Oğul
Страница 1 из 3
K ölgədə bitən ağacın k ölg əsi olmaz.
1
Tibb institutunu bitirənləri Səhiyyə Komissarlığına çağırmışdılar. Komissarlığın kadr şöbəsi rəisi iclası açıb, builki məzunların qarşısındakı vəzifələr haqqında sözü xalq komissarına verdi.
Komissar sədrin iclasa verdiyi rəsmi rəngi pozaraq, əvvəlcə məzunlardan xahiş etdi ki, yaxın otursunlar. Cavan həkimlər stullarını götürüb lap yaxına, otağın ortasında qoyulmuş yaşıl məxmərli stolun kənarına çəkdilər. Komissar əvvəlcə onları təbrik etdi, bir-bir adlarını çağırıb üzlərinə baxdı, bəzi suallar verdi, mülayim ifadə və mehriban bir səslə sözünə davam edib, Böyük Vətən müharibəsində sovet həkimlərinin fədakarlıqlarından, səhiyyə işinin böyük insanpərvər əhəmiyyətindən, həkimə olan ehtiyacdan, kənddə işləməyin çətinliyindən çoxlu misal və izahla danışdı.
Komissarın nitqindən sonra kadr şöbəsi rəisi təyinat əmrini oxumaq istədi. O bilirdi ki, məzunları ən çox maraqlandıran da budur. Burada danışıq da, narazılıq da, bəlkə başağrısı da olacaqdır. Əmri oxumaqdan qabaq belə bir məlumat verdi:
– Yoldaşlar, sizə oxuyacağım əmr çoxdan, hələ dövlət imtahanları başlanandan hazırlanırdı. Ehtiyac çox, kadr az! Biz çalışdıq ki, vacib olan yerlərə münasib namizədlər düşsün. Məzun yoldaşların bəziləri şəhərdə, mərkəzdə qalmaq, sənaye rayonlarına getmək istəyirlər. Amma qarşımızdakı vəzifə başqadır. Biz burada, əlbəttə ki, məzunların şəxsi xahişindən daha çox ölkənin, cəbhənin tələbini nəzərdə tuturuq.
Rəis özündən razı bir halda siyahını əlinə alıb, məzunların familiyasını, təyin olunduğu rayonu və kəndi oxudu.
Bayaq komissar Firidunun adını çağırmamışdı. Firidun güman etmişdi ki, tanıdığı üçün ötdü. İndi kadr şöbəsi rəisi də onun adını çəkmədi. Firidun ayağa qalxıb soruşdu:
– Yoldaş rəis, mənim adım çıxmadı.
Rəis əli ilə işarə edib:
– Əyləş, – dedi, – yoldaş Firidun, sən qələmdən düşməzsən, tələsmə!
Məzunlar Firidunun üzünə baxdılar, Firidun başını aşağı saldı.
Müşavirə qurtaranda, məzunlar dağılışıb gedəndə rəis Firiduna yanaşıb, yavaşca pıçıldadı:
– Sizin haqqınızda ayrı fikrimiz var. Biz istəyirik sizi ya aspiranturada, ya komissarlıqda saxlayaq.
Firidun etiraz etdi.
– Yox, yoldaş rəis, mən də yoldaşlarım kimi həkimliyə, rayona getmək istəyirəm.
Firidun görürdü ki, məktəbdə oxuduğu kimi, burada da onu atasına görə seçir, ayırır, xüsusi hörmət qoyurlar. Firidunu əsəbiləşdirən də bu idi.
Doğrudur, o, respublikanın məşhur adamlarından, xalq komissarlarından birinin oğlu idi. Bunun bəlkə də bir xoşbəxtlik olduğunu düşünürdü. Amma Firidun heç vaxt və heç yerdə atasının kölgəsinə sığınmaq istəmirdi və öz vətənində buna ehtiyac da hiss etmirdi. Atası ilə – məhz atası ilə yad ediləndə məyus olur, başını aşağı salırdı. Ona elə gəlirdi ki, ya uşaq sayıb təhqir edirlər, ya da qarşısında elə böyük bir dağ dayanmış və onun üstünə kölgə salmışdır ki, bu kölgənin soyuqluğunu həmişə üzərində hiss etməli olacaqdır. O, bu dağın kölgəsində durduqca, günəş görməyəcək. Sel suları hətta almazların, incilərin də parıltısını örtdüyü kimi, kölgələrdə onun şəxsi istedadının, səyinin, qüdrətinin görünməsinə mane olacaqdır.
Ətrafındakıların, tanış, dost və qohumların, hətta yadların da uzaqlardan bu dağın kölgəsinə gəldiyini görən gənc Firidun əksinə istiqamət alır, uzaqlaşmağa, kölgədən sərbəst aləmə çıxıb, günəş almağa, öz qüdrəti ilə böyüməyə çalışırdı. Lakin adamlar, onun bəzi tanış və yoldaşları onu həmişə bu adla çağırır, bu nəsəblə tanıyırdılar: "Narkom oğlu!"
Axırda Firidun əsəbiləşdi, onu belə çağıranlara hiddətlənib, sərt cavab verdi:
– O sözü deyən bir də məni danışdırmasın!
Firidunun bu xasiyyəti bəzilərinə qəribə gəlirdi: kimisi onu "səfil" adlandırır, kimisi, atasından küsdüyünü, ya atasının ona bərk tapşırıq verdiyini danışırdı.
Beş il sərasər məktəbdə Firidunun ehtiramını tutur, familiyasını adından qabaq çəkir, onu komissiyalara, bürolara, rəyasət heyətlərinə, komitələrə seçir, qəzetlərə gedən yazılarda imzasını qoymağı unutmurdular. Bir dəfə həmkarlar komitəsinin sədri Firiduna yanaşıb balaca kağız verdi:
– Ver, maqazindən bir cüt çəkmə alsınlar.
Firidun öz ayaqlarına baxdı:
– Bunu ehtiyacı olan tələbələrdən birinə versəniz, yaxşı olmazmı? -dedi.
Komitə sədri onun üzünə mənalı baxdı:
– Yoldaş Firidun, biz möhtacları da görürük, sizi də. Talonu hər yetənə yox, əlaçılara veririk. Komitənin qərarı belədir.
Firidun dəhlizdən keçən İmranı çağırdı və talonu ona verdi, komitə sədrinin üzünə baxıb dedi:
– İmran məndən yaxşı əlaçıdır və məndən də çox onun ehtiyacı var!
İmran talonu alıb, Firiduna: "Sağ ol!" – dedi. Komitə sədri baxa-
baxa qaldı...
Səhiyyə Komissarlığında Firidunun xasiyyətinə yaxşı bələd deyildilər. Kim bilir, bəlkə səhiyyə komissarı Firidunun təyini haqqında atasına zəng edib, məsləhət də soruşmuşdu. Bəlkə, heç soruşmamışdı, amma özü onun oğluna şəhərdə münasib bir yer, vəzifə axtarırdı.
Firidun heç kəsə bir söz deməyib, kadr şöbəsi katibinin yanına gəldi və saymazyana soruşdu:
– Bacı, mənə deyə bilərsinizmi, hansı rayonda həkim yeri var?
Katib sarışın bir rus qızı idi. Firidunun sualından anladı ki, o, rayona getmək istəyən həkimdir, özü də nabələd şəhər uşağıdır. Qız rayonların siyahısını açıb, işarə olunmuş yerləri axtarmağa və tərifləməyə başladı:
– Samuxda var, Dəstəfurda yerimiz var, Zuvand, Gədəbəy, hansını istəsəniz, gül kimi rayonlardır.
Firidun axırıncıları soruşdu:
– Gədəbəy necə olar? Uzaqlığı olmasaydı...
– Gədəbəy ən səfalı bir yerdir. Uzaq deyəndə maşın ayağının altında, nə uzaq! Zəhmət çəkin, balaca bir ərizə yazın, təyinnamənizi hazırlayaq.
Katib Firidunun cavabını eşitmək, təyin üçün əmr hazırlamaq, Gədəbəy sözünün yanına daha bir müsbət işarə qoymaq niyyətində idi. Firidun dedi:
– Yaxşı, bir düşünüm, sabah yanınıza gələrəm.
Firidun komissarlıqdan çıxan kimi, instituta gəldi. Üçaylıq yay təqaüdünü aldı. Hərbi və komsomol kitabçalarını qeyd etdirib, siyahıdan çıxdı, evə qayıtdı. Çamadanını hazırladı. Anasına xəbər verdi ki:
– Yoldaşlardan biri məni Kirovabada toya çağırıb.
Qulluqçu Firidunun təzə kostyumunu səliqə ilə qatladı. İki dəst alt paltarı, iki dəst üst köynəyi, qalstuk, cib dəsmalları, corab-filan hazırlayıb qoydu. Çamadanı da çexola salıb düymələdi.
Gədəbəy səhiyyə şöbəsi müdiri çopur, yaşı az olsa da, saçma dən düşmüş, çəyirdəyə oxşayan balaca gözləri ilə altdan yuxarı baxan, bəl kə də çox bildiyi üçün az danışan, Sərvərov deyilən bir oğlan idi. Firidunun gəlişinə çox sevindi, lakin sevincini büruzə vermədi. Əvvəl onun vəsiqələrinə baxdı, sonra guya komissarlıqdan təyinnamə gətirmədiyi üçün qəbul etməyə çətinlik çəkdiyini bildirdi.
Firidun təyinnamə ala biləcəyini deyəndə Sərvərov etimad edirmiş kimi, başını tərpətdi:
– Nə eybi var, – dedi, – onu özümüz də yazıb rəsmiyyətə salarıq. Var, yerimiz var! Qumlu kənd məntəqəsi boşdur. Oranın həkimini orduya aparıblar.
Firidun soruşdu:
– Qumlu ha tərəfdədir?
Sərvərov onu pəncərəyə çəkdi:
– Budur, iki addım yoldur, təpəni ötürsən, Qumludur. Camaatı mehriban, havası dağ havası! – dedi.
Firidun:
– Çox yaxşı, verin! – dedi. – Hara məsləhət bilirsiniz, əmr verin, gedək!
Sərvərov tez stol yeşiyindən kağız çıxarıb, əmr qaraladı, özü aparıb makinaçıya verdi:
– Təcilidir, tez ol!
Firidun pəncərədən eşiyə, iki dağ arasında düşmüş, balaca, gözəl mis şəhərinə tamaşa edirdi. Otağa dolan təmiz hava sərinlikdən başqa seçilməsi çətin olan xoş bir ətir gətirirdi. Günəş batırdı. Binaların, zavod bacalarının kölgəsi tənha səyyahlar kimi dağların zirvəsinə dırmaşmaqda idi. Dərənin o tayındakı alçaq, mehriban dostlar kimi bir-birinə sığınan dağlar meşəliklərlə örtülmüşdü. Şəhərdən ayrılan əyri-üyrü cığırlar meşələrə qalxdıqca, nazilir, nəhayət, yarpaqlar arasında boz bir sap kimi görünməz olurdu. Sıx, qara meşənin içində yarpağı saralmış, budaqları yarımçılpaq hala düşmüş tək-tək ağaclar payızdan xəbər verirdi. Bəzən gur yerlərdən boy atıb çox ucalmış, günəşə yaxın olduğu üçün bahar təravətini hələ də saxlamış şamlar, qarağaclar, çinarlar qocaman meşənin sahibi – qarovulu kimi, məğrur-məğrur üfüqlərə baxırdı. Quşlar nədənsə bu ağaclardan ötür, meşəlikdə görünməz olur, yenə də oradan qalxıb ayaz göyləri ölçürdülər. Firidun belə bir mənzərəli, səfalı, həm də sakit yerə gəldiyindən ürəyində fərəh duyurdu.
Sərvərov əmri gətirib imzaladı, Firiduna verib, əlini sıxdı:
– Müvəffəqiyyət arzu edirəm.
– Sağ olun. Piyada gedə bilərəmmi?
– Əlbəttə, gedə bilərsiniz. Uzaq deyil, sovet sədrinin yanına gedin, mənzil-filan düzəldəcək.
Firidun çamadanı götürüb, yoluna düzəldi.
Gədəbəydən Qumlu kəndini balaca, doğrudan da qumlu, çılpaq bir təpə ayırırdı. Təpəni ötəndə dərələrə, dağların ətəyinə qədər yayılmış alçaq damlı, açıq, böyük bir kənd göründü.
Firidun çiynində güyiim suya gedən qızlardan kənd sovetini soruşdu. Onlar kəndin ortasına tərəf gedən dar və daşlı bir küçəni göstərdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-ogul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Taq-taq-taq...Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.
Müdafiə vəkiliKeçmişdə məktəbli cavanlar arasında bu sözlər çox eşidilirdi: eşq, məhəbbət, hicran, gülü-xəndan, bülbüli-nadan... Çünki onda cavanlar oxuyub qurtaranda evlənməyi, daha doğrusu, aşiq-məşuq münasibətlərini çox düşünürdülər. İndi isə məktəbdə, kitabxanada, institutda, kabinetdə belə sözlər eşidilir:Tema, opponent, elmi rəhbər, referat, dissertasiya, annotasiya...
O yana baxanMənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:
Pillələr(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.
Стихи других поэтов
Bu ellər sevməyib, sevə də bilməz,Özgə şöhrətinə göz dikənləri.
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Araz üstə çinar gördümAraz üstə çinar gördüm.Qoşa çinar.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.