Страница 3 из 5 · 40%

Qətibənin tapşırığı ilə hazırlanmış həkim də saraya çağırılmışdı, lakin Təliə tapşırığı təxirə salmışdı.

Qətibə ilə Təliə yatmaq üçün otağa girdikləri zaman Qətibə ona acıqla baxıb:

– Kişilərin yağlı və boyalı dilləri, zəhərdən daha qorxuludur, – dedi. – Xüsusən onlar sənin kimi avam və bacarıqsız qızlara rast gəlirkən, bir əjdahaya dönər və onların üzərinə nəfəs salarlar. İlan ovsunçudan qorxan kimi, sənin kimilər də kişiləri görərkən bildiklərinizi yadınızdan çıxarırsınız. Kişilər sizin dalınızca düşməkdənsə, siz kişilərin dalınca düşürsünüz.

Axmaq qızlar kişiləri ancaq aldandıqları zaman tanıyırlar. Lakin ağıllı olan qadınlar, kişilər onları məhv etməyə macal tapmadan əvvəl onlar kişiləri məhv edirlər.

Sən elə bilirsən ki, kişilər yerə göydən nazil olan bir məlaikədir. Sən elə bilirsən ki, onlar səni gözəlliyin və özlərinin vicdanları səbəbinə sevirlər. Bu fikirlər tamamilə səhvdir. Kişini sizə yaxınlaşdıran şəhvətin onların önündə qoyduğu məcburi tələblərdir.

Sən mənim bacımsan, mən öz başıma gələn fəlakətin sənin də başına gəlməsini istəmirəm. Ağlını başına yığ. Kişilər səni qızlıq şərəfin məhv olan dəqiqəyə qədər sevə bilərlər. Onun atası mənə evləndiyi zaman:

“Mən dünyada ancaq sənin üçün yaşayacağam. Göydə Allahı, yerdə isə gözəl qadınımı tanıyacağam” – deyə minlərcə fəlsəfə oxuyurdu. Lakin mən qızlığımı ona təslim edəndən sonra, göydəki Allahı da, yerdəki qadınını da tanımaq istəmədi. O mənim qızlıq şərəfimi mənimsəyəndən sonra yerdə başqa bir qadın axtarmağa və qəlbini məndən alıb başqasına tapşırmağa qədər tənəzzül etdi.

Mən bu gözəlliklə onun qarşısında diz çöküb aylar uzunu ağladım və onu xəyanət fikrindən daşındırmaq istədim. Bununla o mənim izzət-nəfsimi, qürurumu və mənliyimi də əlimdən aldı. Məni yalvarmağa, alçalmağa məcbur etdi.

O məni almaq istədiyi zaman tacını və taxtını mənim qədəmlərimə atdı, sonra da məni taxtın qarşısında diz çökdürdü.

Buna görə də mən sənə bir kitabça söz demişdim, kişinin sevgi adı verdiyi hiylələrinə aldanmamağı tapşırmışdım. Çünki onların sevgilərinin ömrü bir gecəlik, verdikləri vədələrin həyata keçmək müddəti isə min illikdir. Kişinin iftixar edə biləcəyi bir şey onun çox qadın aldatmasıdır. Bunlar nə qədər çox qadın aldadırsa, özünü o qədər də mahərətli və sənətkar bir kişi hesab edərlər. Onlar həris və yorulmaz kəpənəklərdir. Hər anda bir çiçəyin üstünə qonub ondan şirə almağı sevirlər.

Onlar yırtıcı canavar kimi bir gündə yüz heyvanı boğub murdar etməyi sevirlər. Bunun atası məni gözəl həyatdan məhrum etdiyi kimi, mənim oğlumu da varislikdən və vəliəhdlikdən məhrum etdi. Çünki mənim başıma aldığı qadın məndən gənc idi, onun oğlunu da mənim oğlumdan artıq sevirdi.

Qətibənin söhbətləri Təliədə kişilərə qarşı dərin bir nifrət oyandırdı. O öz-özünə:

“Hər nə olursa olsun, bu gün bacımın əmrini yerinə yetirəcəyəm. Bacım məndən hər cəhətcə ağıllı və tədbirlidir. Onun kişiləri tanımaq işində də təcrübəsi artıqdır. O mənim sevgili bacımdır, anam yerindədir, heç bir zaman məni əyri yola dəvət etməz. O mənim səadətimi istəyir, vəliəhdin sevgisi məni bədbəxtliyə çağırır. Bacım səadətin harada olduğunu məndən daha yaxşı bilir” – dedi və vəzifəsini bitirməyə qəti söz verdi.

Qətibə isə Təliəyə bir daha tapşırıq verib dedi:

– Sabah hər nə olursa olsun, gərək Təbrizdə böyük bir hadisə yaradasan, sabah gərək, öz əlimizlə Atabəy sarayında təziyə büsatı düzəldək. Ancaq o təziyədən sonra bizim ailəmiz bayram edə biləcəkdir. Biz gərək tezlikdə Həmədana qayıdaq, çünki Toğrul başlı-başına buraxılası adam deyildir. Eşitdin ki?

Təliə yerinin içində yarıyuxulu bir halda:

– Bəli, eşitdim! – dedi.

Səhər saat doqquzda yenə də vəliəhdin cariyəsi gəlib Təliəni vəliəhdin yanına çağırdı. Təliə onun sarayına getmək istərkən belə düşünürdü:

“Mən onunla çox danışmayacağam. Çünki o danışdığı zaman mən hər şeyi unuduram, onun söhbətləri o qədər şirindir ki, məqsəd bir tərəfdə qalır.

Lakin bilmirəm, o, bu gün məni nahar yeməyinə dəvət edəcəkdirmi. Madam ki, o məni sevir, nə üçün də dəvət etməsin?”

Qətibə Təliəyə son dəfə tapşırdı:

– İşində möhkəm olmalısan. Bizim səadətimiz sənin yanında olan xırdaca şüşənin içindəki damcılardan asılıdır. Sən bu gün o şüşənin ağzını cəsarətlə açmalısan, bildin ki?

– Bəli, bildim. – Təliə bunu deyərək yola düşdü. Təliə vəliəhdin otağına girdiyi zaman Hüsniyə onları tək buraxıb dışarı çıxdı.

Təliə nə edəcəyini şaşırmışdı, durduğu yerində buzlayıb qalmışdı. O, həyəcanlı bir vəziyyətdə qorxa-qorxa vəliəhdin üzünə baxırdı. Həyata keçirmək istədiyi cinayətin dəhşəti onun bütün varlığını əhatə etmişdi. Bu fikirlərin dəhşəti onun varlığında getdikcə genişlənir və onun qəlbini çeynəyirdi. O yenə də qəlbində:

“Yox, mən bu cinayəti həyata keçirə bilməyəcəyəm. Çünki o günahsızdır. Heç olmazsa məni bir dəfə təhqir etməmişdir ki, ondan intiqam almağıma imkan versin. Tutaq ki, kişilər aldadıcıdır. Bu heç bir zaman məni aldatmamışdır. Kişilər bir kəpənəyin xasiyyətində olsa da, bu başqa bir kəpənəkdir. Məhəbbətlidir, məşğuledicidir, şirin söhbətlidir”.

Təliə bu mövzu üzərində çox uzun düşündü və yenə də qəlbində danışdı:

“Yox, deyəsən elə mən bunu sevməyə başlayıram. Bacımın tapşırıqları yadımdan çıxmağa başlayır. Bilmirəm, mən bunu sevərsəm, axırı necə olacaqdır? Bunun atası bacımı aldadan kimi, özü də məni aldadarsa, mənim gələcəyim nə olar? O zaman məni kimlər himayə edər? Bacım bir daha məni yanına buraxmaz, çünki mən ona xəyanət etmişəm, onun sözündən çıxmışam”.

Vəliəhd Təliənin olduğu yerində donub qaldığı və qeyri-təbii bir halda düşündüyünü görüncə ona sual verdi:

– Sənin nəyi sevdiyini və nəyi də sevmədiyini bilsəydim, səni bu düşüncələrin əlindən xilas edə bilərdim. Gəncliyin böyük bir düşməni varsa, o da xəyal və düşüncədir.

Təliə başını qaldırıb bir ah çəkdi və:

– Sən məni bu kədərlərin pəncəsindən xilas edə bilməzsən. Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. Mən o qədər bədbəxtəm ki, mənə dost olanlar, məni sevənlər də, gərək özlərini xoşbəxt hesab etməsinlər. Rica edirəm vəliəhd, sən məni bu kədərlərin əlindən almağa çalışma, məni sevməyə can atma, sənin sevginin mündəricəsi nə olursa olsun, mən ona layiq deyiləm. Mənçə, bütün qızların iqbalı mənim iqbalım kimidir. Zahiri gözəlliyi çox qiymətli olan qızların mündəricəsi çox ucuzdur. Vəliəhd, sən bilirsən ki, şəxsiyyəti qiymətləndirən mündəricədir.

Vəliəhd Təliənin söhbətlərindəki yeni mövzu və yeni mündəricəni görüncə onunla bir daha maraqlandı və bu mövzunu davam etdirməklə qızın əsas fikrini qəlbindən çəkib almaq istədi.

– Eladır, – dedi, – insanlara can və rəngi verən təbiətdir. Ona mündəricə verən şey isə onun mühitidir. Təbiidir ki, qadının gözəlliyi onun mündəricəsi deyil, o təbiətin sadə bir rəngidir. Mündəricəsiz şəxsiyyət ola bilməz, çünki insanlar mühitə bağlıdır. Bəzən mühit və tərbiyə insanın mündəricəsini dəyişir, hərgah mühit insanın istədiyi mündərəcəni ona verə bilməzsə, insan mühitini də dəyişə bilər.

Vəliəhdin bu cümlələri Təliənin qəlbini qıdıqladı. O öz mühitindən mənfi mündərice və mənfi bir sima aldığını dərhal hiss etdi, mühitinin onu caniliyə, qatilliyə qədər çıxardığını hiss edərək, varlığı sarsıldı. Vəliəhd isə sözündə davam edib deyirdi:

– Bəzən mühit ən gözəl, ən mərhəmətli və sevimli bir qızı dəyişdirib ən dəni, alçaq və cani bir şəkldə də sala bilər.

Təliə bu son sözlərdən rahatsız oldu və qəlbində dedi:

“Heç şübhə yoxdur, vəliəhd mənim də düşündüyümü və nə kimi bir cinayətə hazırlandığımı bilir. Kişilər qadınların qəlbini oxuya biləcək qədər sənətkardırlar. Heç bir şübhə yoxdur ki, vəliəhd bacımın düşündüklərini tamamilə bilir. İnsan nə qədər nifrət ediləcək bir şəxsiyyətdir!

Mən bu həyatdan nə qədər səadət görəcəyəm ki, hazırda keçirdiyim ağır dəqiqələrin acılığını unuda biləm?

O şair nə üçün məni götürüb saxladı? Nə üçün o məni boğub məhv etmədi? O mənim gələcəkdə bu qədər ağır və acı dəqiqələr keçirəcəyimi bilsəydi, məni ölümdən qurtarmazdı. Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı”.

Təliə bu sözlərdən sonra özü də bilmədən:

– Ah şairlər, deyəsən siz gələcəyi bilirmişsiniz, – dedi.

Vəliəhd də cavabında:

– Doğru deyirsən Təliə! – təsdiqedici bir vəziyyətlə dedi. – Bizim hiss edə bilmədiyimiz bir çox incəliklər vardır ki şairlər hiss edə bilərlər. Doğrudur, onlar peyğəmbər deyillər, lakin onların kitabları vardır. Mədəni yaşamağın yollarını, qadınlığın əzəmət və qiymətini ancaq böyük bir şairin əsərlərindən öyrənmək mümkündür. Sənin sevmədiyin Nizami hazırda bəşəriyyət üçün təzə bir həyat qanunu və tərbiyə, əxlaq layihələri düzəldir. Sən fəxr et, öz böyüklüyü ilə dünyanın qucağında sığışmayan bir şair, vaxtilə səni qucağına alıb götürmüşdür. Onun günəşdən işıqlı olan kölgəsi aylarca sənin üzərinə düşmüş. Əcəba, bununla belə sən özünə bədbəxt deməyə haqlısanmı? Hazırda özünü bir məmləkətin başında gördüyü zaman xoşbəxt hesab edənlər, o xoşbəxtliyi səninlə tamamlamaq arzusundadır. Dünyanın mühüm bir hissəsini qucaqlamış bir adam, sənin saçlarının kölgəsinə möhtacdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 мин
Mahru xanım

Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.

6 мин
Miss Hanna

Bu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım.Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım.

7 мин
Silahlar

İclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi.Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım.

11 мин

Стихи других поэтов