«Yoluxma xəstəlik»

İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.

Сулейман Сани Ахундов4 мин
Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

Сулейман Сани Ахундов3 мин
Tutuquşu

Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.

Сулейман Сани Ахундов1 мин
Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

Сулейман Сани Ахундов4 мин
Yuxu

Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş etrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilimdə bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm; qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib kuya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəççübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.– Gedim, onlardan harada olduğumu soruşum, – deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.

Сулейман Сани Ахундов2 мин
Qonaqlıq

Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.Hökumətin sütunu kimdir?

Сулейман Сани Ахундов1 мин
Nə üçün

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzkarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir mə’yusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızçığazının yanına əliboş gedirdi.Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

Сулейман Сани Ахундов5 мин
Kövkəbi-hürriyyət

Şahzadə nağıla başlayaraq deyir:– Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət misal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmana mübtəla olub, o gözəl nə’mətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb, beli ikiqat olurdu. Əlləri, ayaqları əsib, gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı.

Сулейман Сани Ахундов2 мин
Əhməd və Məleykə

Qışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına çəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.

Сулейман Сани Ахундов5 мин
Sabir məş’əli

Bu gün yorğunluq zəif vücuduma elə qalib gəlmişdi ki, ə’zalarımı hərəkət etməyə belə qadir deyildim. Onun üçün adətimi pozaraq erkən yatmaq fikrinə düşdüm. Bu niyyəti əmələ gətirdikdə «Sabir gecəsi» münasibətilə veriləcək jurnala bir material və’d etdiyim yadıma düşdü. İndi nə yapayım? – deyə fikrə getdim. Sonra «Hophopnamə»ni götürüb oxumağa məşğul oldum. Məqsudim bir mövzu arayıb yazmaq idi. Fəqət onu unutmuşdum ki, Sabirin bu dərəcə dərin və abdar xəzinəsinə girən şəxs qərq olub tezliklə oradan çıxamaz.Əvət, mən də çıxamadım: gecə yarıdan keçdi, mən hələ oxuyurdum. Xoruzlar ötüşdülər, mən hələ oxuyurdum...

Сулейман Сани Ахундов2 мин
Gənc maşinistka və qoca yazıçı

On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.

Сулейман Сани Ахундов3 мин