Quyu
Страница 3 из 14 · 14%
Piri bud sümüyünü boşqaba tullayıb yağlı barmaqlarını marçıltı ilə yaladı. Stolun arxasında oturanlara bir-bir nəzər salıb gülümsədi və bununla da məlum oldu ki, Piri nəsə bir söz deyəcək. Pirinin boğazındakı burum-burum damarlar şişdi, səsi gur-gur guruldadı:
– Mən bir şeyə məhəttəl qalmışam. Adam ki, sulu xörəyi isti-isti yeyir, ha, ağzı pörşələnəndə niyə başını qaldırıb yuxarı baxır? Nə qədər ağzı yanan görmüşəmsə, hamısı heylə eləyir.
Əsli pıqqıldamaq istədi, ancaq Xalığı qaşqabaqlı görüb dodaqlarını yumdu.
Məcid kişi qarşısındakı boşqabı kənara itələdi:
– Ağzı yanan adam öz xoşuynan başını yuxarı qaldırmır, a bala. Allah-təala onun qulağından yapışıb başını döndərir özünə tərəf. Deyir, gözlərimin içinə düz bax, ey səbirsiz bəndəm. İsti xörəyi qaşıqlayanda üfürməmiş udma hər işdə səbirli ol.
Hamı süfrədən əlini çəkmişdi. Xalıq dördqatdalı, ütülü dəsmalı işıldayan dodaqlarına ehmalca toxundurub, başı ilə arvadına işarə elədi.
– Yığışdır buranı. Çay gətir. – Üzünü Məcid kişiyə tutdu. – Bilirsən sənə niyə zəhmət vermişəm? Gərək bir quyu qazasan bizə.
– Nə? – Məcid kişinin ağzı açıla qaldı.
– Quyu. Su quyusu... Qabaqlar qazırdın ha.
– A sədr, mən iyirmi ildi quyu qazmıram. İndi qollarımda heylə güc də qalmayıb.
– Kaş sənin təpərin məndə olaydı, Məcid dayı. Həvəsin olsa, gündə bir quyu qazarsan. Küllü-Qarabağda sənin kimi kənkan olmayıb. Sənin əlin xeyirlidi. Qazdığın quyunun suyu mət kimi şipşirin olur. Həm də dupduru... göz yaşı kimi... Çünki torpağın damarını tanıyırsan.
Məcid kişi çaşbaş qalmışdı. Anlaya bilmirdi ki, sədr gerçək danışır, yoxsa zarafat eləyir.
– Bu zamanada quyu kimin nəyinə lazımdı, a Xalıq?
– Lazımdı, Məcid dayı. – Xalıq başı ilə ara qapıya işarə elədi. – Minnət qarıya lazımdı... Görürsən ki, havalar necə isti keçir. Yer-göy od tutub yanır. Soyuducuya qoyduğumuz şeylərdən Minnət qarıya verən kimi yazığın ya qarnı pozulur, ya boğazı gəlir. Anadı da, hay-hayı gedib, vay-vayı qalıb. Gərək qulluğunda dayanam.
Məcid kişi ara qapıya nəzər saldı. Bildi ki, Minnət qarı o qapının dalındadır. O otaqdakı çarpayının üstündədir və dünyanın bütün dərd-sərlərindən uzaq öz yarıişıq-yarıqaranlıq, yarıyuxulu-yarıayıq aləmindədir.
– Yoxsa qarını quyuya sallamaq fikrin var?
Məcid kişinin bu sözlərinə Piri güldü. Xalıq da gülümsədi.
– Yox, əşi, – dedi. – Quyuya cürdək, qarpız-yemiş sallayarıq. Göy-göyərti filan... Qarı da sərin-sərin yeyib-içər... Nə deyirsən, Məcid dayı? Gəl, bu işə boyun ol. Pulu pul, minnəti də minnət.
Məcid kişi naəlac qalıb çiynini çəkdi:
– Vallah, nə deyim... Qorxuram səni yarıtmayam.
Xalıq ona ürək-dirək verdi:
– Yarıdarsan. Maşallah, yanında pəhləvan kimi oğlun var.
Günortadan bəri başqa söhbət gözləyən Umudun sivri çənəsi tərpəndi, amma Xalıq ona ağzını açmağa macal vermədi.
– Xəbərdaram, – dedi. – İşdən əkilmisən. Lap əlinin içindən gəlib.
– Başını bulayıb öz-özünü məzəmmət elədi. – Günah məndədi. Nahaq açdırdım oranı. Bu kəndin nəyinə lazımdı yeməkxana? Müsəlmana yaxşılıq yoxdu. Deyirdim, üç-dörd adam külfətinə ruzi qazanar ordan. Sonra gördüm yox, orda işləyənlər əliəyriydi, ora yığılanlar da dələduz. Oturub mənim qeybətimi qırırlar... Çoxdan qapısına qıfıl vurmaq istəyirdim. Umud çıxdı böyürdən. Dedim, genə qurban olsunlar Umuda, qoy Umud bekar qalmasın... İstəyirsən səni göndərim şoferliyə... Kolxozun hesabına...
Umud atasının üzünə baxdı. Məcid kişi çal qaşlarını çatdı.
– Lətifəsi Piridən uzaq olsun, – dedi, – bu zamanada itə ağac atırsan, gedib şoferə dəyir.
Xalıq Əslinin armudu stəkanda gətirdiyi “xoruzquyruğu” çaydan bir qurtum içdi. Umuda elə gəldi ki, sədrin ağzı pörşələndi və bayaq Pirinin dediyi kimi, sədr indicə başını qaldırıb tavana baxacaq.
Xalıq çaydan bir qurtum da alıb stəkanı nəlbəkiyə qoydu.
– Yoxsa instituta getmək niyyətindəsən?
Umudun əvəzinə atası cavab verdi:
– Neynən? Başında bir qara qəpiklik elm var ki, gedib dalını da oxusun? Bildikləri də əsgərlikdə yadından çıxıb.
Xalıq gözlərini qıyıb fikrə getdi. O, fikrə gedəndə Piri narahat-narahat Umudla Məcidə baxdı. Umuda elə gəldi ki, Piri bu dəqiqə şəhadət barmağını qalın dodaqlarına yapışdırıb “tcc” eləyəcək, yəni ki, susun, sədr çox vacib bir məsələ barəsində düşünür, allah eləməmiş, birdən cınqırınızı çıxardarsınız, sədrin fikri dağılar. Piri gördü ki, Məcid daş kimi səssizdir. Umud ondan da betərdir. İnandı ki, bunları dürtmələməsən hay verən deyillər, ondan sonra Xalıq sayağı Pirinin də gözləri yol çəkdi. Pirinin gözləri yol çəkəndə Umudla Məcid başa düşdülər ki, sədr doğrudan da, çox vacib bir məsələni beynində götür-qoy eləyir.
Xalıq nəyisə xatırlayıbmış kimi şəhadət barmağını Umuda tuşlayıb sevincək dedi:
– Dayan, dayan. Gəlsənə sentyabrda səni göndərim mexanizatorluq məktəbinə? Qızlardan nəyin əskikdi, ə, sənin? Keçən il Xeyransanın qızı Tubuya orden vermişəm. Bir az işləyərsən, sənə də orden təşkil eləyərəm. Elə Tubunu da alarsan. Yumurta kimi qızdı. Bir evdə iki mexanizatorumuz olar.
Umud başını aşağı salıb uzun süfrənin saçaqlarını didişdirirdi. Xalıq anlaya bilmədi ki, Umud nədən incidi; mexanizator söhbətindən, yoxsa Tubunu almaq məsələsindən?
Sədr, Məcid kişiyə göz vurub gülümsədi:
– Gədən yaman dəymədüşərdi ha... Bir iş fikirləşərəm onunçün. Qoymaram bekar qala...
Evə dinməz-söyləməz qayıtdılar.
Məcid kişi yenə çöldə miçətkən qurmaq istədi. Umud razı olmadı.
– İçəridə yatacam, – dedi.
– İstidən bişərsən.
– Qoy bişim.
Umud yaylı çarpayıda uzanıb gözlərini qaranlıq tavana zillədi. Yadına düşdü ki, Xalıqgildə bircə dənə də ağcaqanad yox idi. Bircə dəfə də ağcaqanadın zəhlətökən zümzüməsi eşidilmədi. Xalıqgilin eyvanı işıqlı idi. Xalıqgilin eyvanında adamın gözləri qamaşırdı. “Ağcaqanadlar işıqdan qorxurlar”.
Umud cəld durub otağın işığını yandırdı.
2
Piri qatlama bıçağın tiyəsi ilə tut ağacının altında iri bir dairə çızdı.
– Burdan qazın, – dedi.
Məcid kişi qollu-budaqlı tut ağacının təpəsinə baxdı, yoğun gövdəsinə baxdı.
– Olmaz, – dedi. – Ağacın barı töküləcək quyunun içinə.
Məcid ağacın tuşundan başlayıb günçıxana tərəf iyirmi addım ölçdü.
– Quyunun yeri buradı, – dedi. – Quyu gərək açıqlıqda olsun.
– Nə deyirəm, əşi. – Piri cibindən bir göy iyirmibeşlik çıxardıb Məcid kişinin ovcuna basdı. – Xeyirli olsun. Bunu sədr göndərib. Siftədi...
– A bala, qaytar bu pulu sədrə. Nə siftəbazlıqdı?
– Elimizin adətidi, Məcid dayı. Bir işə başlayanda ev yiyəsi ustaya gərək xeyirlik versin.
Məcid kişi başını bulaya-bulaya pulu cibinə qoydu.
– Düzəlmişdi hər yarağım, qalmışdı saqqal darağım. Elin hansı adətini saxlamışıq ki, bunu da saxlayaq... Bəs sədr özü hardadı?
– Sədrin günü-diriliyi var? Tülküdurmazdan çölə aparmışam onu. – Piri evin kəlləsində qab-qacaq yuyan Güləndama nəzər saldı. – Bəlkə sədr günorta yeməyinə də gəlmədi.
Bayaqdan bəri tut ağacının dibində səssiz-səmirsiz dayanmış Umud təzəcə qızaran üfüqə baxdı.
– Dədə, gün çıxır ha, isti düşəcək.
– Səbr elə, halva bişər, ey qora səndən. – Məcid kişi ovcuna tüpürüb belin sapından yapışdı.
Belin ağzı saralmış çayırları xırpıltı ilə kəsə-kəsə yekə bir dairə cızdı. Elə bil dairəni kağızın üstündə pərgarla cızmışdılar. Umud atasının quyu qazdığını heç vaxt görməmişdi. Ona hərdən “kənkan Məcidin oğlu” deyirdilər və Umud düşünürdü ki, kənkanlıq peşə deyil, kim əlinə bel götürsə, quyu qaza bilər. İndi Məcidin bel tutmağından, dairə boyu gəzişə-gəzişə beli eyni xəttə tez-tez vurmağından Umud başa düşdü ki, kənkanlıq hər adamın xörəyi deyil.
Məcid kişi xırda gözlərini qıyıb tər-təmiz səmaya baxdı.
– Allah, Məhəmməd, ya Əli, – deyib birinci təpkeşi qazmağa başladı.
Belin ağzı torpağa yeridikcə Məcid kişinin çəhrayıya çalan boynundakı yoğun damarlar qabarırdı. Bu göyümtül damarlara baxanda Umud dünən gecə sədrin dediyi sözləri xatırladı: “...torpağın damarını tanıyırsan”. Umud fikirləşdi ki, atası qaza-qaza yerin altındakı damarı tapacaq. Torpağın damarını partladacaq və bu damar quyunu mət kişi şipşirin, gözyaşı kimi dupduru su ilə dolduracaq.
Piri eyvana qalxmışdı, sinəsini məhəccərə söykəyib Məcid kişiyə tamaşa eləyirdi. Əsli səhərdən görünmürdü, deyəsən, hələ yuxudan durmamışdı. Həyətdə səs-səmir yox idi. Təkcə Güləndamın qab-qacaqları dınqıldayırdı.
Qara tula marığa yatmış kimi qarnı üstə uzanıb çənəsini yerə dirəmişdi. Pıçalıqlı ölgün gözlərini döyə-döyə mürgü vururdu. Tula keçəlləşmişdi: adda-budda yerlərdə belinin tükü tökülmüşdü. Qapqara ağzı-burnu qaloş üzü kimi işıldayırdı. Sallaq qulaqlarına qonan yaşıl milçəkləri qovmağa heç kəslə, heç nəylə işi yox idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-quyu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Стихи других поэтов
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost