Страница 2 из 4 · 25%

Qızıl Arslan əsəri bir qədər gözdən keçirdikdən sonra:

– Bu quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. Nizamülmülkün yazdığı “Siyasətnamə” tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir.

Qızıl Arslan uzun və mənalı cümlələrlə böyük şairin yazdığı əsəri tərifləndi. Lakin buna müqabil şairə mükafat verdiyi Həmudünyan kəndi olduqca həqir və dəyərsiz bir mükafat idi.

Nizaminin mükafat aldığı kəndin nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba yazılmış xatimədən də anlamaq olur. Heç şübhə yoxdur ki, kitab Qızıl Arslana verildiyi zaman bu xatimə kitaba daxil ola bilməzdi; çünki mükafat verilmədən əvvəl mükafatın dəyəri haqqında yazmaq yersiz olardı.

Şair, Qızıl Arslanın yanından qayıdandan sonra mükafat barəsində intişar edən dedi-qoduların əleyhinə yazdırdı:

“Mənə həsəd aparanlar deyirlər ki, Qızıl Arslan Nizamiyə xərabə bir kənd hədiyyə vermişdir. Kəndin böyüklüyü darısqal bir kürəyə bənzəyir, böyüklüyü yarım fərsəngin dörddə biridir. Kəndin mədaxili məxaricindən azdır”.

Mənsə həsəd aparanlara belə bir cavab verirəm:

“Verilən neməti təqdir etməmək yaramaz. Mənə verilən kənd quru zəmilərdən ibarətdirsə, mənim hər bir misra şerimdə yüzlərcə cənnət bağçaları görə bilərsən. Əgər padşahın mənə verdiyi kəndin sünbülləri dəndən məhrumdursa, mən öz şeirlərimdə salxım-salxım cavahir dənələri yaradıram.

Əgər padşahın mənə verdiyi kənd Fərat çayının sularından suvarılırsa, mənim sözlərimdə dirilik suyu vardır. Bir xalvar sədəfdən bircə dənə dürr qiymətlidir. Bir damcı dürr, tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir.

Özümün gecə-gündüz çalışıb yaratdığım sərvət padşahın verdiyi kənddən daha qiymətlidir”.


Qətibə Həmədana gəldiyinin birinci günündən başlayaraq böyük bir xəyanətin zəminəsini qoymağa başladı. Yaz fəslinin son günləri >> idi, Əkbatan fəzasına məxsus kinli təbiətin qəzəbi coşmağa başlamışdı.

Axşam deyildi, lakin günəş kinlər, fitnələr, macəra və fəsadlar yuvası olan bu şəhəri işıqdan məhrum etmək üçün Əlvənd dağının arxasında durub düşünürdü.

Həmədan şəhəri, hər tərəfindən su tökülən qara bir çadırın altında titrəyərək təbiətin acıqlı mühakiməsinə müntəzir idi. Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı. Gözləri və düşüncələri heyrətə düşürən ildırımlar Güleyn qalasının xərabə divarlarından atəşə tuturdu.

Mühakimə başlandı, təbiətin orduları hücuma keçdi. Dolu danələri göydə partlayan minlərcə mərmilərin parçaları kimi şəhərin üzərinə tökülürdü.

Gurultular davam edirdi, lakin bu gurultu yalnız havanın gurultusu deyildi, Əlvənd dağı dərələrindən qopub Həmədan üzərinə hücum edən sellərin gurultusu idi.

Qaranlıq idi. Təbiətin qəhr-qəzəbi davam edirdi, hər kəs uşaqlarını götürüb şəhərin mərkəzindəki təpələrə qaçırdı. Köşki-baği müəzzəmin gözəl bağçaları sellərin qoynuna girdiyi, həmedanlı Əbül Ülanın tarixi türbəsi palçıq selləri üzərində bir qayıq kimi üzdüyü zaman Maşanrud çayı da Qətibənin kinli qəlbi kimi qabarmağa başladı və bir anda təbiətin palçıqdan ibarət olan yorğanını Fərivar bağlarının üstünə çəkdi.

Qasımabadın çiçəkli tarlalarının yerində düzələn dəryada ziyarətçi quşların meyitləri üzürdü.

Tarixdə məşhur Nəvvar çəməninin həyatına xatimə çəkdiyi zaman, üfüqlər də yavaş-yavaş işıqlanırdı. Qorunmaq üçün təpələrə çəkilən xalq öz evlərinə qayıtdıqları zaman Atabəy sarayının aynabənd artırmasından bir qışqırtı eşidildi. Bir anda şəhərin yaxın məhəllələrindən gələn xalq saray qarşısına toplandı, lakin nə hadisə üz verdiyindən və eşidilən qışqırtının səbəblərindən kimsənin xəbəri yox idi. Ancaq silahlı qoşunlar və saray qarovulları o tərəf bu tərəfə qaçırdılar.

Atabəy sarayının naziri Hüsaməddin və saray keşikçi başçısı Əbüttar dərhal artırmaya çıxdılar və Qətibə xatunun Səfa xanım adlı sevimli cariyəsinin yıxıldığını gördülər. Haradansa artırmaya atılan ox, Səfanın sağ böyründən dəyib sol böyründən çıxmışdı. Günahsız cariyə məhv olmuşdu. Qətibə meyitin üstünə gəlməmişdi, lakin sarayda olanların hamısı artırmada idi. Nəhayət, bir neçə dəqiqədən sonra Rübabə adlı cariyə artırmaya çıxıb qışqırdı:

– Kömək edin! Qətibə xatun özündən getdi:

Hüsaməddin dərhal artırmadan qayıdıb Qətibənin otağına girdi. O, içəri girmədən əvvəl saray həkimi lazım olan vəzifəsini bitirib otaqdan çıxırdı, o, Hüsaməddini gördüyü zaman:

– Mələkə qorxmuşdur. Bu hadisə onun əsəblərinə çox fəna təsir bağışlamışdır, ona rahətlik vermək lazımdır. Kənizlərin və cariyələrin ağlamasına və mələkəni rahatsız etmələrinə imkan verməyin, – deyərək getdi.

Hüsaməddin isə həkimin dediklərini yerinə yetirəndən yarım saat sonra, xidmətçilər tələsik gəlib müqəssirin tutulduğunu xəbər verdilər. Qatil İraq qoşun dəstələrindən atlara baxan bir tövləçi imiş!

Hüsaməddin onun gətirilməsinə əmr verdi. Onu meyitin yanına gətirdilər, Hüsaməddin ona çox soyuqqanlılıqla sual verdi:

– Alçaq və rəhmsiz, bu günahsız cariyəni nə üçün məhv etdin? Hansı bir təqsir səbəbinə bunun gənc həyatına sui-qəsd etdin?

Qatil yerdə uzanan cariyənin meyitinə çox diqqətlə baxandan sonra heyrətlə dedi:

– Mən cariyə öldürməmişəm. Mən öz ağamın tapşırığına görə mələkəni öldürmək istəyirdim.

– Adın nədir?

– Adın Mənsurdur.

– Nə iş sahibisən?

– İraq qoşunundan atlara baxan bir tövləçiyəm.

Hüsaməddin təəccüblənərək:

– Həyasızlığa bir baxın, möhtəşəm bir mələkənin həyatını bir tövləçiyə tapşırırlar. Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da həyat haramdır. Bundan sonra kimə inanaq? Mələkənin süfrəsinin xırdaları ilə ağalıq edənlər cəsarət edib mələkəni öldürmək istəyirlər. Onlar bu gün mələkəni, sabah da əlahəzrətin özünü öldürmək istəyəcəklər.

Xudavənd-aləmə çox şükür olsun ki, mələkə təhlükədən xilas oldu.

Hüsaməddin Zəhir Bəlxini çağırmaq üçün adam göndərdi.

Bir azdan sonra Zəhir Bəlxi və Qızıl Arslanın vəzirləri və əyanları Atabəy sarayına yığışdılar, müqəssiri istinad etməyə başladılar.

Zəhir Bəlxi müqəssirə sual verdi:

– Bu cinayəti həyata keçirmək üçün nə qədər mükafat aldın?

– Yüz qızıl dirhəm aldım.

Müqəssir bunu deyərək cibindən yüz qızılı bir kisənin içindən çıxarıb yerə qoydu.

Hüsaməddin ona sual verdi:

– Sən bu qızıllar olmadan da həmin cinayəti həyata keçirə bilərdinmi?

