Dördüncü məclis
Страница 1 из 3
ƏVVƏLİNCİ GƏLİŞ
Vəli və onun qaçaq yoldaşları hamısı yaraqlı Hacı Abdullanın evində.
V ə l i. Dünənki kimi işimiz yaxşı olmamışdı.
P i r v e r d i. Necə ki?
V ə l i. Bundam yaxşı nə istəyirsən ki, beş yüz manata qədər əlimizə pul gəldi.
P i r v e r d i. Amma cuhudun yaxşı evini yıxdıq.
Ş ə m i l. Pulunu almışdıq, amma gərək özünü öldürməyəydik!
İ s m a y ı l. Öldürməyib nə eliyəcəydik?
V ə l i. Öldürməsəydik gedib pristava yerimizi deyərdi.
P i r v e r d i. Yaxşı oldu ki, öldürdük! Dünyadan bir cuhud əskik olsa, böyükmü şey olar?
M ə n s u r. Cuhudun boynundan əvvəl vuran kim oldu?
V ə l i. Mən.
P i r v e r d i. Xeyr, xeyr! Mən idim!
İ s m a y ı l. Elədi, əvvəl Pirverdi vurdu, ondan sonra Vəli.
V ə l i. Amma mənim qılıncımda da hünər var, ha! Vuran kimi başı düşdü.
Ş ə m i l. Elə şeylər çox olacaqdır; min elə cuhud öləcək. Amma görək axırımız nə olacaqdır.
P i r v e r d i. Qorxma, inşaallah ki, axırımız da yaxşı olar. Ölsək də igidliklə öləcəyik.
M ə n s u r. Doğrudan, görəsən biz öləndən sonra bizə yanan olacaqmı?
İ s m a y ı l. Necə olmaz, ay sağ olmuş? Bir adam ki, igid ölə, ona yanmazlarmı? Vəli, sən allah, de görək, bizim bu günə düşməyimizin səbəbi çoxdu, sənə nə oldu ki, qaçaq oldun?
V ə l i. Sizinkinə səbəb nə oldu?
İ s m a y ı l. Mən, doğrusunu demək, atamın ucundan olmuşam. Bildir yazda atamnan baqqal Rzaqulunun sözləri çəp gəlir. Evə gələndə dedi ki, "hərgah Rzaqulunu bu gecə güllələməsən, mənim oğlum deyilsən". O saat aynalını götürüb getdim. Sizin canınız üçün, güllənin birini alnından elə vızıllatdım ki, dərhal yerə yıxıldı. Ordan qaçan, bu çağa kimi özümü tutdurmamışam.
M ə n s u r. Mən də o dərddənəm.
P i r v e r d i. Mənim işim qız üstədir.
V ə l i. Nişannınımı qaçırdıblar?
P i r v e r d i. Yox, a kişi, Nuru oğlunun qızını almaq istiyirdim. Nə ki pulum, qoyunum var idi, qızın yanına gedib-gəlirdim. Elə ki, keçən il taxıl kəsad oldu, əlim bir az boş oldu, qızı əsla mənə göstərmədilər. Təngə gəlib bir gecə evdəki adamların hamısını doğram-doğram elədim.
Ş ə m i l. Mən hələ adam-zad öldürməmişəm. Elə adım çıxsın deyə, çöllərə düşmüşəm.
V ə l i. Mənim qaçaq olmağım da bekara yerə olubdur. Niyazəlinin oğlunnan şəhərdən gəlirdik. Dörd-beş atlı uzaqdan gedirdilər. Yoldaşımnan mərc elədim ki, görək kimin gülləsi olara gedib çatar. İki güllə yoldaşım atdı, hamısı boşa çıxdı. Üçünü də mən atdım. Dördünü də bir-birinin yanına saldım. Oğulammı?
H a m ı s ı. Qoçaqsan, vallah! (Hər kəs cibindən fındıq çıxarıb yeyir.)
V ə l i. Bu hələ nədir ki! Bundan da hünərli işlər görmüşəm. Bəs atam məni nə üçün Ömərdən artıq istiyir? Hamısı belə qoçaqlıqlarımın səbəbi deyilmi?
M ə n s u r. Doğrudan, a Vəli, sənin qardaşın Ömər çox bişüura bənzəyir!
V ə l i. A kişi, rusca da oxuyanın ağlımı olar? Qara adamın ağlını alıb gedir. üzünə qənşər, neçə dəfə yaman cöz deyiblər, amma bu çağa qədər mərdliklə bir adama cavab vermiyibdir. Ancaq açığı bir adama tutanda ərizə yazır, divana yügürür.
Ş ə m i l. A Vəli, sən bizi burda çoxmu saxlayacaqsan? Bizim burda olmağımızı biləllər.
V ə l i. Heç kəs bilməz. Gədəyə demişəm Ömərdən savayı başqa adam qoymasın. Gözləyək, bircə Ömər gəlsin, onun üzünə tüpürməyə. Başı necə qəbul eyliyir, mənim üstümdə atamı, anamı qazamata salıblar, amma o öz kefinə gəzir....
İ s m a y ı l. Allahı sevərsən, bizi xataya salma. (üzünü yoldaşlarına tərəf.) Durun gedək, burda dava düşər.
V ə l i. Nədən qorxursunuz? Düşər, qoy düşsün. Onu bir gülləyə qurban eliyərəm. Bir az rusca oxuyub, özünü bizdən ağıllımı hesab eliyir? (Acıqlanır.) Ax, ax! Bu hirsli vaxtımda əlimə düşə, qarnını balıq qarnı kimi yarram. (əlini xəncərin dəstəsinə aparır).
İ s m a y ı l. Adam da qardaşını öldürərmi?
V ə l i. Belə qardaşın boynu yerə batsın. O gün yanına adam göndərib soruşuram ki, necə qeyrəti qəbul eliyir ki, mənim üstümdə atamı, anamı tutublar? Amma özü öz kefinə gəzir. cavab verir: "Çalışıram hamısını qurtaram". (Başını bulayır.) Sən qurtaran adamın başı batsın.
P i r v e r d i. Allahı sevirsən, qoy görək! Hərgah mən belə bilsəydim sən bundan ötəri bizi bura gətirirsən, əsla gəlməzdim.
M ə n s u r (tərəfə). Evi yıxılmışın gözünü qan örtübdür.
İ s m a y ı l (Şəmilə). Durun, yaxşısı budur gedək. Burda bunun xatası var.
Ş ə m i l. Durun gedək, mən gedirəm. (Hamı durub getməkistəyir, amma Vəli istəmir.)
İ s m a i ı l. A Vəli, sən mənim canım, dur gedək. Burda qalmağın xatası var.
V ə l i. Gedirsiniz, siz gedin. Mən gərək qardaşım Ömərə göstərəm ki, qardaşlıq necə olar. (Hirslənir.) Ax, ax!... Ax! (Vəlini tutub çəkirlər, eşikdə.) Ay Əhməd! Gələndə Ömər ağana deyərsən ki, çox xoşbəxt adamdır, əgər görsəydim, mən bilərdim ki, nə eliyərdim.
İKİNCİ GƏLİŞ
Ə h m ə d (tək). Evləri yıxılmışlar getmək istəmirlər ki, hərgah bunların burda olmaqlarından pristav xəbərdar olsa, yəqin ki, məni də qazamata salar. Gündüz axşamadək günlərini quldurluqda, adam öldürməkdə keçirirlər. (Otağı səliqəyə
salır.) Buraları yığışdırım, gərək ki, indi Ömər ağam da gələ.
ÜÇÜNCü GƏLİŞ
Ö m ə r (dişqarıdan səs edir). Ay Əhməd, ay Əhməd! Gəl atı tut!
Ə h m ə d (tez yüyürür). Gərək ki, ağamdır.
ö m ə r (çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstüyaraqlı içəri daxil olur və soyunur). At məni nəhayətdə yorubdur. (yerə baxır.) Buralar görəsən nə üçün belə zibildir? Görükür, genə mən olmamışam, Əhməd qonaqlıq eliyibdir. Ay Əhməd!...
DÖRDÜNCÜ GƏLİŞ
Ə h m ə d. Bəli! (Gəlir.)
Ö m ə r. Buralar nə üçün genə zibildir? Yüz yol deməmişəmmi evi həmişə təmiz saxla?
Ə h m ə d. Allaha şükür, nə olubdu ki?
Ömər (əli ilə göstərir). Gözün kordumu? Görmürsənmi? Olmaya genə qonaqlıq edibsən?
Ə h m ə d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur.
Ö m ə r. Bəs görükür, bu iki gündə heç buraları süpürməyibsən?
Ə h m ə d. Sən gedəndən gündə iki yol süpürürəm.
Ö m ə r. Yalan danışırsan! Hərgah süpürsəydin, belə olmazdı.
Ə h m ə d. Bu indicə olubdur.
Ö m ə r. Necə indicə?
Ə h m ə d. Belə bu zibilimi deyirsən?
Ö m ə r (acıqlanır və otaqda hirsli gəzinir). A ... allahını sevərsən, yaxşıdır! Hələ təzədən üsuliddin soruşacaq! (Gəzinir.) öyrənibsiz, gərək zibil içində əyləşəsiniz.
Ə h m ə d . (süpürür və yavaşdan öz-özünə danışır). Mən neyliyim, öz qardaşın eyliyibdir.
Ömər (təəccüblə.). Necə?! Öz qardaşım?!
Ə h m ə d. Bəli, sənin qardaşın Vəli!
Ö m ə r. Onun burada nə işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? Sən bilmirsənmi onun üstə atamı da, anamıda tutublar?
Ə h m ə d. Mən neyliyim? Öz yoldaşlarınnan gəlib bir xeyli vaxt oturdular. Məni də əsla içəri qoymadılar, dedilər: "Sən qapıda dayan, gəlib-eliyən olsa, bizə xəbər ver".
Ö m ə r. (hirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gəzişir.) Özün bilmirsənmi onun buraya gəlməyinin böyükxatası var?
Ə h m ə d. Mən nə eləyim? Özləri gücnən gəlib oturdular. İstədim qoymuyam. Vəli ağa qılıncı sivirib az qaldı başımdan vura.
Ö m ə r. Hamısı neçə adam idi?
Ə h m ə d. Dörd-beş nəfər olardılar.
Ö m ə r. Dürüst hesabını da bilmir. Çoxmu oturdular?
Ə h m ə d. Bir xeylaq oturdular, gərək ki, səni gözlüyürdülər.
Ö m ə r. Məni? (Fikrə gedir.)
Ə h m ə d. Bəli, səni, gedəndə qardaşın dedi ki, "Ömər gələndə deyərsən ki, baxtı yaxşı gətirdi ki, burda olmadı. Hərgah, deyir, burda olsaydı, mən bilirdim nə eliyərdim".
Ö m ə r. Qələt edirsən!
Ə h m ə d. Vallah ağa, elə dedi!
Ö m ə r (hirslənir). İtil gözümdən, rədd ol! (Əhməd dişqarı çıxır.) Məni ... mi?.... (Dayanır, fikir edir.) Gör ha!... O, yəqin ki, məni öldürmək istəyirmiş. (Fikrə gedir.) Pərvərdigara! Gör avamlıq nə yerə çatıbdır ki, qardaş qardaşı öldürmək istəyir. Səbəb nədir? Səbəb odur ki, mən onun düşmənlərini öldürmürəm! (Fikrə gedir, üzünü xalqa tərəf.) A kişi! Gör dünya nə yaman olubdur. İnsanın ürəyinin belə bir daş olmağını aşkar görürəm. Bimərifətlik, nadanlıq adamı bu dərəcədə heyvan edərmiş! Tfu, belə qeyrətə! İnsan belə şeyləri fikir elədikcə, tükləri biz-biz olur.... (Bir az fikirdən sonra.) Ah ... nadanlıq! Böyük bəlasanmış! Bizim müsəlman millətinə nəzər et, firəng millətinə nəzər et. Zəmin asimanadək təfavüt var. Məgər xudavəndi-aləm firəng millətini ağıllı yaradıb, müsəlmanı ağılsız? Gedərsən Firəngə görərsən ki, cəmi millət guya bir ata-ananın oğludur. Baxarsan işlərinə: oxumaq, yazmaq, işləmək, bir-birinə kömək etmək. Amma.... (Fikrə gedib gəzişir.) Amma bizim millətə baxarsan, guya ki, qəflət yuxusuna mübtəla olubdur. Əsla dünyadan xəbəri yoxdur. Bunun səbəbi nadanlıq deyilmi? Ah ... ah! Məni ... mi, məni öz qardaşım istəyir öldürsün?(Bu vaxtda dişqarıdan səs gəlir.)
M ə h ə m m ə d a ğ a (dişqarıdan). Ay Əhməd, deyirlər Ömər gəlibdir, evdədirmi?
Ə h m ə d (dişqarıdan). Bəli, evdədir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-nadanliq-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoldaş! Şəhərdə qalan müsəlmanlar öz səhvlərini düşündükdən sonra Şura hökumətini qəbul ediblər. Fəqət bunları çaşdıran budur ki, siyasi müharibə axırda milli müharibə yönü alıbdır. Bu əhvalat Şura hökumətinə ləkə salıb, onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir.Sizə məlumdur ki, top tüfəng qüvvəti ilə alınmış hökumətin camaat arasında nüfuzu olmazsa çox yaşaya bilməz. Buna binaən var qüvvətiniz ilə gərəkdir çalışasınız ki, camaat düşünsün, hiss eləsin ki, bu müharibəyə milli rəng verən qara qüvvə ilə Şura yoldaş deyildir. Gərək nəinki söz ilə, fel (iş –Red.) ilə bildirmək və göstərmək ki, “qara qüvvə” ilə siz açıq-açığına müharibə edirsiniz.
NadanlıqƏFRADİ-ƏHLİ-MƏCLİSM ə h ə m m ə d a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞMəhəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞQurbanəli öz eviida əyləşib çubuq çəkir və fikir edir.
Стихи других поэтов
بر ملک و ملک فایض انوار توان بود
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.