Ölüm
Страница 1 из 3
Azərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi.
Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi.
Şəmsəddin taxt-rəvanının pərdəsini qaldırıb zəncir həlqəsi kimi bir-birinin dalınca Şimala doğru gedən Azərbaycan atlılarını görüncə, hönkür-hönkür ağladı və oğlu Süleymana müraciətlə:
– Qızıl Arslan öldü. O artıq yoxdur. Azərbaycan xalqı iki min ildən ziyadə hökumət sürdükləri paytaxtı itirdi, – deyərək bir daha ağladı və taxt-rəvanın pərdəsini saldı.
Hüsaməddin və Zəhir Bəlxi həbsxanadan buraxıldılar. Bununla da Qızıl Arslan ixtilafın həll olunduğunu, dedi-qoduların bitdiyini zənn edərək sevinirdi. Lakin Qətibə, azərbaycanlıların paytaxtdan çıxarılması, Şəmsəddin vəzirin Nəcəf şəhərinə sürgün edilməsi və eyni zamanda Hüsaməddin və Zəhir Bəlxinin həbsxanadan azad olunması ilə öz tələblərini bitirdi, onun əsas bir tələbi də var idi. O, oğlunun vəliəhd elan olunmasını tələb edirdi. Qətibə bu məqsədlə Qızıl Arslanın yanına gəlib rəsmi-təarifdən və hökmdarın səhhətini xəbər aldıqdan sonra dedi:
– Allah-taalaya çox şükür olsun ki, indiyə qədər məmləkətin başına fəlakət gətirən fitnə və fəsadçılar rədd olub getdilər. İndi hər bir ixtilaf həll olundu, dedi-qodular kəsildi. Hazırda əlahəzrətin məmləkəti istədiyi kimi idarə etməsinə böyük və geniş imkanlar vardır. Lakin həll olunmamış mühüm bir məsələmiz qalır.
Qızıl Arslan gözlərini qıyıb sual verdi:
– Hansı məsələmiz həll edilməmiş qalır?
– Mənim oğlumun məsələsi.
– Hansı məsələsi?
– Onun varislik məsələsi.
– Sənin oğlun məmləkətin ən böyük bir hissəsini idarə edir. Rey məmləkəti bir padşahın sahib ola biləcəyi ərazidən bir neçə qat artıqdır. Mən zənn edirəm ki, ona bu kifayət edər, mələkənin bu məsələni bir daha qaldırması yersizdir.
Qətibə bu fikrə etiraz etdi. O, Qızıl Arslanın təkləndiyini zənn edərək bu ağır təklifə razı ola biləcəyinə inanırdı.
– Zənn edirəm ki, əlahəzrət, mənim oğlum vəliəhdlik mərtəbəsini əldə etmək üçün səlahiyyətlidir, çünki o, Atabəy Məhəmmədin böyük oğludur. Mənsub olduğu ailə də nəcibdir. Əlahəzrət özü bilir ki, o, İnanc ailəsinə mənsubdur. Ana tərəfindən də Bağdad xəlifələrinin ailəsinə bağlıdır. Onun səlahiyyətli olduğu bir mərtəbəni Atabəyin kəndli qızından doğulan oğluna vermək inkaredilməz bir haqsızlıqdır. Bir halətdə ki, mənim oğlum hazırda hökuməti idarə etmək işində bir hökmdar qədər müqtədirdir.
Bununla mən oğlumun hökmdar təyin olunması məsələsini meydana atmıram, çünki əlahəzrət Atabəy Məhəmmədi əvəz etdiyi üçün oğlumun atası sayılır, buna görə hökmdarlığı əlahəzrətə buraxmaq istəsən də vəliəhdliyi Əbubəkrə buraxmaq istəməyəcəyəm. Mən bunu bütün xalqın iradə və istəyi namınə tələb edirəm.
Qızıl Arslan nə cür cavab verəcəyini şaşırmışdı, çünki o, Qətibənin ağzından çıxan bu sözlərin əcnəbi qazanında bişdiyini bilirdi.
Qızıl Arslan fikrə cumdu. Şəmsəddin vəzirin və Fəxrəddinin dediklərini xatırlayır və qəlbində onlara haqq qazandırırdı. Lakin gec idi. Artıq hökmdar öz arxasını, öz səmimi məsləhətçilərini itirmişdi. O, düşmənlər tərəfindən əhatə olunduğunu hiss edir və özünün təkliyinə qəlbən ağlayırdı.
Qızıl Arslan kədərli bir surətdə başını qaldırıb Qətibənin üzünə baxdığı zaman, Qətibənin də tələbedici gözlərlə ona baxdığını görüb dedi:
– Mələkə vəziyyətlə hesablaşmalıdır.
– Hökmdar da vəziyyətlə hesablaşmalıdır. Çünki vəziyyət verdiyim tələblərin həyata keçirilməsi üçün olduqca əlverişlidir.
– Vəziyyəti büsbütün əksinə məna edirsiniz. Mələkə çox yaxşı bilir ki, onunla Azərbaycan xalqı arasında barışması mümkün olmayan bir düşmənlik vardır. Onlar heç bir vaxt sizin ailənin adını çəkmək istəmirlər.
Hazırda Əbubəkri vəliəhdlikdən xaric edib yerinə sənin oğlunu təyin etmək, ikinci bir üsyana səbəb ola bilər. Qətibə xatun bir məsələni də unutmamalıdır. Biz Azərbaycanda hökmdarlıq edirik. Azərbaycanlılarla əlaqəni bundan da artıq gərginləşdirmək xanədanımız üçün ziyanlıdır.
Qətibə bunlara etiraz etdi:
– İndi artıq Azərbaycan yoxdur. Onlar çəkilib getdilər. Hökmdar artıq onlara arxa verməməlidir. Həmədanın dörd tərəfi bizim dostlarımızın əlindədir. İraqlılar, reylilər, xarəzmlilər Həmədanı üzük qaşı kimi aralığa alıbdır. Onların hamısı mənim oğlumun haqqını tələb edir. Zənn edirəm ki, hökmdar öz gələcəyini təmin etmək üçün mənim oğlumun varisliyini bərpa etməlidir.
Qızıl Arslan acıqlandı. Etidalını mühafizə edə bilmədi, Qətibənin təhdidlərini öz hökmdarlıq qüruruna sığışdıra bilməyərək dedi:
– Məni hədələmək sənin şəxsi cəsarətin deyil, sənin atan da, oğlun da, özün də daima əcnəbilərdən aldığımız təsirlə yaşamaq istəmişsiniz. Mələkə bir daha məmləkəti idarə etmək işində mənə məsləhət verməsin. Mən məmləkəti öz bildiyim kimi idarə edəcəyəm. Bu cür məsləhətlər mələkənin hörmət və qiymətini azalda bilər. Mələkə özünə verilən hörmət və mərtəbədən sui-istifadə etməməlidir. Hər işin ifratı, vəziyyəti dəyişə bilər. Siz məmləkət xalqının sizə qarşı bəslədiyi nifrətin qalınlaşmasına çalışmayın, onsuz da mələkənin boynunda ağır cinayətin məsuliyyəti vardır. Hələ oğlunuzun əcnəbi hökumətlərlə əlaqəyə girib məmləkətə qarşı sui-qəsd hazırladığını xatırınızdan çıxarmamalısınız. Mən bu gündən etibarən sən mələkəni də, oğlunu da vətəndaşlıq hüququndan məhrum edə bilərəm. Lakin xalq səni Atabəy Məhəmmədin qadını, oğlunu isə onun oğludur – deyə çağırdığından mən sizə toxunmamışam.
İyirmi ildən bəridir, bu məmləkəti bir-birinə vurdun, lakin bir dəfə onu bilməlisən ki, əcnəbi himayəsinə sığınan, heç bir zaman xoşbəxt ola bilməz. Get buradan, bir daha məndən bu cür arzuları tələb etmə. Bir məmləkəti bir qadının arzularına qurban etmək olmaz. Məmləkət xalqının bir faizi sizə hüsn-rəğbət bəsləsəydi, mən bütün tələblərinizə əməl edərdim. Mən nə edim ki, siz öz rəftarınızla xalqın məhəbbətini itirmisiniz.
Qətibə daha danışmadı, çünki Qızıl Arslandan eşitdiyi sözlərin qəti olduğunu bilirdi. Buna görə də Qızıl Arslanın otağından çıxıb getdi.
Hüsaməddin Qətibənin otağına girdiyi zaman onu həddindən artıq qəmgin gördü və salam verib durdu. Qətibə məhzun bir tövr alaraq:
– Gəl, otur, mənim ruhum! – dedi. Hüsaməddin gəlib oturdu və təcili bir tərzlə sual verdi:
– Əcəba, mələkənin bu qədər kədərli göründüyünün səbəbi nədir?