– Bəli, keçirə bilərdim. Çünki bunu mənə ağam əmr edirdi.

– Ağan kimdir?

– Ağam Azərbaycan qoşun dəstələrinin sərkərdəsi Fəxrəddindir.

– Sən Fəxrəddini çoxdanmı tanıyırsan?

– Mən hələ gənc olduğum zaman onların qapısında böyümüşəm.

Zəhir Bəlxi və Hüsaməddin vəzirlərə və əyanlara müraciətlə:

– Zənnimizcə, bu qədər kifayətdir. Madam ki, müqəssirin özü günahını boynuna götürür və əsas məqsədi də bizə nişan verdi, bu cinayət haqqında öz qərarımızı verməliyik.

Əyanlardan və vəzirlərdən bir neçəsi bu fikrə etiraz edərək dedilər:

– Madam ki, müqəssir öz günahını boynuna alır, o zaman Qızıl Arslan həzrətləri səfərdən gəlincəyə qədər müqəssirin barəsində bir qərar çıxarmaq olmaz. Müqəssir Eldəniz ailəsinə sui-qəsd etmişdir, qərarı ancaq padşahın özü çıxarmalıdır.

Qətibə, Hüsaməddin və Zəhir Bəlxi bu təklifə razılıq vermədilər, xüsusən Qətibə:

– Mənim sevgili cariyəm Səfanın meyiti basdırılmamış müqəssir öz cəzasına satdırılmalıdır, – dedi.

Seyid Əlaəddin də bu mühakimədə iştirak edirdi. O, bu işdə Fəxrəddinin barmağı olmadığını çox gözəl bilirdi, lakin özünün azərbaycanlı və Fəxrəddinlə də yaxın dost olduğuna görə bir kəlmə də danışmadı və Fəxrəddini müdafiə edə bilmədi. Eyni zamanda, bu hadisənin yenə də Qətibə və Hüsaməddin tərəfindən təşkil edildiyinə şübhə etmirdi. O, bu ağır vəziyyətin altından nə kimi tədbirlə çıxa bilməsi barəsində düşünürdü. Yalnız Fəxrəddini müdafiə etməklə deyil, Qızıl Arslan ətrafında fırlanan mələkənin barəsində də düşünürdü. Bu hadisələrin əsas kökü azərbaycanlıları paytaxtdan uzaqlaşdırmaq və Qızıl Arslanı təkləmək məqsədləri üzərində qurulmuşdu.

Seyid Əlaəddin məsələni öz nökəri vasitəsilə Fəxrəddinə xəbər verdi, çünki bir saat təxir etmək hadisəni uduzmaq demək idi.

Qətibə öz əri Atabəy Məhəmmədi öldürdüyü zamanda da bu oyunu oynamış və Atabəyə zəhərli neştər vuran bərbəri öldürmüş və hadisənin ifşa edilməsinə imkan verməmişdi. İndi də o, Mənsuru edam etdirməklə Fəxrəddinin öz-özünü təmizləyə bilməsinə imkan verməmək istəyirdi.

Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. Zəhir Bəlxi və Hüsaməddin həbsə alındılar. Qətibəyə sui-qəsd edən Mənsur da Qızıl Arslan gəlincəyə qədər xüsusi bir həbsxanada saxlandı.

Qətibə Zəhir Bəlxi və Hüsaməddinin həbsə alındığı və müqəssirin edamına imkan verilmədiyini eşidərkən qorxuya düşdü və vəziyyətdən qurtarmaq üçün Həmədandan çıxıb Rey şəhərinə – oğlu Qütlüğ İnancın yanına getməyi qərara aldı. O, “həyatımı mühafizə etmək üçün qaçıram” – deyə Qızıl Arslanı inandırmağı düşünürdü.

Lakin Fəxrəddin ona göndərdiyi sifarişdə:

“Mələkənin Həmədandan getməsinə imkan verməyəcəyəm. Çünki əlahəzrət gələndən sonra başlanacaq mühakimədə mələkənin özü də iştirak etməlidir.

Bu hadisə mənim əleyhimə düzələn böhtan və iftiralara son qoymaq üçün yeganə bir vasitədir. Bu mühakimədə yalnız mənim əleyhimə düzələn böhtanlar deyil, Atabəy Məhəmmədin qətl edilməsi işləri də ifşa ediləcəkdir”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов