Страница 3 из 3 · 67%

Mələk şam kimi ərisə də, dərdini heç kəsə açmırdı. Bir də bu qərib kənddə onun dərdini söyləyəsi bir adamı da yox idi. Mələk sirrini çölə salmamaq üçün qonum-qonşuya belə getmirdi. Tez-tez eyvanda dayanıb yuxanlara, dolama yolların uzanıb getdiyi təpələrin o üzündəki dağ ətəyində güclə görünən kəndlərinə baxırdı. "İndi yəqin ki, oraların otu hələ solmayıb. Çiçəklər də yazın əvvəlindəki kimi tərtəzədir. Bulaqların suyu görəsən yenə sərindirmi? Yenə qayaların arasından sızdıqca şırıldayırmı? Ah, Allahın altında bircə günlüyə qanadlı quş olaydım, uça-uça gedib bacamızdan içəri düşəydim, əmimə, evimizə doyunca baxaydım, sonra da bulaq başına qaçaydım. Otların üstünə sərilib, göydəki buludların dağların başına necə qonduğuna baxaydım. Çiçəklərimizin, kəkotumuzun iyindən ötəri burnumun ucu göynəyir. Görəsən məni heç yada salan varmı? Suya gələn qızlardan, atını sulayan oğlanlardan məni anan olurmu? Yoxsa yaddan çıxmışam?" - dey düşünür, örpəyinin ucu ilə dolmuş gozlərini silirdi. O, bir an belə kəndlərini, döşlərdə mal otaran uşaqları, atını çapıb çəmənliklərdə gəzən oğlanları unuda bilmirdi. Tez-tez yarpızlı dərələr, dolama cığırlar yuxusuna girirdi. Onu qınayan olmasaydı, ya piyada, ya da yuxarı gedən arabaların biri ilə evlərinə qayıdardı. O, hiss edirdi ki, burada, Allahyanı evdə qəfəsə salınmış quş kimi yaşayır. Əri o yana dursun, qayınanası da ona göz verib, işıq vermir. Ancaq hələlik səbr edir, bütün bu işlərin sonuna çatmaq istəyirdi. Bərk ayaqda əmisinə sifariş edib yanına çağırmağı və dərdini ona açmağı qərara almışdı. Əgər o, Mələyi eşitməsə onda...

Mələk axır vaxtlar tez-tez Kürün sahilinə çıxır, əlini gözünün üstünə qoyub çiləkənlərə, yarğanların dibindəki burulğanlara, lap aşağılarda suların birləşdiyi yerdəki qayalıqlara baxırdı. O, cana doysa da, hələ qəti qərara gələ bilmirdi.

Bax elə bu vaxtlar Cahandar ağa peydə oldu və ley cücə götürən kimi, onu caynağına alıb birbaş evinə gətirdi.

Gecədən xeyli keçmiş kəndin aşağısında itlər hürüşdü. Ucqardakı qara damdan kiminsə səksəkəli səsi eşidildi.

– Ayə, a adam, kimsən?

Şamxal Çərkəzə cavab vermədi. Yavaş-yavaş evə yaxınlaşdı. Qara damın qabağındakı çardağın dirəyini özünə dalda edən Çərkəz qaraltının kim olduğunu bilənə qədər əlini tüfəngin tətiyindən çəkmədi. Şamxal çaxmaq şaqqıltısını eşidib dinləndi:

– Ə, mənəm, nə səs-küy salıbsan?

Çərkəz gözlədi. Qaraltı ona yaxınlaşandan sonra dirəyin halından çıxdı:

– Ə, xeyir ola, gecə vaxtı qəbirdən xortdamış kimi bardan gəlirsən?

Şamxal həmyaşıdı Çərkəzin xasiyyətinə bələd idi. O, yeri oldu olmadı, həmişə zarafat edib adamlara sataşmağı sevərdi. Şamxal da dil altında qalan deyildi. Ancaq bu dəfə ona cavab verməyə həvəsi yox idi. Çərkəz hələ də çaxmağın dabanını endirməmişdi. Bunu görən Şamxal sakit dayana bilmədi:

– Ə, düşmənli adamlar kimi tüfəngi niyə hazır tutubsan?

– Nə çoxdu anasının əmcəyini kəsənlər. Ehtiyatlı oğulun anası ağlamaz.

Onlar sakitcə içəri keçdilər. Dirəkdən asılmış qara çıraq qazma damın divarlarını güclə işıqlandırırdı. İçəri his dolmuşdu. Orta bacanın altındakı ocaq yerində iri bir kötük yanırdı. Qorun altında qara aftafa vardı. Çırağın hisindən kərənlər qapqara olmuşdu. Divarın torpağı quzulayıb tökülürdü. Küncə-bucağa dolmuş qarafatmaların qəmli cırıltıları çöldəki böcəklərin səsinə qarışmışdı. Hisli çırağın başına dolanan pərvanələrin iri kölgələri gah divarda sürünür, gah da torpaq döşəməyə sərilirdi.

Bu qərib sükutdan Şamxal elə bil vahimələndi, gözucu mitil yorğan-döşəkdə yatana baxdı. Güləsər yumaq kimi büzüşüb yuxuya getmiş, uzun hörükləri sürüşüb torpağa düşmüşdü. Nəfəs aldıqca sinəsi mitil yorğanı titrədirdi. Onun nazik burun pərələri səyriyir, yarımaçıq dodaqları arasından dişləri parıldayırdı. Şirin yatan qızın mışıltısı evə yayılmışdı.

Damın küncündə, arakəsmənin o üzündə inək oxrandı. Sonra da şırıltı və şıppıltı səsi gəldi. Evi kəsif miz iyi bürüdü. Çərkəz küncə sarı gedib donquldandı:

– Damazlığı kəsilmiş elə bil buranı gözləyir. İçəri girən kimi aləmi murdarlayır.

Şamxal həm mal damı, həm də ev olan qazmada darıxdı. Çərkəz bunu duydu.

– Gəlsənə eşiyə çıxaq, elə çardağın üstündə yer salıb uzanarıq.

– Heç nə hazıra deyil. - Şamxal vaxtsız gəlməyinə bir bəhanə tapmaq məqsədi ilə əlavə etdi: - Balıq tutmağa gedəcəksənmi?

– Gedəcəyəm. Necə məgər?

– Mən də gedəcəyəm.

– Hələ tezdir, qoy ay doğsun. Həm axşamdan atdığım qarmaqları yoxlarıq, həm də təzə qarmaq atarıq.

– Yaxşı, qoy sən deyən olsun.

– Ay qız, ay Güləsər, dur çardağın üstünə palaz sal.

– Ə, qızı niyə oyadırsan?

Güləsər durub yerində oturdu. Gözlərini ovuşdurub gərnəşdi. Onun hələ də yuxulu olduğunu görən Çərkəz yenidən dilləndi:

– Tez ol, eşikdə gözləyirik.

Yalnız indicə evdə yad adam olduğunu bilən Güləsər qızarıb yorğanını başına çəkdi. Onlar eşiyə çıxan kimi ayağa durub donunu əyninə keçirdi. Küncdəki boz kilimi və döşəyi götürdü. Çardağın üstündə onlara yer düzəltdi. Sonra da kənara çəkilib sakitcə dayandı. Çərkəz bacısının "daha mənimlə işin yoxdur ki?" demək istədiyini anladı.

– Get, gör yeməyə bir şey taparsanmı, acından ürəyim doğranır.

Yəqin Şamxal da mənə yoldaşlıq edəcək.

– Çox sağ ol, toxam.

– Yaxşı, yemir-yeməsin, sən mənə bir şey tap gətir. Qaşığı da İki elə. Bəlkə sonradan iştaha gəldi.

Çərkəz Cahandar ağagildə olan hadisəni bilsə də, üzə vurmadı. O özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur.

Güləsər yalın ayaqlarını şappıldada-şappıldada çardaqdan endi. Evə keçib iri bir mis camı qatıqla doldurdu. Təzəcə bişirdiyi arpa fətirinin üç-dördünü büküb camı ağzına qoydu. Cəld damın üstünə çıxdı. Çərkəz camı qabağına çəkdi:

– Di get yat, gör sənin toyunda qardaşın nə qiyamət eləyəcək!

Güləsər yeniyetmə kənd qızlarına xas olan bir qəmzə ila boynunu bükdü və dinməz-söyləməz çardaqdan endi.

Çərkəz arpa çörəyini ovcunda ovxalayıb qalığın içinə tökdü. Ağac qaşıqla qarışdırıb doğramac etdi. Bir qaşıq götürüb ağzına aldı. Ləzzətlə damağını şaqqıldadıb başını buladı.

– Qatıq deyil ki, baldır, bal, şəkərə təpik atır. Adamın beyninə işləyir. Bir qaşığı əlinə götür, gör nə dadıyır.

O, camı irəli itələdi. Şamxal könülsüzcəsinə qaşığı götürdü... Bir azdan çərkəz mitil yorğanı başına çəkdi.

– Yaxşı, mən yatdım. Gecə keçir. Sən də uzan. Ay doğanda gedərik.

O, yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi, arxası üstə uzanaraq əllərini başının altında daraqladı.

Göyün üzü tərtəmiz idi. Ulduzlar titrəşirdi. Karvan yolu haçalanıb göy qübbəsində göz işlədikcə uzanırdı. Kənd yuxuda idi. Cələdəki çaqqalların vaqqıltısı, tənbəl-tənbəl hürən itlərin yuxulu səsi, bir də Kürün qıjıltısı bir-birinə qarışmışdı. Şamxal gözünü səmadakı ulduz-lara dikmişdi. Yata bilmirdi. Elə bil yuxusu ərşə çəkilmişdi.

O, bir daha evə qayıtmayacağını qərara alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. Birdəfəlik kənddən çıxıb getsə necə olar? Bəlkə, dayısıgilə getsin? Görəsən onlar bu işə necə baxarlar? Bəlkə, "Kişi də anasını, bacısını atıb gələrmi?" - deyib onu danlayacaqlar. Doğrudan da, ora getmək olardımı? "Atamın bu işindən sonra kim mənim üzümə baxar? Bir də, qoltuqda yaşamaq heç kişilikdən deyil. Dayım da olsa, minnətnən çörək yemərəm. Heç kəsə yalvaran deyiləm. Özümə bir daxma düzəldəcəyəm. Kənddəki qızlardan birini də gətirib qoyacağam evə. Atamın acığına cah-cəlafla da toy edəcəyəm. Bəs xərc-xəracat?"

Şamxal durub yerində oturdu. Cibindən gümüş tütünqabını çıxardıb papiros eşdi. Yanıqlı-yanıqlı sümürüb tüstülətdi. Yenə fikir onu götürdü. "Atamın mal-dövlətində mənim də payım var. İlxıdan at, naxırdan mal ayırıb gətirəcəyəm. Görüm qabağımda necə durur?! Bəlkə birdən atam razı olmadı? "Hələ ölməmişəm ki, malımı-dövlətimi dağıdırsan?" - deyə qabağıma çıxdı, onda necə olsun? Doğrudan da, mal-dövlətin hamısı onun idi. Mən ki, hələ bir iş görməmişəm? Bir də ki, Əşrəfdə var idi".

Qardaşı yadına düşəndə Şamxalın həm ürəyi kövrəldi, həm də qəzəbi artdı. O, Əşrəfi çox istəyirdi. Əşrəf, necə deyərlər, canlara dəyən oğlan idi. Amma atasının iki qardaşın arasında ayrı-seçkilik saldığını xatırlayanda tutuldu. Atası burada da insafsızlıq etmişdi. Əşrəfi keçən il Qori müəllimlər seminariyasına oxumağa göndərmiş, Şamxalı isə yanında saxlamışdı. "Evimizdən biri oxusa bəsdir, - demişdi, - sən qal. Bu cah-cəlal kimindir? Qardaşın məktəbi qurtarandan sonra Allah bilir hara çıxıb gedəcək. Mənə sən qalacaqsan".

– İndi də belə. "Yox, atam da olsa, boyun əyməyəcəm. Onun bir çöpü də mənə lazım deyil. Təzədən onun qapısına getsəm, üzümə vurmasa da, ürəyində "Urvan məndən olmasa, kündən küt düşər" -deyəcək. Heç nə lazım deyil, heç atamın seçdiyi qızlara da yaxın getməyəcəm. Kimi ürəyim istəyir, onu da alacağam. Nə çoxdur kəndimizdə gözəl-göyçək qızlar. Elə biri Çərkəzin bacısı Güləsər. Kimdən pisdir? Nə olar atası gəmiçi olanda? Özünün də deyəsən mənə meyli var".

Şamxal papirosunu sümürüb çardağın üstündən yerə atdı. Közərən papiros havanı cızıb otluğun arasında xeyli qızardı. İri bir ağcaqanad vızıldayıb Şamxalın başına dolandı. Qulağının dibindən sancıb uzaqlaşdı. Şamxal bayaqdan bəri onu yoran dolaşıq fikirlərdən yaxasını qurtarmaq üçün yorğanı başına çəkdi. Ancaq yenə sakit ola bilmədi. Bir yandan da bədəninə daraşan birələr onu qor kimi daladı. Yata bilməyəcəyini görən Şamxal yorğam kənara atıb oturdu. Hardasa xoruz banladı. Aşağıdakı təpələrin arxasından çıxan ay yuvarlana-yuvarlana yuxarı qalxdı. Kəndin üstünə solğun bir işıq çiləndi. Kürün şaxalənmiş suları parıldadı. Gecə böcəkləri səs-səsə verib ötür, çəmənlikdəki yaşıl qurbağalar quruldaşırdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

III fəsil, 1

Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

19954 мин
III fəsil, 2

Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.

19953 мин
III fəsil, 3

Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.

199515 мин
III fəsil, 4

Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

19954 мин

Стихи других поэтов