Страница 1 из 4

Qızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi:

“Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir.

Məmləkətin idarələri düşmənlərdən təmizlənmiş, sizinlə birlikdə danışdığımız islahata başlamaq üçün əlimizdə imkan vardır. Sizin fikirlərinizi həyata keçirəcəyəm. Bu səfərimdə sizin arzu etdiyiniz sülh müqaviləsini Şirvanla bağlayıb qurtarmaq ümidindəyəm.

Fikirlərinizi məmləkətin idarəsi işində rəhbər tutacağam. Sizinlə məşləhətləşmək üçün təzə fikirlərim də vardır. Mən ümid edirəm ki, xalqın həyatında dəyişiklik yaratmaq mümkün olacaqdır. Mən otuz günlük bir səfərdən şairin ziyarətinə gəlmişəm. Ümid edirəm ki, möhtərəm şair də, otuz fərsəng yoldan mənim görüşümə gəlməyi əsirjəməyəcəkdir”.

Nizami Qızıl Arslandan məktub aldığı dəqiqələrdə “Xosrov və Şirin” əsərinin son beytlərini yazıb bitirirdi:

Zihər əqli-mübarək badəm aməd
Təriqü-əql vahid yadəm aməd,
Şikayət künəyi migərdəm əz baxt,
Ki dər bazu kəmani daştəm səxt.
Bəsi tirü kəman əfkəndə budəm,
Nə şüd bər hic kağəz kazimüdəm.
Şikayət çünki, bərdarəd xüruşi
Nə manəd bibəha göhər firuşi.

Qızıl Arslanın məktubu Nizamini razı salmamışdı. Çünki o, Nizamiyə verdiyi vədələrin və Nizamidən aldığı nəsihətlərin bir faizinə də olsa əməl etməmişdi. Buna görə də o, taxt-rəvanda oturub Qızıl Arslanın ordu qərargahına getdiyi zaman öz-özünə düşünüb deyirdi:

“İnsan dünyanı öyrənir, alim ikən savadsız olur. Hökmdarlar danışdığı zaman həqiqəti deyil, məkan və zamanı nəzərə alırlar. Padşahın vicdanına inanma, o, sənin köməyinlə əldə etdiyi silahını sənin öz başında da imtahan edə bilər. Padşahın dilindən tez-tez eşitdiyimiz vicdan və sədaqət kəlmələri də insan qəlbini şikar etmək üçün bir tələ vəzifəsini ifa edir.

İnsanların bədbəxtliyi burasındadır ki, onlar bir-birini öyrəndikləri zaman onların qəlbindəki xain məqsədləri oxuya bilmirlər. Onlar lisanın quraşdırdığı asimani kəlmələrə aldanırlar. Milyonları bir nəfər padşaha baş əydirən səbəb bir olsaydı, onunla mübarizə aparmaq o qədər də çətin olmazdı. Lakin padşahın mövqeyini möhkəm edən səbəblərin sayı onun icra etdiyi şaqsızlığın sayından daha artıqdır.

Padşah acizləri əsirlikdə saxlamaq üçün qüvvətlilərdən özü üçün bir yaltaq ordusu düzəltmişdir. Avamlar, düşüncəsizlər, mövhumatçılar padşahlıq kəlməsinin ilahi bir kəlmə görünməsi yolunda böyük bir vəzifə bitirirlər”.

Nizaminin fikri bu kimi düşüncələrin ağırlığı içərisində yorulur, ara-sıra taxt-rəvanın pərdəsini qaldırıb Kür qırağının zəngin təbiətinə baxdıqca dincəlir və yenə də Qızıl Arslan haqqında düşünüb deyirdi:

“Bəzən həyata və dünyaya yeni şəkil vermək istəyən dahilərin fikirləri də minlərcə firqə və təbəqələrə ayrılmış xalqın qarmaqarışıq fikirləri içərisində itib gedir.

Padşah! Səndə nə vardır?! Adi sənətkarların düzəltdiyi taxt-tac. Lakin sən hər taxtın kölgəsində duran tabutu görə bilmirsən!..

Geniş sarayların işıq pəncərəsindən dünyaya baxdığın zaman şöhrət və xudpəsəndlik kölgələri sənin gözlərinə pərdə çəkir, sən yüzlərcə sənin kimi hökmdarların yatdığı qəbiristanları görə bilmirsən!

