Təbriz yollarında
Страница 3 из 4 · 50%
Miss Hanna başı ilə sözlərimi təsdiq edərək düşüncəyə daldı.
Axşam qapı vuruldu, biz sevindik, çünki Əlekbər yoldaş səhər yeməyindən sonra gedib bu vaxta qədər evə qayıtmamışdı. Xidmətçi qapalı bir məktub gətirdi, xan məktubu açıb oxuduqdan sonra fikrə getdi.
Mən ondan:
– Nə üçün fikrə getdiniz? Bir xəbərmi vardır? – deyə soruşdum.
– Yaxamdan əl çəkməyir. Yenə də hakim məni kluba dəvət edir, – deyə şaşırmış bir adam kimi üzümə baxmağa başladı.
– Gedin, nə eybi var, – dedim.
– Qonaqlarınızı da özünüzlə gətirin, – deyir, bilmirəm, nə edim? həyasız özü üçün cəmiyyət hazırlamaq istəyir.
– Klub təmizdirmi?
– Çox təmizdir, lakin oradakı cəmiyyətdən xoşlanmıram. Oraya çar zabitləri və bir də şəhərin yaltaqları toplaşır.
Dəvət edilən yerə getməmək hakimin şübhəsinə səbəb olacaq və Müqeymüddövlənin vəzifəsinə zərbə vura biləcəkdi, ona görə biz də onunla bərabər getməyə razı olduq.
Biz kluba gedərkən hakim masa başında oturub zabitlərlə qumar oynayırdı. O bizi görən kimi ayağa qalxdı. Zabitlər də onunla bərabər qarşımıza gəlib, əvvəlcə miss Hanna ilə, sonra da mənimlə tanış oldular.
Qumar məclisinə nəhayət verildi. Başqa bir masanın ətrafında oturduq, hakim rus qubernatoru formasında idi, başında ətrafı qırmızı rus furajkası vardı.
Rus zabitləri ona:
– Vaşe siyatelstvo! – deyə müraciət edir və bəzən bir-birinə baxıb gülümsünürdü.
– Bizə bu xoşbəxtlik təsadüfən qismət oldu. Hər acı hadisənin sonu bir səadətdir. İmperator ordusu məmləkətimizə yeni bir mədəniyyət gətirdi. Biz rus mədəniyyətini qəbul etməliyik. Buna görə mən bizim ziyalı təbəqəni rus dostlarımızla tanışlığa dəvət edirəm.
Qubernator öz söhbətində bu sözləri müxtəlif şəkillərdə bir neçə dəfə təkrar etdi.
Miss Hanna mənə tərəf əyilərək:
– Baqqalın başını yaran zabit üçüncü kürsüdə oturan zabit deyilmi? – dedi.
Baxdım, o özü idi.
Qubernator mənə müraciətlə:
– Xanımınızla Amerikadamı evləndiniz?
– Xeyr, Rusiyada evlənmişik, – dedikdən sonra o, miss Hannanı başından ayağına qədər gözdən keçirdi.
– İran ziyalılarının götürdüyü yol doğru yoldur. Mədəni nəsil yaratmaq üçün bundan doğru yol ola bilməz. Sizə xoşbəxtlik diləyirəm.
Söhbətlər çox qırıq və məzmunsuz idi. Hər kəs haradan istəyirsə, oradan danışırdı, lakin qubernator bizimlə məşğuldu. O, miss Hannadan göz çəkə bilmirdi. Zabitlərdən bir çoxu şəhər kənarındakı əsgəri qərargaha getməli olduqlarından şam yeməyini saat on ikidə verdilər.
Müqeymüddövlə yavaşca mənə:
– Hər gecə belə ziyafət vardır, – dedi, – hamısı da hakimin hesabına. Şəhərin əyan, ziyalıları da o hesabdan yeyirlər, hakim bu xərclərin hamısını əlli cür bəhanə ilə bazar və şəhər camaatının dərisindən çıxarır. Süfrə başında əyanlardan Rzaqulu, Rəşid Nizam, Hacı Əhməd xan Mirpənc, Hacı Musa xan və sairələri iştirak edirdi. Əvvəlcə miss Hannanın, sonra mənim və sairələrinin sağlığına içildi.
Saat birdə miss Hannanın rahatsızlığını qubernatora anlatdıq və güc-bəla ilə klubdan çıxmağa müvəffəq olduq.
Əlekbər yoldaş gəlib bizi evdə gözləyirmiş. Hakimin məclisinə çox da etibar etmədiyindən bizdən çox nigaran qalmışdı. Bir az sonra faytonçu da gəldi. Səhər saat altıda faytonu qoşub gətirməsini tapşırdıq.
Hər bir hazırlıq görülmüşdü. Miss Hanna Təbrizə gedəcəyindən sevinir və yatmaq istəmirdi. Bir az balkonda oturduq. Mən bloknotumu çıxarıb qubernatorun rusca danışıqlarından yadımda qalan aşağıdakı sözlərini yazmağa başladım:
Mərənd qubernatoru rus zabitləri ilə rusca danışarkən inqilabçıların onun atası ilə etdikləri mübarizəni və nəhayət, ona bomba atıb öldürdüklərini belə anladırdı:
– Oni bolşoy skandal pokoynım otsam izdelil. Mne otsa revolyusiya ne lyubil. On zaşişal padişaxa i interes qosudarya inperatora. Naş lyudi vseqda Rosiya lyubil. Torqovlya naş strana eta treboval.
Təəccüblü burasıdır ki, qubernator bu anlaşılmaz rus sözlərini dedikcə rus zabitləri də «bəli, həşəmətli cənab», – deyə onu dinləyirdilər.
Təbrizlə Mərənd arasındakı yolun sağ və solunda çar ordusu çadırlarından başqa bir şey görmək mümkün deyildi. Bu yolun böyük bir əhəmiyyəti vardır, çünki bütün İran Azərbaycanı bu yol ilə Təbrizdən nəfəs ala bilirdi. Qaradağ, Maku, Xoy və Qafqazdan gələnlərin hamısı bu yoldan keçərək Təbrizə girməli idi.
Acı körpüsündə pasportlarımızı yoxlayaraq, dəftərə qeyd etdilər. Vaxtilə inqilabın qızıl bayrağı asılan bu körpüdə çarın üçrəngli bayrağını asılmış gördük. Körpünü keçdik, faytonumuz Əmir karvansarasının qarşısından keçirdi. Buralarda çar ordusunun araba karvanları yerləşmişdi, kazaklara və piyada nəfərə hər tərəfdə təsadüf etmək olardı.
Çayçı dükanlarının qabağında yerlilərlə bərabər, kazakların da çay içdiyini, hətta bir-iki kazakın qəlyan çəkdiyini görüb özümüzü gülməkdən saxlaya bilmədik.
Əlekbər yoldaş:
– Yerlilər çar təsirinə düşdüyü kimi, çarın kazakları da yerlilərin təsirinə düşəcəkdir, tezliklə tiryək çəkməyi də öyrənərlər, – dedi və güldü.
Miss Hanna bir az sonra ondan ayrılacağımızı hiss edərək:
– Biz nə vasitə ilə görüşəcəyik? – deyə soruşdu.
– Çətin deyildir, siz Amerika konsulxanasında mənzil edəcəksiniz, deyilmi? Mən də sizə öz ünvanımı verərəm, – deyə ünvanı yazıb verdim:
«Rasta küçə, Seyid Hüseyn dərbəndi. Məşədi Kazım ağanın mülkü».
Faytonumuz İran poçt-teleqraf idarəsinin qarşısından keçdikdə burada da çar bayrağını gördük. Bayram günü deyildi, lakin qapıların üzərinə vurulan çar bayraqlarının çoxluğu buranı bir bayram keçirən şəhərə bənzədirdi.
Biz miss Hannanı Amerika konsulxanasında düşürəcəyimiz üçün yolumuzu uzaq küçələrdən salmışdıq. Buna görə də küçədən-küçəyə keçməyə, şəhərin mühüm hissəsini dolaşmağa məcbur idik. Şəhər xeyli dəyişmişdi. Təbriz, doğrudan da, «Novoyev vremya»nın yazdığı kimi, çar əlində olan İrəvan quberniyasının şəhərlərinə bənzəyirdi.
Hacı Həbibulla istanbulçunun qapısında vurulan ipək çar bayrağını görürkən bunun inqilabçı olması haqqındakı boşboğazlığını bir daha xatırladım. Hacı İbrahim Sərrafın qapısında, Hacı Fərəc Sərrafın və onun oğlu Mirzə Ağanın və sairələrinin qapısında da qiymətli ipəkdən tikilmiş bayraqlar görmək olurdu.
Hacı Mirzəhəsən ağa Müctəhidin oğlu Mirzə Məsud ağa da öz damından sevimli çar bayrağını asıb özü də səkidə oturaraq, qəlyan çəkir və bayrağın Təbriz ruzigarı ilə dalğalanan qotazına tamaşa edirdi.
Mir Qurban və Mir Məhəmməd kəcpəzlər yeni çar təbəəsi olduqlarından öz qapılarını başqalarına nisbətən fövqəladə bir şəklə salmışdılar. Çarın ailəsi ilə birlikdə alınmış rəngli fotoşəklini, vəliəhdi Aleksey qucağında ikən alınmış təsviri, Tatyananın çocuq ikən öz kuklası ilə birlikdə alınmış əksi və bir çox tabloları bu seyidlərin qapısı üzərində seyr etmək olurdu. Təəccüblü burasıdır ki, çar bayraqları Qarı körpüsünün dibində Şeşgilan və Saman meydanındakı tiryəkxanaların da damına çıxarılmışdır.
Naib Həsənin qardaşı İbrahimin tiryəkxanasının damındakı çar bayrağı Hacı Fərəc Sərrafın damındakı bayraqdan daha qiymətli və təntənəli idi.
Hacı Əlekbər bazarçası, onun ətrafındakı evlər, o cümlədən Mir Manaf Sərrafın evi özünü çar bayraqları altında nazladırdı.
Bunları seyr edərkən mən bilaixtiyar:
– Zavallı Təbriz! – deyə təəssüf etdim.
Miss Hannanı Amerika konsulxanasında düşürdük. O, əlimi sıxdı, gözləri yaşardı, ayrıldıq.
Təbrizin bu vəziyyəti məni çox mütəəssir etdiyindən Hanna ilə necə vidalaşdığımı bilmədim. Əlekbər yoldaşa müraciətlə:
– Bax gör yazıq Səttar xan kimlərə arxalanıb hökumətlə mübarizə edirdi, – deyə Səttar xan təşkilatının nə qədər möhkəm bir təşkilat olduğunu indi hiss edir və bəzən bu təşkilat haqqındakı yersiz düşüncələrimi xatırlayırdım.
Küçələrdəki səngərlər sökülmüşdü. Səngər olan yerlərin hamısında qarovul postları və çar soldatları qoyulmuşdu. Küçələrdən cəbhə telefon xətləri çəkilmişdi. Az müddət bundan əvvəl inqilabın silahlı dəstələri gəzən küçələrdə bu gün çar süvari kazakları və piyada məfrəzləri dolaşmaqda idi.
Mənzil edəcəyimiz yerə yetişdikdə Məşədi Kazım ağanın bizdən nigaran qaldığını gördük, çünki biz bir gün Mərənd şəhərində təxir etməyə məcbur olmuşduq. O bizi hörmətlə qəbul etdi. Üç otağı, xüsusi mətbəxi, balkonu, bağçası olan bir binada yerləşdik. Bina sərbəst, maneəsiz bir bina olduğundan bizi tamamilə razı saldı. Məşədi Kazım ağanın qoca bağbanı Hüseynəli əmi də bizə xidmətçi təyin olunmuşdu. Mən Hüseynəli əmini çağırıb Təhminə xanımın ünvanını verdikdə o, qaranlıq düşməyinə baxmayaraq, bu təklifimi məmnuniyyətlə qəbul etdi və Təhminə xanımın yanına getdi.
Hüseynəli əminin qoca arvadı Səriyyə xala samovarı təzəcə gətirib masanın üzərinə qoymuşdu ki, qapı açıldı. Təhminə xanımla oğlu Həsənağa içəri girdi. Qadın qırışmış dərili, göy damarların içərisindəki fikirli gözlərini mənə dirədi. Qiyafəmin dəyişmiş olmasına baxmayaraq, məni tanıdı, boynumu qucaqlayıb öpdü və ağladı. Mən də Təhminə xanımın boynunu qucaqladım və «Təbriz aristokratiyasının və Təbriz ziyalısının səmimiyyətinə bu qadına inandığım qədər inansaydım, çar hökuməti ilə aparılan mübarizədə qalib çıxacağımıza inanardım», – deyə düşündüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-tebriz-yollarinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?
Təbriz çar kazakları əlindəMən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.
Ninaya məktub«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.
Ərəblər xanıƏrəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.
Стихи других поэтов
Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
AllaBazara töküldü piyala,Kasıblar düşdü xiyala,