Страница 3 из 4 · 50%

Qətibənin törətdiyi son fitnələr iraqlıların əlində azərbaycanlılara qarşı böyük bir silah yerinə işlənməyə başladı. İraqlılar, ərəb imperatorluğunu dağıtmaq üçün Hüseynin qətlini əllərində bəhanə etdikləri kimi, Qətibənin də bu fitnəsini azərbaycanlılara qarşı silah yerinə işlətməyə başladılar. Çünki onlar bilirdi ki, azərbaycanlılar Qızıl Arslanın arxasında durduqca, iraqlılar öz məqsədlərinə nail ola bilməyəcəkdir. Buna görə Qətibənin bu macerası iraqlılar üçün həddindən artıq əlverişli idi. Qızıl Arslan bu macəraya inanmasa belə, yenə də azərbaycanlıları paytaxtda saxlamağı bacarmayacaqdı. Çünki azərbaycanlılar ancaq Fəxrəddin və Seyid Əlaəddinin səbəbinə illər uzunu Həmədanda qalıb Qızıl Arslana xidmət edirdilər.

Bütün Həmədan xalqı Qızıl Arslanın bu hadisəyə qarşı nə kimi bir vəziyyət alacağı ilə maraqlanırdı. Nəhayət, hadisədən iyirmi bir gün keçəndən sonra Qızıl Arslan səfərdən qayıdıb Həmədana gəldi.


Qızıl Arslanın Fəxrəddinə verdiyi birinci sual bundan ibarət idi:

– Sənə Zəhir Bəlxi və Hüsaməddini həbsə almaq üçün kim ixtiyar vermişdi?

Fəxrəddin, əlahəzrətin bu şiddətli sualından heç də özünü itirmədi, cavabı çox təxirsiz bu surətdə verib dedi:

– Mərhum Atabəy Məhəmmədin qətlində həyata keçirilən macəranın təkrar olunmaması üçün belə də lazım idi. Onlar bu cinayəti müvəffəqiyyətlə qurtarmaq üçün öz cinayətlərinin qurbanı olan Mənsuru siz paytaxta qayıtmamışdan əvvəl edam etmək istəyirdilər. Mənsə buna imkan vermədim.

– Mələkəni nə üçün həbsə aldırdın? Onunla müdara etməyi sənə tapşırmamışdımmı?

– Mələkəni heç bir kəs həbsə almamışdır. Yalnız onun Həmədandan çıxıb getməsinə imkan verilməmiş, çünki o, bununla paytaxda üsyan başladığını və burada yaşamağın imkan xaricində olduğunu göstərmək istəyirdi.

Hazırda əlahəzrət təşrif gətirmişdir, mən müqəssirin mühakimə və istintaq edilməsini tələb edirəm. Çünki bu hadisə azərbaycanlılar əleyhinə düzəlmişdir.

Qızıl Arslan yenə də acıqlı bir surətdə soruşdu:

– Müqəssir deyir ki, məni bu cinayətə məcbur edən Fəxrəddindir. Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən?

Fəxrəddin yenə də əlahəzrətin şiddətli cümlələrindən təsirlənməyərək dedi:

– Əlahəzrətin mənə inanmaması üçün heç bir əsas yoxdur. Sizə məlumdur ki, mən daima məmləkətin düşmənləri ilə mübarizə etmişəm. Hazırkı macaranı törədən düşmənlər, yalnız mənim deyil, bu məmləkətin düşmənidirlər. Onlar məni bu məmləkəti sevdiyim üçün sevmirlər. Bu gün əlahəzrət məni işimdən kənar edib Azərbaycana göndərmiş olursa, düşmənlərim məni xatırlamaq belə istəməzlər.

Haman cinayətkar Mənsur məni tanımır, mən də onu tanımıram. Əlahəzrət bu sözlərimə inanmırsa, sərkərdələrdən bir neçəsini hüzuruna çağırsın, hərgah cinayətkar məni tanıya bilərsə, düşmənlərimin dediklərinin hamısı doğrudur, o zaman hökmdar məni cəzalandırmağa haqlıdır.

Qızıl Arslan bu sözdən sonra bir az düşündü, sonra sərkərdələrdən bir neçə nəfərin gətirilməsinə əmr verdi.

Yarım saatdan sonra on beş nəfər sərkərdə hazır oldu. Hüsaməddin də bunların içərisində idi. Qızıl Arslanın əmrinə binaən cinayətkarı zindandan çıxarıb gətirdilər. Qızıl Arslan cinayətkara diqqətlə baxandan sonra xidmətçilərə əmr etdi:

– Müqəssirin boynundan və ayaqlarından zənciri açın!

Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. Qızıl Arslan ona sual verdi:

– Səni bu cinayətə məcbur edən burada duranların hansı birisidir?

Mənsur əlahəzrətin bu sualından sonra məclisdə duranları diqqətlə gözdən keçirəndən sonra gəlib Hüsaməddinin yanında durdu və barmağı ilə göstərdi:

– Mən ancaq bu adamı tanıyıram, məni bu cinayətə məcbur edən həmin bu adamdır!

Qızıl Arslan bir sual daha verdi:

– Sən Fəxrəddini tanıyırsanmı?

– Necə ki, tanımıram. Tanımasaydım bu cinayəti həyata keçirərdimmi?

– Fəxrəddini göstərə bilərsənmi?

– Fəxrəddin həmin bunun özü deyildirmi?

– Bu Fəxrəddin deyil, Hüsaməddindir.

– Hər kimdirsə bilmirəm, ancaq bu adam özünün Fəxrəddin olduğunu mənə demişdi.

– Bu cinayət üçün nə qədər mükafat almışdın?

– Yüz qızıl mükafat almışdım.

– Sən öz həyatını yüz qızılamı satmışdın?

– Xeyr, bu cənab mənim sağ qalacağıma söz vermişdi.

– Sən, kimi öldürmək istəyirdin?

– Kimsəni öldürmək üçün mənə heç bir göstəriş verilməmişdi. Eyvanda hər kəs olursa olsun, mən ox atıb onu öldürməli idim.

Qızıl Arslan Mənsura bir sual da verdi:

– Sən Hüsaməddini və yainki Fəxrəddini bundan qabaq tanıyırdınmı?

– Mən heç kəsi tanımırdım.

– Sən öz verdiyin bəyanatda hələ gəncliyində Fəxrəddinin yanında qaldığını deməmişsənmi?

– Bəli, demişəm.

– Demək ki, bunları yalandan demişsən, belədirmi?

– Mən yalandan heç bir söz deməmişəm, ağa nə cür tapşırıq vermişdisə, elə də demişəm. Belə olmalı idi, çünki bunun müqabilində yüz qızıl dinar almışdım.

– Sən hara ox atdığını bilirdinmi?

– Xeyr, bilmirdim. Ancaq ağa bir eyvanı mənə göstərib demişdi: buraya bir ox atacaqsan, hər kəsə olursa olsun.

– Buranın Azərbaycan mələkəsinin evi olduğunu bilmirdinmi?

– Xeyr, bilmirdim. Bilsəydim bu cəsarəti etməzdim.

– Əcəba, sən qoşun dəstələri içərisində xidmət etdiyin bu qədər uzun bir zamanda mələkənin yaşadığı Atabəy sarayını tanımırdınmı?

Mənsur bu suala gülümsəyərək cavab verdi:

– Mən heç bir qoşun dəstəsində iştirak etməmişəm, Həmədan şəhərini birinci dəfədir ki, görürəm. Mən yeddi aydır ki, burada həbsdə idim. Mən Əsədabad ilə Həmədan arasında yol vuran dəstələrin başçısı idim, məni həbsə alıb Həmədana göndərmişdilər. Mənim edam edilməyimə fitva verilmişdi. Bu ağa məni həbsdən çıxartdı və bu vəzifəni tapşırıb dedi: sənə yüz qızıl verəcəyəm, özün də ölümdən xilas olacaqsan.

– Sənə bu vəzifəni harada tapşırdılar?

– Bu ağa məni öz evinə aparmışdı.

– Sən o evi görsən tanıya bilərsənmi?

– Bəli, tanıya bilərəm.

Qızıl Arslan Hüsaməddinə müraciət edib soruşdu:

– Sənin bu barədə cavabın nədir?

– Cinayətkarın göstərdiklərinin hamısı yalandır. Bu dediklərinin hamısını ona həbsxanada öyrətmişlər. Buna görə də əvvəlki istintaq zamanı verdiyi bəyanatını dəyişdiribdir.

Qızıl Arslan Hüsaməddinin bu cavabından sonra da Mənsura sual verdi:

– Sən bunun evində gördüyün şeylərdən bir neçəsini saya bilərsənmi?

– Bəli, bir çoxunu saya bilərəm. Bunun bir qoca xidmətçisi vardır, çopurdur, mənçə bir gözü də kordur. Dəhlizdən içəri girən zaman sol və sağ tərəfdə dərilərinə saman doldurulmuş iki dəhşətli şir durmuşdur. Pəncərənin qabağında asılan qəfəsin içərisində boz rəngli bir ququ quşu vardır. Mən içəri girdiyim zaman quş qışqırıb “büfərma, büfərma” deyirdi.

Qızıl Arslan bu söhbətdən sonra Hüsaməddinə müraciət etdi:

– Mənsurun dediyi şeylər sənin evində vardırmı?

– Bəli, vardır. Lakin bu şeyləri cinayətkarın özü görməmişdir, bunu mənim düşmənlərim ona öyrətmişdir, çünki düşmənlərim mənim evimi bir dəfə deyil, yüz dəfə görmüşdür.

Qızıl Arslan cinayətkara bir sual da verdi.

– Bu sözlərə qarşı sənin cavabın nədir?

Mənsur gülümsəyərək:

– Cavab odur ki, demişəm. Bunun evində ənfiyədan da vardır, onun üstündə lal və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır.

Hüsaməddin tələsik cavab verdi:

– Yalan deyir, məndə belə bir şey yoxdur.

Mənsur sözə müdaxilə edərək:

– Ağa doğru deyir, indi haman şey ağanın evində yoxdur. Ağa başqa otağa keçib mənim üçün sandıqdan yüz qızıl dirhəm gətirməyə gedən zaman mən haman qızıl ənfiyədanı çalıb cibimə qoydum.

Qızıl Arslanın bu söhbətdən acığı söndü və qəhqəhə ilə güldü, yenə də:

– Hazırda haman ənfiyədan haradadır? – deyə soruşdu.

– Hazırda yanımdadır, əlahəzrətə təqdim edə bilərəm.

– Əcəba, onu həbsxanada nə kimi bir vasitə ilə öz yanında saxlaya bildin?

– Məni həbsxana müdirinin otağına təftiş etmək üçün aparanda dərhal ənfiyədanı çıxarıb müdirin taxçada qoyduğu əmmaməsinin altında gizlətdim. Mənə “soyun!” deyə əmr etdiyi zaman əmmaməmi və libasımı müdirin əmmaməsinin yanına qoydum. Məni diqqətlə axtardılar. Heç bir şey tapa bilmədiklərindən geyinməyimə əmr verdilər, mən libaslarımı geyindim, ənfiyədanı yenə də müdirin əmmaməsinin altından çalıb cibimə qoydum.

– Hazırda ənfiyədan haradadır?

– Yanındadır.

Mənsur bunu deyərək, əlini qoynuna atdı və ənfiyədanı çıxarıb Qızıl Arslanın yanına qoydu. Qızıl Arslan ənfiyədanı götürüb baxdığı zaman rəngi ağardı, çünki ənfiyədan onun qardaşı Atabəy Məhəmmədin ənfiyədanı idi. Onu vaxtilə xəlifə Müstərşidbillah Atabəy Məhəmmədə bağışlanmışdı. Onun nə vasitələr ilə Hüsaməddinin əlinə düşdüyü Qızıl Arslanı düşündürürdü. O, Hüsaməddinə sual verdi:

– Atabəy Məhəmmədə məxsus olan bu nadir şey sənin əlinə nə vasitə ilə düşmüşdür?

Hüsaməddin bu sualın cavabı barəsində uzun saniyələr düşündü, çünki o sualın cavabını vermək çox çətin idi, o, heç bir zaman bu əntiqə şeyin Qətibə xatun tərəfindən özünə hədiyyə verildiyini söyləyə bilməzdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов