Qırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı.

Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?!

Axırıncı inqilabdan sonra əl quyuları bilmərrə nəzərdən düşdülər, ta ki keçən il mayın 21-də ancaq izn verildi ki, neft quyuları işə düşsünlər, amma bu şərt ilə ki, o quyulardan çıxan neft tamamən neft idarəsinə qiymət olunub təhvil verilsin.

Amma söhbət burasındadır ki, may ayında əl quyularından çıxıb təhvilə verilən neft pulunu Azneft idarəsi oktyabr ayında verdi. Söz yox, belə olanda quyu sahibləri zəhmətə düşüb ziyan çəkəcəklər, çünki quyudan neft çəkməyin, əlbəttə, özünə görə xərcləri var ki, gərək vaxtı-vaxtında verilə.

Amma hələ bu səhvdir. Şubanıda, Balaxanıda, Binəqədidə çox-çox əl quyuları var ki, hələ bunlara indiyə kimi izn verilmir işə düşsünlər. Nədir bunun səbəbi? Hökumətə bu əl quyuları heç lazım deyil, amma sahibləri də vaxtında bu quyulara hədsiz xərclər qoyublar. Bəs, bunun mənası nədir?

“Yeni yol”, 30 dekabr 1922, №15

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира