Содержание
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Страница 10 из 25 · 36%

Aman, xudaya! Molla Ağa Fazili-Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulaq quşqunu

Ağa Baqiri-Məclisi, Fazili-Ərdəbili və Fazili-Dərbəndi mövhumat sahəsinin ən fəal
qəhrəmanlarıdırlar. Bunlardan həm Azərbaycanda, həm İranda məşhur olan Dərbəndli Molla
Ağadır ki, adına Fazili-Dərbəndi deyirlər. Kitabçamızda onun xüsusundə yazılanlar hamısı
həqiqətdir. Fazili-Dərbənd cəmi rövzəxanların mürşididir: minbərlərdə onun adı ehtiramla
çəkilməkdədir. Fazili-Dərbəndi mövhumata dair neçə kitab yazmış. O cümlədən
“Əsrarüşşuhəda” adlı kitabı on-on iki cilddən ibarətdir. Bu kitablar hamısı Kərbəla vəqəsinə
aiddir. Ondan əlavə “Irşadülqülub”, “Məxzənülbüka” və “Xabnamə” adında üç kitab yazmış. Bu
kitabların ikisi mərsiyə kitablarıdır. Üçüncüsü isə Fazilin röyalarına havidir. Bu kitabda Fazil
röyada gördüklərini həqiqət hesab edir və avam camaat da buna etiqad bağlayır. Məsələn,
“Xabnamə”nin bir yerində deyir: mənim vətənim olan Dərbənddə bir yəhudi var idi. Bu şəxs
həmişə şürbiliyə, fisq-fücurə məşğul idi. Yəhudi öldü. Gecə aləmi-röyada mən haman yəhudini
behiştin qəsirlərinin birində görüb təəccüb etdim və onun behiştə nə növ düşməsini xəbər aldım.
Yəhudi cavab verdi: Bir gün yol kənarında uzanmışdım. İttifaqən Imam Hüseyn zəvvarları gəlib
mənim yanımdan addadılar və onların atlarının ayaqları altından qalxan tozdan bir qədər mənim
siftimə qondu. Odur ki, yəhudiliyimə, tutduğum əməllərə baxmayaraq məni behiştə gətirdilər və
cəmi günahlarım xudavəndi-aləm tərəfindən əfv olundu (“Xabnamə”).
Fazili-Dərbəndinin şüarı: “Mən bəka, ov əbka, fətəbəka vəcəbət ləhül-cənnə”, yəni
“ağlayana, ağladana və ağlayanlara özlərini oxşadanlara behişt vacibdir” (Müəllif qeydi).

Molla Ağa Fazili-Dərbəndini kim tanımır? Cəmi üləma, sadat, rövzəxanlar onun adını ehtiramla çəkirlər. Birdən belə iş?

Osmanlılar deyirlər: “Böyük iftizah”

Molla Ağa Fazili-Dərbəndi kimdir? Cəmi mərsiyəxanların mürşidi, ağköynək olub baş yarmağın, zəncir vurmağın, bədənin dərisini yırtıb oraya qıfıl, palanduz, sümbə, kotan dəmiri taxmağın binasını şiələr arasında qoyan belə böyük və müqəddəs vücud. Belə də iftizah?!

Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik babam, Molla Ağanı Təbrizdə görmüşdü. O, belə nağıl edərdi:

– Aşura günü mən Təbrizdə idim. Ərk adlanan topxana meydanında iynə atsaydın yerə düşməzdi. Təbriz əhalisi ünasən və zükurən oraya cəm olmuşdu. Deyirlər ki, gələn camaatı məscid tutmadığından, Fazili-Dərbəndi meydanda mərsiyə oxuyur.

Birtəhər camaatı yarıb özümü irəli verdim və baxıb nə gördüm: Fazil meydanın ortasında başı açıq, qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbət saman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə də saman tökür başına. Kənardan baxana bir taya saman kimi görünür. Camaatın hönkürtüsü, “ağa vay” naləsi göyə çıxır. Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı.

Fazili-Dərbəndi bu haləti görüb ucadan qışqırdı:

– Əyyühənnas, hər kəs bacarır özünü bu xalis şiə kimi İmam yolunda qurban versin. Onun ruhu bu saat behiştdə peyğəmbərin öz qulluğundadır.

İranın şəhərləri birbəbir Fazili qonaq çağırırdılar. Ağa şəhərə yaxınlaşanda tamam şəhər onu istiqbal edib, salavatla şəhərə gətirib ən zəngin bir tacirin evində mənzil verirdilər. Neçə gün plov qurşağa çıxırdı; gecələr də ki, ağanın qulluğuna siğə üsulu ilə cavan qızlardan gətirib təbrik edirdilər. Axır, ağa Tehrana gəlməli oldu. Tehranda bir nəfər İkiayaqlı qalmadı. Hamı şəhərdən çıxdı. İş bir məqama yetdi ki, Nəsrəddin şah özü də Fazili-Dərbəndinin istiqbalına çıxmağa məcbur oldu.

Fazil yetişib faytondan düşən tək şah qabağa yeriyib İki əlini ona tərəf uzatdı. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu, diqqətlə şahın üzünə bir neçə saniyə baxıb buyurdu:

– Qayçı gətirin!

Bu əhvalatı gözü ilə görmüş bir şəxs nəql edirdi (Ə.H.).

Camaat əhvalatdan bir şey anlamayaraq, dayanıb tamaşa edirdi.

Qayçı gətirdilər.

Fazil qayçını alıb şaha tərəf yeridi və dedi:

– Sənin bığının qabağı gərək alınsın. Çünki sənin yeyib-içdiyin hamısı haramdır. Həmçinin səninlə mülaqat da haramdır.

Bunu deyib öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Bu keyfiyyət şaha çox toxunsa da, heç cavab vermədi. Neçə gün Fazil Tehranda istirahət edəndən sonra şah tərəfindən ona bir fincan qəhvə gətirib içirtdilər. Və qəhvəni içən tək ağa daribəqaya rehlət buyurdu.

Sübh, Fazili-Dərbəndinin ficətən vəfatının xəbərini Tehran əhalisinə yetirdilər. Camaat görünməmiş bir təntənə ilə onun nəşini aparıb, Tehranın qəbiristanlığında dəfn etdi.

Odabaşı üləmadan çox adamın adlarını çəkdi. Ancaq bir Fazili Dərbəndidən danışmaq kifayətdir. Günahkar cəhənnəmə düşən kimi Qəllaz və Şəddad adında məlaikələr, rus qazaxları, əlsiz-ayaqsız füqəranın üstünü alan kimi onun üstünü alıb, başlayırlar onlara odlu taziyanələrlə vurmağa və zəncir bağlayıb odun içində sürüməyə.

Bu məlaikələrin yetmiş min köməkçiləri – türküsü – qorodovoyları var ki, hər birisinin yetmiş min əli və hər əlində yetmiş min barmağı var. Bunlar da hər tərəfdən tökülürlər günahkarların üstünə. Bəziləri onların saqqallarını yolurlar, bəziləri ətlərini didirlər, bəziləri sümüklərini sındırırlar.

Xülasə, nə ərz edim. Lap bizim qorodovoylar kimi! Mən bu yetmiş min əlli məlaikəni görəndə dedim:

– Nə yaxşı olardı bunların birisini Rusiya vəzirləri şurasına sədr edəydilər. Əgər gündə hər əli ilə bir inqilabçı tutub boğazından asdırsa, İki aydan sonra Rusiyada qurd quzu ilə otlayar. Nə dum lazım olar, nə mum. Hərçənd bunun, Şuşa uyezdi naçalniki Gerasimov tək şəxslərin ciblərinə ziyanı var. Çünki ondan sonra dörd min manat çıxan deşiklər hamısı tutular.

Cəhənnəm əhlindən birini yanıma çağırıb soruşdum:

– De görüm, sənin də canını alandan sonra bu əziyyətləri verdilər?

Dedi:

– Ay kişi, ciyərim yanır. Əgər mənə bir içim su əlac eyləyə bilsən, deyərəm.

Bu binəva su istəyən tək bir məlaikə əlində bir qab ərinmiş qurğuşun gətirib ona içirtdi. O saat yazığın qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su axmağa başladı.

Mən ovcumla o sudan bir az tutub ona içirtdim. Su içib dedi:

– A kişi, hər kəsin ürəyi yananda bu lehmədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir.

Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin.

Dedi:

– Qoy bu kişi nağıl eləsin görək bunun canını necə aldılar. Sonra, baş üstə, göstərərəm. Doğrudur, mənim özümə də çox əziyyət veriblər, amma bu şəxsə deyəsən məndən də çox əziyyət dəyibdir.

Cəhənnəmli məndən soruşdu:

– Başına dönüm, heç yüzbaşı camaatdan qızıl pul yığanda görübsənmi?

– Görmüşəm. Çox yaxşı görmüşəm. Bir kasıbın on yeddi şahı verəcəyi var idi. Amma pulu yoxdu. Yüzbaşı mənim öz yanımda ona o qədər dəyənək vurdu ki, axırda ürəyi getdi (döyülənin ürəyi getdi, nəinki yüzbaşının). Axırda mənim yazığım gəlib yüzbaşıya on yeddi şahı verib, kəndlini o zalımın əlindən qurtardım.

Cəhənnəmli dedi:

– Başına dönüm, mən can verən vaxt çəkdiyim əzab bundan da artıq oldu. Qulaq ver ərz eyləyim: mən öləndə gördüm mələkəlmövt gəldi. Amma nə halətdə? Başı əvvəlinci göydə, bir ayağı məşriqdə və bir ayağı məğribdə, çox qeyzli, rəngi qara, nəfəsindən od çıxırdı; əlində oddan bir şiş tutmuşdu ki, onun neçə haçası var idi. Yanınca beş yüz köməkçi gəlmişdi. Hər birinin əlində bir odlu taziyanə.

Qabaqca İsfəhtail adlı məlaikə mənə bir şərbət verdi ki, o cür isti və acı şeyi mən ömrümdə görməmişdim. Sonra Əzrail şiş və çəngəl salıb ruhumu ayaqlarımdan çəkməyə başladı. O çəngəlin hər bir haçası bir damara bənd olmuşdu. Əzrailin köməkçiləri də əllərindəki taziyanələrlə başıma, qarnıma, çiyinlərimə və ayaqlarıma döyürdülər. Mənim ruhumu bu cür çəkdilər.

Yazıq kişi söhbətini qurtaran tək bir məlaikə daldan yetişib onun boynunun ardından beş-on yumruq ilişdirib, axırda elə bir zərbə ilə vurdu ki, yazıq cumdu odun içinə.

Odabaşı məni heyrətdə görüb dedi:

– Bu günahkar yetmiş il odun içinə cumacaq. Sonra bir məlaikə gələcək, yetmiş min ərəş onun əllərinin uzunluğudur. O məlaikə, əlini salıb onun odunu təknədə axtarıb, tapıb çıxardacaq. Onun dalınca birinci mələk gəlib, onu götürüb yenə həmin qərar atacaq odun içinə.

Bundan sonra odabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına.

Zəqqum ağacı cəhənnəmin yeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsi var. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов