Eşqnamə
Страница 1 из 4
“O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”.
Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi.
Azərbaycan xalqı Hüsaməddinə Atabəy Məhəmmədin qatili kimi baxır və onun hökumət işlərində iştirak etməsinə etiraz edirdi. Çünki Hüsaməddin düşmən ordusu ilə bərabər bir neçə dəfə Azərbaycan üzərinə hücum etmişdi. Buna görə də Qətibə bu məsələni aralığa atdığı zaman Qızıl Arslan:
– Məmləkət xalqın iradəsilə idarə olunmalıdır, – deyirdi.
Günlərin birində Qətibə bu tələbatı bir daha aralığa atdığı zaman Qızıl Arslan qəti surətdə rədd cavabı verib dedi:
– Məmləkətin, xalqın səadəti hər nəyi tələb edirsə onu da həyata keçirəcəyəm, hökmdarlığın qanunu nəyi tələb edirsə, ona xalqı da, özümü də, sizi də itaət etməyə məcbur edəcəyəm.
Mən heç bir zaman Fəxrəddin kimi bir qəhrəmanı işdən götürüb yerinə Hüsaməddini təyin edə bilmərəm. Bu xəyanəti heç bir zaman həyata keçirə bilməyəcəyəm. Siz bilirsiniz ki, məmləkəti Toğrulun yaratdığı təhlükədən qurtaran Fəxrəddindir. Siz bilirsiniz ki, Fəxrəddinlər olmasaydı, Hüsaməddinlər çoxdan bəri bu məmləkəti satmışdı.
Bu taxt və bu tacı indiyə qədər Eldəniz xanədanı əlində saxlatdıran Fəxrəddindir və onun mənsub olduğu böyük xalqdır. Biz azərbaycanlıların məhəbbət və sədaqətləri sayəsində İraq, Rey və Fars məmləkətlərini idarə edirik. Buna görə də mənim yanımda Fəxrəddin əleyhinə danışmaq üçün heç bir kəsə icazə vermirəm.
Qızıl Arslanın qəti etirazına baxmayaraq, Qətibə yenə də öz tələbində davam edib deyirdi:
– Mən heç bir zaman atamın qatili ilə bir yerdə, bir məmləkətdə və bir şəhərdə yaşaya bilmərəm!
Qızıl Arslan Qətibənin cavabında:
– Nə etmək olar? Bu hökumət işidir. Məcburi olaraq mən də qardaşımın qatilləri ilə üz-üzə oturmaqdayam, – dediyi zaman Qətibə daha bir söz demədi, o artıq aldandığını və Qızıl Arslanın ona evlənməyəcəyini yəqin etdi. Nəhayət, Qızıl Arslanın vəliəhd təyin etdiyi Əbubəkri və Qızıl Arslanın özünü məhv etmək qərarına gəldi. Çünki bunların hər ikisi məhv olmadan onun oğlu Qütlüğ İnancın hökmdarlığa yetişə biləcəyi mümkün deyildi.
Buna görə də o, gənc vəliəhdə məhəbbət və hörmət göstərməyə başladı və öz kiçik bacısı Təliəni bu məqsəd ətrafında istifadə etməyə qərar verdi. Çünki o, gənc vəliəhdin gözəl Təliə ilə maraqlandığını bilirdi.
Qətibə vəliəhd yaşayan sarayda yaşadığı üçün onun kiçik bacısı vəliəhd ilə çox tez-tez görüşürdü. Bundan başqa Qətibə özünü gənc vəliəhdə bir doğma ana kimi tanıtmağa və onu sevməyə başlamışdı. O daima gənc vəliəhdin üzündən öpərək:
– Ağıllı, fərasətli oğlum, gələcəkdə tac-taxtın möhkəm olması və Eldəniz xanədanının sənin şəxsində davam etməsi üçün anan bütün varlığı ilə çalışacaqdır – deyirdi. Məmləkətin hüdudlarında baş vermiş təhlükələrin təsviyə olunması üçün xanədanımızın bütün üzvlərinin əlbir işləməsi lazım gəlirdi. Mənim Həmədandan Təbrizə yığışmağımın səbəbi budur. Bədbəxt anan artıq öz şəxsi zövqlərini təmin etmək üçün yox, xalqın və xanədanımızın şərəfini təmin etmək üçün yaşamaqdadır.
Qətibə Təbrizdə yaşadığı zaman vaxtının bir çoxunu vəliəhdin rahətini təmin işlərinə sərf edirdi. Hər saat onun səhhətini soruşur, sarayının intizamını yoxlayır, xidmətçilərin kimliyi və təmizliyini nəzərdən keçirir, onun yeməklərinin keyfiyyətini təftiş edir və oğlunun qeydinə qalan bir ana kimi hərəkət edirdi.
Bu qərarla Qətibə, vəliəhdi öz məhəbbətinə inandırmışdı, oğulluq və analıq münasibətini bərpa edə bilmişdi.
Təliə isə daima gənc Əbubəkri gördüyü zaman rəngi qızarır, utanır və gözünün guşəsilə ona baxırdı. Təliə bir çox təsadüflərdə Əbubəkrin ona diqqət verib-vermədiyini də öyrənməyə çalışırdı. Bu hadisə Qətibəni də maraqlandırırdı. İki gəncin bir-birinə daha sıxı olaraq yaxınlaşması Qətibə üçün əsas məqsədi təşkil edirdi. Buna görə də Əbubəkr ilə Təliə bir yerdə olduğu zaman Qətibə bir işi bəhanə edərək, otaqdan çıxır və onları yalqız buraxmağa tələsirdi.
Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi. Qətibə həmişəki adət üzrə onları bir yerdə buraxıb çıxdı. Onlar yarım saata qədər sakit oturub qaldılar, bir-birinə deyəcəkləri sözləri çöhrələrinin rəngindən, qaşlarının çatışmasından, dodaqlarının titrəyişindən, göz bəbəklərinin bir mərkəzdə qərar tuta bilməməsindən, boyun damarlarının hərəkətindən və ürək çırpıntılarından oxumaq olurdu.
Hər ikisi söhbət üçün mövzu deyil, zəminə axtarırdı, çünki onlar bu günə qədər bir kəlmə də olsa danışmamışdılar. Bir-birlərinə deyəcəkləri sözləri aylardan bəri əzbərləmişdilər. Ortalığa atılacaq arzular böyük həcmli bir eşqnaməni təşkil edirdi. Onlar bu kitabın hansı vərəqindən oxumağı təyin etmək üzərində düşünürdülər.
Təliə işsiz oturmuşdu, lakin vəliəhd işsiz deyildi. O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. Onları bir-bir sınaqdan keçirməkdə idi. Lakin kamanların heç birisi onun qolunun qüvvətli qarşısında davam etməyərək əyilir və qırılırdı. O, çox qüvvətli bir gənc idi, atası Cahan pəhləvan və anası Gözəldən mənimsədiyi pəhləvanlıq mirası onu gənc ikən şöhrətləndirmişdi. Buna görə də onlarca kamanı əyib, sındırıb bir tərəfə buraxdı.
Təliə bu mənzərəni yoxladığı zaman birdər-birə söhbət üçün zəminə əldə edərək soruşdu:
– Deyin görüm, siz hər bir kamanı sındıra bilərsinizmi?
Bu sual vəliəhd üçün gözlənilməz bir hadisə kimi idi, o bu sualdan şadlandı, çünki bununla o, aylardan bəri başlamaq istədiyi söhbətlər üçün giriş təşkil edirdi. Bu qədər sevincli sualdan sonra Təliənin qızarmış çöhrəsinə baxıb cavab verdi:
– Bəli, mən hər bir kamanı sındıra bilərəm. Lakin hələlik mənim sındıra bilmədiyim başqa bir kaman vardır ki, aylardan bəri onun ətrafında düşünürəm.
