Содержание
  1. 1
  2. 2
  3. 3

Страница 2 из 3 · 33%

2

Doğrudur, Ərknaz xanım hər yerdə oğlunu ağız dolusu tərifləməkdən doymurdu. Tərifli cavanların heç birindən əskik saymırdı ki, artıq sayırdı. Amma buna onun əsası yox idi. Ramiz orta məktəbdə miyana və bəlkə miyanadan bir pillə aşağı oxuyan uşaqlardan idi. Ərknaz bunu bilməmiş deyildi. Bilsə də, Ramizi tərifləməkdən əl çəkmirdi. Ona görə əl çəkmirdi ki, "Dedi-dedi ev yıxır! O müəllim pis deyər, bu pis deyər, valideyn də onlara qoşulub pis deyəndə, uşağın adı doğrudan da pisə çıxar, sabah ali məktəbə gedəndə onu qapıda dayandırarlar..."

İkinci tərəfdən Ərknaz xanım Ramizin dərsdən aldığı qiymətləri doğru saymırdı. Bu qiymətlər bəzən onu təbindən çıxarır, əsəbiləşdirirdi:

– Nə olmuşdu bəyəm? Çoğrafıyadan da zəif? Yəni Ramiz o qədər əfəl oldu ki, dağların, dəryaların adını da saya bilmədi? Mənim oğlum həmin dağları aşıb, dəryaları ötüb dönə-dönə gəzməli yerlərə gedəndə, çoxları heç Bakıdan qırağa çıxmamışdı. Kislovodskə, Soçiyə, Moskvaya onu atası neçə dəfə özü aparıb, indi götürüb coğrafiyadan uşağa iki yazıblar. Yox! Gözləri götürmür! Məktəbdəkilər bizim uşağı aşkar gözümçıxdıya salmaq istəyirlər, ögey baxırlar, ögey!..

Əri mane olmasaydı, bəlkə Ərknaz xanım coğrafıya müəllimi ilə savaşacaq, kim bilir necə ağır sözlər deyəcəkdi.

Üçüncüsü də bu idi ki, Ərknaz xanım oğlunun ali məktəbə düzələcəyinə arxayın idi. Xəyalına qoymuşdu ki: "İmtahan zamanı müəllim tutub hazırlaşdıraram, atası da sözü keçəndir, tapşırar. Bir də Moskva məktəblərinə gedən az olur. Ramizdən yaxşı kimi götürəcəklər..."

Həmin il Moskva məktəblərində respublikalardan gələnlərə çox yer ayrılmışdı. İmtahan da, Ramizin bəxtindən yerli komissiyalarda olurdu. Bu komissiyalarda da Ramizin atasını tanımayan kim idi.

Vəziyyət belə olsa da, Ramiz imtahanda kifayət qiymətlər yığa bilmədi.

Oğlunun adını qəbul olunanlar siyahısında görməyəndə Ərknaz xanım təcili bilet alıb oğlu ilə birbaşa Moskvaya yola düşdü. Neçə qapı döyəndən sonra mərkəzi qəbul komissiyasının məsul katibinin yanına getdi. Ərinin məsul işlərdə ömrünü qoyduğunu, oğlunun naxoş vəziyyətdə həyəcan keçirərək imtahan verdiyini, yerli komissiyada "ədalətsizlik olduğunu", yeganə oğlu Ramizin ərizəsi rədd edilərsə, özünü bədbəxt ana hesab edəcəyini xüsusi bir həyəcan və hiddətlə, təkid və cürətlə danışdı. Haçandansa Ramizin məktəb dram dərnəyindən aldığı təşəkkürnaməni paketdən çıxarıb göstərdi:

– Qabiliyyətsiz uşağa belə təşəkkürnamə verməzlər!

Çox haray-həşir salandan, dönə-dönə dilindən zəmanət verəndən sonra inşaat institutunda hələ tutulmayan yerlərdən birini Ramiz aldı. Təqaüdsüz və yataqxanasız olaraq oxumağına icazə verdilər.

Ərknaz xanım bu icazə kağızını alıb Bakıya qayıdandan sonra daha yerə-göyə sığışmırdı. Müəllimlərin, komissiyaların ünvanına acı-acı sözlər deyir, daş-qaş parıldayan şəhadət barmağını silkələyərək, Ramizin qeyrətinə, biliyinə məhz yuxarı təşkilatlarda "lazımi və layiqli qiymət aldığını" bir daha iddia və təsdiq edir, bədxahlarına sanki acıq verməkdən həzz alırdı.

Ramiz oxumağa gedəndən Ərknaz xanımın yarı canı da onunla getmişdi. İndi oğul sözü-söhbətini əvvəlkindən də beşqat artıq iştaha və həvəslə danışsa da, ürəyini sakit edə bilmirdi. Ramizə halva, şəkər-çörək bişirir, səbət-səbət meyvə göndərir, həftəbaşı bir bağlama yola salırdı. Söz yox ki, bu bağlamaları poçtla, adi qayda ilə göndərsə, gecikəcəyini, bəlkə xarab olacağını güman edirdi. Ona görə hər dəfə Moskva qatarını yola salmağa çıxır, bağlamanın ya xörəyi tanışlardan birinin kupesinə qoyur, oğluna teleqram vururdu ki: "Ramiz, ayın fılanında 19-cu qatarı qarşıla. Vaqon nömrə filan, dostumuz filankəsdə əmanətin var! Öpürəm. Anan!"

Ramiz qəbul olunandan sonra poçtalyonlar inşaat institutuna çox get-gəl eleyirdilər. Görürdün bu qarabuğdayı oğlana hey kağız, teleqram, bağlamalar gəlir. Poçtalyonlar onu dərsdə, idman meydançasında, konsert zalında tapır, tələsik qol çəkdirib gedirdilər. Səhərlər saat doqquzda-onda isə Ramizi arıq, büzüşmüş bir oğlanla vağzalda - vaqon ayağında "əmanətini" almağa gələn görərdin. Bu əmanətlər onu, demək olar ki, təngə gətirmişdi. Gələn əmanəti alıb minik tapmaq, evə gətirmək, açıb yerbəyer eləmək, taxtanı, torbanı, kağızı aparıb zibilxanaya atmaq özü bir iş idi. Ramizdə bu səliqəyə hövsələ yox idi. Bir dəfə üzüm səbətini vaqondan götürüb aparmaq istəyəndə milçəklər boğanaq kimi koma ilə uçdu. Səbətin altından axan su isə Ramizin təzəcə geyindiyi triko kostyumu buladı.

Ramiz anasına dönə-dönə yazır, telefonla deyirdi ki: "Göndərməyin, heç şey lazım deyil, xörək də, meyvə də xarab olur, nahaq yerə zəhmət çəkməyin!"

Buna baxmadan "əmanətlərin" sayı nəinki azalmırdı, hətta günü-gündən artırdı. Haçandansa, institutda oxuyan, qurtara bilməyən, möhlət alıb, arxivdə kargüzar vəzifəsi daşıyan köhnə bir tələbə İbiş Məsimov Ramizə bu işlərdə yaxın köməkçi idi. Hər səhər-axşam İbiş Ramizin mənzilinin əziz qonağı idi. Onu otaqda kolbasa doğrayan, çay dəmləyən, butulka ağzı açan, yaxmac düzəldən, teatr kassasına zəng vuran görərdin İbiş Ramizin bazarlığına gedir, bələdçiliyini eləyir, paltarını yudurdur, münasib qiymətlə çertyojlarının, konspektlərinin surətini çıxartdırırdı. Kinoya, teatra, stadiona aparırdı. Mənzil sahibilə sözü çəpləşəndə təzə otaq tapırdı. Ramiz oxumağa gələndən üç dəfə otağını dəyişmişdi. Atası ünvanların belə tez-tez dəyişməyinə təəccüb edəndə, Ramiz belə cavab verirdi:

– Birincisində telefon yox idi, ikincisinin hamamxanası xarab idi, üçüncüsünün radiosu işləmirdi...

– Ola bilməzmi ki, əvvəlcədən bu şərtləri yoxlayasan, ay oğul?

– Bundan sonra yoxlayacağam, yaxşısını tutacağam, ata!

Əlbəttə ki, bu cavabları Ramizə İbiş öyrətmişdi. Ramiz heç vaxt otaq dəyişmək istəmirdi, buna hövsələsi də, bacarığı, vaxtı da yox idi. Onu otaqlardan ev sahibləri qovurdular. Ona görə qovurdular ki, gəlib-getməyinin vaxtı yox idi. Gecə yarısı bir də görürdün İbişlə başmaq seyrinə çıxdılar, səhərə yaxın qayıtdılar.

Ramizin etirazlarına atası da, anası da təvazökarlıq adı qoyurdular. Göndərilən xörəklərin, meyvələrin yolda xarab olmamasına isə çarə axtarırdılar.

Axşam Ərknaz xanım ərinə, necə deyərlər, göydəndüşmə bir sual verdi:

– Kişi, təzə təyyarə çıxıb, xəbərin var?

– Nə təyyarədir?

– Adını bir təhər deyirlər ey!

– Reaktiv təyyarə?

– Həri, aktiv təyyarə, eşitmisən?

– O təzə deyil, neçə ildi var!

– Var, bəs mənə niyə demirsən?

– Sənə nə deyəsiyəm ki?

– De görüm o aktiv təyyarə buradan Moskvaya neçə saata gedir?

– Gərək ki, iki saata gedir.

– Bu yaxşı, belə iş var, mənə niyə demirsən, a sağ olmuş?

– Neyləmək istəyirsən bəyəm?

İki saata mən Ramizə paxla-plov çatdırararn ki, lap buğlana-buğlana!

Ərinin gülməyi, müəyyən bir cavab verməməyi Ərknaz xanımı hirsləndirdi:

– Burada gülməli nə var, sən gülürsən? Düyü daş kimi olandan sonra uşağa çatmaq hara, plov isti-isti çatmaq hara! Bu gün sədri düyüsü isladım, sabah danış o təyyarələrdən birində uşağa bir qazan isti-plov göndərək.

– Elə şey mümkün olmaz!

Ərknaz xanım alt dodağını dişlədi. Namazovun üzünə dik-dik baxdı:

– Necə məsul işçisən ki, beş kilo şeyi təyyarədə göndərə bilmirsən?

– Beş nədi, on beş də göndərə bilərəm. Amma, ay arvad, reaktiv təyyarə yük üçün deyil, ayrı məqsəd üçündür. Şey qəbul eləməzlər!

Ərknaz xanım ərinə hirsləndi:

– Sənin bəd niyyətini bilirəm, indiyəcən bu təyyarəni məndən gizlətməyin də əbəs deyilmiş. Sən övlad istəyən ata deyilsən. Dənizə göndərsələr də, suyunu qurudub gələrsən. Ata olan kəs bir demirsən, axı mənim balamdır, həftələrlə dilinə plov dəymir, ev xörəyi görmür...

Noyabrın axırlarında Namazov Moskvadan bir səliqəli məktub aldı. Oxuyub məəttəl qaldı: "Bu nə işdir?"


Ramizin sinif yoldaşları yazırdılar. Salam və nəzakət sözlərindən sonra yazırdılar ki: "Ramiz çətinliklə instituta qəbul olunmuşdur. Düşünürdük ki, bunu nəzərə alar, dərslərinə fəal çalışar, yoldaşlarından geri qalmaz. Təəssüf ki, belə deyil. Təkcə onun iki aydı buraxdığı dərslər bütün qrupdakı 25 nəfərin hamısının buraxdığı dərslərin cəmisindən çoxdur. Ramiz çox seminarlarda iştirak etmir. Öz çertyojlarında qoyulan suallara cavab verə bilmir. Kömək üçün onu qrupumuzun əlaçısı Fikrət Ağayevə təhkim etdik. Fikrətlə cəmisi bir dəfə məşğələ keçib, "vaxtım yoxdur" - deyə gəlmir. Görünür yaxın adamları da onun xeyirxahı deyildir.

Ramizin təhsil vəziyyətini Sizə bildirir, atalıq nüfuz və təsirinizi xahiş edirik. Semestrin axırına az qalmışdır. Ramizin sessiyalardan zəif çıxması bütün qrupumuzun hörmətini və dərəcəsini aşağı salacaqdır. Əminik ki, bütün bunları nəzərə alacaqsınız.

Baqi hörmət!"

Qrup adından qol çəkən tələbələrdən sonra, dekan da onların fikrinə şərik olduğunu bildirmişdi.

Kişi məktubu Ərknaz xanıma verdi. Ərknaz xanım diqqətlə oxuyandan sonra adətincə, dodağını gəmirib, gözünü ərinin üzünə zillədi:

– Sən buna inanırsan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 мин
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 мин
Titrək bir səs

Ev idarəsindən bizə bir uşaq gətirdilər:– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.

19442 мин
Barxudar

Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?

19444 мин

Стихи других поэтов