Qətibə qara gözlərini Hüsaməddinə çevirib:
– Bu kədərin səbəbi sənsən! – dedikdə, Hüsaməddin gülərək soruşdu:
– Mənmi?
– Bəli, sən! Sən indiyə qədər bizim gələcəyimizin yolunda göyərən acı tikanı qoparıb atmağı bacarmadın.
– Mən anlamadım.
– Çox gözəl anlayırsan, lakin məni bir daha yalvartmaq istəyirsən.
– Doğrudan da, mələkənin nə demək istədiyi mənim üçün aydın deyil.
– Mən deyirəm ki, Qızıl Arslan aradan qaldırılmamış biz xoşbəxt ola bilməyəcəyik. Bunun üçün də mən çalışıb onun məhv edilməsi üçün lazı molan vasitələri hazırladım. Onun əqilli vəzirini sürgünə göndərdim, onun arxası və istinadgahı olan Fəxrəddin və Əlaəddinləri paytaxtdan qaçırdım, onun padşahlıq taxtını möhkəm əllərdə saxlayan Azərbaycan qoşununun paytaxtı buraxmasına səbəb oldum, xəlifəni və qonşu hökumətləri bu ittifaqa cəlb etdim, nəhayət, Qızıl Arslanı təklədim. İndi isə məsələnin həlli sənin qılıncına həvalə olunur. Buna sözün nədir? Bizim xoşbəxtliyimizi geri atan səbəblərdən birisi də, ancaq Qızıl Arslanın diri qalmasından ibarətdir. O nə qədər sağdırsa bizim izdivacımız baş tuta bilməyəcəkdir.
Hüsaməddin fikrə getdi, çünki Qətibənin təklif etdiyi bu cinayət daha ağır cinayət idi, çünki Qızıl Arslan qətl olunduğu zaman məmləkətin tamamilə dağıla biləcəyi ehtimalı var idi. Eyni zamanda o, Qətibəni əldə etmək üçün başladığı işləri də tamamlamağa məcbur idi.
O, başını qaldırıb:
– Mələkə, qorxuram! – dedi.
– Sənin qorxaq olduğunu əvvəldən bilsəydim, səninlə bu qədər məsuliyyətli işlərdə iştirak etməzdim. Çünki qorxaqlıq hər bir təhlükəni törədə bilər.
– Mələkə bəlkə də məni anlamadığı üçün bu sözləri deyir. Mənim qorxum Qızıl Arslanı öldürməkdən deyil, məmləkəti ölümə məhkum etməkdəndir. Biz Atabəy Məhəmmədi məhv etdiyimiz zaman, Qızıl Arslanın məmləkəti idarə edə biləcəyinə inanırdıq. Hazırda Qızıl Arslan öldürülərsə məmləkəti kim idarə edə biləcəkdir? Gənc və təcrübəsiz vəliəhd ətrafı düşmənlərdən ibarət olan bir məmləkəti nə kimi bir qüvvə ilə idarə edə bilər?
– Məmləkət sahibsiz deyil, bu gün Qızıl Arslan aradan qaldırılarsa, sabah sən Hüsaməddin, az bir miqdar qoşunla Kəhran qalasına gedər, orada həbs edilən Toğrulu azad edib Həmədana gətirərsən, biz onu burada padşahlıq taxtına əyləşdirərik.
Hüsaməddin çox açıq danışdı:
– Bu qədər mürəkkəb olan məsələlər asanlıqla həll ediləcək məsələlərdən deyildir. Mən mələkənin Toğrula ərə getmək istədiyini bilirdim. Lakin mələkə bu izdivacla öz arzularına nail ola bilməyəcəkdi. Çünki Toğrul öz doğma oğlu Məlikşahı vərəsəlikdən məhrum edib mələkənin oğlu Qütlüğü vəliəhd təyin etməyəcəkdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-olum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.*Birinci adam** — Mühəndis dəstəsi tərəfindən *(gül dəstəsini qoyur).*
Səkkizinci pərdəMexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.*Mirzə Teymur** — *(Mirzə Əhmədlə bərabər gəlir)* Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Bu da bir mö’cüzə(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*
Стихи других поэтов
AĞ AŞIQ ALLAHVERDİ:Əlbət şəyird olan baxar fərmana,
Müxəmməs: Eylədi yar dil ü dinimi viran axırEylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,
Daş qalağıQədim Fərqanədən azca aralıŞahi-Mərdan adlı kiçik bir kənd var.
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm