Страница 2 из 14 · 7%

Umud arxasını sütuna söykəyib tüstüdən acışan gözlərini ovxaladı:

– Camaat mənim bişirdiyim xörəkləri bəyənmir.

– Niyə? Duzun, istiotun qədərini bilmirsən, yoxsa...

– Bunlar borş, sup, kotlet yemirlər. Tikə kababdan dəm vururlar. Mən də onların istədiklərini bişirə bilmirəm. Bir yekə qazan borş bişirmişəm, üç gündü qalıb elə heylə. Hər gün ocağın üstünə qoyub təzədən qızdırıram. O qədər qaynatmışam, xəşilə dönüb.

– Niyə borşu bəyənmir bu camaat? Qarnına azar dolub bu camaatın?

– Deyirlər, borş şəhər xörəyidir.

Məcid kişi elektrik lampasının həndəvərində fırlanan pərvanələrə baxdı.

– Qudurublar, – dedi. Sonra üzünü oğluna tutdu. – Bə əsgərlikdə nə qələt eləyirdin, ə?!

Umud başını aşağı saldı:

– Əsgərlik ayrı, bura ayrı... Orda yekə qazanlar asırdıq, hərəsi çəllək boyda. Kələmi, kartofu doldururduq içinə.

Məcid kişi çat-çat olmuş əlini ağzına qoyub əsnədi:

– Anaları ölməsin əsgərlərin. İki il sənin bişirdiyin zəqqutunu yeyiblər.

Kişi yenə nəsə demək istədi. Elə bu heyndə “QAZ-69”un tırıltısı eşidildi. Faraların işığı artırmanın əhəngli divarını yalayıb ötdü. Yolun sapsarı tozu həyətin ağappaq tüstüsünə qarışdı. Maşının səsi kəsiləndən sonra Məcid kişi öz-özünə danışırmış kimi dedi:

– Xalıq işdən nə tez qayıdıb, balam? – Tərs-tərs oğluna baxdı. Elə bil Xalığın işdən qayıtmağında Umud müqəssir idi. Kişi lampanın dövrəsində fırlanan pərvanələrə də tərs-tərs baxdı. Nursuz gözlərini lampaya zilləyib mülayim-mülayim soruşdu: – Bə bir işin qulpundan yapışmayacaqsan?

Umud çiynini çəkdi:

– Görək də... Xalıq dayı çağırıb məni.

– Neynir?

– Yəqin danlayacaq... Səni də çağırıb.

– Məni niyə? Mən borş bişirmirəm ki, – Məcid kişi çarpayının başındakı mütəkkəni qoltuğunun altına çəkib dirsəkləndi. – Heç hara gedən deyiləm. – Qərarının qəti olduğunu Umuda bildirmək üçün kəlləsini mütəkkəyə atıb, gözlərini yumdu.

Umud həyətə düşdü. Hasarın üstündən Xalıqgilin işıqlı eyvanına baxdı. O tərəfdən səs-səmir gəlmirdi. Səs-səmir eləyəsi adam da yox idi o evdə. Xalığın oğlu Tofiq Bakıda, qızı Solmaz da Ağdamda idi. Tofiq universitetdə oxuyurdu, Solmaz tibb texnikumunda. Xalığın arvadı Əslini dindirməsən dinməzdi, çimdikləməsən səsi çıxmazdı. Anası Minnət qarı bir teşt xəmir kimi idi, hara qoysan, orda durardı. Bu evin yır-yığışına, biş-düşünə baxan qonşu Güləndam əldən yaman zirək idi, amma o da yerə baxan idi, su kimi lal axan idi. Bu yurdda hərdən şofer Pirinin dalğalı, yoğun səsi eşidilərdi. Şofer Pirinin boğazını elə bil iskənə ilə deşmişdilər, asta danışmaqla arası yox idi.

Piri eyvanda əyilib qalxdı. Pirinin qıvrım başının kölgəsi divara on qat böyüdü. Bu kölgə titrədi, səyridi və tavana qədər uzandı. Sonra Pirinin dalğalı, gur səsi eşidildi:

– Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdı, Əsli bacı.

Umud dönüb tövləyə tərəf getdi. Fikirləşdi ki, Pirinin sözləri səfeh sözlərdi, cəfəng sözlərdi. Çünki adam elə axşam da xeyir tapa bilər, lap gecənin yarısı da xeyir tapa bilər. Umud sonra da fikirləşdi ki, bu sözlər Pirinin sözləri deyil, bunlar atalar sözüdür, atalar məsələdir. Atalara qurban olum, görünür, onların da içində tənbəli olub. Bu sözləri, yəqin axşamın işini sabaha qoyan ərincək atalar düzəldiblər. Ərincək olmasaydılar belə deməzdilər. Çünki onların fərasətli, diribaş tay-tuşları bunun tərsini deyiblər: “Bu günün işini sabaha qoyma”.

Ağcaqanadlar yaman qol-qanad açmışdılar. Gah Umudun qulağına soxulurdular, gah burnuna dürtülürdülər, gah da gözlərinin qabağında zümzümə çalıb ona meydan oxuyurdular. Umud boynunu şappıldatdı, çənəsini qaşıdı, sinəsini cırmaqladı, axırda yoruldu, təngə gəldi. “Qoy sancsınlar. Qoy məni diri-diri yesinlər. Tərpənsəm, kişi deyiləm”.

Kamrangil burda olanda Umudun başı qarışırdı, heç ağcaqanadları vecinə almırdı. İndi bu həyət, bu ev suyu sovulmuş dəyirmana oxşayırdı. Kamran arvad-uşağı yığışdırıb dağa aparmışdı. Mal-qaranı da yaylağa göndərmişdi. Qoca atasını bu yurda keşikçi qoymuşdu, Umudu da ona həyan. Umuddan nə həyan, Umuddan nə kömək? Day da atasına yük olub, kişinin dincliyinə haram qatıb. Görəsən, Kamran bilmir bunları?... Eh, Kamranda nə günah var? Çobanın işi belədir. Çoban köçəri quş kimidir: yayda dağa, qışda arana...

Umud artırmanın qabağında dayandı. Məcid kişi, deyəsən, gerçəkləmişdi. Deyəsən, şirin-şirin yatırdı burda.

– Dədə, ay dədə! Sədr, yəqin bizi gözləyir.

Məcid kişi elə bil bu səsə bənd idi, dikəlib ayaqlarını çarpayıdan sallatdı.

– Borşu xəşilə döndərən sən, məzəmmət yeyən mən? – Əllərini dizlərinə qoyub yalın ayaqlarına baxdı. Sədrin yanına alt tuman-köynəkdə getmək yaramazdı.

Məcid kişi nimdaş şalvarını arxayın-arxayın geydi. Sətin pencəyi çiyninə salıb artırmadan düşdü.

– Gəl, a bəfərin balası, gəl. Sən anadan olan gecə yanan çırağın nöyütünə hayıfım gəlir.

Məcid kişinin qaramtıl dodaqları təbəssümlə dartılanda Umud da istər-istəməz gülümsədi...

Uzun stolun bir başında Xalıq oturmuşdu, bir başında Piri. Məcidi görəndə Xalıq çəngəli boşqaba qoyub təəccüblə baxdı və onun baxışından Məcid də çaşdı, Umud da. Xalıq elə baxırdı, elə bil bu adamları ömür-billah görməmişdi, elə bil bunlar bu işıqlı eyvana indicə tavandan düşmüşdülər.

Süfrə üstünə çıxmağı Məcidi heç açmadı. Stoldan xeyli aralıda dayanıb mızıldandı:

– Gədə dedi ki, bizi çağırmısan.

Hə, deyəsən. Xalığın yadına düşdü. Qaşlarını çatıb başını silkələdi:

– Zəhmət vermişəm sizə... Əyləşin, Məcid dayı. Lap vaxtında gəlmisiniz. – Arvadı yanında müntəzir dayana-dayana üzünü eyvanın o başına tutdu. – A Güləndam, yemək gətir.

Umud Pirinin sağ yanında oturdu. Baxıb gördü ki, toyuğun budunu dişlərinə çəkib çeynədikcə Pirinin qulağı tərpənir. Alnının, üzünün dərisi rezin kimi dartılıb yumulur. Umud özü də hiss etmədən zəndlə Piriyə baxdı. Pirinin sifəti koppuş idi, yanaqları görünmürdü. Daha doğrusu, yanaqları yerli-dibli yox idi, çünki gözlərinin altınacan tük bitmişdi. Qulağının içində də uzun-uzun, qara-qara tüklər dikəlmişdi. Umud nəzərlərini Piridən yayındırdı. “Haqqına buna Porsuq Piri deyirlər. Porsuğa oxşayır yazıq”.

