Джалил Мамедкулизаде · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.
Əzizim Həmidə! (1924)Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).
Əzizim Münəvvər! (1924)Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.
Məmməd Səid! (31 yanvar, 1925)Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.
Əzizim Eynəli Sultan! (13 iyul 1925)Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil
Həmidə! (10 iyun 1926)Bakı*Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi.
Həmidə! (13 iyul 1926)Bakı*Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.
Həmidə! (Borjom, 20 iyul 1926)Tək gün*Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.
Məktub. Kitab mağazasına (24 oktyabr 1927)Sizdə qalıb satılmaq üçün:1. “Konsulun arvadı” – 13 ədəd, ədədi 12 qəpik.
Möhtərəm Vahab yoldaş! (2 sentyabr 1928)Bakı*İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.
Həmidə! (28 fevral 1929)Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.
Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.
Midhət! (26 dekabr 1930)Kislovodsk*Məni sanatoriyadan buraxırlar: yayda gəlmək lazımdır.
Əzizim Baba! (15 aprel 1931)Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam.Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir?
Redaksiyaya məktub (13 avqust 1905, № 165)Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm.Cəlil Məmmədquluzadə*
Redaksiyaya məktub (24 avqust 1905, № 173)21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.C.Məmmədquluzadə*
Nuri-çeşmim. (24 aprel 1907)Sən Allah, Məmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?Cəlil
Əzizim! (Bakı, 10 yanvar 1910)İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər.Dostunuz Cəlil
Məmmədəli! (23 avqust 1910)Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.
Məmmədəli! (25 avqust 1910)Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.
Əzizim Sidqi! (11 dekabr 1910)Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə.Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir; biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır. Qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam.
Həmidə! (10 oktyabr 1911)Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil
Əzizim Həmidə! (14 dekabr 1911)Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq.Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl.
Həmidə! (14 iyul 1911)İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim.Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.
Əzizim Həmidə! (1 fevral 1912)Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.
Həmidə! (14 fevral 1912)Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm.
Həmidə! (27 noyabr 1913)Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...
Əzizim Həmidə! (7 iyul 1914)Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.
Həmidə! (30 mart 1916)Tiflis*Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada “İslamiyyə” mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir?
Həmidə! (14 aprel 1916)Arxların məsələsini Ələkbər bəy Xasməmmədova tapşırdım və ona əlli manat pul və arxlara aid bütün sənədləri verdim. Bu gün buradan ona vəkalətnamə göndərirəm. Əgər vilayət məhkəməsində işi aparsa, onda üstəlik ona yüz manat da verəcəyəm, əgər uduzsa, işi Palataya keçirəcək. Orada isə Roxlin bizə kömək edəcək.Mənə yay pencəyimi və ciletimi, yay köynəyimi və mümkün olsa, həsir şlyapamı göndər. Lavrenti bunlar üçün kiçik bir qutu qayırsın.