Страница 1 из 4

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.

Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

Birinci briqadanın briqadiri Təftiş öz daimi yerində – qapan-tərəzinin dalında dayanmışdı. İkinci briqadanın briqadiri Möhsün kişi tərəzinin yanında gödəkçəsini büküb-bürmələyib, birbaş yerə – toz-torpağın içinə qoyub, üstündə oturmuşdu. Üçüncü briqadanın briqadiri Qeybalı da tərəzinin o biri tərəfində kepkasının dalını qaldırıb, partlayıb şişmiş dodaqlarının üstünə kölgə salıb, hətta tor köynəyin altında qaralan keçə qarnını da bir növ yığışdırıb, çöməlib, Qudalı atamanının həmişəki harınlığı ilə tutuşmayan işgüzar görkəmə düşmüşdü. Otuzuncu-qırxıncı illərin “uçotçik”i Çürük Aşıq da öz yerində – dirək dibində, qara “ambulatoriya stolu”nun dalında, saqqız kötüyünün üstündə oturub, yoğun cızıqlı – qrafalı “uçot dəftəri”ni açmışdı, nəvələrinin hansınınsa büzməli torba içində mürəkkəbqabını dəftərin bir böyrünə, qəlyanını o biri böyrünə qoyub, müharibədən sonra kəndlərdə cında – “utilsıryo” yığanlardan aldıqları tərifli “cında pero”lu qələmi əlində hazır tutmuşdu. Məmməd Xələf Zal “qruzovik”inə qalaqlanmış çuvalların, xaşaların, kisələrin üstünə dırmanıb, pambıqla dolu çuvalları, xaşa və kisələri üzüaşağı yuvarladıb tarappatarap tökdükcə, vaxtilə çəpərlərin, ot tayalarının diblərində oynaşan “burnu fırtıqlılar” – indiki məktəb uşaqları ikibir-üçbir köməkləşib, qırx-əlli, altmış-yetmiş kiloluq çuvalları, xaşaları, kisələri qapan-tərəzinin yanına sürüyürdülər, qırılan diviziyada qırılanların arvadlarından üçü – Təftişin manqabaşıları növbəti çuvalı, xaşanı və ya kisəni tərəziyə qaldıranda, Təftiş çəki daşlarını taqqıldada-taqqıldada əlüstü çəkib, pambığın çəkisi ilə o pambığı yığan uşaqların analarının adlarını deyirdi, Çürük də dəftərində adı, familiyanı tapıb, Təftişdən eşitdiyi rəqəmi yazırdı. Kolxozun təşkil olunduğu və ilk dəfə pambıq əkildiyi vaxtlardan qoyulmuş qayda üzrə, əgər bu gün birinci briqadanın pambığı qabaqca çəkilirdisə, sabah ikinci briqadanınkı, birisi gün də üçüncününkü qabaqca çəkilirdi ki, camaatın bir qismi bu gün, ikinci qismi sabah, üçüncü qismi birisi gün tez dağılışıb, öz qapı-bacasında qurtdalanmağa imkan tapsın. Yenə də həmin vaxtlardan qoyulmuş qayda üzrə, təftiş komisyonunun üzvlərindən savayı, bir kəsin ixtiyarı yoxdu ki, çəki başlanandan sonra bu işə qarışsın və ya aralığa iş salsın. Çünki, əvvəla, bu iş özü çox uzun sürürdü; ilk çuvalın, xaşanın və ya kisənin tərəziyə qoyulmağı ilə axırıncının tərəziyə qoyulmağının arasında iki-üç saat keçirdi, dan yeri söküləndə evdən çıxıb, bir də hava qaralanda çöldən qayıdan arvad-uşaq, üstəlik də burda növbə gözləyib əldən-ayaqdan düşürdü, gecənin yarısında qıçları bükülə-bükülə, gözləri yumula-yumula qapıdan girəndə çox vaxt bir tikə qismət də almayıb, paltar-palazlı döşənişirdilər ki, briqadirlərin, manqabaşıların hay-harayları kəndi götürməmiş, danlaq, töhmət eşidilməmiş sürünüb qalxa bilsinlər; “Yığım kompaniyası” deyilən iki-üç aylıq ağır “kompaniya”nın özü tələb edirdi ki, burda – anbarın qabağında çəki başlananda bu işə heç kəs mane olmasın. Bir də nəzərə almaq lazımdı ki, təftiş komisyonunun üzvləri – Təftiş Abbasın özü, Qılınc Qurban, Çürük, Abı və Ələsgər müəllim çəkidən sonra da burda oturub, “uçot dəftəri”ni yoxlayıb, imzalayıb, mühasibliyə verməli idilər, mühasiblikdə isə hesabdar Mürsəllə hesabdarları elə o gecə, dəftərdən “çıxarış” yazıb, idarə heyətinə gündəlik “svodka”³⁰ verməli idilər ki, idarə heyəti də öz növbəsində pambıq üzrə dövlət planı ödənişinin faiz artımı haqqında raykoma “svodka” göndərsin, həm də üç briqadada manqalardan və ayrı-ayrı kolxozçulardan kimin irəli getdiyini, kimin geri qaldığını aydınlaşdırıb, sabahısı kiminlə necə danışmağı dəqiq bilsin... Sədr Mədədin vaxtında idarənin dəhlizində bir “dasqa” – yazı taxtası vardı, yarısı qırmızı rəngdə, yarısı qara rəngdə idi. Yığımda irəli gedənlərin – “zərbəçilər”in³¹ adlarını, familiyalarını “qırmızı dasqa”ya yazırdılar, geri qalanların – “tənbəllər”in adlarını familiyalarını “qara dasqa”ya yazırdılar. Bundan başqa, indiki raykom katibi Məleykə Muradova, o vaxtı komsomol Məleykə “Karl Marks adına Qonaqlı kolxozunun güzgüsü” adında divar qəzeti yazıb, həmin “dasqa” ilə yanaşı mıxlayırdı. O divar qəzetində, başlığın altında şüar vardı: “Pambıq yığımını müvəffəqiyyətlə başa çatdıraq!” Şüardan solda, aşağı küncdə qara karandaşla çəkilmiş yekə bir tısbağa vardı. Şüardan sağda, yuxarıda isə qırmızı karandaşla çəkilmiş dörd matorlu təyyarə vardı. Komsomol Məleykə yığımın axırında bir siyaha tutub, o siyahıya düşənləri “tısbağaya mindirirdi”, bir siyaha da tutub, “zərbəçiləri təyyarəyə mindirirdi”. “Tısbağaya minmək” o deməkdi ki, yığım müddətində işləmək əvəzinə sürünmüsən, əməkgünün birə-iki, birə-üç azalıb, aylıq pul, yarımillik taxıl, ətlik heyvan, yağ, pendir, qarpız, yemiş, pomidor, badımcan bölgülərində birə-iki, birə-üç az alacaqsan; “təyyarəyə minmək” isə o demək idi ki, gündə yüz əlli, iki yüz kilo pambıq yığmısan, hər gününə iki, üç əməkgünü yazılıb, aylıq və yarımillik bölgülərdə pulun da iki-üç dəfə artıb, taxılın, ətlik heyvanın, yağın, pendirin də, qarpızın, yemişin, pamidorun, badımcanın da. Üstəlik, əgər cəmaat içində, ailədə rəftarın, şəxsiyyətin, ləyaqətin də işlədiyin kimidirsə, aylıq və yarımillik mükafatların da var, bəlkə, doğrudan da, təyyarəyə minib Moskvaya “Vıstavka”ya, yəni kənd təsərrüfat sərgisinə, mavzoleyə, Kremlə getməyin də var. Sədr Mədədin vaxtında bu qanunlar çox möhkəmdi: işləməyən dişləmirdi, işləyənlər dünya malından batıb-barınırdılar, üstəlik 28 Aprel, 1 May, Oktyabr bayramlarında və adi günlərdə sədr Mədədin, Lüt Cəfərin, Qılınc Qurbanın, nəhayət, Sultan Əmirlinin özünün təriflərindən sevinirdilər, rayonun “Kommuna” qəzetində, bəzən, hətta mərkəzi “Kommunist”, “Bakinski raboçi” qəzetlərində çıxan şəkilləri ilə şöhrətlənirdilər və beləliklə, cəmaat içində də, ailədə də alnıaçıq, üzüağ gəzirdilər. Yəni “zəhmətkeş insan”, “təmiz adam” adlananlar öz qiymətlərini lazımınca və artıqlaması ilə alırdılar. Bunun hamısı isə, qapan-tərəzinin dalında Təftiş Abbasın dilindən eşidilən və Çürük Aşığın əli ilə “uçot dəftəri”nə yazılan rəqəmlərdən asılı idi. Odur ki, Təftiş tərəzinin düzlüyünü yoxlayıb, “Düzdü. Gətirin” deyəndən sonra birinci çuvalın, xaşanın və ya kisənin qapana qaldırılmağından, axırıncıların qapandan düşürülməyinə qədər burda – anbarın qabağında ciddi işgüzarlıq və sükut hökm sürürdü.

³⁰ “Svodka” – məlumat.

³¹ Rusca “udarnik” sözündən hərfi tərcümə. Zərbəçilik hərəkatı otuzuncu illərdə istismar vasitəsi kimi çox yayılıb, əllinci illərin əvvəlinə qədər qalmışdı.

Səməd lap körpəlikdən belə görmüşdü, qayda-qanunu belə bilirdi və belə də olmadı idi. Əgər təhkimçinin və ya bir başqasının cəmaata sözü vardısa, çəki qurtarana, ya da sabaha – briqadalarda nahar vaxtına saxlamalı idi. Ayna bacının “lapatka götürüb, ağız-burnunu sarmalayıb Üfunətlilərin üfunətini kürüdüyü” barədə deyilənləri eşitdiyi anda, əmisinin “kürüyüb atacam” sözləri beynində oyanıb rahatlıq verməsə də, Səməd bu gecə bir şey eləmək fikrində deyildi və heç gümanına da gətirmirdi ki, məhz bu gecə bütün qayğılarını, düşüncələrini, hətta həyatını və taleyini dəyişdirən hadisələr törəməkdə idi.

Birinci hadisə ondan başlandı ki, şəhər onilliyinin və dəmir yol məktəbinin müəllimləri ilə şagirdlər ayaqlarını sürüyə-sürüyə, çamadanlarını, bağlamalarını sallaya-sallaya meydandan keçib dikdirlərə döşənişəndən sonra bir cüt gur işıqlı fara çadırdan xeyli sağda – məktəbin qabağında, bir cüt gur işıqlı fara da Xəlvətin darvazasında parladı; məktəbdən gələn maşında – Sultan Əmirlinin boz “Pobeda”sında üçüncü katib “diapozonlu” Məleykə Muradova ilə maarif müdiri Mirbağır müəllim gəlib düşdülər, Xəlvətin həyətindən gələn dövrəsi göy zehli, gurultulu-qıjıltılı “Qaz”da isə Gülənovla qudası gəlib düşdülər. Bu vaxt cavanlardan – Məmməd Xələf Zalın yoldaşlarından hansı isə Səmədin əvvəlcə bir qolunu, sonra o biri qolunu tutub, pencəyini geyindirdi, çox təmkinli gər səslə:

– Köynəyin kirlidi, – dedi.

Pencəyi sahədə, tək palıdın altında yerə atıb, elə orda da unutduğunu Səməd indicə xatırlayırdı. Bu gər səsli yeniyetmə eynilə Möhsün kişi kimi alçaraq, tökmərək, yastıburun, enliçənə Kərpickəsənlərdəndi; Möhsün kişinin qırılan diviziyada qırılan qardaşlarından Rüstəmin yeganə yadigarı idi. Bayaq Ortayolda görüşəndə özü tanışlıq vermişdi: “Mən də Zalam da, ay qağa. Rüstəm Zal!” – demişdi. Təftişin oğlu Məmməd Xələf Zaldı, mən – Rüstəm Zal! Məzəlisi budu ki, iki zalın ikisi də pəzəvəngdi, – demişdi. Əmbə mən Sarı Zalam, Abbas əmininki qara Zaldı. Hərdən “kötük Zal” da deyirik ona. Görürsən də, necə kötükdü!” Və Səmədin yadına düşmüşdü ki, qırx beşinci ilin yazında Təftişin böyük oğlunun “qara kağızı” – ölüm xəbəri gələndə və Məmməd Xələf də böyük qardaşının adını üstünə götürüb Məmməd Xələf Zal olmuşdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 мин
Xəzinə üstündə yatan ilan 11

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

13 мин
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 мин
Kainat sakinləri 2

Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...

2 ч 35 мин

Стихи других поэтов