Страница 8 из 12 · 58%

Birdən Kərəmxan başını qaldırıb:

– Yaşasın körpüsalanlar! – deyə nəşə ilə səsləndi.

– Sabah istirahət günüdür. Yəqin ki, evinizə gedəcəksiniz? – qüssə ilə soruşdum.

– Yox, – Soltan cavab verdi, – sabah ova gedəcəyik.

– Ova? – deyə sevinclə səsləndim. – Mən də gedəcəyəm...

– Sizin üçün çətin olar. Biz ayı ovuna gedəcəyik.

– Ayını neyləyirsiniz?

– Ətini satacağıq, dərisini də, püşk atacağıq, kimə düşsə, o götürəcək.

– Mən də gedəcəyəm.

– Qorxmursunuz?

– Yox, qorxmuram.

– Yaxşı, gedək.

– Ayının yerini bilirsiniz?

– Bilirik.

– Səhər nə vaxt çıxacaqsınız?

– Lap tezdən.

– Hələlik.

Mən qalxıb öz çadırımıza getdim.

... Adil yolun xəritəsini bayırdakı stolun üzərinə sərərək baxır və başqa bir kağızda nə isə haqq-hesab edirdi. Mən çadıra gedib fənəri yandırdım, çarpayıların üstünü açdım. Adilin gecə yeməsi üçün balaca kasada çaldığım qatığın necə uyuşduğunu yoxladım və sərin olsun deyə qabı üstündən götürdüm. Paltarımı çıxarıb xalat geydim. Daha görüləcək bir işim olmadığından çıxıb Adilə mane olmamaq üçün ondan bir az aralı, kətilin üstündə oturdum. Hava qaralmışdı. Çadırın ortasından asdığımız fənər Adilin üzünü və qabağındakı kağızları işıqlandırırdı.

Qaranlıq meşədən ara-sıra yuvalarına gecikmiş quşların səsi eşidilirdi. Texnik olduğuma baxmayaraq, Adilin yazdığı, haqq-hesab elədiyi rəqəmlər mənə birdən-birə son dərəcə cansıxıcı göründü. Mənə elə gəldi ki, bizi əhatə eləyən qaranlığın sonu yoxdur. Elə bil ki, min ildir biz bütün işıqlı və canlı aləmdən ayrı düşərək bu cür sükut edirik. Min ildir Adil bu quru rəqəmləri yazıb-pozur. Mən əllərimi qoynumda «çarpazlayıb» dərindən «ah» çəkdim (bu, necə oldu bilmədim, çünki mənim «ah» çəkməkdən zəhləm gedərdi). Adil başını kağızların üzərindən qaldırıb, işıqdan qaranlığa – mənə baxdı və çox qəribə bir təbəssümlə:

– Nə olub, Səriyyə? – dedi.

Sonra mənim cavabımı gözləmədən yenə də haqq-hesabını davam etdirdi.

«Nə olacaq? Heç bir şey!» deyə mən ürəyimdə cavab verdim.

Doğrudan da, nə olmuşdu ki? Mən heç nə bilmirdim. Mənim nəzərlərim və xəyalım bizi əhatə eləyən bu qatı qaranlıq içində itib-gedirdi. Uzaqlarda, dərədən o yandakı dağların döşündə hava gəmisinin çıraqları kimi görünən işıqlar isə mənim əsəblərimə toxunurdu. Qaranlıqda gizlənmiş çiçəklərin ətri mənə soyuq, dözülməz kədər təlqin edirdi. Birdən hardansa bir daş qoparaq, qaranlıqda gurultu ilə qayalara dəyib uçurum aşağı yuvarlandı. Gurultu getdikcə uzaqlaşaraq, dərənin dibində boğuq bir uğultuya çevrildi.

Adil başını kağızın üstündən qaldırmayaraq:

– Yəqin, – dedi, – yuxarıda, haradansa əlikdən-zaddan keçdi.

Mən birdən-birə sanki canlanaraq fövqəladə ruh yüksəkliyi ilə:

– Adil, – dedim, – sabah biz ayı ovuna gedəcəyik.

