir halda idi.
Çit çadrası başından sürüşüb çiyinlərinə düşmüşdü, boynubükülü qalmışdı, rəngi qaçmış, üzü qış günəşilə işıqlanmışdı.
Birinci dəfə idi ki, onun üzünə səhər doğan günəşin ilk şüası düşürdü və birinci dəfə olacaqdı ki, o oyanarkən qaranlıq zirzəmi əvəzinə ətrafında ağappaq qarla örtülmüş bir dünya və başı üstündə şəfəqlənib yanan bir səhər günəşi görəcəkdi.
Və indi onun şüuru üzünə düşən bu günəş ziyalarının toxuduğu füsunkar bir röya ilə dolu idi.
Uzaq üfüqdə böyük və qıpqırmızı bir günəş doğurdu və o günəşin şüaları hər yerdən, daşdan, divardan keçirdi, ən xəfə bucaqları, ən qaranlıq zirzəmiləri belə öz işığı ilə doldururdu. Balaca Süreyya isə heyran-heyran o günəşə baxıb gülümsəyirdi, çünki indi onun babasıyla bərabər yaşadığı o həmişə rütubətli, o həmişə qaranlıq zirzəmi də ağzına qədər işıqla dolmuşdu, torpaq döşəmə, suvağı tökülmüş divarlar və onun – Süreyyanın toxuduğu qızıl qönçəli fərşlərlə döşənmişdi və bəzənmişdi və Süreyya özü elə bil qanad açmışdı, əlvan boyaların aşıb daşdığı bir dünya içində o yana qaçırdı, bu yana qaçırdı və gəlirdi öz əllərilə toxuduğu fərşlərə baxırdı və heyrət içində gözləri geniş açılırdı: günəş şüaları vurduqca onun toxuduğu qönçələr biri-biri dalınca düymələrini açırdı və hər biri qırmızı fincanlıq bir qızılgülə çevrilirdi, bunu görən Süreyya gah o qönçəyə, gah bu qönçəyə doğru yüyürürdü, amma onlardan heç birini qoparmağa əli gəlmirdi, yalnız barmaqlarının şəfqətli təmasilə o güllərin qıpqırmızı tac yarpaqlarına tumar çəkirdi.
Birdən nə isə oldu, kimsə gəldi, qolundan tutdu və onu çəkib haraya isə aparmaq istədi, Süreyya getmək istəmədi, ayaqlarını yerə dirədi, amma qolundan tutan əl çox qüvvətli idi və onu işıqlı və əlvan dünyadan qopardıb haraya isə soyuq və qaranlıq bir yerə sürüyürdü...
Qız bir an gözlərini açdı.
Qolundan tutub onu yerdən qaldıran fabrikin qoca nəqqaşı idi və səhər işə gəlmiş uşaqlar hamısı halay vurub onun başına toplanmışdılar və hamısı susqun və kirimişcə dayanıb ona baxırdılar.
Amma balaca Süreyyanın işığı sönmüş gözləri artıq ətrafdakılardan heç kəsi tanımadı, baxışları bir nöqtəyə zillənib hərəkətsiz qaldı.
Qoca nəqqaş qızı qucağına aldı, içəri apardı, öz otağında taxt üstünə uzatdı, kimə isə tez manqal gətirməsini tapşırdı, sonra qızın əlini əlinə aldı:
– Necəsən, qızım?
Süreyyadan heç bir səs gəlmədi, kim isə isti çay gətirdi, qız içmədi, manqalı gətirib yanına qoydular, isti qızın üzünə vurdu, gözləri yumuldu, sonra dodaqları tərpənəndə, nə dediyini eşitmək üçün qoca nəqqaş qızın üzərinə əyildi:
– Harda qalmışdın, baba, – deyə qızcığaz sayıqlayırdı, – bir bax neçə gün çıxıb... Hamısı mənim toxuduğum fərşlərdi... qönçələr də... gün vurdu açıldılar... bəs sən harda qalmışdın, baba?
Qoca nəqqaş əlini qızın alnına qoydu, Süreyya od tutub yanırdı, qoca uşaqlardan birini çağırdı – həkim dalınca göndərdi, bir saat sonra küçədən fayton atlarının ayaq səsləri gəldi, qoca nəqqaş qapı ağzında həkimi qarşıladı, bərabər içəri girdilər, həkim qızın üstünə əyildi, uzun-uzadı nəbzini yoxladı, sonra başını qaldırdı qoca nəqqaşın üzünə baxdı:
– Gecikmisiniz, – dedi, – artıq gecdir...
Qoca nəqqaş səksəndi, bir addım geri çəkildi, döndü pəncərə qarşısına gəldi, burdan qoca nəqqaşın kiçik iş otağının şüşələri qırıq pəncərəsi arxasından fabrikin içi bu başdan o başa qədər gözləri qarşısında açıldı.
İndi uşaqların hamısı orda ağır bir sükut içində dəzgahların qarşısında oturmuşdular, heç birindən səs çıxmırdı, hamısı başlarını aşağı salıb işləyirdilər və heç kəs dönüb bir-birinin üzünə baxmırdı.
İndi orda balaca Süreyyanın yeri boş qalmışdı və bütün günü boş qalacaqdı, amma sabah orda başqa balaca bir Süreyya oturacaqdı ki, işə başlarkən onun da yırtıq çit çadrası başından sürüşüb çiyninə düşəcəkdi və o hər gün hava hələ işıqlanmamış nə qədər çox qaranlıq bir zirzəmidən çıxıb bura gələcəkdisə, kiçik əlləri burda bir o qədər işıqlı və əlvan naxışlar toxuyacaqdı...
Təbriz, 1945
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-qizil-qonceler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Стихи других поэтов
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə
QızlarınAxşamdan yağan qar çıxıbdı dizə,Kəsilib bulaqdan yolu qızların.
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,