Страница 2 из 4 · 25%

Kamal

Birinci addımdan bu boyda səhv buraxdım. Gör sonrası nə olacaq?

Gövhər

Sonrası yaxşı olacaq...

Qumral

Bir kərəlik de ki, məni biabır eləmisən də...

Gövhər

Heç bir biabırçılıq olmayıb, qızım! Uşaq mənə ürəyinin sözünü deyib.

Kamal

Yox, ana, ürəyimin sözünü hələ indi deyəcəyəm.

Qumral

Kamal, bəsdir!

Gövhər

Uşağı utandırma, qoy sözünü desin.

Qumral

Onda mən gedim, sonra... (Kamalın qulağına) Ağlına gələni danışmayasan, ha!.. (Gedir)

Kamal

Sizdən üzr istəyirəm, ana!

Gövhər

Təkcə üzr?! Ayrı sözün yoxdur?

Kamal

Sizinlə danışmağa elə möhkəm hazırlaşmışdım ki... Hamısını yaddan çıxartdım...

Gövhər

Heç nə danışmaq lazım deyil. Fikrini bayaq mənə dedin, o kifayət eləyər. Bir de görüm, ailəniz bu işə necə baxır? Atan, anan... Bəlkə onların xəbərləri yoxdur, özün öz başına gəlmisən?

Kamal

Yox, atam da razıdır, anam da.

Gövhər

Görməzə, bilməzə?

Kamal

Keçən il Qumral bizim rayonda təcrübədə olanda görüblər, çox da xoşlayıblar, özləri də gələcəkdilər, ancaq məhsul yığımı başlarını qarışdırdı.

Gövhər

Bəs sənin başın qarışıq deyil? Hələ bir işə bənd olmamısan?

Kamal

Xeyr. Deyirəm işimiz Qumralla bir yerdə olsun. O, müəllimə, mən də aqronom.

Gövhər

Gərək atası ilə danışaq... (Kamal qorxu içərisində ayağa qalxır) Qorxma! Bayaq sən dediyin qədər də pis deyil.

Kamal

Ana, bəlkə siz?

Gövhər (onun sözünü kəsir)

Mənə qalsa, sözüm yoxdur. Atası ilə danışarıq. Bu saat sənə bir stəkan şirin çay gətirim. Adətdir, xeyir işi şirinliklə qarşılayarlar. (Gedir)

Bir azdan Qumral içəri girir.

Qumral

Hə, nə oldu? Anam yəqin inciyib, hə?

Kamal

İnciməyib. Məni bağışladı. Hələ üstəlik, səni də mənə bağışladı.

Qumral

Nə dedi?

Kamal

Deyəsən, razıdır. Qalıb atan. Gözləyirəm gəlsin, onunla da danışam.

Qumral

Atamla özün danışma, bildin? Bütün işləri korlayarsan. Niyə tələsirsən? Milisioner kimi nə başımızın üstünü kəsdirmisən?

Kamal

Daha bıçaq sümüyə dirənib, bu gün məsələni həll eləməliyəm.

Qumral

Bu gün yox, get, sonra!..

Kamal

Hara gedirəm? İndi qayınanam mənə çay gətirəcək. (Arxayın oturur)

Qumral

Hələ çay da içəcəksən?

Kamal

İçəcəyəm. Bir az aclığım var, deyəcəyəm: ana, bufetdə nə varsa, götür gəl. Mən iş adamıyam. Yeməsəm, dayana bilmərəm.

Qumral

Kamal, səni belə bilmirdim. Nə yaman qarınqulusan?

Gövhər çay gətirir.

Gövhər

Bir stəkan şirin çay iç!

Kamal

Çox sağ olun, ana! Mən çay içən deyiləm.

Gövhər

Bəlkə aclığın var?

Kamal

Xeyr, xeyr...

Qumral

Çox sağ ol...

Gövhər

Qonağın əvəzinə sən niyə “sağ ol” deyirsən? Bir stəkan da gətirim, bir yerdə için. Yəqin uşaq tək utanır... (Gedir)

Qumral və Kamal bir-birinə baxıb, dinməz gülümsünürlər. Xəlil içəri girir.

Xəlil (Qumrala)

Bacı qızı, salaməleyküm!

Qumral

Xoş gəlmisən, ay dayı! (Kamala) Xəlil dayımdır. Tanış ol!

Xəlil (Kamala diqqətlə baxır)

Gözümə tanış gəlirsən. Artist deyilsən?

Kamal

Xeyr.

Xəlil

Qubadlıda klub müdiri olmamısan?

Kamal

Xeyr, mən aqronomam.

Xəlil

Belə de, aqronomsan. Qırx altıda Salyanda işləməmisən?

Kamal

Xeyr, işləməmişəm.

Xəlil

Əllinci ildə Şəkidə ipək üstündə məhkəməyə düşməmisən ki?

Kamal

Xeyr.

Qumral

Kamal institutu təzə bitirib, dayı!

Xəlil

Yalan demə. Bəs mən səni harada görmüşəm? (Oturur, çayı qabağına çəkir) Hə, isti çaya, şirin çaya, canım qurban. (İçməyə başlayır)

Gövhər əlində çay içəri girir.

Gövhər

Ay Xəlil, xoş gəlmisən! Uşağın çayını niyə içirsən?

Xəlil

Stəkanın üstündə kimin çayı olduğu yazılmamışdır. Əliqulu haradadır?

Gövhər

Harda olacaq, idarədə. Bilmirəm nə olub, neçə aydır ki, dilxordur. Qaşqabağından qar yağır.

Xəlil

Onun üzügülər vaxtı olub ki? Elə bil xəmirinə istiot qatıblar... Ha axtardım idarəsini tapmadım, şəhər yaman dəyişib...

Gövhər

Neçə ildir gəzmədiyin rayon qalmayıb. Doğma yurduna-yuvana gəlmisən ki, tanıyasan? Evin yox, eşiyin yox, adın da qalıb subay Xəlil. Bizim Kamalla tanış oldun?

Xəlil

Tanış olmağına oldum, ancaq “bizim Kamal” sözünü başa düşmədim. Əliqulunun qohumudur, nədir?

Gövhər

Yox, Kamal hələ indi bizimlə qohum olmaq istəyir.

Xəlil

Hə, Gövhər, indi bildim ki, qocalmısan, ürəyin nəvə istəyir.

Gövhər

Yaxşı, cavanları utandırma. (Kamala) Yaxın otur, bala, Xəlil dayınla bir yerdə çay iç. Mən Qumral üçün yenə gətirərəm. (Gedir)

Xəlil

Gəlin ikiniz də yanımda oturun. Mən bir dünyagörmüş adamam. Kuryerdən tutmuş müdirə qədər bütün qulluqlarda olmuşam. Deyin görüm bir-birinizi istəyirsiniz, yoxsa elə-belə, əz bərayi xali nəbudən?

Qumral

Axırını başa düşmədik.

Xəlil

Əvvəlinə cavab verin.

Kamal

İstəyirik...

Xəlil

Qəti?

Kamal

Qəti!

Xəlil (Qumrala)

Sən necə?

Qumral utanır, başı ilə istədiyini təsdiq edir.

Xəlil

Hə, onda möhkəm dayanın. Yaxşı ailə qurun, möhkəm məhəbbət möhkəm ailənin əsasıdır. Su kimi duru olun, ancaq su kimi o yan-bu yana axan olmayın! Od kimi qızğın olun, ancaq tez sönməyin! Sazın simləri kimi həmişə saz olun, o vaxt ikiniz də bir hava çalarsınız. Ancaq tez kökdən düşməyin! (Kamala) Atan, anan razıdırlar?

Kamal

Razıdırlar.

Xəlil

Bu cür qızla evlənməyə mənim nənəm də razı olar. Bəs, Əliqulu necə, razılığını verib?

Kamal

Hələ yox.

Xəlil

Yox?

Qumral

Atamın heç xəbəri yoxdur.

Xəlil

Hə, onda bayaqdan danışdıqlarımızın hamısı bir qoz. Daha niyə deyirsiniz ki, Vartan sağdır?

Qumral

Vartan kimdir?

Xəlil

Dayan, sözümü kəsmə. Elə-belə əli ətəyindən uzun gəlmisən ki, Əliqulu əmi, qızını almaq istəyirəm? Ay-hay! Vallah, o bir mərdigiriz adamdır, düşər tərs damarına, sənə bir düdəmeyi-hindi gələr ki...

Qumral

Dayı nə danışırsan? Heç o cür söz deyərlər?

