Xortdanın cəhənnəm məktubları
Содержание
Страница 12 из 25 · 44%
– Bircə siz bu tülkülərə baxın. Dərənin iti-qurdu özlərini adam cərgəsinə qoyub, yığılıb bir yerə məsləhət edirlər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnucırığa bax! Ona deyən gərək filan-filan şüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan? Sənin dədəbabanı heç bir tanıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gəlib özünü bəylər cümləsinə qatırsan? Ərizə-filan yazırsan? Sənin atan aclıq ili mənim atamdan bir çuval buğda aparıb, hələ də borclu deyilmi?
Sən adını nə qoyub ortalığa düşübsən?.. O çopur sifəti toyuq dimdikləmiş qarpız qabığına oxşayan!.. Papağı da təşəxxüslə qoyub gözlərinin üstünə, deyir: “Alçaq dağları mən yaratmışam”. O kimin oğludur? Onun əmisini mənim atam neçə il dustaqxanada yatırtdı, o da özünü adam hesab eləyib ortalığa atılır?! Buyursun, barmağını yumsun görüm, hansı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçə naçalnik gəlib-gedibdir, hansı onu bəyənib, ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, heç xəcalətindən evdən çölə çıxmaz.
Onun anası qaçaq Qurbanəlinin bacısı deyildimi?
İndi bunlara bir deyən gərək: budur, yığılıbsınız məsləhət eləyirsiniz.
Çox gözəl! Niyə deməyirsiniz, mahalın nəcib bəyləri var, ağsaqqalları var? Bir belə iş düşəndə lazımdır ki, yığılıb gedək onların birinin evinə. Deyək, ağsaqqal, bir belə məsləhətimiz var. İstəyirik Vinokurovdan ərizə verək. Bu işə sən nə deyirsən?
Bəlkə heç ərizə vermək məsləhət deyil. Nəinki mahalın beş-on bambılısı yığılıb bir yerə – nədi, nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq! Axır siz nəsiniz adam yıxasınız?
İndi mən də bunun əvəzini sizə yetirərəm. Bundan sonra böyükdən məsləhətsiz iş görməzsiniz. Mən bu ərizəni bu saat aparıb qoyaram Vinokurovun qulluğuna. O da sizin haqqınızda fikir çəkər.
Mən, əvvələn, gərək öz gücümü bunlara tanıdım və saniyən Vinokurova da bir ixlas göstərəm. O kişinin səbəbindən ildə dörd-beş min manat mənfəət edirəm. Şərab həmişə müftə, yağ müftə, düyü müftə, motal, qatıq... hamısı müftə. Quzudan bir sürü qayırmışam. Bunun hamısı mənim Vinokurovla bir quruca dostluğumdandır. Mən bir belə mənfəəti əldən buraxsam, gərək başıma müalicə ola. İndi mən bildiyimi elərəm; qoy Vinokurov o adlarını bəy qoyan gədə-güdələrin atalarına od vursun.
Bəy bu fikri eləyib, atını birbaş sürdü Vinokurov cənablarının mənzilinə. Vinokurov otaqdan çıxıb bəyə əl verəndə, bəy elə bildi ki, bu saat ona bir nişani-şiri-xurşid əta olundu.
Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib.
Bəy ədəblə xanıma təzim etdi və xanım da İki barmağının ucunu ona uzadıb dedi:
– Buyurun bir stəkan çay için.
Bəy:
– Çox razıyam, – deyib əyləşdi və xanım da öz lətif əlləri ilə ona bir stəkan çay töküb verdi.
Bəy çay içəndən sonra Vinokurov onu öz kabinəsinə çəkib, başladı mahalın işlərindən bir-bir xəbər tutmağa. Vinokurov bu bəyin vasitəsi ilə mahalda hər bir xəlvət törənən işdən xəbərdar olub tədbir edirdi.
Bəyi xəlvətcə çəkib dedi:
– Söylə görək nə var, nə yox? Səndə həmişə qiymətli xəbərlər olar.
Bəy cavab verib dedi:
– Qaspadin naçalnik, sizə elə bir əhval gətirmişəm ki, eşitsəniz məndən yerdən göyədək razı olacaqsınız.
Naçalnik qalxıb kürsünü götürüb, gəlib bəylə dizbədiz əyləşdi.
– Söylə görək, nə xəbərdir?
– Daha nə xəbər olacaq. Getmişdim “Güngörməz” kəndinə. Gördüm ki, orada bir para adlarını bəy qoyan əclaflar bir yerə toplaşıb ərizə yazdırırlar.
Soruşdum:
– Bu nə ərizədir?
Dedilər:
– Bəs bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzlərdə qalıb dilənsinlər. Ondan ərizə yazırıq. Bəlkə buradan götürərlər. Yazıq camaat da rahat nəfəs ala.
Vinokurov bu sözləri eşidən kimi qalxıb ayağını yerə bir cür çırpdı ki, eynək gözündən düşdü. Qışqırıb dedi:
– And olsun Allaha, gərək onların hamısını birbaş Sibirə itirim. Kimin nə həddi var məndən şikayət yaza bilə? Bu da Saxsı qalası deyil ki, qulağım eşidə-eşidə məndən qoburnata şikayət edələr. Pajalusta, de görüm o məndən ərizə yazdıranlar hansılardı?
Bəy ərizəni qoltuğundan çıxardıb qoydu naçalnİkin qulluğuna.
– İzvolte!
Vinokurov sonra bəylərə nə elədi dursun kənarda. Amma haman ərizəni bəyin boynundan asıb cəhənnəmə göndəriblər.
Cəhənnəm əhli qışqırdıqca Iblis şıllaq atırdı. Və hərəni bir cür başa salırdı ki, onda taqsır yoxdur və deyirdi:
– Ay camaat, məndən əl çəkin! Mənim yaxamı düşmənlərim bir dəfə sizin əlinizə veriblər. İndi hər bir dünyada törənən bəd əməli mən bədbəxtdən görürsünüz. Doğrudur, məndən yaxşı əməl baş verməz, amma yenə sizi inandırıram ki, dünyada baş verən bəd əməllərin çoxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öz içinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən?
Bu halda camaat arasından bir şəxs ayrılıb, Iblisə tərəf yeriyib söz demək istəyəndə Iblis qızardı.
Bu şəxs həmçinin Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boynunun gödəkliyindən başı İki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxırdı. Bu şəxsin qəribə keyfiyyətləri var: mən ancaq birini nağıl edim.
Neçə vaxt bundan əqdəm Qocaqurd mahalının naçalnİki mahalın dörd nəfər dikbaş, artıq-əskik danışanlarından İki yüz altı qazağın qabağına salıb, qovdurub atların ayaqlarının altında dörd nəfər taqsırsız biçarələri paymal etmişdi. Onlardan əlavə bir nəfər çox danışanın boğazına kəndir saldırıb, ucunu qazağın əlinə verib, o qədər süründürmüşdü ki, axırda yazığın İki gözü də yerindən pırtlamışdı.
Naçalnİkin bu hərəkəti tamam mahal əhlini həyəcana gətirdi. Bu əhvalatı hər yerdə, hər kənddə, hər evdə söyləyib naçalnikə nifrin edirdilər. Camaat bir neçə nəfər ağsaqqal intixab edib məsləhət üçün həmin bəyin yanına göndərdilər. Bəy camaat vəkillərinə üz tutub dedi:
– Gedin evinizdə dinməz oturun. Bu sizə Allah tənbehidir. Allah bəndəsinin ləyaqətinə görə ona hökumət göndərər. Siz belə hökumətə layiqsiniz. Böyüyün hörmətini saxlamazsınız, bəy görəndə salam verməzsiniz, hökumət ərkanının dalınca artıq-əskik danışarsınız, nəticəsi də belə olar. Sizə naçalnik nə edibsə haqqı var. Gedin öz taytuşunuzu tapın. Ondan kömək istəyin. Mənim başımı ağrıtmayın.
Camaat vəkilləri bəyin qulluğundan məyus evlərinə qayıtdılar.
Vəkillər gedəndən neçə gün sonra, həmin bəy bir belə zülm edən naçalnİki yüzədək adamla evinə qonaq çağırıb, onunçun elə bir ziyafət düzəltdi ki, tamam Qocaqurd bəylərinin hamısı bir yerə yığışsaydılar bacarmazdılar.
Qocaqurd mahalının camaatı bəyin bu hərəkətini öz əleyhinə açıqaçığına bir ədavət sayıb sözü bir yerə qoydular ki, onu “bayquş” eləsinlər (Qocaqurd mahalında bir molla var “bayqota” “bayquş” deyir).
Bir müddət camaat sözünə əməl elədi: salam vermədilər. Bəy qulaq asmadı, dedi:
– Müsəlmandırlar, bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr?
Bazarda ət satmadılar, başladı qapısındakı toyuqlardan bir-bir kəsib yeməyə. Buğda satmadılar, anbarın ağzını açıb öz buğdasını çıxartdı.
Atına arpa, saman vermədilər, yazdı, qazaq əfsəri göndərdi.
Beləliklə, neçə müddət keçdi. Bəy baxıb gördü ki, xeyr, camaat sözünün üstündə möhkəm dayanıbdır. Toyuqlar qurtardı, qazaq əfsəri də təngə gəlib bəyin nökərini qovdu, dedi:
– Get ağana degilən başımdan rədd olsun.
Yavan çörəklə də iş keçmədi.
Axırda bəy bir gün çıxdı bazara. Bazarda da çox yığıncaq var idi.
Bəy bir damın üstünə çıxıb üzünü camaata tutub dedi:
– Camaat! Siz məni bayqot edibsiniz. Bu sizin işinizdir, sizing məsləhətinizdir. Mənim də sizə bir sözüm yoxdur. Ancaq izn verin sizə İkicə kəlmə söz deyim, ondan sonra gedim həmişəlik oturum evimdə.
Camaat qışqırtı salıb bəyə söz vermək istəmədi.
Ağsaqqallardan biri xalqa üzünü tutdu:
– Camaat! Qoyun sözünü desin. Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək.
Hər yerdən səs gəldi:
– İstəmirik, danışmasın. Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını. Güclə yaxamız əlindən qurtarıb.
Ağsaqqal dübarə camaatdan xahiş edəndən sonra dedilər:
– Danışsın. Ancaq uzun eləməsin.
Bəy dedi:
– Mən necə ki, dedim, sizə İkicə söz deyəcəyəm. Sözüm budur: siz bu bayqotu mənim üstümdən götürün. Götürməsəniz, mən də gedib dönüb rus olacağam, vəssalam. Bu mənim sözüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.