Güləndam Məcidlə Umuda yemək gətirdi. Sonra sual dolu nəzərlərini Əslinin üzünə dikdi.

Əsli stolun üstünə baxdı, gördü ki, süfrədə hər şey yerli-yerindədir, daha Güləndama ehtiyac yoxdur. Astadan dedi:

– A Güləndam, tay get balalarının yanına. Obaşdan burda ol, işgüc çoxdu.

Güləndam eyvanın o başındakı düyünçəni götürüb pilləkəni asta-asta düşdü. Güləndam hər axşam bu evdən gedəndə qoltuğunda bir şey aparardı. Bu axşam da əliboş getmədi.

Əsli ərinin yanında dimdik dayanmışdı. Xalıq çəngəl tutan əlini hara aparırdısa, Əsli də ora baxırdı.

Umud Əsliyə diqqət yetirməyə utanırdı. Neçə il idi bu evdə olmamışdı, neçə il idi Solmazın anasını ağıllı-başlı görməmişdi. Umud tikəni ağzına aparanda Əsliyə ötəri nəzər saldı. Əslinin saçları sığallı idi, həm də qırmızımtıl idi. Deyəsən, başına həna qoymuşdu. Lampanın gur işığında bənizi solğun görünürdü. Boğazının altına nazik qırışlar düşmüşdü, ancaq Əsliyə qoca demək insafdan deyildi. Əslinin vur-tut 44-45 yaşı ancaq olardı.

Xalıq ağzındakı tikəni həvəssiz çeynəyirdi, əlini boşqaba həvəssiz aparırdı. Əsli yavaşcadan, amma məzəmmətlə dedi:

– Xalıq... Xörəyi soyutma... Ye...

Xalıq gülümsəyib başını buladı:

– Görürsən də, Məcid dayı. Calalın qızı boynumun ardını soldat kimi kəsdirib. Boşqabın dibini yalatdırmasa əl çəkmir məndən.

Məcid kişi baş barmağının ucu ilə bığının altını sildi.

– Halal olsun anasının südü ona. Anası rəhmətlik də yaman ər istəyən idi. Calalı yağ içində böyrək kimi saxlayırdı.

Əsli utanıb üzünü yana çevirdi:

– Neynəyim, – dedi. – Xalıq uşaqdan da betərdi, zor eləməsən boğazından tikə ötmür... Yazıq səhərdən axşamacan ayaq üstədi.

Əsli son sözləri az qala ağlamsına-ağlamsına dedi. Onun qayğılı səsindəki titrəyişdən, deyəsən, Xalıq da kövrəldi. Çəngəli boşqabın qırağına dirəyib köks ötürdü:

– Vallah, Məcid dayı, əlacım olsa, günü sabah sədrlik stulundan durub, yapışaram, sizin Kamranın çomağından. Deyərəm, qardaş, gəl yerimizi dəyişək, sən sədr ol, mən çoban... Mənim günüm it günüdü. Kolxozun hər işinə cavabdehəm. Heyf deyil çobanlıq!

Umud sədrin bəbəklərində bir işartı gördü, torbalanmış gözlərinin yanında xəfif qızartı gördü. Anladı ki, Xalıq yalan danışır, Xalıq heç vaxt əlinə çomaq alıb sürü dalına düşməz. Anladı ki, Xalıq öz vəzifəsini pisləyə-pisləyə tərifləyir.

Əsli ərinin çiyninə ehmalca toxundu.

– Xörəyin buza döndü... Qatıq gətirimmi? Camış qatığıdı. Güləndam səhər çalıb.

Xalıq çəngəli təzədən götürdü:

– Qatığı yatanda verərsən, – dedi.

Umud daha yeyə bilmirdi. Xalığın səbri onu hövsələdən çıxardırdı. “Bizi bura niyə çağırıb? Mətləbi niyə uzadır?”. Onsuz da Umud sədrin nə deyəcəyini əvvəlcədən bilirdi və cavabını da əvvəlcədən hazırlamışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 мин
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 ч 40 мин

Стихи других поэтов