Qələmdan
Страница 1 из 3
1
Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:
– A kişi, o kitablar satlıqdırmı?
Hacı dərhal yerindəcə dayanıb başını göyə qaldırdı. Cavan oğlanı görən kimi, qoltuğundakı uzun, köhnə, meşin cildli kitabları qucağına alıb sovqat kimi irəli apardı. Ürəkdən bir:
– Bəli! – cavabı verdi.
Hacı Qılman cavanın çağırışını gözləməyib soruşdu:
– Qardaşoğlu, pilləkəniniz həyətdəndirmi?
Cavan evin qapısını göstərdi. Hacı Qılman "ya Allah" deyə-deyə, pilləkənləri çıxdı.
Kitabları bir-bir masaya qoyub vəsf eləməyə başladı.
– Bu, Hafiz Şirazidir ki, sözü şərab kimi huşu başından aparır. Bu, Şeyxül Şüəra Nizami Gəncəvinin "Xəm sə"si: "Təvana bəvəd hər ki, dana bəvəd!" Bir kəlamə bax! Elə bil, bu saat deyilib! Bu Rüstəm və Söhrabdır...
Cavan oğlan kitabların ilk vərəqinə baxıb o yana itələdi:
– Əmi, bəs yeni əlifbada bir şeyin yoxdurmu, romandan-zaddan?
Hacı Qılman məyus olub, mətahını yığışdırmağa başladı:
– Yox, yoxumdur! — dedi, — qardaşoğlu, mən yeni əlifba satan deyiləm. Mənimki qədim şairlərin aşarıdır! Mən əntiqə şeylərin aludəsiyəm. Sizlərdə tapılsa almağa hazıram.
Cavan oğlan dedi:
– Mənim atam da köhnə şairpərəst idi. Əzbərdən şeir deyərdi.
– Bəs onun kitabı-zadı qalmayıb?
– Xeyr, heç nəyi qalmayıb, təzə evlərə köçəndə sandıq-mandıq hamısı dağıldı-getdi. Ancaq bir dənə köhnə qələmdan qalıb, bilmirəm, içində nə var!
– Qələmdan? Qələmdan yox! Qələmdan indi kimin nəyinə lazımdır? Gül kimi şüşə mürəkkəb qablarına nə gəlib! Özü də ucuz!
Hacının sözü cavan oğlana toxundu:
– Mən qələmdanı sənə bahalı bir şey demədim ki, atamın aşarından qalan odur. Sən soruşdun, mən də dedim.
Hacı bir az duruxdu:
– Nə eybi var, o köhnə qələmdana baxa bilərəmmi?
Cavan içəri otağa getdi, bir qədərdən sonra əllərinin tozunu üfürə-üfürə qayıtdı. Qələmdanı Hacı Qılmanın qabağına qoydu.
Həmin cavan oğlan mərhum xarrat Fərzi oğlu Kərbəlayi Məhəmmədin nəvəsi idi. Kərbəlayi Məhəmməd vaxtilə şəhərdə məşhur ustaların biri idi. Səliqəli, zərif işi var idi. Əvvəllər çubuq qayırıb göyərti bazarına gələn kəndlilərə satardı. Papiros bollananda bəzəkli müştüklər qayırardı. Ağac qaşıq,. duzqabı, çömçə, ignədan, sürmədan... Kərbəlayi Məhəmmədin əlindən nə gəlməzdi?
Lap cavan və həvəsli vaxtlarında qələmdan qayırardı.
O zaman şəhərin hər tini başında, görərdin, qabağına mücrü qoyub oturan mirzələr qamış qələmlərini cırıldadaraq gəlib gedənə ərizə, kağız, qəbz, vəkalətnamə yazır. Bu mirzələr Kərbəlayi Məhəmmədin qələmdanlarına aşiq idilər. Neçəyə desəydi alardılar. Çünki, Kərbəlayi Məhəmməd yalnız qələmdan qayırırdı. İşə ayrı bir məlahət verirdi.
Qələmdanı qaşıyıb şüşə kimi şumallaşdırandan sonra şirə çəkərdi, şirənin üstündən rəngbərəng naxış vurar, taxtanı kəpənək qanadı kimi elə bəzərdi ki, deyərdin, buna əl dəyməyib, qüdrətdən yaranıb! Qələmdanın içində, xəlvət bir küncdə usta öz möhürünü basmağı da unutmazdı: "Kərbəlayi Məhəmməd."
Kərbəlayi Məhəmməd dünyada bir qız övladı qoyub getdi.
Əntiqəfüruş Hacı ilə görüşən cavan oğlan həmin qızın oğlu Səfərdir. Səfər uşaqlıqdan evlərində ağacdan qayrılma, qəşəng şeylər çox görmüşdü və hərəsini bir qədər oynadıb, kim bilsin, hara atmışdı?! Bu qələmdanı da anası götürüb sandıqda saxlamışdı. Guya qoca usta bunu xüsusi səliqə ilə işləmişdi. Qızına tapşırmışdı ki, "Bala, mənim oğlum yoxdur, bunu sənin oğluna yadigar verirəm. Allah qoysa, zəmanəsində o, yazan, oxuyan olar. Bunu verərsən, qoca babasını yada salar.'
Anası qocanın bu sözlərini Səfərə demişdi-deməmişdi, məlum deyil. Bizə məlum olan budur ki, Səfər həmin qələmdana bir asari-ətiqə kimi baxırdı, ona görə də Hacı Qılmana göstərirdi. Hacı Qılman qələmdanın bir o yanma, bir bu yanma baxdı, gülümsədi:
– Ay keçən əyyam... Namərd dünya!..
Bunu deyib bir ah çəkdi. Səfər soruşdu:
– Əmi, deyəsən, cavanlığın yadına düşüb? Sən də yazardınmı?
– Bəs nədi, qardaşoğlu? Bu qələmdana baxıram, aləm gəlir durur gözümün qabağında... Bu qələmdanlarda nə qədər mürəkkəb qurutmuşam! Xeyir-bərəkət elə, bala, bunlar ilə getdi.
Hacı qələmdanı açdı. İçmə diqqət elədi. Ustanın möhürünü görəndə sevincindən gözü duru oldu, çeşməyini taxıb möhürü dönə-dönə oxudu:
Səfər dedi:
– Yoxsa yazısı var? Nə yazılıb?
– Bir elə şey yazılmayıb!
Hacı sevincini gizləməyə çalışdı və qələmdanı örtüb Səfərin qabağına qoydu:
– Köhnə zamanda bunun qiyməti var idi, amma indi quru bir taxtadır, nə artıq, nə əskik?
– A kışı, bəs sən heç bunun bu naxışlarına qiymət qoymursan? Demirsən, bunu heç bir karxana qayıra bilməz?
Hacı Qılman bərkdən danışdı.
– Mən qoyuram! Mənim yanımda, əlbət ki, bu bir dövrün malıdır! Amma, bacıoğlu, mənim sözümün nə kəsəri! Çıxarsan bazara, buna baxan kimdir? Zəmanə belədir!
Səfər qələmdanı alıb arakəsməyə qoydu:
– Əmi, — dedi, — əlinə yeni romandan, nə bilim, məzəli kitabdan düşsə gətir, mən oxumaq istəyirəm.
Hacı Qılman baş üstə" deyib, xudahafizləşmək istədi. Amma ayaqları getmədi. Qapıdan dönüb üzünü Səfərə tutdu:
– Qardaşoğlu, sənə lazım olmayacaq! Gəl sən onu mənə yadigar ver, elə-belə qabağıma qoyub cavanlığımı yada salmaq istəyirəm. Mən də sənə layiqli bir kitab gətirərəm, əvəzi çıxar!
Səfər qələmdanı Hacıya verdi:
– Apar, yadigar olsun, ustasına rəhmət oxu!
Hacı qələmdanı qoltuq cibinə qoyub razılıq elədi:
– Allah sənə ömr versin, atana da rəhmət eləsin! İnşallah, görüşərik! – deyib Səfərin əlini sıxdı və otaqdan çıxdı.
Bir həftə sonra qəzetlərin birində Hacı Qılmanın "Qələmdan" sərlövhəli bir məqaləsi çıxdı. Hacı Qılman məqaləsinin başında Füzulinin şairlik məharətindən və ona mənsub hər bir əsərin zəmanəmiz üçün qədir və qiymətindən beş-on kəlmə danışıb, sonra şairin yenicə tapılmış qələmdanından söhbət açırdı. Göstərirdi ki, Füzulinin qələmdanının tapılmağı ədəbiyyat tarixi üçün yeni üfüqlər açır, çünki, bu qələmdan vasitəsilə biz şairin zövqünə daha yaxından bələd olacayıq. Bu qələmdan vasitəsilə biz o dövrün rəssamlığı haqqında müəyyən fikir hasil edəcəyik. Bu qələmdan sayəsində biz Füzulinin necə işlədiyini də öyrənəcəyik. Nəhayət, bu qələmdan dörd yüz il bundan qabaq xırda kustarlıq peşəsinin vəziyyəti haqqında da bizə çox şeylər söyləyəcəkdir...
Qəzet idarəsində Hacı Qılmandan xahiş etdilər ki, "O qələmdana baxmaq olarnıı?"
Hacı Qılman güldü:
– Canım, – dedi, – hələ qoyun bir məqaləni yazaq qurtaraq, sonra sualınızı verin də!
– Necə bəyəm, çap olunan məqalə natamamdır?
– Əlbəttə, natamamdır! O birinci məqalədir! İkinci məqalə qələmdanın tapılma tarixindən danışacaq, necə bəndəniz Məkkə ziyarətindən qayıdanda bağdadlı bir ərəbə rast gəldiyini açıb göstərəcək. Ona mən köz kimi məcidiyyələr saymışam, yoxsa özbaşına Füzulinin qələmdanı atılıb ortaya çıxmazdı. Onu çıxardan var! Bəli! Üçüncü məqalə qələmdanın ətraflı təsvirini verəcək, dördüncü məqalədə onun indiyə kimi necə saxlanmasından bəhs edəcəyəm, beşinci məqalədə...
Hacının sözünü kəsdilər:
– A kişi, bunlar sənin özünə qalsın! Bizə məqalə lazım deyil, qələmdan lazımdır!
Hacı Qılmanın təkrar dodaqları qaçdı. Hənası getmiş ağ bığlarının altından saralmış dişləri göründü.
– Qardaşoğlu, – dedi, – öyrətmək olmasın, hər kəsin bir sənəti, peşəsi var. O qəzeti ki siz sətir-sətir qurğuşunlarda yığıb, düzüb çap edirsiniz, səhər hazır meydana çıxarırsınız, dünyalara dəyər. Mənə desələr, onun heç bir sətirini yığa bilmərəm, əlində mat-məəttəl qalaram. Çünki, qardaşoğlu, sənətim deyil! Sizin sənətinizdir öyrənmisiniz, səriştə etmisiniz, amma mən bu məqamda avam bir zadam. Allah-taala özü də buyurur ki, "Əl əvam gəl həvam", yəni, əvam adam – heyvan mənziləsindəndir!
İndi, qardaşoğlu, baş ağrısı olmasın, qələmdan məsələsi də elə! Əlbət ki, onu xiridarı yaxşı bilər. Əlbət ki, sizin əlinizə düşsə, üç günün içində əldən-ələ keçirərsiniz. O baxar, bu çevirər, o birisi qurdalayar, dördüncüsü laxladar, bir də görərsən, qələmdan olmadı, oldu pitiçi dükanlarının duzdanı!
Odur ki, qardaşoğlu, xatırınıza dəyməsin, qələmdanı ələ vermək olmur. Elə təsvir, izah, yazı yolu ilə vətəndaşları bu fəqərədən agah edirik. Məsələnin əsl yolu budur. Qəzet işi deyil, bu sənətdə mən saç-saqqal ağartmışam, ömür çürütmüşəm, xüsusən də ki, Füzuli ola! O kişinin qələmdanı mənim aləmimdə bimisal və ziqiymət şeydir. Onu heç vaxt ələ-zada vermərəm, məgərinki rəsmi hökumətimiz məndən xahiş, ya tələb etməyə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qelemdan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Ananın yarışıSəhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!
Havalı adamƏkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?
Mərcan nənəMərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı: