Страница 6 из 12 · 42%

«Mənim bu ərim nə qəribə adamdır! Çay içmədən, mənə heç bir söz demədən çıxıb gedir...»

Kərəmxan Soltanın verdiyi guşə daşını alıb hörgüyə qoyaraq:

– Səriyyə xanım, – dedi, – gələcəkdə bu Zoğallı körpüdən (körpü salınan yerdə çoxlu meşə zoğalı olduğu üçün biz ona «Zoğallı körpü» adını qoymuşduq) gəlib keçəndə bizi yada salarsan.

Soltan da dərindən nəfəs alaraq:

– Kim bilir, – dedi, – biz onda harada olacağıq...

Buldozerçi isə mənə baxmadan:

– Səriyyə xanım elə o zaman da bizimlə olacaq, – dedi.

– Doğrudan? – deyə mən qəzəblə ona baxdım.

– Doğrudan, – deyə o məni yandırıb-tökən bir arxayınlıqla cavab verdi.

Sonra bünövrəyə işarə ilə əlavə etdi:

– Adımız bir kağızda yazılıb bünövrəyə qoyuldu. Tay bizi bir-birimizdən ayırmaq olmaz.

Birdən ürəyimə anlaşılmaz bir vahimə çökdü. Mənə elə gəldi ki, «biz» dedikdə, buldozerçi məhz ikimizi, yəni özü ilə məni nəzərdə tutur və elə bil ki, onun bu sözlərində nə isə sehrli bir qüvvə, bir hökm vardı. Sonra belə bir mövhumata qapıldığıma bərkdən gülərək:

– Amma yaman da çoxbilmişsiniz, – deyə ona baxıb başımı buladım.

O isə mənə ciddi və sürəkli bir nəzər salıb dinmədi. «Yoxsa zarafat eləmir? Yoxsa bu buldozerçi bizim heç zaman bir-birimizdən ayrılmayacağımıza, doğrudan da, əmindir? Yox, mənim özünü belə əsrarəngiz göstərən adamdan xoşum gəlmir (halbuki indiyə qədər mən belə bir adama rast gəlməmişdim). Bu Soltan, Kərəmxan necə açıqürəkli, necə sadə oğlanlardır! Amma bu buldozerçi! Özünü elə aparır ki, elə bil, cadugərdir. Tutaq ki, həyatda, doğrudan da, belə bir fövqəladəlik mümkündür. Lakin onun məni tilsimə salmağa nə haqqı var? Qəribədir... Bu boş şeylər haradan mənim ağlıma gəlir?»

Mən soruşdum:

– Usta Kərəmxan, səncə, divarları ayın on ikisinə qədər qurtara biləcəyik?

– İnşallah, qurtararıq, – deyə Kərəmxan keçmiş qocaların dili ilə cavab verdi.

Onun səsindəki inam və arxayınlıq sanki məni o üzüntülü xəyallardan ayırıb, təkrar öz adi vəziyyətimə qaytardı. Mən işgüzar bir ifadə ilə:

– Soltan, – dedim, – məncə, divarlar hörülüb qurtaran kimi boruları qoyub, bərkidə bilərik. Sonra da...

Bu vaxt dünənki üçtonluq maşın siqnal verə-verə düşərgəyə yanaşdı.

Soltangil maşında gəlmiş üç nəfər cavan fəhlə ilə birlikdə sement çəlləyini və başqa tikinti materiallarını yerə boşaltdılar. Sonra maşın həmin üç nəfər fəhlə ilə birlikdə qayıdıb getdi, mən də istirahət saatı olduğu üçün (biz hər gün saat on ikidən birə qədər tənəffüs edirdik) çadıra getdim. Naharın yaxşı olmasına hər zamankından daha artıq səy etdim. Adilin çaysız-çörəksiz çıxıb getməsi xoşuma gəlmirdi. Əlbəttə, əgər mən səhər oğlanlarla qaçışmasaydım, çadıra tez qayıtsaydım, Adil belə etməzdi. Lakin əgər sabah onlar yenə ötüşmək fikrinə düşsələr, mən mütləq o yarışda iştirak edəcəyəm.

Mənim plovum Adilin çox xoşuna gələrdi. Ona görə də düyü arıtlayıb, turşuqovurmalı plov bişirib dəmə qoydum. Stolun üstünə təzə ağ süfrə saldım. Badımcan şorabası çıxarıb doğradım (Adil bu məzəni çox sevdiyi üçün Bakıdan bir balon gətirmişdim), nazik, ağ yuxadan bir neçəsini sulayıb süfrəyə qoydum. Onu da deyim ki, bu yuxanı özüm bişirirdim. Kərəmxan mənə balaca bir sac gətirmişdi. Özüm xəmir yoğurub kündələyirdim. Sonra çadırın qapısında ocaq qalayıb sac asırdım. Bəzən Kərəmxan da yuxaları çevirməkdə mənə kömək edirdi, yəni mən yuxanı oxlovla yayıb sacın üstünə qoyurdum, o da dəmir şişlə çevirirdi. Belə vaxtlarda buldozerçi də çadırlarının qabağındakı balaca dikdirdə oturub, dinməz-söyləməz bizə tamaşa edirdi. Sağ olsun anam, mənə hər şeyi öyrətmişdi. Hər nə desəniz, bişirə bilirdim. Stolun üstünü tamam düzəldəndən sonra təkrar işin üstünə qayıtdım. Qəsdən heç nə yemədim. Mən istəyirdim ki, Adillə birlikdə iştaha ilə nahar edim.

Hələlik başqa işimiz olmadığından, üçümüz də hörgü işində Kərəmxana kömək eləyirdik. Körpünün divarı yüksəldikcə bizim həvəsimiz də artırdı. Kərəmxan:

– Biri kitab yazır, biri maşın çıxarır, – deyə hey danışırdı, – biri, nə bilim, nə icad eləyir... Bu körpü də bizim əsərimizdir. Elədir, yox?

– Elədir, – deyə Soltan təsdiq etdi. – Zarafat deyil, biz təzə bir dünya qururuq!

«Biz təzə bir dünya qururuq!» deyə mən ürəyimdə təkrar etdim və mənə elə gəldi ki, biz və bütün insanlar, o «təzə dünya»ya məhz bizim saldığımız bu körpüdən keçib gedəcəyik. Dağların o tayındakı varlı fermalar yenə də parlaq ulduzlarla dolu əfsanəvi bir aləm kimi qarşımda canlandı. «Oraya gedən insanlar bu körpüdən keçəcəklər. Körpünün bünövrəsinə isə bizim adımız qoyulmuşdur. Bizim! Buldozerçinin və mənim! Nə üçün buldozerçi ilə mənim? Bəs Soltan?.. Bəs Kərəmxan? Biz iki yox, dörd yoldaşıq! Biz körpüsalanlarıq!..»

Bu sözlər qəlbimdə gərgin duyğular və məchul intizar ifadə edən bir mahnının nəqəratı kimi təkrar olunurdu.

– Uşaqlar, – Soltan ruh yüksəkliyi ilə sözünə davam edirdi, – biz bu Zoğallı körpünü qurtaranda yuxarı Qızılqaya meşələrinin qiyamət vaxtı olacaq.

– Nə cür? – deyə mən maraqla soruşdum.

Bu dəfə Kərəmxan cavab verdi:

– Moruq yetişəcək, qarağatlar qızarıb qaralacaq...

– Bundan başqa, – deyə Soltan əlavə etdi, – aşağılarda, aranda isti düşəndə, Qızılqaya meşələri cənnətə dönür. Deyirsən, bəs havaya ətir səpmisən. Qızılqaya körpüsündən sonra Dəli Alı keçidində işə başlarıq. Ordakı körpünü də salıb qurtarandan sonra daha sovxoza çatırıq. Təzə naçalnik də ki, belə başlayıb (naçalnik dedikdə onlar Adili nəzərdə tuturdular), yol lap tez çəkilib qurtaracaq. Ondan sonra buyura bilərsiniz.

– Hə, – deyə Kərəmxan şirin bir nağıl başlayırmış kimi davam etdi. – Bir də görəcəksən böyründən qəşəng bir maşın keçdi. Səriyyə xanım oturub sükanın dalında, naçalnik də böyründə. Gedirlər fermalar olan yaylağa...

Bayaqdan bəri kimsənin üzünə baxmadan sükut içində Kərəmxana daş-palçıq verən buldozerçi gözünü hörgüdən çəkməyərək:

– Nə bilirsən, – dedi, – bəlkə rulun dalında naçalnikin özü oturacaq.

– Yox, – Kərəmxan etiraz etdi, – bilirəm ki, Səriyyə xanım rulu heç kimə verməz. Elə döyül, Səriyyə xanım?

– Elədir! – mən, buldozerçiyə meydan oxuyurmuş kimi bir nəzər salaraq, qətiyyətlə cavab verdim. – Mən oturduğum maşının rulunu başqasına verməyi xoşlamıram.

– Naçalnik ki, başqası deyil, – buldozerçi yenə də gözləri hörgüdə olduğu halda gülümsədi.

Mən tutularaq bir neçə saniyə susdum. Sonra özümü topladım:

– Əlbəttə, başqası deyil, – deyə qürurla cavab verdim.

Yalnız bu zaman o, gözlərini hörgüdən çəkib mənə ciddi bir nəzər saldı. Etiraf edim ki, onun belə gözlənilməyən ani baxışları çox təsirli olurdu. Sanki mən qəlbimdə gizlənən hansı bir sirri isə onun görüb-duyduğunu hiss edərək, dərhal mülayim və qorxaq bir vəziyyət alırdım. Bəlkə bu mənə belə gəlirdi. Soltan:

– Uşaqlar, – dedi, – işimiz bu cür getsə, körpünü vaxtından azı on beş-iyirmi gün qabaq qurtaracağıq. Siz nə fikirdəsiniz?

– Mən lap srağagündən o fikirdəyəm, – deyə Kərəmxan cavab verdi.

– Mən zarafat eləmirəm.

– Kim deyir ki, mən zarafat eləyirəm...

– Yaxşı, siz nə deyirsiniz? – deyə Soltan buldozerçi ilə məndən soruşdu.

«Bu oğlan nə üçün məhz ikimizə birlikdə müraciət edir?» deyə mən, sanki diksindim və özümü onda qoymayaraq, dərhal Kərəmxan kimi zarafatyana cavab verdim:

– Mən srağagündən o fikirdəyəm.

– Elə isə, yaşasın körpüsalanlar!

Saat dördə az qalmış Adil işdən qayıtdı. «QAZ-69»u çadırın qapısında qoyaraq, düşüb bizim yanımıza gəldi. Onun kefi kök idi. Doğrusu, bu gün mən belə gözləmirdim...

– Hə, uşaqlar, işlər necə gedir?

– Pis deyil, yoldaş naçalnik, şikayətimiz yoxdur.

– Bu gün nazir özü mənə zəng eləmişdi... İşimizdən çox razı qaldığını bildirdi.

Mən buldozerçiyə baxdım. Birinci dəfə biz bura gələrkən gördüyüm və məni əsəbiləşdirən o məğrur təbəssümü yenə də üzündə idi. Elə bil ki, o, buldozeri yenə də lap uçurumun kənarına qədər sürür və mənim qorxmağımdan ləzzət alırdı...

– Yaxşı işləyənlərin haqqında danışdım. Sizin də adınızı dedim (o, Soltana müraciətlə «sizin də» sözünü xüsusi vurğu ilə dedi). Özüm də xahiş elədim ki, redaksiyalardan biri ilə danışsın, adam göndərsinlər, gəlsin baxsın, oçerkdən-zaddan yazsın...

Lakin Soltanın da, Kərəmxanın da üzü birdən-birə ciddi və soyuq ifadə aldı. Buldozerçi eyni təbəssümlə Adilə deyil, mənə baxırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 мин
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 мин
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 мин
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 мин

Стихи других поэтов