Страница 3 из 3 · 67%

Mən hər şeyi unutmuşdum. Əlimdəki piyalə ilə əylənirdim. Çünki həyatın bütün ağırlıqlarını unutmaqda bu piyalənin mənə çox köməyi olacaqdı!

Lakin bu mümkün deyildi. Mən sərxoş olaraq, həyatı unudub, onun təsirləri altından çıxa bilmirdim. Son günlərin qanlı hadisələri gözümün qarşısından çəkilmir, çar Rusiyasının sabahdan etibarən Təbrizdən alacağı intiqam xəyalımda canlanırdı. Bununla da gələcəyə olan bütün ümidlərim bir anın içində uçurumlara yuvarlanırdı.

Bədbinlik və yəs mənə: – İç! – deyə əmr edirdi. Mən də içdim. Bir azdan sonra həyatın ağırlığı hiss edilməməyə başladı. İndi hər tərəfi ölüm bürümüş kimi idi. Mən bir pəncərənin qarşısında durmuşdum. Təsəvvür etmədiyim, indiyə qədər tanımadığım ağ qanadlı bir qız qarşımda nazlanır və qollarını açaraq məni haraya isə çağırırdı. Mən ona yaxınlaşdıqca, onun ağ qanadları qaralırdı; o, məni özü ilə bərabər sanki bildiyim və tanıdığım bu dünyadan daha müzlim, daha çirkin bir dünyaya sürükləyirdi, lakin mən ora getməyəcəkdim.

Birdən necə oldusa əlimi cibimə atıb tapançamı aldım. Bir qurşun mənim bütün bu yəs və bədbinlik iztirablarıma son qoyacaqdı.

Bu halda qarşımdakı qızın qışqırtısını eşitdim. O səs:

– Dur, əvvəlcə məni öldür! – deyirdi.

Bu müdhiş səs məni ayıldaraq varlığımı titrətdi. Əlimdən ağır bir şeyin yerə düşdüyünü eşidib diksindim. Kədərli zamanlarımda yaxalayıb məni intihara sürükləyən sərxoşluqdan tamamilə ayılmaqla, gözlərimi açdım və tapançamı Miss Hannanın əlində gördüm. Qız ağ ipək köynəyini yırtaraq köksünü açmış, tapançanı mənə uzatmaqla:

– Əvvəl məni öldür! – deyib dəlicəsinə qışqırdı.

Mən alnımdakı soyuq təri silərək tapançanı alıb cibimə qoydum. Miss Hanna başını stolun üzərinə qoyub ağlayırdı. Mən isə inqilab qəhrəmanı Səttar xanın dediklərini xatırlayırdım.

Bir neçə il əvvəl qaradağlılar bütün şəhəri işğal etmiş və Dəvəçi əks-inqilabçıları da qəhrəmanın evini mühasirəyə almışdı. Bundan böhranlı, bundan ümidsiz bir dəqiqə görməmişdim. Biz hamımız deyirdik: Səttar xanın bütün çıxış yolu kəsilmişdir. O, düşmən əlinə düşməmək üçün intihar edəcəkdir. Fəqət o bir an belə olsun ruhdan düşmürdü. Bir az atışdıqdan sonra tüfəngi bucağa söykəyib:

– Mirzə Məhəmməd, bir qəlyan gətir, – deyə mücahidlərdən birisinə müraciət etdi. Qəlyana bir neçə nəfəs vurduqdan sonra sözə başlayaraq:

– Mən çətin və qorxulu günlərin Səttar xanıyam, qorxusuz günlərdə minlərcə Səttar xanlar tapmaq olar! – dedi.

Onun vaxtilə söylədiyi bu söz, məni lap özümə gətirdi. Ruhuma, vicdanıma yeni bir təkan verdi, əzmimi, mətanətimi, istiqbala olan ümidlərimi özümə qaytardı.

Mən indi gənc qızı narahat etdiyimdən utanaraq, özüm-özümə nifrət bəsləyirdim.

Onun başını stoldan qaldıraraq köksümə aldım və sarı saçlarını sığallayaraq dedim:

– Biz bu gecə həyatda öz acizliyi nəticəsində yorulanların yolu ilə getdik. Bu yolun axırında iki nöqtə durur, onlardan birisi səfalət, digəri isə intihardır. Şərab insanların kədərlərinə ölüm və səfalətlə yekun vuran birinci amildir. O, iradəsiz adamları daha tez məğlub edə bilir. Biz bu gecə şərabın səfalət və intihar amili olduğunu öz üzərimizdə təcrübədən keçirdik.

Qızı yuxu aparmışdı, mən onu rahatsız etməmək üçün yerimdən qımıldanmırdım. Onun başı mənim köksümdə ikən ürəyinin adi surətdə döyündüyünü hiss edirdim. O, bəlkə də, günəş çıxıncaya qədər yatacaq idi. Lakin bütün Təbriz mühitini tərpədən bir zəlzələ buna imkan vermədi. Biri digərini təqib edən top və pulemyot gurultuları qızın yuxusuna mane oldu. O, başını köksümdən qaldıraraq:

– Bu nə qiyamətdir? – deyə soruşduqda mən:

– Çar cəza dəstələri şəhərə girib, məhəllələri bombardman etməkdədirlər, – dedim.


Üfüq yeni işıqlanırdı. Evə qayıtmaq lazım idi. Mən miss Hannanın təkidlərinə qulaq verməyərək oradan bayıra çıxdım. Təbriz xalqı qorxusundan küçəyə çıxmamışdı. Hətta azançıların səsi də eşidilmirdi. Hamamların, məscidlərin qapısı da bağlı idi.

Şəhərə daxil olmuş çar cəza dəstələri də hələ vəziyyətə hakim deyildi. Onlar Şahzadə bağından dışarı çıxmamışdılar.

Böyük şəhərdə əvvəlki gurultudan heç bir əsər qalmamışdı. Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi.

Evə gəldim. Nə Məşədi Kazım ağa, nə Ələkbər yoldaş, nə də onun ailəsi yatmışdı. Onlar mənim başıma bir fəlakət gəldiyi fikri ilə rahatsız idilər.

Səhər çayı hazır idi. Ancaq çayı kim içəcək idi? Stol üzərində duran samovar can verməkdə olan bir xəstə kimi son sözlərini deyirdi.

Mənə bir məktub verdilər. Məktubu Culfadan Ağa Məhəmmədhüseyn Hacıyev yazmışdı. Mən onu çox sevirdim. O, çox zəif və ixtiyar olduğuna baxmayaraq, Təbriz inqilabında yüksək ruhlu bir gənc qədər çalışmaqda idi. Buna görə də onun məktubu məni həddindən artıq sevindirdi.

Çoxdan bəri Culfadakı yoldaşlardan da xəbərimiz yox idi. Kimlərin həbs edildiyini və kimlərin yaxasını qurtarıb qaçdığını bilmirdik. Çar hökuməti İran inqilabında böyük yararlıq göstərən Culfa qrupuna çox ciddi nəzarət təşkil etmişdi. Burada pristav Yeşşolt, Rzaqulubəy Teymurbəyov və uryadnik Semaşkov, jandarm polkovniki İştraube, onun xəfiyyələri olan naxçıvanlı Rzayev qardaşları, bulqanlı İsmayıl, naçalnik Zençenko, onun mütərcimi Mirzə Hüseyn Novruzov, İran konsulu vəzifəsini daşıyan, eyni zamanda çar casusu olan Rəufbəy Culfada yaşayan inqilabçılara göz verir, işıq vermirdilər.

Mən Ağa Məhəmmədhüseyndən aldığım məktubda yoldaşların vəziyyətinə aid bir məlumat ala biləcəyimi düşünürdüm.

Məktub çox qəmgin bir rübai ilə başlanmışdı:

«Ey çərxi-fələk dəvəndəki mara koşt,
Bər dərgahi-xəlq, bəndəgi mara koşt;
İn zilləti-ruzigar, in töhməti-xalq,
Ey mərg, biya ki, zindəgi mara koşt!

Əziz və möhtərəm dostumuz!

Uzun məktub oxumağa nə sənin vaxtın vardır, nə də mənim yazmağa hövsələm. Sürgündəkilər sürgündə, həbsxanadakılar həbsxanada, azadlıqda qalanlar isə polis və jandarmların sıxı nəzarəti altında.

Mən çar ordusunun Təbrizdə nə kimi həyasızlıqlar edəcəyini təsəvvür edirəm. Biz Təbrizdə qiyam başlandığını İran teleqrafxanası vasitəsilə bildik. Əmir Heşmətin Təbrizdən çıxarılması üçün təşəbbüs edilsəydi daha gözəl olardı. Hərgah sizin üçün bir qorxu hiss edilərsə, Təbrizi buraxıb Livarcan tərəflərinə gəl. Bütün yoldaşlar da bunu məsləhət görür; buralarda gizlənmək mümkündür.

Məşədi Səttar Zeynalabdinov Təbrizə getdi. Bunun üçün də sənə para göndərdik. Əmir Heşmətin məsələsi haqqında bizə təcili surətdə xəbər ver. Hərəkəti dayandırmaq lazımdır. Belə dar və qorxulu zamanlarda təbrizlilərin əhd-peymanına inanmaq yaramaz, onlar nə qədər təşkil olmağı, inqilab bayrağı altına toplanmağı bacarırsa, lazım gəldiyi zaman öz dostlarını satmağı da bacarırlar. Çünki biz 7-ci illərdən başlayaraq 9-cu illərə qədər bunu bir neçə kərə təcrübədən keçirdik.

Ələkbər yoldaşın Təbrizdə qalması məsləhətdir. Onu burada aramaqdadırlar. Onun düşmənləri olan Hacı Məhəmmədrza uşaqları rus qoşununun İrana keçməsi münasibətilə təzə qüvvət toplamışlar. Bu gün Şüca kəndindən gələn var idi. Ələkbər yoldaşın ailəsi salamatdır. Hər cəhətcə təmin olunmuşlar. Haqverdi rəhmətliyin ailəsi də sağ-salamat yaşamaqdadır. Məktubu hərbi ləvazimat daşıyan şoferlə göndərdim. O bizim yoldaşımızdır. Cavabı da onunla göndərərsən. Hərgah mümkün olmazsa, İran Culfasından znuzlu Mirisa qardaşlarının mağazasına göndər.

Bundan sonra İran teleqrafxanası vasitəsilə heç bir iş görməməlisiniz. Artıq oranın vasitəsilə gələn bütün teleqramları təftiş edirlər.

Bütün yoldaşların sizə salamı vardır.

Culfa, 3 məhərrəm. Məhəmmədhüseyn».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sərdar Rəşidin evində axtarış

Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.

10 мин
Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

10 мин
İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 мин
Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 мин

Стихи других поэтов