Xəlil

Sən kişilərin söhbətinə qarışma.

Kamal (qorxmuş halda ayağa qalxır)

Onda mən getsəm yaxşıdır.

Xəlil

Budur da. Cavanların bu işinə yoxam! O saat qorxub geri çəkildi. İndi ki, cürət edib gəlmisən, möhkəm dayan! Mən adam sərrafıyam. Zərgər qızılı tanıyan kimi, mən də adamları tanıyıram. Səni görən kimi ürəyim qızındı, xoşuma gəldin. Mənim o böyük-kiçik tanımayan, ayağını ayağının üstünə aşırıb, papiros fısqırdan cavanlardan zəhləm gedir. Sən onlara oxşamırsan. De görüm, burada, şəhərdə qohum-əqrəbadan bir adamın var?

Kamal

Əmioğlum var – Rövşən. Arvadı ilə yuxarıda, təzə evlərdə yaşayır.

Xəlil

Bildim, bildim... Özlərini yaxşı yerə veriblər. Hə, iş bərkə düşəndə, onları da köməyə çağırarıq, amma, hələlik, qorxma! Mən ölməmişəm ki... Oradan-buradan söhbət salıb razılığını alaram. (Qapının zəngi çalınır) Bəlkə gələn Əliquludur. Siz gedin o biri otağa, mən burada işi bitirim.

Qumral ilə Kamal gedirlər. Xəlil qapını açır. Səfər içəri girir, birbaş otağın ortasına gəlib, o yan-bu yana baxdıqdan sonra soruşur.

Səfər

İcazə olar?

Xəlil

Dünyada qəribə adamlar var. İçəri girəndən sonra icazə istəyirlər?

Səfər

Bayırda dayanıb, icazəni necə istəyim? Radio vasitəsilə?

Xəlil

Radio ilə “Segah” oxuyarlar, icazə istəməzlər. Sözünü de.

Səfər

Əliqulu Baloğlanoviç evdədir?

Xəlil

Kim?

Səfər

Əliqulu Baloğlanoviç.

Xəlil

Baloğlanoviçi tanımıram, amma Əliqulu evdə yoxdur.

Səfər

Sən Xəlil deyilsən?

Xəlil

Xəliləm...

Səfər

Ola bilməz!

Xəlil

Deyirəm Xəliləm də...

Səfər

Ola bilməz, canım...

Xəlil

İşə düşmədik?!.

Səfər

Bəs hanı o qara qaşlar, qara saçlar? Bəs hanı qızların ürəyini dağlayan o ceyran gözlər? İndi əncir qurusuna oxşayır... Gəl, öpüşək.

Xəlil

Ya Allah, xoş gəlmisən! (Qucaqlaşıb öpüşürlər) Öpüşməyinə öpüşdük. Amma, sən öl, tanımadım. Mal həkimi deyilsən?

Səfər

Yox.

Xəlil

Lənkəranda əmanət kassasında işləməmisən?

Səfər

Yox, ay Xəlil, yox...

Xəlil

Dayan-dayan. Səsin tanış gəlir. Astraxanbazarda kolxoz sədri deyildin?

Səfər

O yan-bu yana əl-qol atma, ay Xəlil. Mən Səfərəm.

Xəlil

Səfər? Hansı Səfər? Mən çox Səfər tanıyıram. Biri Qasımov Səfər Qarabağda ispalkom idi, sonra çıxarıb çayçı qoydular. O biri İsmayılov Səfər pambıq zavodunda işləyirdi, üçüncüsü...

Səfər (onun sözünü kəsir)

Dayan görüm. Mən Səfər Səfərovam. Səninlə bir məktəbdə oxumuşuq. Yadındadırmı? Zarafatca mənə Sıfır Sıfirov deyərdiniz.

Xəlil

Əşi, ay Sıfır, bunu bayaqdan de də!.. Tanıdım, tanıdım. Ay səni xoş gördük! (Təzədən qucaqlaşırlar) Başını kim belə silib-süpürüb, təmizləyib.

Səfər

Töküldü, ay Xəlil, payız xəzəli kimi töküldü.

Xəlil

Neçə ildir səni görmürəm. Nə yaman dəyişmisən?

Səfər

Amma mən səni görən kimi tanıdım. Nə vaxt gəlmisən? Nə əcəb gəlmisən? Harada işləyirsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов