Страница 2 из 3 · 33%

BEŞİNCİ GƏLİŞ

Məhəmməd ağa və Ömər.

Ö m ə r (başını qapıdan çıxardıb çağırır). Məhəmməd ağa, buyurunuz!
M ə h ə m m ə d a ğ a. Salaməleyküm! Xoş gəlibsiniz!
Ö m ə r. Çox sağ olunuz, əyləşiniz görək. (Kürsü verir.)
M ə h ə m m ə d a ğ a. Bir şey edə bildinizmi?
Ö m ə r. Necə ki? İkisini də qurtardım.
M ə h ə m m ə d a ğ a. Həqiqətmi?!
Ö m ə r. Həqiqət. Bir saatdan sonra gələcəklər. Mən özüm qabaqca gəldim ki, evi tədarük edim.
M ə h ə m m ə d a ğ a. Bəs söhbət ediniz görək, iş nə yerdə qurtardı? Burda səs düşmüşdü ki, guya Sibirə göndərəcəklər.
Ö m ə r. Qurtarmaqları belə oldu ki, naçalnikdən çox təvəqqe etdim bu səfər buraxsın. Bundan sonra söz verdim ki, atam-anam və özüm onunla bilmərrə əlaqəmizi kəsirik. Əlimdən kağız alıb dedi ki, "hərgah qeyrisi olsaydı, yəqinki, Sibirə getmişdi; çünki qanun qaçağa kömək edəni ağır tənbeh edir".
M ə h ə m m ə d a ğ a. Onu doğru deyir.
Ö m ə r. Xülasə, bu barədə söhbətimiz çox oldu və axırda dedi ki, "sizin mərifətinizə ümidvaram ki, zakonun bərəksinə getməzsiniz. Bu barədə sizin onlardan qanacaqlı olmağınıza şəkkim yoxdur. İnşaallah, işi bir tövrliklə görərsiniz ki, nə sizə və nə sizin ata və ananıza yamanlıq olmasın". Dəxi nə deyim? Özünüz bilirsiniz ki, dil və zakon bilmək belə ittifaqlarda iş görür.
M ə h ə m m ə d a ğ a. Amma onu da yəqin ediniz, hərgah bu iş bir də təkrar olunsa, dəxi qurtarmaq qeyri-mümkündür. Ona görə lazımdır ki, işinizdə həməvaxt ehtiyatlı olasınız, qardaşınız Vəli ilə gərəkdir bilmərrə əlaqənizi üzəsiniz.
Ö m ə r. Əlbəttə, gərəkdir elə ola. Vallah, mən dəxi bundan sonra işə qarışmayacağam. Belə şey olmaz ki, bir adamın ağlının səbəbindən bu qədər adam puç ola. Doğrudur, qardaş şirin olar və onun pis günü mənimdir. Amma nə etməli ki, avamlıq, tərbiyəsizlik, bimərifətlik gözlərini kor və ürəyini daş edibdir, bilmərrə insan cərgəsindən çıxıbdır.
M ə h ə m m ə d a ğ a. Ay sağ olmuş! Bir bu deyil ki, bizim müsəlmanın çoxu belədir.
Ö m ə r. Xeyr, bunun tək mən görməmişəm. Zira ki, bir qardaş ki öz qardaşının ölməyinə qəsd edə, ondan əskik, ondan biinsaf adam olarmı?
M ə h ə m m ə d a ğ a. Nə söyləyirsiniz? (Ayağa durub Ömərin əlindən tutur və təəccüb edir.) Necə? Qardaşınız sizincanınıza qəsd edir?
Ö m ə r. Bəs görükür bilmirsiniz. (Başını yerə tutur.)
M ə h ə m m ə d a ğ a. Xəbərim yoxdur.
Ö m ə r. Yaxşı ki, xəbəriniz yoxdur. Hərgah bilsəniz, yəqin qanınız xarab olar.
M ə h ə m m ə d a ğ a. Siz mənim canım, deyiniz görüm, nə olubdur?
Ö m ə r (üzünü özgə tərəfə tutur). Doğrusu, mənim eybimə gəlir deyəm.
M ə h ə m m ə d a ğ a (Öməri tutur). Xeyr, gərək deyəsiniz görüm nə ittifaq düşübdür?
Ö m ə r. Nə? (Fikrə gedir.) Məni?... Ah ,.. Allah!.... (Fikrə gedir və başını əli ilə tutur.) Məni qardaşım....öldürmək istəyir.... (yerə baxır.)
M ə h ə m m ə d a ğ a (təəccüblə). Nə deyirsiniz? Belə şey olmaz! (Tərəfə.) Mən belə şeyə inanmıram.
Ö m ə r. İnanmırsınız? Bizim gədədən sual ediniz.
M ə h ə m m ə d a ğ a. Gədə hardan bilir?
Ö m ə r. Yoldaşları ilə bu gün buraya gəlibmişlər. Hənuz bu qəsd ilə ki, məni evdə tapıb öldürsünlər.
M ə h ə m m ə d a ğ a. Buraya gəlibmişlər?! (Təəccüb edir.) Pərvərdigara! (üzünü xalqa tutur.) Gör, insan da bu məqamaçatarmış!... Ya rəbb! Görəsən, bundan da yaman dəhşətli zəmanə olacaqdırmı?
Ö m ə r (Məhəmməd ağanın yanına gəlir). Mən bir cana borcluyam; özümdən fikir etmirəm. Ancaq mənim heyfim atama, anama gəlir ki, məndən sonra sağ qalsalar, hər divanənin ucundan böyük bəlalara giriftar olacaqlar.
M ə h ə m m ə d a ğ a (hirslənir). Onların borcudur yaman günlər görmək, zira ki, bunun bu tövr insafsız hərəkətlərinə səbəb ata və ananın tərbiyəsidir.
Ö m ə r. Doğru buyurursunuz. Oğulun yaxşı, pis olmağı ata və ananın tərbiyəsinə bağlıdır. Amma bunlarda da günah yoxdur. Çünki onların qanacaqlarına görə tərbiyə belə lazımdır. Mənim fikrimcə, günah bir mənim ata və anamda deyil, bəlkə müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insana ən lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir halda bulunur. Bu tövr bədbəxtlik hər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar.
M ə h ə m m ə d a ğ a. Bircə deyin görüm, nə səbəb Vəli sizinlə ədavət başlayıbdır.
Ö m ə r. Mənimlə ədavətinin səbəbi odur ki, onun düşmənini mən öldürmürəm. Bu barədə də kərrat ilə mənə sifarişgöndəribdir. Amma mən cavab vermişəm ki, mən heyvan deyiləm. (Əyləşir.)
M ə h ə m m ə d a ğ a (tərəfə). Gəl bundan sonra insana inan! Bir ata-ananın balası belə ədavət başlayanda, dəxi yadların işlərinə nə üçün təəccüb edirik? (Gəlib Ömərin əlindən tutur.) Salamat qalınız! Doğrusu, artıq qalıb belə sözlər eşidib, qanımı xarab etmək istəmirəm.
Ö m ə r (ayağa durur). Məhəmməd ağa! Bir az dayanınız. İndicə ola ki, onlar da gələlər. Mən də təkəm, əyləşiniz, bir az söhbət edək. Heç hirslənməyin, bunlar hamısı keçər gedər.
M ə h ə m m ə d a ğ a (əyləşir). Axı, mən necə hirslənməyim ki, gözüm görə-görə insan heyvan dərəcəsinə çatıbdır.
Ö m ə r. Zərər yoxdur. Məşhur məsəldir deyirlər: "yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər". İndi mən də əlimdən gəldiyi yaxşılığı edəcəyəm.
H a c ı A b d u l l a n ı n s ə s i. Ay Əhməd! Ay Əhməd!
Ö m ə p. Gəldilər. (Ayağa durur.) Siz əyləşin, mən gedim yerbəyer edim. (Dişqarı çıxır.)
M ə h ə m m ə d a ğ a (ayağa durur). Həqiqət, Ömər mənim heyfimə gəlir. Özü nəhayətdə qanacaqlı, mərifətli oğlandır. Doğrudur, Ömərin başına bir iş gəlsə, biçarə qocalar tövrbətövr bəlalara giriftar olacaqlar. (Fikrə gedir.)

ALTINCI GƏLİŞ

Hacı Abdulla, Ömər və Məhəmməd ağa.

M ə h ə m m ə d a ğ a (geri dönüb Hacının qabağına gedir). Allaha şükür olsun ki, sağ və salamat evə gəlib çıxdınız! (Baş əyib əlini verir.)
H a c ı A b d u l l a. Çox sağ ol! Oğulun bəlasını ata-ana gərəkdir çəksin. (Əyləşir. Ömər qapının yanında durur.)
M ə h ə m m ə d a ğ a (tərəfə). Başına dəyibdir, ləzzətini görübdür. (Hacıya tərəf.) İnşaallah ki, bundan sonra başınız belə bəlalar görməz!
H a c ı A b d u l l a. İnşaallah! (Ömərə.) Get gör, anan hərgah dərman istəsə, ya gədəni göndər, yainki özün get. (Ömər çıxır.)
M ə h ə m m ə d a ğ a. Xeyir ola, nə olubdur ki?
H a c ı A b d u l l a. Özün bilmirsənmi, arvad xeylağının qazamata tabı olmaz? Bir az azarlı kimidir.
M ə h ə m m ə d a ğ a. İnşaallah. Heç şey olmaz.

YEDDİNCİ GƏLİŞ

Niyazəli, Qurbanəli, Ağakişi, Hacı Abdulla və Məhəmməd ağa.

N i y a z ə l i, Q u r b a n ə l i, A ğ a k i ş i. Salaməleyküm, a Hacı!
N i y a z ə l i. Gözümüz aydın, a Hacı! Allah-taala genə sağ-salamat qurtardı!
Q u r b a n ə l i. Görükür, allahın şafqatı keçibmiş!
A ğ a k i ş i. Ay sağ olmuşlar! Bunları həmişəlik tutmamışdılar ki, ancaq aparmışdılar ki, Vəli ələ düşə. Naçalnik gördü ki, belə şeynən ələ gələn deyil, buraxdı.
H a c ı A b d u l l a. Yox, elə deyil, bizim işimiz lap katericni dalı da pasılyan kəsilirmiş, çünki naçalnikə xəbər verirlər ki, guya Vəli gecələr bizdə yatır. Allah Ömərin işinə varsın, ərizəynən, şahidnən bizi bir tövr qurtardı.
M ə h ə m m ə d a ğ a. Naçalnik özü sizinlə danışdımı?
H a c ı A b d u l l a. Necə ki! Gələndə bizi öz yanına aparıb nəsihət verdi və dedi ki, "onu yəqin bilin ki, Ömərin xatirəsinə buraxıram; çünki Ömər, ümidvaram ki, zakona bərəks getməz və sizi pis yoldan daşındırar".
N i y a z ə l i (tərəfə). Gör sən allah, işə bax! Atanı oğula tapşırır!
A ğ a k i ş i. Görükür rusca bilməyinə, sözü də ötgündür.
Q u r b a n ə l i. Elə olacaq, elə....
M ə h ə m m ə d a ğ a. Yaxşı ki, indi bunu başa düşürsünüz.
H a c ı A b d u l l a. Ay Əhməd!
Ə h m ə d (eşikdən). Bəli!.... (İçəri daxil olur.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов