Страница 2 из 5 · 20%

Kürd Əhməd Fridunun danışana diqqətlə fikir verdiyini gördükdə tanış etdi:

– Ağayi Kərimxan Azadidir. Tutun fabrikində işləyir.

Bu zaman yenə qapının zəngi səsləndi. Doktorun oğlu tez çıxdı. Bir neçə dəqiqə keçməmiş Sərxan və Fəridə ilə geri döndü. Onları görən kimi hamı ayağa qalxdı. Fridun sevinclə Fəridəni göstərdi:

– Tanış olun, bizimlə bir yola qədəm qoyan ilk İran qadınıdır.

Kürd Əhməd gülərək:

– Yox, əzizim, biri də var, – dedi. – Kərimxanın zövcəsi Xavər xanım. Bu gün bir az kefsiz olduğundan gələ bilməyib.

Fridun Sərxanla Fəridəyə yanında yer verdi. Fəridə elə halda idi ki, harada olduğunu təsəvvür edə bilmirdi. Nə otağı, nə adamları aydın görürdü. Hətta sözləri belə yaxşı ayırd edə bilmirdi.

Hamı oturduqdan sonra Kərimxan Azadi Fridundan kəndlərdəki vəziyyəti soruşdu:

– Yaşayış necədir?

Fridun birinci dəfə görüşdüyü bu adamlarla nə dildə danışmağı düşündü. Necə başlamalı idi ki, gördüklərini, düşündüklərini onlara çatdıra bilsin. O, əvvəlcə danışanda sanki sözlər bir-birinə bağlanmaq istəmirdi. Lakin getdikcə, həyat və gördüklərindən danışdıqca sözlər mum kimi yumşalırdı.

O, danışıqlarına belə yekun vurdu.

– Kəndlinin həyatını insan həyatı ilə müqayisə etmək mümkün deyil. Yoxsulluq, ehtiyac və zülm onun nəsibi olmuşdur. Heç bir insaf və vicdan sahibi razı olmaz ki, hər yerindən duran nanəcib, nə bilim əmniyyə, nə bilim nəzmiyyə, nə bilim malik, nə bilim nümayəndeyi-dövlət adı ilə kəndlinin var-yoxunu əlindən alıb, onu ac və lüt qoysun.

Kürd Əhməd onun sözünə qüvvət verib, öz gördüklərindən danışdı. Ərbabla rəiyyət arasında arasıkəsilməyən mübarizə getdiyini söylədi:

– Kəndlilər cana gəlmişlər, – dedi. – Yəni əslinə baxsan, narazı olan bir kəndli deyil. Hansı təbəqəyə yaxınlaşdım, narazı gördüm. Hamı bir fürsət, balaca bir fürsət gözləyir. Başdan-başa məmləkət istibdadi-rejimin ağırlığı altında əzilir, nəfəsini çəkə bilmir. Hər idarədə bir deyil, bir neçə müstəbid, bir neçə padşah oturmuşdur desəm, mübaliğə etmiş olmaram. Rüşvət, qanunsuzluq, fisqü-ficur həddini aşıb. Camaatın irzü-namusu əldən gedir. Hamı balaca bir səsə bənddir.

Rza Qəhrəmani:

– Əlbəttə, bunlar hamısı səhih və təmamən həqiqətdir, – dedi.

– Lakin mən belə fikir edirəm ki, indi biz İranı, yalnız kəndlinin ayağı ilə ölçə bilmərik. İndi İranda qüdrətli ictimai qüvvəyə çevrilən bir sinif də yaranmaqdadır. O da kargərlər sinfidir. İranın gələcəyi bu iki qüvvənin fəaliyyətindən asılıdır.

Kərimxan Azadi:

– Elədir, düzdür, – deyə təsdiq etdi.

Fridun onun, nə isə, daimi bir gərginlik və yorğunluğu ifadə edən simasına baxdı. O, söhbət əsnasında gözlərini danışanın simasına dikib durur və gərgin bir diqqətlə dinləyirdi. Bütün gözlərin ona baxdığını gördükdə yüngülcə yerində qımıldandı, hər sözü aydın eşidilər bir ifadə ilə danışmağa başladı:

– Qüvvət kargərin çəkici və zindanındadır. Onu yadından çıxardan firqə heç bir iş görə bilməz. Onsuz indiki cəmiyyətdə mütərəqqi bir addım atmaq mümkün deyil.

Gənclərdən kim isə yavaşca əl vurdu:

– De, de gözünə dönüm. Gecə-gündüz bir danasının quyruğundan tutan kəndli hara, kargər hara...

Bu söz məclisə bir hay-küy saldı. Fəridə, bu adamların nə üçünsə bərk qızışdığını gördü və heyrətlə gah buna, gah ona baxdı. Hər kəs bir söz deyirdi.

– Yaman əydin, əzizi-mən...

Kərimxanın sözlərindən istənilməyən nəticələr çıxaran gənc:

– İran elə bir ölkədir ki, burada kəndliyə sizin dedikləriniz kimi baxmaq olmaz, – dedi.

Fridun Kürd Əhmədin qulağına tərəf əyildi. Bu gəncin kim olduğunu soruşdu. Kürd Əhməd yavaşca:

– Sabun zavodunda texnikdir, odlu cavandır, – deyib ayağa durdu.

– Ağalar, xahiş edirəm, bir az sakit. Qoyun, Ağayi Kərimxan Azadi sözünü qurtarsın, sonra bir-bir danışaq.

Ara sakitləşdi, Kərimxan davam etdi:

– Mənim əzizlərim, dediyim odur ki, İranda da kargərlər sinfi əmələ gəlmişdir. Onun parlaq ictimai amalı və idealı var. Onsuz İranın həyatı cansız olar, ruhsuz olar. Bizi zülmdən qurtarsa, bu sinif qurtaracaq. O sinif, cəmiyyətin çürük bünövrəsini elə dağıdacaq, necə sel palçıq səddi dağıdar.

Rizvan yenə özünü saxlaya bilmədi:

– Elə mən də onu deyirəm ki, bu bünövrəni danası üçün tir-tir əsən kəndli dağıtmayacaq!

– Kəndli də dağıda bilər, o da böyük qüvvədir.

– Eləsəydi bu vaxta qədər edərdi, min ildir, dünya var, kəndli var, niyə bəs eləmədi?

Yenə qarışıqlıq düşdü. Yenə Kürd Əhməd oturanları sakit edib, Kərimxana döndü:

– Buyurun...

Lakin Rizvan Kərimxana danışmağa imkan vermədi.

– Bundan sonra İranda inqilabın məzmununu kargər verəcək, – dedi, – nəinki fikri-zikri bir inəyini iki eləmək olan kəndli.

– Baqqal başqa, kəndli başqa, – deyə Kərimxan bir Kürd Əhmədə, bir də Rizvana baxdı. Rizvan bərk ilişmiş kimi, buna etiraz edə bilmədi. Yerində qurcandı. Kərimxan davam etdi:

– Mən deyirəm ki, biz hərgah cəmiyyətimizi çürüdən əsasları dağıtmaq istəyiriksə kargərə əsaslanmalıyıq, yoxsa kəndlini bilmərrə atmalıyıq demirəm.

Rizvan:

– Səhv edirsən, – dedi, – biz bütün işimizi kargərin arzusuna görə qurmalıyıq. O, böyük qüvvədir. Lakin bu böyük qüvvə dağınıq haldadır. Onun təşkilatı yoxdur. Onu bir mərkəzə yığmaq bizim borcumuzdur.

Son sözlər hamının xoşuna gəldi.

– Ona söz yox...

– Orası elədir... – kimi səslər eşidildi.

Son sözlərinin təsirindən ruhlanan Rizvan cəsarətləndi:

– Mənim fikrim belədir. Qüvvəmizi parçalamağın faydası yoxdur. Elə bu başdan hədəfimizi bilək və ona görə də hərəkət edək. Fikrimizi azdırıb, özümüzü dağa-daşa salmaq axmaqlıqdır. O məqsəd ki, qabağımıza qoyuruq, onu kəndlinin əli ilə eləmək olmaz. O ancaq kargərin işidir. Odur ki, bütün diqqətimizi ona verməliyik. Kargərin vəziyyəti elədir ki, ölümə də gedər.

Kərimxan Rizvanın üzünə baxdı və nəsihətyana bir halda:

– Doğrudur, kargərin ruzigarı – itin ruzigarı, – dedi. – Bunu görmək üçün heç uzağa yox, bax elə bu tərəfə çıxın. (O əli ilə Tehranın karxanalar olan cənub tərəfinə işarə etdi.) Burada yaşayanların nə üçün bu vaxta qədər şəhərə dolub, hər şeyi talan etmədiklərinə heyran qalmaq olar. Çünki insan üçün onların vəziyyətindən də rəzil bir vəziyyət təsəvvür etmək çətindir. Cənub neft mədənlərində vəziyyət ondan da pis... “Behər kuca ki, rəvi aseman haman rəngəst”¹. Lakin kəndlinin vəziyyəti məgər ondan yaxşıdır? Yox! O daha pis. Mən kəndlidən naümid deyiləm.

Rizvan yerində durub oturdu və yoldaşları qızışdıran bir səslə danışdı:

– Əlac lazımdır, əlac... Xalq gözləyir. İngilisin noxtası, Pəhləvinin zənciri bu yazıq xalqın, bu bədbəxt məmləkətin boynundan açılmalıdır. Ab-hava ictimai mühit dəryasının təlatümə gələcəyini xəbər verir. Biz o günlər üçün xalqı hazır etməliyik!

Onun bu sözləri məclisdəkilərə təsir etmişdi. Onlar özlərini, böyük bir əməl naminə ölümün qucağına atmağa hazır olan qəhrəmanlar kimi hiss edərək bir ağızdan: “düzdür, düzdür”, “bravo!” deyə səsləndilər. Kürd Əhməd danışanlara qulaq asdıqca, onların sözlərindəki həqiqəti təsdiq etməklə bərabər, yaranan əhvali-ruhiyyənin zamanın şəraiti ilə düz gəlmədiyini, uyğunsuzluq təşkil etdiyini də düşünür və fikrində, oturanları bu uca nöqtədən necə aşağı endirmək yollarını axtarırdı.

¹ Hara getsən, səmanın eyni rəngdə olduğunu görəcəksən

– Ağalar, – dedi, – atalar məsəli var ki, “halva, halva deməynən ağız şirin olmaz. Yağnan un gərək, balnan odun gərək”. Əlbəttə, Pəhləvinin rejimi pisdir. Lakin onu söyməklə ki, taxt-tacdan əl çəkməyəcək. Onu yıxan xalq olacaq. Xalq da ibarətdir nə yalnız təkcə kargərdən, nə yalnız təkcə kəndlidən. Xalq ibarətdir həm kargərdən, həm kəndlidən, həm də əlinin rəncilə yaşayan bütün şəhər və kənd əhlindən: müəllimdən, həkimdən, qulluqçudan, xırda-iri dükançıdan. Bunların hamısının başı bir yerə yığılmasa, istibdadı yıxmaq olmayacaq. Müxtəsər, fikrim budur ki, gərək hamı təbəqələrin içində işləyək.

Rizvan onun sözünü kəsdi:

– Kimə isə əsaslanmaq lazımdır!

Kürd Əhməd:

– Xalqa, kargərə, kəndliyə və bütün ravşən fikirlərə,¹ – dedi və təsirli bir fasilə verdi.

Kərimxan bu fasilədən istifadə etdi:

– Bəşər tarixində biz ki, bu işi birinci başlamırıq. Gəlin bizdən qabaqkıların təcrübəsinə baxaq, bizə də dərsi-ibrət olsun. Mən sizi uzağa, Fransa inqilabları dövrünə aparmaq istəmirəm. Rusiyanı götürün...

Oturanlar diqqətlə qulaq asırdı. Kərimxan, fikirlərdə bir aydınlıq törədən bu sözləri xüsusi inamla dedi. Rizvan başını aşağı salıb fikrə getdi. Fəridə mübahisə qızışanda qorxmağa və təəssüf etməyə başlamışdı ki, hökumətlə davaya çıxmaq istəyən bu adamların niyə sözləri bir gəlmir. Kəndli və fəhlə söhbətini isə o heç cür başa düşə bilmirdi. Fəhlə deyəndə Sərxana baxırdı, kəndli deyəndə – indi də kənddə olan öz ata-anasını xatırlayırdı. Sərxanla onların arasında heç bir düşmənçilik və ayrılıq görmürdü. Kürd Əhməd və Kərimxanın sözləri deyəsən, aram soyutmuşdu, ortalığa bir anlaşma və barışıq gətirmişdi. Bu adamların can bir qəlbdə olmasını istəyən Fəridə qeyri-ixtiyari olaraq:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов