Страница 9 из 12 · 67%

– Nə olub? – mən Kərəmxandan soruşdum.

– Ot ayaqlanıb... Deməli, buradan nə isə keçib...

Mən çox diqqət elədikdən sonra yumşaq meşə otlarının, doğrudan da, bəzi yerlərdə ayaqlandığını seçə bildim. Soltanla buldozerçi qabaqda, mənimlə Kərəmxan isə arxada, izi tuş tutub dağ yuxarı diklənməyə başladıq. Oğlanlar çox sərvaxt yeriyirdilər. Ən kiçik bir şıqqıltı belə eşitdikdə, dayanıb diqqətlə qulaq asır, aşağı əyilib ətrafı nəzərdən keçirirdilər. Yoxuşun yarısında təkrar qərbə tərəf yol aldıq. Bu cür dik və qayalıq yoxuşu düzünə çıxmaq dolayı getməkdən asan olur. Biz yıxılmamaq üçün tez-tez budaqlardan, qayalardan yapışaraq səssizcə irəliləyirdik. Nəhayət, qabağımıza qalın qarağat kolluğu çıxdı. Mən ayıların armudu, qarağatı çox sevdiyini uşaq vaxtı qoca nənəmin nağıllarından eşitmişdim. Qarağat kolluğunu keçib bir az da getdik və arxa tərəfi hündür və sıldırım qaya olan balaca meşə açıqlığına çatanda, çox qəribə bir mənzərə ilə üz-üzə gəldik; iri, boz bir ayı adam kimi dal ayağı üstündə dik qalxaraq bizə baxırdı. Mənə ən çox təəccüblü görünən onun üzündəki ifadə idi. Ayı elə baxırdı ki, elə bil, bizi gördüyündən məmnun olmuşdu. Onun balaca, bulanıq gözlərində mülayim bir ifadə var idi. Elə bil pişvazımıza çıxmışdı. Soltan ilə buldozerçinin tüfəngləri açıldı. Əvvəlcə mən heç nə seçmədim. Barıtın tüstüsü çəkiləndə ayının yerə yıxıldığını gördüm. Yalnız bu zaman hazır tutduğum tüfəng yadıma düşdü və elə bu vaxt başqa bir dəhşətli hadisə oldu. Buldozerçi dörd-beş addım irəlilədi.

– Dayan! – deyə Soltanın səslənməsi ilə yerə yıxılmış ayının qəzəblə qalxıb buldozerçini qucaqlaması bir oldu. Mən hələ indi də yadıma düşəndə utandığım, əcaib bir səslə qışqıraraq, tüfəngi atıb, onların yanına yüyürdüm. Buldozerçi ayının çənəsindən tutub var gücü ilə altdan yuxarı qaldırır, onun ağız atmasına imkan vermirdi. Ayının və oğlanın hərəkətləri ildırım sürətilə gözümün qabağından sanki zahir olub keçir və mən ayıdan başqa heç bir şey seçmirdim. Birdən heyvanın oğlanı buraxıb, nərilti ilə yerə yıxıldığını, Kərəmxanın isə tələsmədən iri ov bıçağını onun böyründən dartıb çıxardığını gördüm. Sonra bir güllə daha açıldı. Tüstü çəkiləndə buldozerçi əl yaylığı ilə üzündən axan qanı silirdi. Soltan və Kərəmxan onun üzünü, boyun-boğazını diqqətlə nəzərdən keçirirdilər.

Nəhayət, Soltan:

– Bir şey yoxdur, – dedi, – azca cırmaqlayıb.

Kərəmxan mənə baxıb qəhqəhə ilə güldü.

Mən də əvvəlcə gülümsədim. Sonra birdən əllərimlə üzümü tutub ağladım. Soltan:

– Bay, Səriyyə xanım, – deyə zarafatla səsləndi, – yoxsa qorxdun?

Mən heç bir söz demədən əllərimi üzümdən götürüb, gözümün yaşını sildim və buldozerçiyə baxmamağa çalışdım. Kərəmxan dəsmalından bir az cırıb yandıraraq, külünü onun qan axan yerlərinə basdı. Yod və spirt olmayanda, təzə külün yaralanmış yer üçün ən yaxşı dezinfeksiya vasitəsi olduğunu bilirdim. «Lakin görəsən, ayının dırnaqlarında infeksiya yox idi ki...» Mən heyvana baxaraq, bir az qabaq bizi qarşılarkən, onun üzündəki xoşhallığı xatırlayırdım. Bəlkə də, o bizi dost hesab edirdi. Lakin biz onu öldürdük.

Oğlanlar ayının ətini necə aparmaq barədə məsləhətləşirdilər. Nəhayət, bu qərara gəldilər ki, buldozerçi gedib yeddi-səkkiz kilometr buradan aralıda, meşədə olan arıçılıq fermasındakı tanışlarından bir at alıb gətirsin. Buldozerçi tüfəngini doldurub gedəndə:

– Orada yaralarınıza da yod vurun, – deyə sərt ifadə ilə arxadan səsləndim.

O, geri qanrılaraq, mənə ani bir nəzər salıb yoluna davam etdi.

Soltan ilə Kərəmxan isə biləklərini çirməyib ayını soyurdular. Mən onların necə cəld və həvəslə işlədiklərinə tamaşa edirdim. Kərəmxan:

– Qışdan çıxmağına baxma, kökdür, – dedi.

– Yaxşıdır, – deyə Soltan sakit halda təsdiq etdi.

Onlar həm işləyir, həm də zarafat edərək, mənim kefimi açmağa çalışırdılar. Buldozerçinin ayaq səsləri eşidilməz olduqda, mən gəlib onların yanında yerə çökdüm, gülümsəyərək zarafatyana soruşdum:

– Birdən yolda buldozerçinin qabağına belə yekə bir ayı çıxsa neyləyər?

– Atasını yandırar, – deyə Kərəmxan cavab verdi, – qoşalüləsi doludur.

Soltan isə:

– Ayı adamın qabağına asanlıqla çıxmır, – dedi, – bu da bir təsadüfdür. Bəzən on-on beş dəfə ova gedirsən, amma bir dəfə də rast gəlmirsən.

– Amma nəhəng şeydir, – deyə mən sözümü dəyişdim.

Heç yarım saat çəkmədi ki, onlar heyvanın dərisini, başını, hətta pəncələri də üstündə, soyub bütöv çıxardılar. Sonra Soltan xəncərini siyirib ayını şaqqaladı. Ətinin yaxşı yerlərini daşıyıb vələs ağacının kölgəsindəki balaca qayanın üstünə yığdılar və milçək qonmasın deyə yarpaqlı budaqlardan kəsib üzərinə döşədilər. Sonra dərəyə enib çayda əllərini yuyub qayıtdılar. Kərəmxan:

– Hə, indi toqqanın altını bir az bərkitmək olar, – deyib ov heybəsini açdı. – Səriyyə xanım, gəlin əyləşin.

Biz sərin kölgədə yumşaq otların üstündə oturduq. Mən öz qadınlıq vəzifəmi unutmayaraq, çörək bükdüyüm balaca, təmiz süfrəni əl çamadanından çıxarıb kotletləri, çörəyi ortalığa qoydum. Onlar da balıq konservi və bu yerlərdə məşhur olan axtarma motal pendiri gətirmişdilər. Soltan yeməklərin hərəsindən bir az götürərək, eynilə mənim tələffüz elədiyim kimi:

– Bu da buldozerçinin payı, – dedi.

– Siz məndən çox yaşayacaqsınız, – dedim, – elə mən də bu saat o barədə düşünürdüm.

Üçümüz də iştaha ilə yeyib qurtarandan sonra oradan-buradan söhbət elədik.

– Ora qoyduğunuz nə qədər olar? – mən vələs ağacının altına işarə ilə soruşdum.

Soltan cavab verdi:

– Altmış-yetmiş kilo, bəlkə də çox...

– Harada satacaqsınız?

– Yuxarı dağ kəndlərində...

– Bizlərdə ayının əti yeyilmir...

– Amma bu tərəflərdə ayı əti dərman hesab olunur.

Soltan:

– Dərisini sənin üçün qurudacağıq, – dedi.

– Sağ olun, istəməz.

– Götürəcəksən. Qışda çarpayının qabağına salarsan. Zoğallı körpüdən yadigar qalar.

– Mən yadigar xoşlamıram.

– Onda elə-belə... Götürərsən, axı bu ovda sənin də zəhmətin var?!

– Yaxşı, elə-belə götürərəm.

Sonra bir qədər aralıda qayanın altında, qarağat kolları arasında qaranlıq ağzı görünən mağaranı göstərib:

– Bəlkə, – dedim, – ora ayının yuvasıdır?

– Ola bilər, – deyə Soltan diqqətlə baxıb cavab verdi.

– Durun gedək baxaq.

– Nə olar, gedək.

Soltan tüfəngini doldurdu. Kərəmxan da açılmamış dolu tüfəngini götürdü.

– Belə hazırlaşmaqda, deyirsiniz, bəs orda yenə ayı ola bilər?

– Ağlım kəsmir, – deyə Soltan cavab verdi, – ancaq yenə də ehtiyat yaxşıdır.

Biz mağaraya yaxınlaşanda mən birdən-birə qorxmağa başladım. Mənə elə gəldi ki, bu saat qaranlıq mağaradan dəhşətli bir heyvan çıxıb üçümüzü də parçalayacaq və buldozerçi gəlib bizi də vələsin kölgəsindəki ayının vəziyyətində görəcək.

Soltan:

– Səriyyə xanım, sən hələ gəlmə, burada dayan.

– Nə üçün? Gələcəyəm.

– Yox, belə lazımdır.

O, əl fənərini çıxarıb yandırdı. İkisi də çox ehtiyatla mağaranın ağzına yaxınlaşdı. Kərəmxan qoşalüləni qaldırıb hazır saxladı. Soltan fənəri qabağa tutaraq, mağaranı işıqlandırıb, diqqətlə baxdı. Kərəmxan tüfəngi çiyninə salaraq, geri qanrılıb:

– Bir şey yoxdur, – dedi. – İstəyirsən, gəl bax.

Mən cəld irəliləyib içəri girdim. Dib tərəfə quru ot və balaca ağac budaqları tökülmüşdü. Demək, ayı bütün qışı bunların üstündə yatırmış və günlərin birində körpüsalanların gülləsinə rast gələcəyi barədə heç düşünmürmüş. İçərinin havası pis və rütubətli olduğundan, mən qayıdıb bayıra çıxdım. Meşə gur günəş işığında min rəngə çalırdı. Hava sarı çiçəklərdən qalxan limon ətri ilə dolu idi.

– Görəsən, buldozerçi niyə gecikdi? – Mən bunu ürəyimdə düşündüyüm halda, tamam qeyri-şüuri olaraq, ucadan dedim və öz səsim mənə tanınmayacaq dərəcədə qəribə gəldi.

Soltan:

– Gələr, – dedi.

Sonra Kərəmxana baxıb gülümsəyərək əlavə etdi:

– Yəqin başı söhbətə qarışıb...

– Oradakı tanışı kimdir?

– Bir qəşəng qız, – deyə Kərəmxan cavab verdi, – özü də bal aqronomudur...

– Bal aqronomu?

– Hə, bal aqronomu...

– Yamanca özündən quraşdıransan. Bal aqronomu...

Mən bərkdən qəhqəhə ilə güldüm. – Doğrudan qəşəng qızdır?

– Doğrudan!

Mən qolumdakı balaca saata baxıb, fikirli halda:

– Gecikəcəyik, – dedim, – yəqin ki, indi Adil də bərk darıxır.

– Gecikmərik, – deyə Soltan cavab verdi, – odur, bax, buldozerçi gəlir.

Mən diksinərək geri döndüm. (Adilin bəzən məni tənqid eləməyə haqqı var. Çox zaman mən öz hərəkətlərimi ölçüb-biçmirəm. Məsələn, burada nə üçün diksinirdim ki?) Buldozerçi qıvraq bir atın üstündə, tərkində də bir oğlan uşağı gəlirdi. Biz onların qabağına yeridik. Buldozerçi atdan düşəndə:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 мин
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 мин
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 мин
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 мин

Стихи других поэтов