Sən bir yığın yaltaqlara, riyakarlara arxalandığın təqdirdə sənə qarşı nifrət bəsləyən yüz minləri görmürsən. Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. Bəlkə də bir gün xalq mən düşünən kimi düşündü, bəlkə də bir gün sənin aldadıcı olduğun və əhdə vəfa etmədiyin aşkara çıxdı. Onda nə edə bilərsən? Səni haman taxtdan çəkib yerə salarlar. Bu çox asandır. Lakin sənin açdığın xərabələri düzəltmək olduqca çətindir.

Hazırda qoltuğuma vurub hədiyyə gətirdiyim “Xosrov və Şirin” adlı əsərimdə sənə və səndən qabaqkılara demək istədiyim sözlərin hamısını yazmışam. Bu sözləri həm özüm deyirəm, həm də xalqın deməsinə imkan yaradıram”.

Şairin taxt-rəvanı ordunun qurduğu çadırların arasından keçib gedirdi. Nizaminin gəldiyini Qızıl Arslana xəbər verdilər. O, bu zamanda işrət məclisi qurub eyş-işrətə məşğul idi. Onun böyük bir çadırda təşkil etdiyi böyük ziyafətin şəkli dərhal dəyişdi. Əvvəlcə Şəmsəddinə əmr verdi:

– Əyanları və qoşun sərkərdələrini götürüb böyük şair üçün təntənəli bir istiqbal mərasimi düzəldin, – dedi və sonra xidmətçilərinə əlavə bir fərman verdi:

– Çadırı boşaldın. Saqilər, mütrüblər getsin, məclisdə yalnız çalanlar və oxuyanlar qalsın. Zəmanənin həyat suyunu paylayan bir şair gəldiyi zaman üzüm suyunun qiyməti qalmadı. Onun söhbətləri musiqi nəğmələrindən dilnəvaz və sevimlidir. O həqiqi zahidə məxsus bir məclis düzəldin. O zahiddir, lakin yun əba və yun baş örtüsünü daşıyan zahidlərdən deyil”.

Nizami çadıra daxil olduğu zaman Qızıl Arslana baş endirib salam verməyə macal tapmadı, çünki Qızıl Arslan onu çadırın qapısında qarşılayıb salam verdi və əlindən tutub öz yanında əyləşdirdi.

Birinci olaraq dövlət və hökumətə aid məsələlərdən danışdılar. Sonra da şair yolda gələrkən düşündüyü nəsihətlərə başladı.

Şairin nəsihətlərinə qarşı Qızıl Arslan tez-tez:

“Doğrudur, həqiqətdir. Təsdiq edirəm, həyata keçirmək lazımdır. Əhsən, afərin, belədir ki, var! Sizi əmin edirəm, başqa cür ola bilməz. Qonşularla dostanə yaşamaq barəsindəki fikrinizə qəlbən tərəfdaram. Yerli hakimlərin hüququnu məhdud etmək fikrini təqdir edirəm. Mən ancaq Azərbaycan xalqının dostluğuna arxalanıram. Elədir, xalqın mənə qarşı olan əlaqəsində səmimi bir dostluq hiss olunur.

Şair əmin olmalıdır. Verdiyim vədələr tədrici surətdə həyata keçiriləcəkdir!” – deyirdi.

Qızıl Arslan Qətibənin Təbrizə köçürülməsi səbəblərinə keçərək dedi:

– Qətibənin Azərbaycana köçürülməsi məmləkətin böyük bir hissəsini təhlükədən qurtardı.

Nizami gülümsəyərək:

– Məmləkətin bir hissəsini təhlükədən qurtarmaq üçün hökmdarın şəxsi həyatını təhlükəyə yaxınlaşdırmaq da sadəlikdir.

Qızıl Arslan da bu sözə güldə və dedi:

– Gələcəyin şəkli hadisələrin şəklindən asılıdır.

– Hökumət və dövlət fəlsəfə ilə idarə oluna bilməz. Hadisələr gələcəyə öz şəklini verə bilməkdən əvvəl hökmdarlar hadisələrə öz düşündüyü şəkli verməyə çalışmalıdır. Fəlsəfə xülasələrini kitablarda olduğumuz zaman xoşumuza gəlir. Lakin onu insanların həyatında gördüyümüz vaxt, həyatla uyğun olmadığını yəqin edirik; çünki həyatdan alınmayan fəlsəfələr heç bir zaman bir xalqın həyatında tətbiq edilə bilməz.

Hökmdarın bir saatdan bəri danışdığı fəlsəfi məsələlər qismən xalqın həyatı üçün zərərli, bəzən də həyata keçirilməsi mümkün olmayan məsələlərdən ibarətdir. Xalqın həyat və düşüncəsini yerli hökmdarlardan öyrənməklə həyat fəlsəfələri yaratmaq olmaz. Hökmdar bilavasitə xalqı öyrənməlidir. Çünki hökmdarı əhatə edənlər üçün >> əhalinin həyatı haqqında ona doğru xəbər vermək əlverişli deyil. Saray xalqının əsas vəzifəsi sarayda qapanıb qalmış hökmdarı aldatmaqdır. Onlar padşah sarayının qarşısına gəlib acıqdan fəryad edən xalqın fəryadını eşitdiyi zaman daima:

“Şükürlər olsun, məmləkət bolluqdur və ucuzluqdur, rəiyyət sarayın qarşısına yığılıb əlahəzrətin ömür və dövlətinə dua edirlər” – deməkdədirlər.

Qızıl Arslan Nizaminin dediklərini təsdiq etdi, lakin nəsihətlərin öz hədəfinə əsabət etmədiyi aydın idi. Qızıl Arslan sərhədlərdəki müvəqqəti dinclikdən istifadə edərək Azərbaycan islahatı haqqında verdiyi vədələri həyata keçirməkdən boyun qaçırdı. Buna görə də Nizami Atabəy məmləkətlərinin gələcəkdə düşəcəyi vəziyyət barəsində izahat verib dedi:

– Hökmdarın idarə etdiyi məmləkət, tarixi düşmənlər tərəfindən əhatə olunmuşdur. İranlılarda, İraq və reylilərdə vətənpərvərlik ruhu inkişaf etməkdədir.

Xəlifələrin əzəmət və şöhrəti sönür. Böyük ərəb səltənəti dağılır. İstiqlaliyyəti alınmış xalqlar ayağa qalxır, gizlində və aşkarda məmləkətlərin sərhədlərini dəyişmək üçün minlərcə əllər işləməkdədir. Haman əllərdən bir çoxu Azərbaycanı hədəf etmişdir. Məmləkət daxilində olan əcnəbi nümayəndələrinin sayı hökmdarın ordusundan bir qat artıqdır.

İranlılarla iraqlılar öz köhnə vəziyyətlərini bərpa etmək üçün silaha sarılmağı bacarmazlar, çünki onlarda Azərbaycan silahına qarşı qoyulacaq qüvvət yoxdur, hökmdar bunları nəzərə alaraq Azərbaycan silahına hörmət bəsləməlidir.

Qızıl Arslan yenə də:

“Doğrudur, həqiqətdir. Başqa cür ola da bilməz” – sözlərini tez-tez təkrar edirdi. Nəhayət, söhbətin sonunda Nizami gətirdiyi əsəri ipək bağlının içərisindən çıxarıb Qızıl Arslana təqdim etdi və dedi:

– Bu əsəri “Fərhad və Şirin” sərlövhəsi altında yazmalı idim, lakin Fərhadın sənət və eşqinə dair yazdığım əsərdə siyasət və cahandarlığa dair fikirlərimi inkişaf etdirə bilməzdim. Buna görə də əsərimə “Xosrov və Şirin” sərlövhəsi verib Xosrovların gedəcəyi yolları təyin etməyə çalışdım. Məqsədim eşqnamə yazmaq deyildi, biləks, Şirini bundan da artıq bəzəyərək dünyanın ən məşhur bir gəlinin dərəcəsinə çatdırardım. Məqsədim zinətlərdən danışmaq olsaydı, dünyanın minlərcə yonulmamış cavahirlərini bu səhifələrə düzərdim. Əsas məqsədim nəsihət idi. Bilmirəm, bu fikrimdə istədiyim qədər müvəffəq ola bilmişəmmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов