Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:

“Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.”

İndi mən öz-özümə fikir edirəm: yaxşı, bunlar hara qaçacaqdırlar?

Tehrana?

Xeyr! İndi bu saat Məhəmmədəli şahın onlara elə acığı tutub ki, hərgah o, “səd nəfər tənha”dan birini görsə, elə vurar ki, başı süpəhsalar məscidi kimi darmadağın olar.

Bəs hara? İranın sair şəhərlərinə?

Xeyr! Hərçənd İranın sair şəhərləri Təbriz əhlini aldatdılar və yalandan dedilər ki, ay budur köməyə gəlirik, ay on min adam göndəririk, ay bu gün çatar, ay sabah çatar, ha budur gəldilər, ha atlıların başı çıxdı – qərəz çox səs-küy elədilər, amma axırından bir şey çıxmadı, atlıların nə başı göründü, nə quyruğu, yazıq təbrizlilər gözlədilər, gözlədilər, axırda qəti ümid olub, dedilər: özünə bağla ümidini, özgəyə bağlama.

Amma yenə də...

Heç ağlım kəsmir ki, bu şəhərin adamları Təbrizdən qaçan “qəhrəmanlara” ağuşlarını açıb üzlərindən öpsünlər və desinlər: “Yuxay, nə yaxşı ki, sağ-səlamət gəlib çıxdınız”. Çünki əgər bu şəhərlərin birində namus olmasa, barı insaf olar. O birində insaf da olmasa, barı bir parça qeyrət olar! Bir ayrısında namus, insaf və bir parça qeyrət olmasa, bir qədər həmiyyət olar; bir ayrısında namus, insaf, bir parça qeyrət və bir qədər həmiyyət olmasa, bir dıtdaq mürüvvət olar. Bir özgəsində namus, insaf, bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət olmasa, barı bir barmaq ağıl olar. Yenə bir başqasında namuş, insaf, bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət, bir barmaq ağıl olmasa da barı bir anbar qorxaqlıq olar.

Amma qorxaqlıq olar, çünki qorxaqlıq oldu ki, Təbrizə köməyə getmədilər və indi qorxaqlıq olar ki, Təbrizə kömək edərlər, çünki daha Səttarxanın gücü məlum oldu. Kişi padşah ilə padşahlıq etdi. Halbuki bütün İran və bizim Bakıda bütün Quba meydanının adamları deyirdilər ki, padcahnan padcahlıq eləmək olmaz. Amma görünür ki olar və necə ki oldu! Hə, bəs indi bu adamlar hara qaçacaqdırlar?

Rusiyaya?..

Xeyr, Rusiyada məşrutə var. Məşrutəli yer onları qəbul etməz.

Bəs hara?

Elə mən bu fikirdə idim ki, gördüm idarəmizin qabağında iki nəfər adam acıqlı danışır. Biri deyir:

– Adə, boynu sınmış Cəfər necə oldu?

O biri deyir:

– Getdi.

– Hara?

– Əşi, cəhənnəmə, gora! Mən nə bilim!

İndi ağlım kəsir ki, mənim sualıma da bu cürə cavab verməkdən başqa bir çarə yoxdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира