Содержание
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Страница 17 из 25 · 64%

– Daha nə eləyəcəksən. O yazıq özünü öldürəndən sonra gedib, onun öz əli ilə tikdirdiyi əmlaka, öz zəhməti ilə qazandığı mala sahib olub, onun arvadını, uşaqlarını ac küçəyə buraxdın.

– Necə? Yoxsa mən xilafi-şər iş görmüşəm? Şəriətin hökmünə əməl eləmişəm. Get hansı molladan xəbər alacaqsan al. Oğul ki, atanın

qabağında öldü, onun malı atasına keçər. İkincisi, onun uşaqları rus qızından olmuşdular. Ac qaldılar, cəhənnəmə qalsınlar. Amma kiçik oğlum əlimə keçsə onun atasına od vuracağam!

Mələk kürədən bir kürək dolusu qızarmış pul çıxardıb hacının qabağına atdı və kürəklə də bir dəfə başından vurub dedi:

– Bura boş danışıq yeri deyil, işinə məşğul ol.

Hacı yenə əli yana-yana pulları saymağa məşğul oldu.

Biz getdik.

Odabaşı ilə bir qədər getdikdən sonra gördük bir nəfər ağsaqqal kişi əlində oddan bir süpürgə cəhənnəmin küçələrini süpürür. Hər dəfə yorulub dayanmaq istəyəndə mələklər odlu gürzlərlə təpəsindən vurub işləməyə məcbur edirlər.

Odabaşı dedi:

– Bu şəxsi ki, görürsən, mənim həmşəhərlilərimdəndir. Bizim yerlərdə buna müctəhid deyərdilər. “Carubkeşlər” (süpürgəçilər) küçəyə çıxanda məlum olurdu ki, ağa bir yana buyuracaq və küçələri süpürtdürməkdən məramı budur ki, özünün və məiyyətində gedən şəxslərin ayaqlarının altında qarışqa qalar. Qalıb qırılmasınlar.

Məyazar muri ki, danəkəşəst

Ki, can darədu cani-şirin xoşəst.

Mən cavabında dedim:

– Yəqin ağa bir şeyi ya unutmuşdu, ya xalqın gözünə pərdə çəkirdi.

Özün fikir elə. Ağanın özünün və yanınca gedənlərin ayaqlarının altında çox qırılsaydı bir-İki yüz qarışqa qırılacaqdı. Amma onun carubkeşlərinin hər süpürgəsinin altında neçə yüz qarışqa qırılırdı.

Odabaşı mənim sözümü təsdiq etdi.

– Belədir ki var. Odur ki, ona cəhənnəmdə süpürgə çəkdirirlər.

“Dən daşıyan qarışqanı da incitmə, çünki onun da canı var, can isə şirin və xoşdur”
(Sədidən).

Bəli, elə ki bunun xüsusi süpürgəçiləri küçəyə çıxardılar, tamam əhali ağanın ziyarəti üçün küçəni o yan-bu yan tuturdular. Bir də görürdün, ağa bir məxmər çullu uzunqulağın üstündə göründü. Camaatdan “salavat” səsi asimana bülənd olurdu.

Ağa ağ ləbbadə, ağ əmmamədə hər İki tərəfə camaata baş əyərək, həzin səslə deyirdi:

– Salaməleyküm, əleykəssalam; salaməleyküm, əleykəssalam!

Xalq dalınca yüyürüşüb, uzunqulağının ayaqlarının izindən torpaq götürüb, tutiya kimi evlərində saxlayırdılar. O torpağı suya salıb, vəzi həmli çətin olan qadınlara içirdirdilər, sancılanmış uşaqların qarınlarına sürtürdülər və sairə, habelə yerlərdə işlədirdilər. Uşağı olmayan qadınlar gedib, qarınlarını ağanın qapısının dabanlığına sürtərdilər. Bu gördüyüm şəxs belə bir müqəddəs vücud idi.

İndi qulaq verin bundan sizə bir keyfiyyət nağıl eləyim.

Dedim:

– Buyur.

Odabaşı başladı.

Odabaşının hekayəsi

Bizim qonşuluğumuzda İbrahim adında kasıbca bir baqqal olurdu. Bir yaxşı fəqir, təmiz qəlbli, heç kəsə əziyyət verməyən, qonşuların xeyir-şərinə həmişə qabaqca gələn xoşsifət bir kişi idi.

Bunun gözünün ağı-qarası Fərman adından bircə oğlu var idi. Fərman gözəl, qoçaq, iş bacaran və şəhərin cavanları arasında sayılan, yoldaşlıqda möhkəm, dost yolunda var-yoxundan keçən və atası tək təmiz, pak qəlb bir oğlan idi.

İbrahimin Hacı Kamyab adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zəngin tacir sayılırdı. Onun ticarəti nəinki öz məmləkətində, hətta əcnəbi ölkələrdə də işləyirdi. Istanbulda, Bakıda, Tiflisdə, Batumda onun amilləri var idi. Rusiyanın hər şəhərinə onun malı işlərdi.

Ildə bir dəfə hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına bələd olmaq üçün Rusiyanı, Türkiyəni gəzib qayıdardı. Həştaddan çox kəndi var idi. Bir böyük xalı, gəbə fabrİki var idi. Neçə yüz əmələ fabrİkində və kəndlərində işlərdi. Vaqonlar dolusu Hacı Kamyabın səbzəsi, kişmişi Rusiyaya gedərdi.

Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Hər il məhərrəm ayının birindən onunadək İmam ehsanı verərdi. Şəhərin hamı tüccarı, üləma və saldatı onun ehsanında cəm olurdular. Aşura günündən başlamış İmamın qırxınadək təkyə saxlardı. Təkyələrində çay və qəndab sel kimi axardı. Bununla belə, Hacı Kamyab qardaşı İbrahimin əlini tutmaz idi; deyərdi: “İkimiz də bir atanın, bir ananın uşaqlarıyıq. Atamız İkimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qazanan kimi o da qazansın”.

Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Xeyr, İbrahim və oğlu Fərman tez-tez onun evinə gedib-gəlirdilər. Hətta bir para işlərinə də gedərdilər, evində ehsan ya təkyə olanda İbrahimi də oğlu ilə bərabər çağırardı. Çağırmasaydı da yaramaz idi, çünki xalq eyib tutub deyərdi ki, hacı qardaşı və qardaş oğlunu bəyənməyib ziyafətlərinə çağırmır.

Hacı Kamyabın Gövhərtac adında bir gözəl qızı var idi. Fərman və Gövhərtac İkisi bir yerdə böyümüşdülər və həmsinn idilər. Bu İki cavan uşaq da bir-birinə bir bacı-qardaş məhəbbəti yetirmişdilər. Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb, axırda başqa bir surət aldı.

Belə ki, Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bilmirdi. O səbəbdən Fərman hər gün səhərdən axşamadək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara səbzə doldurmaq, torbalara kişmiş basmaq, arabaları, ulaqları yükləmək... Bu zəhmətlərin hamısını Fərman mükafatsız çəkirdi. Onun mükafatı gündə bir neçə dəfə Gövhərtacı görmək idi.

Hacı Kamyab əhvalatı gözəlcəsinə anlamışdı. Ancaq bir şey büruzə verməyərək, Fərmanın zəhmətindən istifadə edirdi.

– Müftə hambaldır, qoy işləsin. Onun xəyalından mənim qızımı almaq keçir. Qoy xəyal-plovdan nə qədər yeyəcək yesin. Mən qızımı ərə vermək istəsəm, özümə yaraşan bir şəxsə verərəm, nəinki acın birisinə. Çox da mənim qardaşım oğludur.

Bir gün Hacı Kamyab qardaşı İbrahimi və Fərmanı çağırıb xəbər verdi:

– Sabah Xudayar xan mənə qonaq gələcək. Gərək İkiniz də burada olub, onun özünə və atlarına qulluq edəsiniz.

Ata və oğul “baş üstə” deyib getdilər.

Xudayar xan ətrafın ən zəngin, ən güclü xanı hesab olunurdu. Beş min nəfər rəiyyət nə bağlarının məhsulunu, nə taxılını, nə qoyununun yununu xandan biizn heç yana çıxarda bilməz idi. Malını kimə və neçə qiymətə xan buyursa idi, elə də satardı.

Yun, pambıq, xüşkəbər, buğda almaq istəyən tacir gərək qabaqcadan xanla görüşəydi. İkilikdə malın qiymətini qət edəndən sonra xan malın haman müəyyən olunmuş qiymətə satılmasına əmr verərdi.

Söz yox ki, burada İki qiymət təyin olunurdu. Biri xanla tacirin, o birisi, rəiyyətlə tacirin aralarında.

Xudayar xanın rəiyyətinin məhsulunu həmişə Hacı Kamyab alardı. O idi ki, belə qonağı layiqincə qəbul etmək lazım gəlirdi.


Sabahı günü Hacı Kamyabın özü və əmələsi sübhdən durub, əziz qonağın gəlməsinə hazırlaşırdılar. Hacı talvarda əyləşib əmr verirdi.

Əmələ itaət edərək işləyirdi.

Qulplu qazanlar həyətdə yan-yana söykənmişdi. Döşlüklü, başında araqçın, qol çırmaqlı məşhur aşpaz usta Rəsul qazanları su ilə doldurub, altından od vurub, qaynamasını gözləyirdi. Şagird yerdə əyləşib ət doğramağa, soğan doğramağa, məğzi-badam, badımcan, albuxara təmizləməyə məşğul idi.

İbrahim qırx-əlli cücə başı kəsib bədənlərini pörşələyirdi; Fərman saatda bir bazara qaçıb, lazım olandan alıb qayıdırdı. Xülasə, Hacı Kamyabın qapısında camaat qarışqa kimi qaynamaqda idi. Su gətirən kim, odun yaran kim, qazan altına tez-tez odun atan kim, düyü yuyan kim...

Hamıdan artıq ürək və həvəslə işləyən Fərman idi. Onun qəsdi, özünün çapuq və karkün olmasını həm əmisinə və həm tez-tez pəncərə qabağına gəlib, ona baxıb şirin gülən Gövhərtaca göstərmək idi.

Fərman yəqin etmişdi ki, əmisi onu oğulluğa götürüb, Gövhərtacı da ona verəcək. Gövhərtac da bu fikirdə idi. Hacı Kamyabın da ki, ürəyindəkini ərz elədim.

Günorta zamanı plov hazır olub dəmə vuruldu. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Hacı bir dəstə də şəhərin ən məşhur sazandalarından xanın naharında oxuyub çalmaq üçün hazırlamışdı.

Böyük talvarda süfrə salınmışdı. Ənvai-şərbət, mürəbbə, halviyyat süfrənin üzərinə düzülmüşdü. Hacı Kamyab şəhərin əyan və tüccarlarından da iyirmi-otuz nəfər xanın naharında iştirak üçün dəvət etmişdi. Günorta namazından sonra qonaqlar yığılmağa başladılar. Bir azdan sonra şəhərin darvazasında qoyulmuş xüsusi adam yüyürərək özünü yetirib, xanın gəlməyinin xəbərini gətirdi.

Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Az keçmədi ki, xan dalınca iyirmi beş nəfər müsəlləh və qoçaq atlı olaraq, varid oldu. Fərman qabaqca yüyürüb xanın atının başından və üzəngisindən yapışdı. Fərman artıq xanın xoşuna gəldi. Hacı Kamyabla əl tutub xəbər aldı:

– Hacı, bu oğlan kimdir?

– Qurban, bu mənim qardaşım oğludur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов