Страница 11 из 12 · 83%

– Mən?

– Hə, sən.

– Yəni ovdan nə qədər pul yığacaqsınız ki, ona bir xəzinədar da lazım olsun?

– Biz köhnə ovçuyuq, yığarıq, – Kərəmxan özünü çəkdi. «Köhnə... guya ki, hərəsinin neçə yaşı varmış...»

Soltan:

– Gələn istirahət günü qabana gedəcəyik; ən azı, iki min beş yüz-üç min başının altındadır.

– Doğrudan? Yaxşı, mən sizin bölünməz fondunuzun xəzinədarı.

– «Sizin» niyə? Bəs sən şərik olmaq istəmirsən? – deyə Kərəmxan soruşdu.

– Mən? Mən nə haqla şərik ola bilərəm? Ovu eləyən siz...

Buldozerçi gülümsəyərək soruşdu:

– Yoxsa daha bizimlə ova getmək istəmirsiniz?

– İstəyirəm, əlbəttə, istəyirəm, – deyə heç düşünmədən cavab verdim, – ancaq bu şərtlə ki, qoyun mən də atım. Mənim də gülləm dəysin.

– Şübhəsiz.

– Bilirsiniz, məsələn, əgər qılınc işi olsaydı, onda sizə göstərərdim. Ancaq güllə atmaq...

Buldozerçi eyni təbəssümlə:

– Güllə atmaq çətin deyil, öyrənərsiniz, – dedi.

– Yaxşı. Mən xəzinədar.

Kərəmxan:

– Təklif var ki, Soltan briqadanın başçısı olsun.

– Ovçuluqdamı?

– Ovçuluqda da, körpü salmaqda da, yoldaşlıqda da.

– Başçının hər bir ədalətli əmrini yerinə yetirəcəyimə and içirəm! – deyə mən zarafatmı, həqiqətmi olduğunu bilmədiyim bir təntənə ilə əlimi yuxarı qaldırdım.

– Biz də and içirik! – Kərəmxanla buldozerçi də birlikdə səsləndilər.

Kərəmxan qışqırdı:

– Yaşasın briqadanın başçısı!

Soltan əlavə etdi:

– Yaşasın briqada!

Sonra bərkdən gülüşdük. Soltan dedi:

– Briqadanın ən mühüm şərtlərindən biri budur ki, gərək üzvlərdən heç biri öz sirrini yoldaşlarından gizlətməsin. Kim bu cəsarəti özündə hiss eləmirsə, indidən desin. Yoldaş yoldaşa tən gərək, tən olmasa, gen gərək. Heç kəsə məcburiyyət yoxdur. Əgər biz ürəyimizdəkini bir-birimizdən gizləyəcək olsaq, demək, həqiqi yoldaş deyilik. Demək, ikiüzlülük edirik.

«Yoxsa bunlar mənə tələ qururlar?»

Hamımızın üzü ciddi bir ifadə almışdı. Hamımız susurduq.

«İkiüzlülük... oğlan nə yaman dedi! Afərin! Gülləni atma, atdın, düz hədəfə vur. Doğrudan da, nə vaxtacan biz insanlar ürəklərimizi bir-birimizdən gizlədəcəyik?! Nə vaxtacan ikiüzlülük eləyəcəyik?! Kifayətdir!»

– Mən bu cəsarəti özümdə hiss edirəm! – dedim.

– Mən də!

– Mən də!

– Doğrudan da, uşaqlar, – deyə Soltan davam edirdi, – sirlər həmişə insanların arasında bir böyük sədd olmuşdur. Bu səddi uçurub dağıtmaq lazımdır. Həqiqi birlik, həqiqi yoldaşlıq ancaq bu zaman ola bilər. O səddi uçurmaq nə qədər çətin olsa da, biz bunu bacarmalıyıq! Biz bilirik ki, inqilab asanlıqla yaranmır.

Kərəmxan buldozerçinin verdiyi daşı hörgüyə qoyub palçıqla suvayaraq:

– Uşaqlar, – dedi, – mən kimə aşiq olsam, o saat gəlib sizə deyəcəyəm ki, məni intihar-zad eləməyə qoymayasınız.

Yoldaşları gülüşdü. Lakin mən:

– Aşiq olursunuz-olun, daha intihar nə üçündür? – deyə maraqla soruşdum.

– Birdən qız məni istəmədi, ya da istəyib sonra atdı, onda nə cür yaşayaram?

– Hə, – mən də onun kimi zarafatyana cavab verdim, – doğrudan da, çətin olar...

Kərəmxanın bu zarafatı mənə pis təsir elədi. Özümü nəyi isə salıb itirmiş adam kimi narahat hiss elədim.

«Bu buldozerçi nə üçün belə qaşqabağını töküb?» deyə əsəbi halda düşündüm. «Yoldaşları danışıb-gülür, bu isə dünyanın haqq-hesabını çəkir». Mən buldozerçini acılamaq, hirsləndirmək üçün bir söz axtarırdım. Mən dostlarının sevincinə biganə adamları xoşlamıram, bunu xudpəsəndlik hesab edirəm. Axı, mən bilirəm ki, buldozerçinin heç bir dərdi yoxdur. Bilirəm, gözəl bir anası var, arteldə işləyir. Özü də, deyirlər, üç dəfə Moskvaya Kənd Təsərrüfatı Sərgisinə gedib. Deyirlər, buldozerçinin özü kimi boylu-buxunlu gözəl bacısı da Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitirib və həmin institutun müəllimi olan yaxşı bir oğlana ərə gedib. Kefi kök, damağı çağ yaşayırlar. Qaldı ki, özü... Maşallah, deyirsən, bəs buz baltasıdır. Gündə dörd adamın işini görür, heç yoruldum demir. Amma o gün mən ovurdlarına vurduqca kirpiklərini necə qırpırdı... Mən bu saat onun ovurdlarına məmnuniyyətlə yüz zərbə vurardım.

Soltan saatına baxaraq:

– Tənəffüs! – deyə elan etdi. – Səriyyə xanım, gedək bizə. O gün deyirdiniz ki, kabab xoşlayırsınız. Axşam kənddən təzə qoyun əti gətirmişik.

– Doğrudanmı? Yaxşı. Siz gedin, mən də xörəyə baş çəkim, gəlim.

– Bunu da qoyun xəzinəyə, – Soltan kağıza bükülü pulu mənə uzatdı.

Mən min manatı çamadana qoyub, xörəyin soğanını tökdüm. Nahara hazır olsun deyə, stolun üstünü düzəltdim. Sonra əl-üzümü yuyub, Körpüsalanların çadırına getdim.

Buldozerçi qapıda yekə bir ocaq çatmışdı. Soltan stolun üstündə kənddən gətirdikləri pomidorlardan, göy-göyərtidən salat düzəldirdi. Kərəmxan isə ağac budaqlarından kəsib qayırdığı şişlərə kabab çəkirdi. Doğranıb mis qaba yığılmış ətdən kəklikoti ətri gəlirdi:

Kərəmxan:

– Səriyyə xanım, elə bir basdırma düzəltmişəm ki, ləzzətindən doymayacaqsınız.

Mən də bir iş görüb, kömək eləmək istədim.

– Yox, sən əlini bulama, – deyə Kərəmxan qoymadı, – kabab çəkməyin elmi var.

Başımı buladım:

– Pah-pah!

– Bu, borş-sup deyil ki, sən biləsən. Kabab bişirmək oğul işidir.

O, ilk şişləri gətirib boşqablara çəkəndən sonra:

– Səriyyə xanım, – dedi, – Allahdan gizli deyil, səndən nə gizlin, bir çaxırımız var. İcazə versəydin, onu da gətirərdik.

– İcazə verirəm, gətirin.

– Sağ ol, vallah, – deyib Kərəmxan çadırdan bir şüşə çaxır və dörd stəkan gətirib birini də mənim qabağıma qoydu.

– Etiraf edim ki, heç bir zaman bu qədər ləzzətli kabab yeməmişdim...

– Yaşasın briqada, – deyə Soltan zarafatyana əda ilə qırmızı şərabla dolu stəkanı yuxarı qaldırdı.

Biz də stəkanlarımızı qaldırıb toqquşdurduq. Onlar birnəfəsə stəkanlarını boşaltdılar. Mən bir qurtum alıb, qoydum yerə.

İkinci stəkandan sonra buldozerçinin üzü o qədər mülayim və nəzakətli bir ifadə aldı ki, mən gözümü ondan çəkə bilmirdim. Bu, mənim ilk etirafım idi...

Şüşə boşaldıqda, oğlanlar bir-birinin üzünə baxdılar. Sonra Kərəmxan:

– Səriyyə xanım, – dedi, – Allahdan gizli deyil, səndən nə gizlin, çadırda bir şüşə də var.

– Gətirin!

Mənim birinci stəkanım isə hələ yarısına qədər idi. Lakin kababda onlardan geri qalmırdım. Doğrusu, onların içməyi xoşuma gəlirdi. Elə bil ki, şərab məsum uşaqlıq ifadələrini yenidən geri qaytarırdı. Qədd-qamətli, məğrur buldozerçi iynənin ulduzundan keçəcək dərəcədə incə olmuşdu. O mənə baxmamağa çalışsa da, mən tez-tez baxırdım. Mən ikiüzlülük etməməyə – briqadadan heç nə gizlətməməyə and içmişdim. Kərəmxan axırıncı stəkanını yuxarı qaldıraraq:

– Uşaqlar, – dedi, – arzumuz budur ki, briqada xoşbəxt olsun. Ürəyimiz dərd-qəm görməsin. Körpüləri tez salaq, dağın o tərəfindəki fermalara gedən yolu tez qurtaraq. Maşınların Zoğallı körpüdən qıjıltı ilə necə keçdiklərinə baxıb ləzzət alaq.

– Sağ olsun körpüsalanlar! – deyə mən həyəcanla əlavə edərək, stəkanımı onların stəkanları ilə toqquşdurdum.

Bir saatlıq tənəffüs tamam olan kimi Soltan ayağa qalxaraq:

– İndi isə, briqada, iş başına! – deyə nəşə ilə komanda verdi.

Biz düz saat beşə qədər qızğın işlədik. Körpünün hörgüləri artıq hazır idi. Biz bu işi nəzərdə tutduğumuzdan dörd gün tez qurtarırdıq. Kərəmxan hörgünün təzə divarlarına baxaraq:

– Körpəmiz, deyəsən, yavaş-yavaş ayaq üstə durur, – dedi.

Biz körpünü zarafatla «körpəmiz» adlandırırdıq. İşi tez qurtaraq deyə üç-dörd gün bundan qabaq Adil bizə iki nəfər əlavə işçi vermək istəyirdi, lakin briqada buna razı olmadı.

Mən:

– Öz körpəmizi özümüz böyüdəcəyik! – dedim.

– Yaxşı, etiraz eləmirəm, – deyə Adil cavab verdi, – ancaq körpü, mərkəzə vəd etdiyimiz vaxtda qurtarmalıdır.

Soltan da gülümsəyərək:

– Narahat olmayın, – dedi, – sizi mərkəzin yanında xəcalət eləmərik.

Sonra daha ciddi ifadə ilə əlavə etdi:

– Balaca selav körpüsüdür. Dördümüz öhdəsindən gələ bilərik.

Adil razı halda maşına minib getdi.

Bu əhvalatdan bir neçə gün əvvəl, biz öz aramızda məsləhətləşib söz qoymuşduq ki, körpünü vaxtından iyirmi beş gün tez qurtaraq. Soltan da bunu yol rəisinə xəbər vermək əvəzinə, «qorxmayın, sizi mərkəz yanında xəcalət eləmərik» dedi. Buldozerçi isə səbirsiz halda üzünü yana çevirdi.

Körpü tikildikcə, onunla bizim aramızda qəribə bir ünsiyyət yaranırdı. Sanki o, yenicə ayaq tutan körpə bir məxluq kimi, yosunlu qayadan çıxıb tökülən balaca çayın şırıltısını, bizim nəşəli səs-küyümüzü, gülüşümüzü sevinclə dinləyir, ətrafdakı qalın meşələrə maraqla baxıb gülümsəyirdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 мин
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 мин
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 мин
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 мин

Стихи других поэтов