Səriyyə
Страница 7 из 12 · 50%
– Oçerk yazsalar da olar, yazmasalar da, – deyə Soltan cavab verdi.
– Nə üçün? – Adil təəccüblə soruşdu. – Qabaqdan respublikanın böyük bayramı gəlir. Orden-zad məsələsi olacaq.
Kimsə dinmədi. Araya dərin sükut çökmüşdü. Ayrı vaxt dil qəfəsə qoymayan Kərəmxan da bir söz deməyərək, pərgar götürüb, hörgünün düz qalxıb-qalxmadığını təkrar yoxladı.
– Nazir dedi, bəlkə, özüm də gəldim...
– Gedək, Adil, yəqin ki, sən bərk acsan, səhər də heç nə yeməyib getmisən.
O, heç bir şey başa düşməyən adamlar kimi, oğlanlara və mənə baxdı. Sonra bir söz demədən mənimlə birlikdə dönüb çadıra getdi. Geyimini dəyişdi. Yuyunub-qurulanaraq gəlib əyləşdi. Körpüsalanlar nə isə danışıb bərkdən gülüşdülər. Mən bir boşqab plov çəkib Adilin qabağına qoydum.
– Özünə nə üçün çəkmirsən?..
– Özüm hələ acmamışam.
– Bəs, mən tək...
– Eybi yoxdur. Tək yeyəndə nə olar ki?
– Nazir bizdən çox razıdır...
Körpüsalanlar nə isə danışıb-gülüşürdülər...
– İşin başlanğıcı üçün bu yaxşı əlamətdir, elə deyilmi?
– Elədir, Adil.
– Bilirsənmi, bizim nazir çox avtoritetli adamdır, – deyə o, eyni ruh yüksəkliyi ilə davam edirdi. – Yuxarılarda bir sözü iki deyil...
Kərəmxan oxuyurdu:
Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax, bəri bax...
Sonra üçü də birlikdə təkrar edirdi:
Ay bəri bax, bəri bax...
– Sən bunların üstündə möhkəm dur, – Adil körpüsalanlar tərəfə işarə elədi.
– Necə yəni «üstündə möhkəm dur»?
– Yəni qoyma vaxtlarını laqqırtı ilə keçirsinlər.
– Onlar, onsuz da, vaxtlarını laqqırtı ilə keçirmirlər. Dünəndən soyuq dovğa var, gətirimmi?
– Sağ ol, hələlik bəsdir.
O, naharını bitirib stulunu geri çəkdi. Mən qalxıb süfrəni yığışdırdım. Onun üzünə baxmasam da, tutulduğunu, qayğılı görkəm aldığını hiss edirdim. Mən qabları ehtiyatla götürmürdüm, bir-birinə vurub səs salırdım. Bu dəqiqə bu qablardan mənim xoşuma ən çox gələni, məsələn, incə çinidən olan bu zərli salat qabı düşüb sınsaydı, çox yaxşı olardı.
Kərəmxan isə oxuyurdu:
Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax...
Adil nahardan sonra qəzet oxumaq istədi. Lakin tezliklə onu kənara ataraq, qalxıb çadıra girdi və arxası üstə çarpayıya uzanıb, sağ əlini gözünün üstünə qoydu.
Mən süfrəni yığışdırıb çaydanı plitənin üstünə qoyandan sonra körpüsalanların yanına getmədim. Çadıra da girmədim. Qapıda oturub gözümü uçurumdan o tərəfdə görünən mənzərələrə dikdim. Dərə dəniz kimi dərin, geniş və mavi idi. Dərədən o yanda, uzaqlarda xəfif duman altındakı meşəli dağlar bir xəyala bənzəyirdi. Uçurumun üzərində hərlənən o cəsur qartal, yəqin ki, istədiyi vaxt bu ucsuz-bucaqsız dərənin üstündən süzüb keçər və uzaq dağların zirvəsinə qona bilərdi.
Mən ağlamaq istəyirdim. Mənim həyatım və bizim yerə mıxlanmış bu brezent çadırımız son dərəcə durğun və cılız idi. Mən təbiətin bu əzəməti içində ikən ondan uzaq və pərişan idim. Mən nə istəyirdim? Bilmirdim. Lakin mən bu dəniz kimi dərin və mavi dərədən axıb gələn səssiz simfoniyanı dinlədikcə, taleyimin həm də fərəhli olmadığını acı-acı hiss edirdim. Mənə elə gəlirdi ki, kim tərəfindənsə təhqir olunmuşam, alçalmışam. Halbuki dünyada uçurumun üzərində hərlənən, sərt qayaları hakim nəzərləri ilə süzən bu ağ qartal kimi yaşamaq mümkündür! Kim deyir ki, mən acizəm? Kim deyir ki, mən koramal kimi güneylərdə sürünmək üçün yaranmışam?! Təbiətin bu təntənəsinə qovuşmaqda kim mənə mane ola bilər? Nahaq yerə bu Qəribcan buldozeri lap uçurumun kənarına sürməklə məni qorxutmaq istəyirdi. Mən duyğuların əsarətinə, köləliyinə nifrət edirəm!..
Mən bu mavi dərənin oxuduğu mahnıda əsl insan ləyaqətinin nəhayətsiz və azad yüksəlişini hiss edirəm.
Yox, mən ağlamaq istəmirəm!
... Mən çayı dəmləyib, təkrar işin üstünə getdim və bu dəfə onların məni necə soyuq qarşıladıqlarına, özlərini necə məğrur tutduqlarına təəccüb etmədim!.. Mən belə də gözləyirdim. Onlar həmin bu dəniz kimi dərin dərənin üstündən süzüb keçərək, gümüşü duman altındakı o dağlara çata bilən cəsur qartallar idi! Mənim kimi, onlar da duyğuların köləliyinə nifrət edirdilər. Lakin onlar mənim kim olduğumu bilmirdilər. Bu dəqiqələrdə onlar məni özlərinə yad hesab edirdilər. Onlarla mənim aramdakı sədd nədən ibarət idi və bu səddi necə vurub uçurtmaq olardı? Buldozerçi gör necə qaşqabaqlıdır! O, bir dəfə də olsun mənə tərəf baxmır. O mənə nifrət edir.
– Bu gün tennis oynayırıqmı? – deyə nəvazişlə gülümsəyərək ondan soruşdum. Və birdən-birə özümün qırx səkkiz kilo gələn çəlimsiz, yazıq bir qız olduğumu hiss etdim (çox qəribədir, hələ də mənə elə gəlirdi ki, qadın deyiləm, bakirə bir qızam). Lakin bu duyğu yalnız bir an davam etdi.
– Bu gün mənim vaxtım yoxdur, – o mənə baxmadan təşəxxüslə cavab verdi:
– Doğrudan? – deyə başımı azca yana əyərək kinayə ilə sözü uzatdım. – Yəni sizin vaxtınız o qədər qiymətlidir?
O mənə nifrət və qəzəb dolu uzun bir nəzər salaraq:
– Yox, – dedi, – elə bircə sizin ərinizin vaxtı qiymətlidir.
«Afərin buldozerçi!»
– Qərib! – Soltan ona acıqlandı.
Lakin buldozerçi sanki onu eşitməyərək:
– Bilirsinizmi, – deyə mənə müraciətlə sözünə davam etdi, – yaxşısı budur, siz ona deyin ki, öz nazirinin mərhəmətindən az danışsın. Biz nə onun, nə də nazirin «sağ ol» deməsi üçün işləmirik.
Mən kirpiklərimi qırpmadan düz onun gözlərinə baxırdım.
– Yaxşı! – deyə Soltan təkrar məzəmmətlə səsləndi, – sən də qəribə adamsan. Səriyyə xanımın nə günahı var?
Mən gözlərimi buldozerçidən çəkməyərək, işgüzar bir məsələdən danışırammış kimi, sakit və arxayın ifadə ilə:
– Yaxşı, – dedim, – mən sizin sözlərinizi olduğu kimi Adilə çatdıraram.
– Çatdırın, yoxsa...
– Qərib, daş ver! – deyə Kərəmxan onun sözünü kəsdi.
Mən axşamçağı Adillə oturub çay içdiyimiz zaman buldozerçinin sözlərini olduğu kimi ona söylədim. Sonra onun boşalmış stəkanına yenidən çay tökərək:
– Hələlik, Adil, – deyib körpüsalanların yanına tennis oynamağa getdim.
Mən buldozerçinin sözlərinə qarşı Adilin nə deyəcəyini soruşmadım, çünki bunu soruşmaq mənim üçün çox çətin idi. Bir də ki, buna ehtiyac yox idi.
... Soltanla Kərəmxan oynayırdılar. Buldozerçi isə əllərini başının altına qoyaraq, arxası üstə uzanıb göyə baxırdı. Mən gələn kimi qalxıb oturdu. Lakin mənə deyil, uçuruma tərəf baxdı.
Kərəmxanla Soltan qurtaran kimi mən raketkanı aldım və buldozerçiyə amiranə:
– Durun, görək, – dedim.
Sonra düz onun gözlərinə baxıb əlavə etdim:
– Mən sizin sözlərinizi olduğu kimi rəisə söylədim.
– Çox sağ olun!
Onun kefi birdən-birə kökəldi və o, çevik hərəkətlə qalxıb oynamağa başladı. Hiss edirdim ki, o, indi mənim qalib gəlməyimə çalışır, qəsdən səhv edir. Ona görə də əl saxlayıb, eynilə bayaq körpünün üstündə onun söylədiyi sərt ifadə ilə:
– Bilirsinizmi, – dedim, – mən kimsənin mərhəmətinə möhtac deyiləm. Xahiş edirəm, nə qədər bacarırsınız, ciddi oynayın.
O mənə baxaraq:
– Doğrudur, – dedi və yenə də məni apardı.
Sonra biz Soltanla Kərəmxanın yanında, göy otların üstündə əyləşib söhbət elədik. Soltan:
– Səriyyə xanım, – dedi, – siz Qəribcanın bayaqkı sözlərindən inciməyin.
– Mən inciməmişəm.
– İnciməyiniz də lazım deyil. Siz də bizim yoldaşımızsınız. Bu balaca körpü bizi bir ailə kimi etmişdir. Əgər bizim işimizdən nazirin, ya da rəisin xoşu gəlirsə, lap yaxşı. Ancaq gərək onlar elə düşünməsinlər ki, biz özümüzü gözə dürtmək üçün, kiminsə «sağ ol»unu qazanmaq üçün əlləşirik.
O, bir qədər susub yoldaşlarına baxdı. Kərəmxan da, buldozerçi də gözlərini yerə dikib onu dinləyirdilər.
Soltan qəddini düzəldib, tanışlığımızdan bəri birinci dəfə onda görüb-hiss etdiyim məğrur, ötkəm bir əda ilə:
– Biz, – dedi, – xalq üçün, ölkəmiz üçün işləyirik. Biz istəyirik ki, dağların o tərəfindəki fermalara gedən yol tez salınsın. Yəqin yoldaş rəis özü də bunu istəyir. İnsafən, işdən çox möhkəm yapışıb.
– Əlbəttə! – deyə mən buldozerçiyə baxdım. – Adilin işləməyinə nə söz ola bilər?
Soltan:
– Biz rəisi də, lap naziri də öz yoldaşımız hesab edirik, – dedi.
«Lakin biz istədiyimiz vaxt bu qorxulu uçurumun, dəniz kimi dərin və ucsuz-bucaqsız olan bu mavi dərənin üzərindən süzüb keçərək, zirvəsində ulduzlar yanan o qəlbi dağlara qona bilərik» deyə mən qəlbimdə, xəyalımda onun nitqini davam etdirirdim. «Biz xırda duyğuların cəbrinə nifrət edirik! Görəsən, Adil durub gedib? Adilə çay vermək lazımdır. Adil məni gözləyir».
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-seriyye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.
Daş hasarFirəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.
Hökmdar və qızı1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*
Стихи других поэтов
Gecə-gündüz bulud keçir havalar,Belə getməz, əlbət, gəli bir də yaz.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Şahnamə ("Şəhim, tacidarım, qəvi şövkətim!")Мой шах, венценосец, прославленный шах!О, столько народов повергнувший в прах!