O, işıqdan qaranlığa – mənə baxaraq bir neçə saniyə dinmədi və sonra olduqca arxayın cavab verdi:

– Nə olar, gedin. Deyirlər, ayı ovu çox maraqlı olur.

Adil başını aşağı salıb yenə də işləri ilə məşğul oldu. Lakin biz insanlar anadan qəribə doğulmuşuq. Bizim kim olduğumuzu duyub-dərk edə bilmək üçün dünyaya bir yox, yüz minlərlə loğman gəlib-getməlidir. Ərimin mənim körpüsalanlarla ayı ovuna getməyimə bu qədər asanlıqla, bu qədər arxayınlıqla razı olması məndə ona qarşı amansız bir acıq, bir qəzəb oyadırdı.

Mən durub çadıra girərək soyundum. Əynimdə yalnız qolsuz ipək köynək qalanda, balaca güzgüdə öz əksimə baxdım. Üzümün, boy-buxunumun, bədənimin yaraşığından bu vaxta qədər hiss eləmədiyim bir məmnuniyyət duydum. Özümə məftun nəzərlərlə baxdım. Sonra şıltaq, xudpəsənd bir ləzzətlə çarpayıma uzandım. Qapıdan dolan sərin meh üzümə toxunub saçlarımı tərpətdikcə, mən öz gözəlliyimi daha dərindən hiss edirdim. Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm. Mən əsl və qüdrətli həyatın özüyəm! Mənsiz bu dünyada yaşamaq heç nəyə dəyməz. Körpüsalanların qüruru, çadırımızın böyründən axıb uçuruma tökülən suyun şırıltısı mənimlə tamamlanır, mənimlə həmahəng olur. Dünyanın bütün dahi şairləri məni tərənnüm etmişlər.

Mən acıqlı halda belə düşünür, belə hiss edirdim. Lakin mənim bu xudpəsənd bəxtiyarlığımda nə isə çatmırdı. Sanki yatağıma saysız-hesabsız balaca tikanlar dolmuşdu və hər dəfə o tərəf-bu tərəfə çevriləndə bu tikanlar bədənimə batır, məni zəhlətökən bir ağrı ilə incidirdi.

Nəhayət, Adil durub işığı söndürdü, soyunub yerinə girdi və elə bil ki, çadırda qaranlığın hakim olması ilə, Adilin çarpayısının xəfifcə səslənməsi ilə bayaqdan bəri məni göyün yeddinci qatına çıxaran səadətim də uçub getdi. Mən yenə də bu ucsuz-bucaqsız qaranlığın içində yalqız qaldım. Mən sabahkı ov barəsində düşünərək yuxuya getdim.

Səhər hava işıqlanar-işıqlanmaz qalxıb ayağı büzməli şalvar və qısa corabla yüngül məs geydim, çayda əl-üzümü yuyub qayıtdığım zaman Adil də oyanmışdı. O, əllərini başının altında çarpazlayıb, çadırın qapısından görünən və hələ qaranlıq olan meşəyə baxırdı. Mən jaketimi geydim və balaca çamadanıma dörd adamlıq çörək, kotlet qoyaraq:

– Hələlik, Adil, – dedim, – termosda kakao var, kotlet də bişirmişəm.

– Termosu sən götürsən yaxşıdır, mən bu gün kakaosuz da ötüşərəm.

– Yox, hələlik, Adil!

– Hələlik, Səriyyə!

Onun termosu mənim götürməyimi təklif etməsi ürəyimi köyrəltdi və mən ağlayacağımdan qorxaraq, tələsik çadırdan çıxdım.

Körpüsalanlar geyinib məni gözləyirdilər.

– Üçünüzün də tüfəngi var. Bəs mən?

Kərəmxan:

– Eybi yoxdur, – dedi, – mən öz tüfəngimi sənə verərəm... Əgər ayıdan qorxmasan, gələn dəfə sənə də bir qoşalülə alarıq.

Soltan qabağa düşdü:

– Getdik!

Biz fermalara gedən qədim köç yolundan ayrıldıq, qərbə burulan cığırla meşəli dağa çıxıb o biri üzə aşdıq. Bura göz işlədikcə uzanan qalın meşə, sərt qayalı sıldırım dağ idi. Adama elə gəlirdi ki, bu yerlər ömründə insan üzü görməmişdir. Elə bil ki, bura heç kəsə məlum olmayan yeni bir aləm idi. Hava işıqlandıqca quşların səs-küyü də artırdı. Biz dar cığırla irəliləyirdik. Soltan ilə Kərəmxan qabaqda, mən ortada, buldozerçi isə arxadan gəlirdi. Hava sərin və ətirli idi. Yolun o tərəf-bu tərəfində şehli otlar arasında tez-tez sarı-qırmızı çiçəklər nəzərə çarpırdı və onlar yarıqaranlıq içində yuxulu kimi görünürdü.

Biz sarıçiçəklə örtülü yamaca çatanda günəş çıxdı. Meşə birdən-birə min rəngə boyandı. Yamacdakı çiçəklər isə eynilə limon ətri verirdi. Dar cığır bu yamacı qalxıb o biri tərəfə aşırdı. Lakin biz köndələninə irəliləyib, yenə də qalın ağaclığa girdik. Burada heç bir cığır, heç bir iz yox idi.

– Azmarıq ki? – deyə qabaqda gedənlərdən soruşdum.

– Azmarıq. Ancaq sən yorulmamısan ki? – deyə Soltan dilləndi.

– Nə vaxt siz yorulsanız, bilin ki, mən də yorulmuşam. Yorulmasanız, demək, mən də yorulmamışam.

– Səriyyə bacı qız deyil, oğul qırığıdır! – Kərəmxan zarafat elədi.

– Yaxşı! Mənim tərifdən xoşum gəlmir. Yaxşısı budur, sən vədinə əməl elə. Tüfəngi ver bəri!

– Hələ ayı olan yerə çox qalıb, səni yorar.

– Yormaz.

– İndi ki, yormaz, onda al. Nə cür atıldığını bilirsənmi?

– Doludur?

– Əlbəttə. Ancaq nə zaman atmaq lazım olduğunu bizə Soltan işarə eləyəcək.

– Bildim.

Soltan geriyə dönərək:

– Buradan o yana, səssiz! – deyə əmr verdi. Soltanın xəbərdarlığı məni qorxutmadı. Əksinə, özümdə heç bir zaman duymadığım bir cəsarət hiss elədim. Mən ayını tez görmək, mənə aydın olmayan təhlükə ilə tez qarşılaşmaq istəyirdim.

Mən buldozerçinin heç dinib-danışmaması haqqında düşünürdüm. Elə bil, ağzına su almışdı. Adamı lap darıxdırırdı. Başımı geri döndərərək, mülayim bir ifadə ilə:

– Sizində tüfənginiz doludur? – deyə ondan soruşdum.

Sualımın mənasız olduğunu bilirdim. Ayı ovuna boş tüfənglə getməzlər ki... O, başı ilə təsdiq etdi və elə bil ki, bu hərəkəti ilə mənə karlı bir sillə tutuzdurdu. Mən hirsləndim:

– Bir batman başınızdansa, iki misqal dilinizi tərpətsəniz olmaz? – Kərəmxan da çiyinlərini qısıb xısın-xısın güldü.

– Sss... – Soltan geri dönüb bizə gözlərini ağartdı.

Bu zaman şıqqıltı eşidildi. Elə bil, kimsə budağı əyib sındırdı. Buldozerçi sürətlə qabağa keçib Soltana yanaşdı. Sonra ayaq saxlayıb diqqətlə qulaq asdılar. Daha heç bir səs-səmir yox idi. Üçümüz də tüfəngimizi hazır tutaraq, ehtiyatla irəlilədik. Kərəmxan kəmərindən asdığı iri ov bıçağını qınından çıxartdı. Birdən Soltan əyilib yerə diqqətlə baxaraq:

– Görürsünüz? – deyə pıçıldadı.

– Düzdür, – deyə buldozerçi təsdiq etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 мин
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 мин
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 мин
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 мин

Стихи других поэтов