– Siz onu sındıra bilməyəcəyinizi yəqin bilirsinizmi?
– Onu mənim özüm də bilirəm, hətta başqaları da bilir.
Təliə bir az düşünərək soruşdu:
– Əcəba, bunu hər bir kəs bildiyi halda, mən də üçün bilmirəm?
Əbubəkr bu sualın cavabında:
– Balaca xanımın özü qüvvətli kamana malik olduğu halda nə üçün də bilməsin? – dedi.
Təliənin çöhrəsi qızıl gül yarpağı kimi qızardı. Bu söz ona çox qəribə gəldi. O, bu müəmmadan ibarət olan sözün açarını tapa bilmək üzərində çox düşündü və sualverici bir nəzərlə vəliəhdin üzünə baxıb soruşdu:
Malik olduğum hansı bir kamandan danışırsınız? Onu açıq deyə bilməzsinizmi?
– Qəlbinizi oxuya bilsəydim, onun nə kimi bir kaman olduğunu deyə bilərdim.
– Hərgah mən qəlbimdə olanları özüm sizə oxuyarsam, siz o kamanı mənim üçün izah edə bilərsinizmi?
– Mən o kamanı sizə izah edərsəm, başqasına xəbər verməzsiniz ki?
– Hərgah söhbət bir şəxsiyyətə aiddirsə, onu başqasına xəbər verməyin nə mənası vardır?
– Bacınıza danışmazsınız ki?
– Əlbəttə ki, danışmaram.
Təliə bu sözü deyəndən sonra başını aşağı dikib daha danışmadı, vəliəhd isə sükutu pozub soruşdu:
– Başqasına xəbər verməyəcəyin üçün and içə bilərsənmi?
– Mən nəyə and içim ki, vəliəhd inansın?
– Sevdiyin əziz bir şeyə and iç!
– Sevdiyim şeylər çoxdur, hansı birisinə and içim?
– Sevdiyim şeyləri qəlbinin tərəzisində ölç, hansı birisi ağır və qiymətlidirsə ona da and iç!
– Siz dediyiniz üsul çox uzun çəkər, çünki insanların sevdiyi şeylər özlərinin arzuları qədər həddsizdir. Xüsusən gəncliyin arzuları göydəki ulduzlar qədər sayılmaz və ölçüyə yerləşməzdir. Elə birisi sizin özünüz, bunu bacara bilərsinizmi?
– Mən bunu bacara bilərəm. Mən bir anda bunu təyin edərəm, çünki çox sıxı və səmimi sevdiyim şeylər birinci cərgədə durur. Hazırda Təliə xanım öz sevdiyi şeyləri bir-bir saymış olsaydı, mən dərhal hansı bir şeyi qəlbən sevdiyini ona xəbər verərdim. Hərgah kiçik xanım buna inanmırsa, sevdiklərini saymağa başlasın.
Təliə:
– Çox gözəl, dinləyin sevdiklərimi sayım. Bacımı çox sevirəm. Çünki mən atamdan sonra doğulmuşam, körpə ikən anam da ölmüşdür, məni bacım böyüdüb tərbiyə etdirmişdir. O həm bacımdır, həm də mənə analıq etmişdir.
Bundan sonra Qızıl Arslanı sevirəm, o bizim vəliyül nemətimizdir. Qütlüğ İnancı da sevirəm, o da dünyada mənim bacımın yeganə ümididir. Bir də ki...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-esqname
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Günəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
AyAldanmış əməllər kimi sən, ey sarı məş’əl!Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl!
SindanSaç xariqələr, dəhri qoy e’cazına heyran,Əzmində, səbatında qüsur eyləmə bir an.
Ararat dağı1Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim,
Стихи других поэтов
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
EyləməBir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.