Bacı-qardaş
Страница 2 из 2 · 50%
Demək olmaz. Ehtiyac insanı nəyə desən məcbur eləyər: şair yaxşı deyib:
On ki gərdəd şirra rubəh məvac,
Ehtiyac əst, ehtiyac əst, ehtiyac!
Aslanı tülküyə döndərən ehtiyac, belə bir gözəl, ismətli qızı mənim kimi naşı bir kəndli gəncin yanma düşüb getməyə məcbur edər. Burada təəccüblü bir şey yoxdur.
Dünyanın işi belədir...
Bu fikirlər məni sevindirmir, fərəhləndirmir, əksinə, kədərləndirir, düşündürür, daha da ciddi məsuliyyətə, insanlığa çağırırdı. Qət etmişdim ki, bu qızın nəyə ehtiyacı olsa, kömək etməliyəm! Lap neçə tutsa, bunun naharma əsirgəməməliyəm, bəlkə mağazadan istədiyi ətir və başqa şeylər də almalıyam?!
Onu da gizlətmirəm ki, belə hallarda oxucularımın xəyalına gələnlər mənim də fikrimdən keçməmiş deyildi. Belə cavan, gözəl qız ilə gəz mək, kəlmə kəsmək, söhbət eləmək mənə nə qədər xoş idi. Ancaq əvvəl dediklərim də mənim zehnimdə, vicdanımdan gələn bir səs kimi qızğın hisslərimi cilovlayırdı. Mən indi, hər şeydən əvvəl, etibar edilən bir müəllim idim, xalq müəllimi! Ehtiyac, məcburiyyət qarşısında qalan bir qızın fəlakətindən istifadə etmək, onu təklifə çəkmək, hətta adi, sıravi bir insan üçün nə qədər çirkinlik, alçaqlıq olar. Handa qalmış müəllim! Məndə bir yəqinlik hasil olub ki, bu qız məni təmiz, nəcib adam hesab eləyib, müəllim olduğuma inanıb, ona görə də dərdini deməyi qət edib. Bu məqamda mən də insanlıq etməli, bunun zənnini doğrultmalıyam. Adıma layiq olmalıyam.
Burada da bir xalq məsəli yadıma düşür: yoldan ötən atlının şikəst, zarıltılı bir naxoşa rəhmi gəlir. Naxoş xahiş edir ki, atlı onu götürsün. Atlı düşüb naxoşu mindirmək istəyəndə naxoş cəld atın üstünə qalxır, cilovu boşaldır, at sahibini yerdə qoyub çapır. At sahibi arxadan baxa-baxa qalır.
– Ay namərd, mən bir atımın dərdini çəkmirəm. Onun dərdini çəkirəm ki, bir də şikəstlərə, yazıqlara inanan, kömək eləyən olmayacaq. Sən bir atı yox, yüzlərlə adamın inamını apardın!
Bu sözlər, sanki, qeybdən mənə deyilirdi. Mülkədarın, mollanın əlindən xilas olub təzəcə çadrasını açan, ilk gün işığı görən məsum bir azəri qızı ümid edib salam-kalam elədiyi bir gəncdən çirkin bir hərəkət, vəhşi rəftar görsə, nə qədər məyus olar və bizim gənclərimiz haqqında nə rəylər əmələ gələr. Maarif aləmində rüsvayçılıq olmazmı?
Mədəniyyət nədir, insanlıq nədir?
İnsanın heyvandan birinci fərqi onun vəhşi, heyvani hissləri cilov-layıb müqəddəs məqsədlərə tabe etməyi bacarmasından ibarət deyilmi?!
Xidmətçi gəldi, sifariş verməyi qızdan xahiş elədim. Leyla rədd edib dedi:
– Ürəyiniz nə istəyir gətirdin, mən bir stəkan kofe içəcəyəm!
– Leyla xanım!..
İlk tanışlıqda qız adımı soruşanda, mən də soruşmuşdum. Amma o təkrar etmədiyi üçün, mən də dilimə gətirmirdim.
Burada, qarşı-qarşıya əyləşib nahar eləmək mənzərəsi yarananda, deyəsən, mənə bir cəsarət gəldi. Səmimiyyətlə müraciət elədim.
– Leyla xanım, nə kofe? Kofe nədir, nahar vaxtıdır, kababdan, plovdan xətrin nə istəyir?
– Siz istədiyinizi sifariş eləyin, mən evdən indicə çıxıram, aclığım yoxdur! Narahat olmayın!
– Heç olmasa, mənə yoldaşlıq eləyin.
– Yoldaşlıq eləyəcəyəm.
Mən Leylanın etirazına baxmadım, ikimizə də plov sifariş elədim. Xidmətçi stolumuzu təzə sahmana salıb boşqab düzürdü ki, qonşuluğumuzda əyləşənlərdən biri 30-35 yaşlı qarayanız bir kişi qalxıb bizə tərəf gəldi, ədəb-ərkanla salam verib mənə müraciət elədi.
– Qardaşoğlu, bağışlayın, siz bu qız ilə çoxdanmı tanışsınız?
Mən bu kişinin sualından şübhələndim. Ya bu keflidir, ya da Leyla haqqında deyəcək bir sözü var:
– Bağışlayın, nəyə görə soruşursunuz?
– Nə olar, soruşuram, elə-belə!
– Yaxşı eləmirsiniz, soruşursunuz, iki dostun, yoldaşın arasına girmək, özü də ictimai bir məclisdə, belə yerdə mədəni hərəkət sayılmasın gərək.
Qara kişi qızardı:
– Açığını deyim, qardaşoğlu, sizin dost dediyiniz qız mənim adamımdır!
Elə bil, mən ayıldım, qarşımda başqa bir mənzərə canlandı. Mənə aydın idi ki, qara kişi Leylanın əri, ya nişanlısıdır. Qızı evdə qoyub başqa qadınlara qoşulub, yəqin ki, Leyla da ondan intiqam almaq qəsdindədir.
– Allah başacan eləsin, mənim heç etirazım yoxdur, buyurun əyləşin.
Stul çəkdim. Qara kişi istəmədi!
– Yox, əyləşəsi təhərim yoxdur. Mən sizin buradan getməyinizi xahiş edəcəyəm!
– Nəyə görə bu sözü deyirsiniz? Bəlkə məndən bir qəbahət baş verib?
Qara kişi məni mülayim görüb səsini ucaltdı:
– Xahiş edirəm, siz buradan gedəsiniz, stolun da xərci mənim boy numa!
Hirs vurdu başıma:
– Getmək lazımdırsa, siz buyuracaqsınız. Çünki, mən buraya çağırılmışam.
Qara kişi dediyində israr elədi:
– Bu saat çıxın buradan, yoxsa sizin üçün pis olar.
– Siz məni qorxutmaq istəyirsiniz?
– Çıxmasanız, bax, xata baş verər.
Qara kişi əlini cibinə saldı, yəqin ki, bıçaq çıxarmaq istəyirdi. Mən dik ayağa qalxdım, belimdəki tapançanı çıxarıb ayağa çəkdim:
– Çəkilin buradan, yoxsa vuracağam!
Qara kişi tapançanı görüb saraldı, geri döndü, yanındakılar da onu çəkib apardılar, məndən üzr istədilər. Araya soyuq bir sükut çökdü. Leyla ayağa qalxıb iki əli ilə mənim başımı tutdu, öpmək istədi. Başıma tərəf əyildi, ancaq öpmədi:
– Çox sağ ol, - dedi, - mən sizi ancaq belə, cəsur bir igid bilib ürək sirrimi demişəm. Xoşdur ki, yanılmamışam. Var ol!
Hərçənd, həyəcanlanmışdım, pozulmuşdum, iştahım küsmüşdü. Ancaq xörəyi son tikəsinəcən yeməli oldum. Leyla da mənə baxıb plo-vu yedi. Daha başqa sifarişlər vermək istəyəndə Leyla mane oldu:
– Gedək, - dedi, - axşama düşür.
Mən əlimi cibimə atanda Leyla qolumdan tutdu:
– Siz mənim qonağımsınız.
– Nə danışırsan, qız!
– Yoxsa inciyərəm.
Nə illah elədim, Leyla qoymadı. Xörəyin pulunu özü verdi, restorandan çıxdıq.
Mən Leylanı evlərinə yola salmalı idim. "Anamgilə gedəcəyəm",
– deyib istiqaməti dəyişdi. Biz Çkalov küçəsindən (o zaman bağ küçəsi adlanırdı) yuxarı diklənib Çəmbərəkənd tərəfə getdik.
Leyla evlərinə çatanda dayanıb təklif elədi:
– Gedək bizə.
– Çox sağ ol, qayıtmalıyam.
– Rica edirəm, bağışlayasınız, sizə çox zəhmət verdim.
– Mən nigaranam.
– Nədən?
– Sizin ərinizlə ixtilafınızdan nigaranam.
– Narahat olmayın. Onun öhdəsindən gələrəm. Siz çox sağ olun ki, mənim ümidimi qırmadınız. Dadıma çatdınız.
– Bəlkə köməklik lazımdır?
– Yox, onun öhdəsindən gəlməyi bacararam.
– Mən bu tanışlıqdan çox məmnunam. Məmnunam ki, qızlarımız köhnə dünya ilə mübarizə üçün silahlanırlar.
– Mən də sevinirəm ki, həqiqi bir gənclə dost oldum.
– Leyla xanım, mən bugündən sizin doğma qardaşınız oluram. Mənə əyandır ki, siz müəyyən çətinliklərə məruz qalırsınız. Hər dəqiqə varam, mənə bir qardaş kimi hər zaman müraciət edə bilərsiniz, bacardığımı əsirgəmərəm.
Bunu deyib ünvanımı yazıb Leylanın sumkasına qoydum. Leyla çox razılıq edib məndən ayrıldı.
Leyla gedəndən sonra mən öz hərəkətlərimi bir-bir təkrar düşünməyə, mühakimə etməyə başladım. Leylanın yanında xəcalətli qalnıa-mağıma ürəkdən şad idim. Ancaq nahar xərcini gərək mən verəydim. Leylanı sındırmaq istəmədim. Xəyalımda qoydum ki, bu tanışlıq başlanğıcdır. Pul xərcləməli yerlər olacaq və mən, əminəm ki, Leylaya borclu qalmayacağam.
Leylagilin qapısına getməyə utanırdım. Heç yerdə də ona təsadüf etmirdim.
Bu hadisədən, yalan olmasın, altı-yeddi ay keçmişdi, bəlkə də çox. Müəllimlər qurultayına gəlmişdim. Üç nömrəli tramvayda oturub maarif evinə gedirdim, dayanacaqda sürücünün kabinədən çıxıb düz mənə tərəf gəldiyini gördüm. Qolları çirməkli, ucaboy bir qadın əlini mənə uzadıb görüşmək istədi:
– Xoş gördük, yalançı qardaş!
Leyla bir heykəl kimi qabağımda dayanmışdı. Mən özümü itirdim, onun əlini sıxıb yanınıda yer göstərmək istədim. O, qolumdan tutub kabinəyə apardı.
– Haçandan buradasınız?
– Üç gündür.
– Siz necəsiniz, çoxdanmı burada işləyirsiniz?
– Təzəliklə. Zəhləm getmişdən ayrılmışam. Axşam bizə gəlin, söhbət eləyək.
Mən vədə verdim və getdim. Leylanın anası hörmətcil, xanım-xatın arvad idi. Qızının taleyindən, indiki bəzi müsəlman cavanların axmaqlığından, qudurqanlığından xeyli gileyləndi və Şura hökumətinə xeyir-dua verdi ki, qadınları bunlardan yaxşı qoruyur.
– Anacan, indi qızlarımız öz taleyinin sahibidir.
– Allah başacan eləsin, oğul, "Sevil" teatrına beş kərə baxmışam. Leyla da lap elə bir qızdır, namərdə baş əyən deyil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-baci-qardas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.
Mənim utancaq tələbəm– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.
Qanadlı qızlarDünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.
Ad günüDeyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.