Страница 5 из 12 · 33%

... Gecə çarpayıda arxası üstə uzanıb, gözlərimi qaranlıq çadırın qapısından görünən ulduzlarla dolu göyə zilləmişdim. Elə bil, yanımızdan üzüaşağı sürətlə axan balaca çay öz gümrah şırıltısı ilə hey təkrar edirdi: «Biz körpüsalanlarıq... Biz körpüsalanlarıq...»

... Səhər tezdən ikimiz də eyni vaxtda qalxdıq. Məhrəba, sabun, diş fırçası götürüb suyun üstünə endik. Körpünün tikilişinə mane olmasın deyə, hələ biz gəlməmiş Soltangil digər fəhlələrlə birlikdə balaca çayı öz axarından başqa səmtə döndərmişdilər və bu yeni məcra o qədər də dərin olmadığından, su yayılaraq axırdı. Saysız-hesabsız xırda, rəngarəng daşlar bu şəffaf suyun içində muncuq kimi işıldayırdı. Haradansa zərqanadlı böcəklər uçub gəlmişdi. Günəş uçurumdan o yana, ta uzaq dağlara qədər uzanan dərəni parlaq işıqla doldurmuşdu. O ağ qartal yenə də uçurumun üzərində hərlənərək, aşağıları sakit və məğrur baxışlarla süzürdü. Dərənin dibindən orada-burada boz tüstü burumları qalxırdı. Yaxındakı ağacların yarpaqları arasında quşlar səs-küy salmışdılar. Biz yuyunub qayıtdıqda, Soltan, Kərəmxan və Qəribcanın rayona tərəf gedən yolda, əyinlərində qolsuz köynək, başıaçıq dayanıb yüyürməyə hazırlaşdıqlarını gördük. Mən məhrəba-sabunu tələsik Adilə verib körpüsalanların yanına yüyürdüm və onlarla yanaşı duraraq:

– Mən də ötüşürəm, – dedim.

Kərəmxan:

– Lap yaxşı, – dedi. – Ancaq şərtimiz budur ki, kim birinci çıxsa, dalda qalanların hərəsinə on beş lopuq vuracaq.

– Olsun! – dedim.

– Bax, yolun qırağındakı o yemişan ağacına qədər qaçacağıq.

Kərəmxan bunu deyib komanda verdi:

– Hazır ol! Bir, iki, üç!

Mən təxminən yüz metr məsafəni necə qaçdığımı bilmədən, ağaca çatıb, dərhal geri döndüm. Körpüsalanlar yalnız indi gəlib yetişdilər. Azı, on beş-iyirmi saniyə sonra...

– Sağ ol, vallah, – Kərəmxan tövşüyə-tövşüyə mənə baxdı.

– Hə, – dedim, – uzun söz nə lazım, sıraya durun, ovurdlarınızı hazırlayın.

Onların üçü də yanaşı durub ovurdlarını şişirtdi. Soltanla Kərəmxana lopuq vurandan sonra buldozerçiyə yaxınlaşıb:

– Boyunuz çox ucadır, bir az əyilin, – dedim.

O, uşaqla rəftar edirmiş kimi, gülümsəyib başını aşağı əydi, üzünü mənə yaxın tutub ovurdlarını şişirtdi. Bir bu üzünə, bir o üzünə elə vurdum ki, yazığın gözləri yaşardı.

Soltan bərkdən gülərək:

– Vur, Səriyyə, – dedi, – tennisdəki heyfimizi al.

Lopuqları vurub qurtarandan sonra buldozerçinin qızarmış üzünə baxdım:

– Hə, necədir, istəyirsiniz bir də qaçaq?

– Qaçaq, qaçaq! – deyə Soltan qışqırdı.

– Mənim işim deyil, – buldozerçi üzünü ovuşdurdu.

– Amma nə vurdu, – deyə Soltan ona nəzər saldı.

Bu vaxt «QAZ-69» sürətlə gəlib yanımızdan keçdi. Mən sükan arxasında oturmuş Adili görüb, çığırdım: «Bay, Adil niyə belə tez getdi?» Sonra dönüb tələsik çadıra gəldim. Adil çay içməmiş çıxıb getmişdi. Mən bir neçə saniyə hərəkətsiz dayanıb, onun stolun üstünə atılmış pencəyinə baxdım. Bu, dörd-beş ay bundan qabaq məhz mənim zövqümlə tikilmiş idmançı formasında açıq rəngli kostyumun pencəyi idi. Mən onun bu paltarını çox xoşlayırdım. Bu kostyumda o mənə daha yaxın və daha sadə görünürdü. Elə bil ki, bu kostyumu geyəndə, onun özünü ciddi və tox tutmaq cəhdi birdən-birə yox olub gedir, əvəzində mənim çoxdan tanıyıb-xoşladığım, gülüb-zarafat elədiyim gənc oğlan zahir olurdu və mən həmin bu səmimi oğlanın ərim olmasından məmnun qalırdım.

İndi mən bunları düşünərək pencəyə baxarkən, birdən o mənə bütün bizi əhatə eləyən varlıqdan təcrid olunub sonsuz boşluqda dayanmış kimi görünürdü. Bu yaxınlarda Mars haqqında yazılan bir məqalədə oxumuşdum ki, əgər Yer kürəsi daim sıfırdan aşağı filan temperaturda qalsaydı, o zaman bütün dənizlərin, okeanların yuxarı hissəsi, üzərini toz basmış bərk bir maddəyə çevrilərdi. Mən ürəyimdə nə isə soyuq və darıxdırıcı bir şey hiss edib, gözümü Adilin pencəyindən çəkdim. Sonra tamam qeyri-şüuri bir hərəkətlə irəlilədim, çaydanı götürüb özümə çay tökdüm. Eyni donuq hərəkətlə çörək kəsib üstünə yağ çəkdim. Lakin birdən-birə heç iştaham olmadığını hiss etdim və çörəyi süfrəyə qoydum, Adilin pencəyini stolun üstündən götürüb, burada meşə ağaclarından düzəltdiyim asqıya keçirtdim. Qəribədir, mən pencəyi əlimə alanda, sanki o, birdən-birə canlandı və elə bil, özü mənim əlimdən aralanıb asqıda bənd aldı. Bu gözəl yaylaq sabahında, yaşıl kol-kos altındakı qayalardan çıxaraq, günəşin brilyant şüalarını əks etdirib gümrah şırıltı ilə uçuruma tökülən suyun yaxınlığında, çadırın içindəki sükut dözülməz, ağır bir şeyə çevrildi. Mən heç nə düşünməməyə çalışaraq, cəld çadırdan çıxdım. Buldozerçi körpü salınan yerə gedirdi, üzünü təzə yumuşdu, saçları hələ yaş idi. Məni görərkən gülümsədi.

Mən yuyunandan sonra saçlarımı yaxşı səliqəyə salmadığımı xatırlayaraq, təkrar dönüb çadıra girdim və balaca stolun üstündəki güzgünün qabağında dayandım. Mənim sol yanağımda uşaqlıqdan ilyarasının yeri qalmışdı. Dünən biz tennis oynayanda iki-üç dəfə buldozerçinin nəzərlərini, ani olaraq, öz üzümdə hiss eləmişdim. O, həmin bu ilyarasının yerinə baxırdı.

Təbiətin qəribə işləri var. Vaxtilə məni çox incitmiş, əzab vermiş o yaranın yeri indi mənim üzümə, necə deyim, qəribə bir yaraşıq verirdi və bunu başqa birinin duyub-hiss etməsi, gizli olaraq, mənim xoşuma gəlirdi.

Mən özümü quş kimi yüngül və təravətli hiss edirdim. İşin üstünə getdim. Üç yoldaş buradaydı. Onlara yaxınlaşarkən Soltan bir kağızla avtomat qələmi uzadıb:

– Səriyyə, – dedi, – al, qol çək.

Mən kağızı alıb orada yazılmış bu sözləri oxudum: «Biz dörd yoldaş – Soltan, Kərəmxan, Qəribcan və bir də mən Səriyyə 1959-cu il mayın otuzunda həmin bu körpünün bünövrəsini qoyduq».

Mən onların imzasının yanından qol çəkib kağızı Soltana qaytardım. Sonra bünövrə yerini təkrar-təkrar nəzərdən keçirdim, hörüləcək divarların arasını təkrar ölçdüm. Hər şeyin layihədəki kimi olduğunu bir daha dürüst yoxlayandan sonra:

– İndi başlaya bilərik! – dedim.

Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim.

Soltan kağızı şüşəyə salıb, ağzını tıxacla möhkəm bağladı, sonra şüşəni bünövrəyə qoydu.

– Əmr olunsun, iyirmi bir topdan yeddi yaylım atəşi açılsın! – deyə Kərəmxan körpünün divarını hörməyə başladı.

Buldozerçi ilə Soltan bir-bir ona daş verirdilər. Bu bünövrəyə kağız yazıb qoymaq məsələsi heç mənim ağlıma gəlmədiyindən, özümü birtəhər hiss edirdim. Elə bil ki, mən nə isə tamam yeni bir aləmə daxil olmuşdum. Lakin bu «sirr» və bu «aləm» nə idi, nədən ibarət idi – mənə məlum deyildi. Qəribədir, mən Soltanla, Kərəmxanla danışıb güldüyüm halda, buldozerçiyə tərəf baxmırdım. Yalnız bir anlığa mənim başımdan son dərəcə xoşagəlməz bir fikir keçdi... Mənə elə gəldi ki, subay qızam və indicə həmin bu buldozerçiyə ərə getdim! Elə bil, o bünövrəyə qoyulan bizim nikah kağızımız idi. Mən əsəbi bir həyəcanla bu hissi özümdən qovaraq, başımı qaldırıb, cəsarətlə buldozerçiyə baxdım və ona müraciətlə:

– Heyif ki, – dedim, – Adil burada olmadı, yoxsa məktubda onun da adını yazardıq...

– Doğrudan da... – deyə buldozerçi ciddi ifadə ilə cavab verdi, gərək naçalnik də olaydı.

Lakin onun sözləri məni təskin etmək əvəzinə, daha da əsəbiləşdirdi. Onun üzündə həddindən artıq ağıllı ifadə var idi. Cavabı da həddindən artıq ləyaqətli və ciddi idi. Mən boş vedrəni qapıb, bir kənarda düzəldilmiş palçığın yanına yüyürdüm və beli götürüb vedrəni doldurmağa başladım. Lakin buldozerçi yaxınlaşıb:

– Verin bura, – dedi, – sizin işiniz deyil.

– Yoxsa ki, siz göydən gəlmisiniz? – deyib, mən beli vermək istəmədim.

O, heç bir söz demədən zorla barmaqlarımı belin sapından qoparıb, onu məndən aldı...

Mən ona acıqlı bir nəzər salıb kənara çəkildim. Ona demək üçün, onu da özüm kimi hirsləndirmək üçün acı bir söz axtarırdım. Lakin o sözü tapmadım. O, vedrəni doldurub apardı. Mən də əlacsız halda onun ardınca getdim.

Kərəmxan daşları üst-üstə qoyaraq, mənə müraciətlə:

– Sən, – dedi, – naçalnikin burada olmadığına görə darıxma. Hələ o qədər körpülər salacağıq ki...

«Lakin mən bir də bünövrəyə qoyulan kağızda adımın yazılmasına icazə verməyəcəyəm... Belə romantika nə mənə lazımdır, nə də Adilə! Qoy bu buldozerçi ilə yoldaşları öz adlarını yazsınlar! Lakin mən... mən istəmirəm. Buldozerçi ilə birlikdə istəmirəm. Bu mənə pis gəlir. Nə üçün pis gəlir?» O zaman mən bu suala cavab verə bilməzdim. Mən bu cavab haqqında heç düşünmürdüm də. Mən yalnız ruhi bir gərginlik və iztirab hiss edirdim. Hətta mən bu iki daşın arasında Adilin də qarasına deyinirdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 мин
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 мин
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 мин
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 мин

Стихи других поэтов