Gülbəsləyən qız
Bağ-bağat içində, güllük əhatəsində tikilmiş ağ daş binanın ikinci mərtəbəsində geniş bir eyvanda istirahətdə idim. Həkimlər əsəb sakitliyi üçün buranı münasib bilib mənə məsləhət görmüşdülər.
Hər səhər tezdən eşitdiyim ilk və ən munis musiqi suyun şırıltısı idi. Bu səs gah leysanı andırır, gah da seyrəlib xışıltıya dönür, sonra da kəsilirdi. Təbiətin sədasını eşitmək - suyun, küləyin, yağışın səsini dinləmək nədənsə həmişə mənə xoş idi. Çünki bu səslər məni boğulub təngə gəldiyim düşüncələrdən, intizar və çətinliklərdən xilas edir, anamız təbiətin qoynuna çıxarır.
Dediyim kimi, səhər tezdən eşitdiyim ilk musiqi suyun şırıltısı idi. Dərhal yatağımdan qalxıb bayıra çıxır, rəngdən-rəngə, ahəngdən-ahəngə düşən, gah enən, gah qalxan bir təbii simfoniyanı dinləmək, haradan gəldiyinə tamaşa etmək istəyirdim.
Görürdüm ki, ayağı yalın, qolu dirsəyə qədər çirməkli, başı ağ ləçəkli bir qız əlində rezin şlanq gül kərdilərini sulayır. Gah da susəpəni götürüb güllərin yarpaqlarını ehtiyatla yuyur, güllər isə sərin bahar su yunu içdikcə sanki quş kimi göyə baxır, səmaya qalxmaq istəyir. Mən ürəyimdə deyirdim:
– Ay təbiətin gözəl məxluqu, niyə səmaya baxırsınız?! Sizə su və həyat verən göydə deyil, yerdə, yanınızdadır. Yanınızdakı gözəl qıza baxın. Səf-səf düzülün, budaqlarınızı onun qarşısında hörmətlə əyin - ətrinizi onun gənc və sağlam vücuduna səxavətlə səpin. Onun kimi sizin yolunuzda zəhmət çəkən, şirin səhər yuxusuna haram qatan, ana kimi hər gün sizi yemləyən, qayğınıza qalan kimdir, kim ola bilər?..
Gün əyiləndən, kölgələr sallanandan sonra yük maşını qapıda dayanır, əlisəbətli adamlar ləklərə daraşır, gülləri dərib toya, təvəllüdə, məclislərə, pişvazlar, təbriklər yerinə aparırlar. Bunlardan heç kəs gül-bəsləyən qızı soruşmur, yoxlamır, bəlkə də tanımırlar. Qız da bunlara məna vermir, öz vəzifəsini vaxtında, ləyaqətlə ifa edir.
Bir gün özümü saxlaya bilmədim. Eyvandan düşüb gül dərənlərin yanına gəldim, salam verib xahişimi bildirdim:
– Qardaşoğlu, olarmı, mən də bu gözəl güllərdən dərib dəstə bağlayım?
Gül dərənlər hamısı bir ağızdan hörmət və ehtiramla:
– Bu nə sözdür, buyurun, hörmətli filankəs, bunlar sizin üçün, sizin səhhətiniz, əsəblərinizin sakitliyi üçün deyilmi? Nə qədər istəyirsiniz, hansından deyirsiniz, dəstə bağlayaq, siz buyurun!..
Mən, əlbəttə ki, onlara öz minnətdarlığımı bildirdim:
– Mən indi buyurmaq istəmirəm. Sabah bu güllərdən özüm dərib, özüm də əlvan dəstə bağlamaq istəyirəm.
– Çox əcəb, çox gözəl, haçan istəyirsiniz, necə istəyirsiniz, buyurun!
– Mən səhər tezdən, üfüqdən günəşin ilk şüaları işaranda gələcəyəm...
– Buyurun gəlin, gülümüz çoxdur. Səkkiz yüz qırxdan çox gül növümüz var, indi hamısının açan vaxtıdır, hansı sizin zövqünüzü oxşayır, buyurun! İşçilər də sizə kömək edərlər.
– Yox, əziz olasınız. Özümün gül dərməyə həvəsim var, özü də ləklər arasında...
– Buyurun, buyurun! Biz çox sevinirik ki, bağımızın məhsulu sizin kimi hörmətli yoldaşların diqqətinə layiq olub.
– Minnətdaram.
Sabahısı günü suyun səsini eyvandan yox, həyətdə lap yaxından eşidirdim. Gülbəsləyən qız gülləri sulayanda mən də ləkləri gəzir, gül dərirdim. Əlbəttə, hər gülü yox, xoşuma gələn gülləri dərirdim. Dərirdim, özü də çalışırdım elə budaqlar, kollardan dərim ki, ləklərin görkəmi pozulmasın. Dərdiyim güllərdən səliqə ilə, yaraşıqlı bir dəstə də bağlayır, qıyax yarpağı ilə sarımağa çalışırdım. Düzəltdiyim iri dəstədə məxməri gül, nərgiz, mixəkgülii, dağçiçəyi, xətmi, söyüd çiçəyi, nargü-lü, qızılgüldən tutmuş süsən, zanbağa, nilufərə, Çin gülünə qədər hamısından var idi. Özü də çalışırdım bu güllərin rəngi, xalçada vurulan dairəvi naxışlara oxşasın, hər halda qarmaqarışıq yox, yaraşıqlı olsun...
Gülbəsləyən qız öz işində idi. Bağ boyu uzanan, xalça döşənmiş toy məclisi kimi əlvan görünən ləkləri tez sulayıb əldən çıxarmaq, iş paltarını soyunub dərsə getmək fikrində idi.
Hər halda bu qız məni görməmiş, seçməmiş deyildi. Doğrudur, hər gün, ya günaşırı bu bağdan səbət-səbət gül dərib maşına yükləyənlər olur. Gülbəsləyən qız onların kim olduğu, gülləri hara apardıqları ilə maraqlanmır. O bilir ki, hər kəsin öz vəzifəsi, işi var.
Qızın bağa girməyimi sezmiş olduğunu ondan bildim ki, o, məni görən kimi şlanqı yerə qoyub üst-başını çırpdı, iş paltarının ətəyini bir qədər açıb uzatdı, qamətini düz tutub başı ilə salam verdi. Sonra yenə şlanqı əlinə aldı, işinə davam etdi. Qız ləklərdən gül dərdiyimi, dəstə bağladığımı da görürdü. Güman edirdi ki, mən də hər gün buradan səbət-səbət gül dərib təntənə yerlərinə aparanlardan biriyəm. Yəqin ki, bu düzəltdiyim dəstəni xarici qonaqlara, vəzifəli yoldaşlardan kiminsə hüzuruna, ya da gözəl xanımların hansına isə təqdim etməyə hazırlaşıram.
Mən onun fikrindən keçənləri ötəri və ürkək baxışlarından oxuyurdum və öz aləmimdə də deyirdim: "Yanılırsan, qızım, tamam yanılırsan! Mən sən deyənlərdən deyiləm!"
Gül dəstəsini zanbaq yarpaqları ilə dairələyəndən, bağlayıb qurtarandan, diqqətlə bir də nəzərdən keçirəndən sonra mən də gülbəsləyən qız kimi üstümü çırpdım, yavaş, mütərəddid addımlarla qıza yaxınlaşdım.
Qız əvvəl fikir vermədi. O, elə bildi ki, buradakı ləklərdən də gül dərmək istəyirəm. Balıqqulağı səpilmiş mərzlərlə ləklərə yox, düz ona yaxınlaşdığımı görəndə dayanıb mənə tərəf döndü:
– Deyəsən, dəstə bağlayırsınız?
– Bəli, dəstə bağlayıram, görüm bəyəniləcək, ya yox!
– Güllərə söz yoxdur, bizim güllük mahalda məşhurdur.
– Məşhurdur, mən istəyirəm ki, güllər əsl sahibinə təqdim olunsun.
Bunu deməyimlə dəstəni qıza təqdim etməyim bir oldu:
– Bu dəstəni sizin üçün hazırlamışam, qız!
Qız bunu görüb çaşbaş qaldı, ikrah elədiyi bir şeydən uzaqlaşmaq istəyənlər kimi, geri-geri çəkildi:
– Nə deyirsiniz, özünüzə lazım olar. Mən buna layiq deyiləm.
– Qızım, bu güllərin əsl sizə, sizin də bu güllərə ləyaqətiniz var. Torpağın dərin qatlarından bu əlvan çiçəklərin pərvəriş tapıb çıxması ancaq sizin o gənc və qüdrətli əlləriniz sayəsindədir.
Mən neçə gündür buradayam, sizin güllərə çəkdiyiniz zəhmətin və qayğının şahidiyəm. Mən görürəm ki, siz böyük səylə güllərə qulluq eləyirsiniz.
Vətənimizin hər guşəsini belə laləzara çevirmək üçün əməyini, istirahətini, gəncliyini əsirgəməyən qızlara bir ata, bir vətəndaş minnətdarlığımı bildirmək istəyirəm. Bu səmimi ifadəyə sizin öz əllərinizlə bəslədiyiniz əlvan və ətirli güllərdən əziz və layiqli hədiyyə tapmamışam. Qızım, al bu dəstəni mənim əlimdən, al!
Mən bu sözləri bir qədər həyəcanlı və həm də böyüklərin övladına etdiyi bir əmr ahəngi ilə ucadan qətiyyətlə dedim. Qız pul kimi qızardı, əlacı kəsildi. Gül dəstəsini alıb, əlində əmanət kimi saxladı. Həyadan, ismətdən göz qapaqları endi, sanki yalın ayaqlarına baxa-baxa bunu deyə bildi:
– Çox sağ olun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-gulbesleyen-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dil bilmək yaxşı şeydir. Üç dil bilsən, üç adamsan, beş dil bilsən, beş adamsan.Ataların dediyi bu hikmətli sözü, mən əvvəllər o qədər başa düşməzdim. İşə girəndən, camaat içinə çıxandan, bəzi yoldaşlarla tanış olandan, cürbəcür əhvalat eşidəndən sonra lap aydın dərk elədim. Dərk elədim ki, dil bimək yaxşı şeydir. Dilsiz iş keçmir.
Ədəb söhbətiQonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...
XəzinədarBu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.
MaşındaMaşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.
Стихи других поэтов
Ağlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…
Dayının bacıoğluya cavabıBacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.