Содержание
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Страница 8 из 25 · 28%

1. xan tüpürcəyi

Qarabağ xanı İbrahim xanın Cəfərqulu xan adlı bir oğlu var idi ki, adına tarixi-ədəbiyyatda “Yekəpər” deyirlər. Cəfərqulu xanın əlində belə bir qüvvət var imiş ki, bir əli ilə at nalını ikiqat elərmiş. Ya mis pulu barmaqları ilə sürtüb yazısını silərmiş. Əlavə, xanın sporta böyük həvəsi var imiş. Məsələn, İrandan adlı pəhləvanları yazıb gətirdib küşti tutdurmaq, dəvə güləşdirmək, it boğuşdurmaq və sair belə ürəkaçan işlər. Əlavə, xan cənablarına bir vergi verilmişdi: əgər qudurmuş it dalamış adamın ağzına tüpürə idi, o saat salamatlığa çıxardı. Daha həkim, Paster xəstəxanası, filan lazım deyildi. Xanın vəfatından sonra bu qabiliyyət oğluna keçmişdi. İndi də nəvələri bu işlə məşğuldurlar.

2. topal seyid

Bu şəxs Ağdam dairəsində olur. Bu da xan kimi, qudurmuş it tutanlara müalicə edir; ancaq naxoşların ağızlarına tüpürmür. Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur. Bir neçə il bundan əqdəm bizim kənddə bir cavan oğlanı qudurmuş it dalamışdı. Mən ona Tiflisdə Paster xəstəxanasına getməyi məsləhət gördüm. Mənim təklifim ətrafdakıların və naxoşun qardaşının xoşuna gəlməyib, onu topal Seyidin ocağına göndərdilər.

Naxoşun qardaşı deyirdi:

– Tiflisə gedib-gəlmək bir dünya xərc götürər. Cəmi bu yerlərin naxoşları əlaclarını Topal Seyiddən alırlar. Atını minib gedər Seyidin qulluğuna, bir-iki manat nəzir verməklə salamatlığa çıxar.

Elə də elədilər. Bir altı həftə keçməmişdi, eşitdim naxoş vəfat edib.

Təziyəsinə gedib, qardaşını məzəmmət elədim, dedim:

– Gərək mənim sözümə baxıb onu Tiflisə göndərəydin.

Dedi:

– Yox, ona əlac olmayacaq idi. Çünki Seyidin qulluğuna etiqadla getməmişdi.

Əlbəttə, etiqad böyük şərtdir.

3. deşikli ağac

Bu mücərrəb pir Ağdam dairəsində Qasımlı kəndində vaqedir. Bu ağacdan iki şax ayrılıb. Sonra baş başa qaynayıb bitişiblər. Araları açıq qalıbdır. Bu pir, övladı olmayan qadınların qolundan tutur. Cümə axşamları övlada ehtiyacı olan bacılar bir qədər fəsəli bişirib, özləri ilə götürüb, deşikli ağacın yanına gedirlər. Fəsəlini füğərayə paylayandan sonra, övlad arzısında olan qadın ağacın deşiyindən keçir. Deyildiyinə görə, mətləbinə nail olur. Əgər qadınlardan birisi ağacın deşiyindən keçə bilməsə həmişəlik özündən naümid olub, məyus evinə qayıdır.

4. qazaq qəbri və xəlifəli ocağı

Bu iki müqəddəs məkan Şuşa şəhərinin biri şimalında, o birisi isə qərbində vaqedir. Bu yerlərdə bayramqabağı, dürüst, ilin axır çəharşənbəsində uşaqların çilləsini kəsdirirlər. Çillə kəsdirmək bundan ibarətdir: uşağın iki əlinin baş barmaqlarını ipliklə bir-birinə bağlayıb, sonra ipliyi qayçı ilə ya bıçaqla kəsirlər. Çilləsi kəsilən uşağa bir ilin müddətində heç bir afət toxunmaz. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Qədim zamanlarda, təxminən yüz il bundan əqdəm, bir nəfər qazağı hərbi məhkəmə qərarına görə gülləyiblər. O vaxtdan həmin qazağın qəbri çillə piri olubdur.

Amma şəhərin camaatının əksəri Xəlifəli ocağına gedir. Hətta belə də bir rəvayət var:

İlin axır çəharşənbəsində, yəni novruz bayramından bir neçə gün qabaq Molla Pənah Vaqif özünün Saatlı məhəlləsində vaqe məktəbində əyləşib Şuşa şəhəri əhalisinin balalarına dərs verirdi. Bir də baxdı ki, məktəbin qabağından böyük bir izdiham gedir. Qabaqda əli ağaclı fərraşlar, camaatı o yan-bu yana qovurlar. Bir nəfər şəxs əlində gümüş qəlyan, yanında birisi, əlində bir manqal dolusu köz. Əlavə neçə faxir geyinmiş adamlar. Xülasə, bir padşah cəlalı. Vaqif bu vaqiənin nə olduğunu xəbər alanda deyirlər ki, bəs Qarabağ xanı İbrahim xan Xəlifəli ocağına çilləsini kəsdirməyə gedir. Vaqif orada nə fikrə gedirsə götürüb bu şeri yazıb xana göndərir:

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Düyilə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm məni qoymazlar kəndə.

El batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahib-camalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

Xanın şeirdən çox xoşu gəlib, Vaqifi yanına apardır. Vaqifin ağlına, kəmalına, şirin danışıqlarına bənd olub onu həmişəlik yanında saxlayıb, ənqərib vəzirlik mənsəbini ona verir. Odur ki, Qarabağda xanlığı İbrahim xan idarə etməyib Molla Pənah Vaqif edirdi.

Ona görə də deyiblər: “Hər oxuyan Molla Pənah olmaz”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов