Xortdanın cəhənnəm məktubları
Содержание
Страница 21 из 25 · 80%
Bir polis nəfərinin, bir xanın, bir hakimin Hacı Mirzə Əhməd ağanın evindən adam çıxartmağa hünəri yox idi. Bəstə ki girdi, qurtardı. Hacı Mirzə Əhməd ağanın xanımanı qədim zamandan müqəddəs bir məkan hesab olunurdu.
Hacının atası və babası həmçinin, nüfuz sahibi müctəhidlərdən olublar... Cəmi əhali Hacı Mirzə Əhməd ağanı müqəddəs hesab edirdi. Hətta belə danışırdılar ki, guya ağa çətin məsələlərin həlli üçün gecə yarısı bir xəlvət otağa çəkilib, orada peyğəmbərlə söhbət edib fitva alır.
Ağanın xüsusi məvacibxor agentləri hər yeri dolanıb, belə xəbərləri buraxırdılar və avam xalq da bu agentlərin sözlərinə bavər edirdilər. Siz yəqin soruşacaqsınız ki, ağa bir belə pulu haradan alırdı ki, məcaviblə agentlər də saxlayırdı.
Ağa heç kəsdən bir qran pul almaz idi. Onun özünün dövlətinin, sərvətinin, əmlakının nə həddi var idi, nə hesabı. Neçə yüz kənd ağanın əmrinə tabe idi. Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ilxılarının, qoyun və qaramal sürülərinin hesabını bilən yox idi. Ağanın pambıq, ərzaq və xüşkəbar karvanının başı, ayağı məlum olmayırdı. Ağaya bərabər heç bir xan, heç bir mülkədar
ola bilməz idi. Xudayar xan kimi dövlətli xanlar ağanın müqabilində heç hesab olunurdular.
İndi bir belə əmlak və sərvəti ağanın haradan aldığını ərz eləyim. Bağışlayın, başağrısı olur, əmlakın bir hissəsi babalarından irs qalıbdır, qalanını ağa özü ələ gətiribdir. Ancaq nə özü, nə babaları bu əmlaka bir quruş verməyiblər. Əmlakın bir parası “rəddi-məzalim” üçün ağanın ixtiyarına verilibdir. “Rəddi-məzalim”, yəni məzlumlara paylamaq. Bir nəfər sərvətdar vəfat edəndə görürsən, ruhunun rahatlığı üçün vəsiyyət edir ki, onun pulunu və əmlakının mədaxilini rəddi-məzalim etsinlər. Bu da gərək şəriət təriqi ilə ola. Odur ki, onun icrasını hər adama tapşırmaq olmaz. Tapşırırdılar ağa cənablarına. Ağa da mədaxili alıb cibişdani-şərifinə ötürürdü.
Rəddi-məzalim şərtləri də bu yolda ona kömək verirdi; çünki şərən rəddiməzalimə təyin olunmuş malı əhli-suala vermək olmaz və paylanması da gərək xəlvət və camaat gözündən uzaq yerdə olsun. Camaatdan da bir nəfər cürət edib deyə bilməz idi ki, ağa bu yerdə xəyanət edibdir. Əlavə bir neçə il bundan əqdəm ağanın müridlərindən birisi ona yüz min tümən pul və qızını töhfə göndərmişdi. Ağanın əlindəki əmlakdan ildə azından beş yüz min tümən mədaxil gəlirdi.
Cümə axşamları ağanın xəzinəsindən füqəraya pul paylanırdı. Neçə fəqir gəlsə, hər birinə yarım qran pul verilirdi. Belə ki, ağa, hər həftə füqəraya beşon tümən pul paylayırdı. Əlavə on gün məhərrəm ayında füqəraya çox qəhvə verib, mərsiyə oxudardı. Bu, ağanın camaata xərci idi. Amma əyan və tüccar tez-tez ağanın məclisinə müşərrəf olub müəttər plov yeyirdilər. Və ağanın ruhani söhbətlərindən feyzyab olurdular.
Tüccardan və əyandan da hər şəxsin ağanın evinə yolu yox idi. Namaz qılmayanları, oruc tutmayanları, xüms, zəkat verməyənləri ağa qapısından içəri qoymaz idi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkatı və fitrəsi ağanın mübarək əli ilə paylanardı.
Bir nəfər firəng səyyahı bizim vətəni səyahət edərək, ağa olan şəhərə gəlib ağanı görmək istədi. Ağaya xəbər verəndə buyurdu ki, zəhmət çəkib gələ bilər. Onunla görüşmək, Firəngistanın əhvalatından və vəziyyətindən bir qədər xəbərdar olmaq eyb etməz. Ağa onun gəlməyi üçün bir vaxt təyin etdi.
Haman firəng səyyahı nağıl edərdi:
– Müəyyən vaxtda arvadımla bahəm yetişdik ağanın qulluğuna. Bizi neçə otaqdan keçirib, bir salonda əyləşdirdilər. Salon Avropa qaydası sandalyalar və masalarla müzəyyən idi. Salonun o biri qapısı açılıb, oradan bir nəfər ağ ipək libas geyinmiş gözəl bir kişi daxil oldu. Bu, ağa idi. Mən və arvadım ayağa qalxıb ona təzim etdik. Ağa mənim yanımca gəlmiş mütərcim vasitəsi ilə arvadıma dedi:
– Gərək ki, sizin Firəngistanda qadınlar kişilərin ayaqlarına qalxmazlar. Öz adətinizlə rəftar edin. Zəhmət çəkməyin.
Ağa əyləşib bir neçə dəqiqə bizimlə söhbət edəndən sonra buyurdu qəhvə gətirsinlər.
Pişxidmət, əlində qəhvə, daxil oldu və qəhvədən əlavə Firəngistanın ən gözəl likörlərindən neçə növünü masanın üstünə qoydu.
Ağa təklif etdi:
– Buyurun. Mən sizin üzünüzdə heyrət əlaməti görürəm. Amma heyrət yeri yoxdur. Mənim yanıma əcnəbi yerlərdən gələnlər az olmayırlar. Və mən də onları öz qaydaları ilə qəbul etməyi vacib bilirəm.
Ağa özü də bizimlə bahəm qəhvə içdi. Amma içkilərə əl vurmadı. Firəng səyyahı belə danışırdı. Amma bir para dili dinc durmayanlar başqa şeylər söyləyirdilər.
Xülasə, keçək mətləbə:
Qonaqlar gedəndən sonra ağa pişxidməti çağırdı.
– O qız qaçıran oğlanı mənim yanıma gətir.
Fərman içəri daxil olub, ağaya kəmal-ehtiramla təzim etdi.
– Oğlan, sən kimsən?
– Ağa, mən baqqal İbrahimin oğluyam.
– Hacı Kamyabın qardaşı? Deməli, sən Hacı Kəmyabın qardaşı oğlusan! Çox gözəl, Hacı Kamyab yaxşı kişidir... mömin, dindar... Gətirdiyin qız haradandır?
– Ağa, gətirdiyim, əmim qızı, Hacı Kamyabın qızıdır. Biz uşaqlıqdan bir yerdə böyüyüb, axırda bir-birimizə məhəbbət yetirdik. Bu günlərdə əmim onun Xudayar xanın oğluna verilməsinə razı olub. Xudayar xandan nişan qəbul etdi. Qız və mən sözləşib sizin pənahınıza gəlmişik; ya bizi bir-birimizə yetirin, ya əmr edin İkimizi də sizing qapınızda qurban kəssinlər.
– Yox, oğul, belə danışma. Vaxta ki, sən bu qapıya pənah gətirmişsən, məramına çatacaqsan. Deyirlər: əmi oğlu ilə əmi qızının kəbini göydə kəsilib. Get yenə öz mənzilində rahat ol. Mən Hacı Kamyabı da, Xudayar xanı da sakit elərəm. Mənim xahişimin müqabilində onlar söz danışmağa cürət etməzlər.
Fərman şad, xürrəm mənzilinə qayıtdı.
Fərman gedəndən sonra Hacı Mirzə Əhməd ağa otağında bir qədər o başbu başa gedib, Fərmanın və Gövhərtacın gələcək xoşbəxt günlərini gözünün qabağından keçirirdi və xəyalında deyirdi: “İki sevgilinin bir-birinə yetişməklərinə səbəb olmaq böyük savabdır. Qoy dünyada istirahətlə ömür sürüb, mənə duagu olsunlar”.
Bu yerdə qəflətən ağanın başına bir şeytan fikri gəldi: “Yox, belə deyil! Fürsəti fövt eləyən aqil deyil, divanədir. Belə fürsət heç vaxt ələ düşməz. Qələt eləyir Fərman, başını daşa döyür Xudayar xan! Qızın nikahını özümə oxuyacağam. Hacı Kamyabın sərvətindən keçməkmi olar?”.
Səhər ağa adam göndərib Hacı Kamyabı hüzuruna istədi.
Hacı Kamyab haman saat gəlib ağanın qulluğuna daxil olub salam verdi.
– Əleykəssalam, hacı, buyur əyləş.
– Qulluğunuzda ayaq üstündə də dura bilərəm, ağa.
Hacı Kamyab ədəblə dizi üstündə əyləşdi.
– Hacı, deyirlər sənin üçün bir hadisə üz veribdir, nə olan işdir?
– Bəli, qurbanın olum, düzdür. Nəinki hadisə, bir bədbəxtlik üz veribdir.
Mənim bir bivec qardaşım və qardaşımın da bir avara oğlu var. Mənim də, özünüzə məlumdur ki, bir parça sizin duanızın bərəkətindən çörəyim var. Heç kəs çörəyinin dağılmasını istəməz. Mənim həmişə fikrim bu idi ki, qardaşım oğlunu döşümə çəkim və bircə nəfər, sizdən eyb olmasın, qızımı da ona verim. Hərçi səy elədim, qardaşım oğlunu avara yoldaşlarından və bisərüpa gəzməyindən çəkİndirə bilmədim. Axır labüd qalıb qızı Xudayar xanın oğluna namzəd elədim. İndi o bihəya qardaşım oğlu qızla nə vasitə ilə sözləşib bilmirəm, bir axşam onu götürüb gedibdir. Neçə gündür ki, axtarmamış yer qoymamışam. Qızla Fərman bir daş olub bir kor quyuya düşüblər.
Ağa gülümsündü:
– Dediyin “kor quyu” mənim evimdir, həqiqət buraya düşən çıxmaz.
Sənin qızın və Fərman buradadırlar. Səni buraya dəvət etməkdən qərəzim budur: qızının nikahının Fərmana cari olmasına riza verirsənmi?
– Ağa, siz mənim qızımın başını kəsməyə sahibi-ixtiyarsınız. Amma mən onu o bihəyaya verməyəcəyəm. Əlavə, mən Xudayar xana söz vermişəm.
Ondan nişan qəbul etmişəm.
– Bəs belə olan surətdə sən mənim bir təklifimi qəbul et! Deyirlər “xeyrül-ümuri övsətüha”. Sən, qızın mənim özümə mənkuhə olmasına riza ver, buna sözün nədir? Xudayar xanın cavabını mən rədd edərəm.
Bu təklifi gözləməyən Hacı Kamyab fövrən cavab verə bilməyib dayandı. Bir az fikir edib xəyalında dedi: “Ağanın təklifini rədd etmək axmaqlıqdır. Mənim üçün nə təfavüt edər. Mənim ticarətim Hacı Mirzə Əhməd ağadan artıqraq mənfəət aparar. Mirzə Əhməd ağanın əmlakı Xudayar xanın təkəllüfündən çox, sərvəti artıq, xanın pambıq və ərzağını icarəyə götürüncə ağanınkını götürərəm. Əlavə, Hacı Mirzə Əhməd ağa müctəhidin qayınatası olmaq böyük şərafətdir. Hər adama müyəssər olası rütbə deyil”. Sonra üzünü ağaya tərəf çöndərib dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.