Страница 3 из 3 · 67%

Altıncı şəkil

Gecə. Bir tərəfdə həyət, qalın ağaclar görünür. O biri tərəfdə Kərəmovun evi. Otaq zövqsüz bəzənmişdir, divarda rəhbərlərin şəkli, həmin şəkillərlə yanaşı Kərəmovun öz şəkli. Kamilə Şeydanın şəklinə baxıb oxuyur. Şeyda həyətə girir. Açıq pəncərədən Kamilənin oxumağına qulaq asır.

Kamilə

Bu dağların başı tütün,
Sevənlərin qəlbi bütün.
Əyil üzündən mən öpüm,
Gəl-gəl, sənə gözüm qurban.

Bu dağların başı haça,
Əllərim dolaşdı saça.
İgid yarı alıb qaça,
Gəl-gəl, sənə özüm qurban.

Şeyda (pəncərədən)

Ay sağ ol, demək ikimiz də bir fikirdəyik.

Kamilə (diksinib ayağa qalxır)

Sən burada neyləyirsən? Get, get, bu saat əmim gələr.

Şeyda (pəncərədən otağa girir)

Gəlsin, ondan qorxmuram ki?

Kamilə

Şeyda, gecənin yarısıdır, görən olar, hamı iclasdadır, sən burada neyləyirsən? Get.

Şeyda

Heç yerə gedən deyiləm, gəlmişəm səni aparmağa.

Kamilə

Şeyda, əmim səni burada görsə, qan düşər.

Şeyda

Onsuz da, iclasda qan düşdü. Böyük müharibə oldu. Kərəmov, Mirzə Hüseyn, Salmanov bizimkilərin hücumuna davam gətirə bilməyib təslim oldular.

Kamilə

Nə danışırsan? Deməli çıxartdılar?

Şeyda

Çıxartdılar. Kərəmovun dövranı qurtardı. Dur gedək.

Kamilə

Hara?

Şeyda

Bizə.

Kamilə

Şeyda, gecənin bu vaxtı mən hara gedirəm? Gecədən keçmiş səni burada görsələr, yaxşı olmaz.

Şeyda

Bax, bu gün iclasda hamı məsləhət gördü ki, səni elə bu gecə bu evdən çıxarıb aparım evimə.

Kamilə

Necə, iclasda? Bizim məsələmizi müzakirəyə qoymuşdular?

Şeyda

Yox, rəsmi iclasda bu barədə danışıq getmədi. İclasdan qabaq hamı mənə dedi ki, götür apar. ZAQS müdiri iclasdan sonra evə getməyib, bizi gözləyəcək. Dur, gedək.

Kamilə

Gecənin yarısı hansı qız ZAQS-a gedib ki, mən də gedim? Tarixdə belə şey görünməyib.

Şeyda

Daha yaxşı. Bizim evlənməyimiz tarixi bir hadisə olacaq.

Kamilə

Şeyda! Ciddi olaraq səndən xahiş eləyirəm...

Şeyda (onun sözünü kəsir)

Kamilə! Mən də ciddi danışıram. Səni bu evdə qoymayacağam... Biz ki, bir-birimizi sevirik, nə vaxta qədər ayrı qalaq? Qoyarammı ki, Kərəmov kimi bir adam mənim sevdiyim bir qızı incitsin? Ona acı söz desin? Bax, bu sözləri düz onun üzünə deyəcəyəm. Bu saat iclasdan o, çox pis qayıdacaq, çünki orada onu çul-palaz eləyiblər, mən də ki, qəti fikirlə bura gəlmişəm, gör indi biz rastlaşanda nə həngamə qopacaq. Sənsiz buradan getməyəcəyəm. Əgər haray-huray qopmağını istəmirsənsə, o gəlməmişdən dur, gedək.

Kamilə

Mən bütün kənddə biabır olaram. Gecənin yarısı pəncərədən aşıb mənim yanıma gəlməyini eşitsələr, gör nələr danışarlar.

Şeyda

Odur ki, dur ZAQS-a gedək. Onda mən sənin yanına qapıdan gələ bilərəm.

Qapı döyülür.

Kamilə

Əmim gəldi. Şeyda, qadan alım, bu pəncərədən çıx get.

Şeyda

Sağ ol, mən pəncərədən qaçan oğlanlardan deyiləm.

Kamilə

Pəncərədən gələ bilirsən, gedə bilmirsən?

Şeyda

Adam sevdiyi qızın yanına lap bacadan da düşə bilər, ancaq onun əmisinin qorxusundan pəncərədən qaçmaq bir kişilik deyil. Yerim çox rahatdır. Traktor da qoşsalar, buradan tərpənən deyiləm.

Yenə qapı döyülür.

Kamilə

Şeyda! Yalvarıram sənə... Heç olmasa, keç bu biri otağa.

Şeyda

Sonra mənimlə gedəcəksən?

Kamilə

Gedərəm, söz verirəm ki, gedərəm, qurban olum, dur.

Onu yan otağa salır, sonra qapını açır. Kərəmov, Salmanov, Mirzə Hüseyn içəri girirlər.

Kərəmov

Qapını niyə açmırdın?

Kamilə

O biri otaqda idim, əmi, eşitməmişəm.

Kərəmov

Qoy qonaqlar getsin, sonra səninlə danışaram. Get, bizə mane olma.

Kamilə çıxır.

Mirzə Hüseyn

Sizi incitdilər, yoldaş Kərəmov, incitdilər. Ancaq mərkəz buna yol verməz, sizin kimi nəhəngi çıxarıb, yerinə ağzından süd iyi gələn bir qız qoysunlar?

Salmanov

Ziynət sizin ayağınıza su tökməyə belə layiq deyil, yoldaş Kərəmov!

Kərəmov (bir az səssiz durur, sonra)

Mən iyirminci ildə bu qəzanın revkomunun müavini idim. At belinə qalxanda quş quşluğu ilə qorxusundan ağacda otura bilməyib uçurdu. İndi gör nə günə qalmışam, uşaq-muşaqlar da mənim üstümə qalxır.

Salmanov

Ərizəniz hazırdır, yoldaş Kərəmov!

Kərəmov

Nə ərizə?

Salmanov

Sizin ərizəniz. Mərkəzə.

Kərəmov

Sən qabaqcadan bilirdin ki, məni çıxardacaqlar?

Salmanov

Xeyr, nə danışırsınız? İclasın axırında yazdım.

Kərəmov

Hə, o ayrı məsələ. Neçə surət çıxartmısan?

Salmanov

On surəti var.

Kərəmov

Çox gözəl, göndərərsən raykoma, ispalkoma. Kənd təsərrüfatı şöbəsinə, kontrol komissionuna, ictimai təminat şöbəsinə. Birini də tik mənim xüsusi işimə.

Mirzə Hüseyn

Ataları yandı. Sağ ol, yoldaş Kərəmov.

Kərəmov

Ah, bu saat olaydım rayon prokuroru, bu kəndin camaatının hamısını damlayardım, hamısını. Ax... dərd yandırır məni, kişilər! Ziynət kolxoz sədri! Ziynət ha... Demək, mən daha sədr deyiləm? Demək, daha mənim katibim olmayacaq, qol çəkməyəcəyəm, əmr verməyəcəyəm? Yox, mən buna dözə bilmərəm!

Mirzə Hüseyn

Heç elə şey olar? Özbaşınalıq deyil ki?..

Kərəmov

Yanıram, Mirzə, yanıram. Salmanov, o portfeldəkiləri çıxart, görüm. Bu da olmasa, mən çatlayaram. (Salmanov portfeldən araq və kolbasa çıxarır) Birinci badəni içək bu arağı icad eləyənin sağlığına.

Salmanov və Mirzə Hüseyn Kərəmovu qəsdən dalbadal içirdirlər.

Salmanov

Yoldaş Kərəmovun sağlığına.

Kərəmov

Sağ olun, dostlar, sizsiniz mənim pənahım. Mən dünyada iki həqiqətpərəst dost tapmışam, dünyada iki həqiqi insan var. O da Salmanov və Mirzə Hüseyndir. Sağ olun, gül olun, bülbül olun, qəfəsdə olmayın. Sağ olun!

Mirzə Hüseyn

İnsan ki, var, quş misalı bir şeydir. Bu gün buradadır, sabah ayrı yerdə. Ortada gərək vəfa ola, vəfa. İndi yoldaş Kərəmov müvəqqəti olaraq işdən çıxıb ha, sən öl, salam verən olmayacaq.

Salmanov

Adam ki, böyük vəzifədə oldu, dostu çox olur. Vəzifədən çıxarılan kimi, elə bil, dostlara güvə düşür. Bir-bir yox olurlar.

Mirzə Hüseyn

Amma mərkəz buna yol verməz. Kərəmov kimi adamı uşaq-muşağın əlinə vermək olmaz ki, doğrayıb ulduz qayırsınlar.

Kərəmov

A dostlar, qəm yeməyin, mən yenə sədr olacağam, onların da hamısının anasını ağladacağam. Öpürəm, öpürəm, Salmanov, sənin sağ üzündən, Mirzə Hüseyn, sənin sol üzündən. (Oxuyur)

Fələyin bir belə dövrü olacaqmış, nə bilim?
Saralıb bağı-gülüstan solacaqmış, nə bilim?

Kərəmov yavaş-yavaş keflənir.

Mirzə Hüseyn

Yuxuladı?

Salmanov

Deyəsən, yuxuladı?

Mirzə Hüseyn

Di tez ol, görüm. (Araq doldurur) Kərəmov, yoldaş Kərəmov, indi içirik sizin gələcəyinizin sağlığına.

Kərəmov (sərxoş halda)

Yox, daha içən deyiləm.

Salmanov

Yoldaş Kərəmov, axırıncı badəni gərək içəsiniz.

Kərəmov

Sənin canın üçün, içən deyiləm, dilimə də dəyməyib, yox, yox, sədr araq içməz, mən içən deyiləm. (Yatır)

Mirzə Hüseyn

Lül keflidir, altı-beş vurur.

Salmanov

Onda bəs gecikməyək.

Mirzə Hüseyn

Sən öl, arağa bir dərman qatmışam ki, üç gün ayılmaz... Götür cibindən çekləri, möhürü, gedək.

Salmanov

Hansı cibindədir? Tapançası da var, götürüm?

Mirzə Hüseyn

Götür, götür... (Kərəmov tərpənir) Yoldaş Kərəmov, sizi soyundururuq ki, yatırdaq, yatasınız, rahat olasınız...

Kərəmov yatır.

Salmanov

Çekləri, möhürü götürdüm, axtarım, bəlkə cibində nağd pul var.

Mirzə Hüseyn

Tez ol, yubanma, qaçaq.

Bu halda Şeyda yan otaqdan çıxır, aralarında bir vuruşma gedir. Kərəmov atılıb ayağa qalxır. Mirzə Hüseyn və Salmanov pəncərədən qaçırlar. Həyətdə gizlənirlər.

Kərəmov (Şeydadan bərk yapışır)

Tutmuşam, tutmuşam. Demək, sən məni öldürmək istəyirdin, hə? Mirzə Hüseyn, Salmanov, kəndir gətirin qollarını bağlayaq.

Şeyda

A kişi, burax məni, onlar səni soyub qaçdılar. Burax!

Kərəmov

Buraxmıram... (Çığırır) Milisioner, milisioner...

Şeyda

Kamilə, tez ol, qaç, kəndə xəbər ver. A kişi, burax məni... İşə düşmədim?!

Kamilə çığıra-çığıra kəndə qaçır. Otağın işığı sönür. Həyət işıqlanır. Ağacların arasında gizlənmiş Mirzə Hüseyn və Salmanov görünürlər.

Mirzə Hüseyn

Amma, işi bu cür eləmək böyük səhv oldu. İndi daha quş olub göyə də uçsaq da, bizi tutacaqlar.

Salmanov

Yavaş... Eşidərlər, qorxaq!

Mirzə Hüseyn

Mən, qardaş, boynuma alıram ki, qorxuram. Elə qorxuram ki, qorxudan cibimdə saatım dayanıb... Salmanov, mən yazığam, balalarım var, çarə tap.

Salmanov

Çarəsi yoxdur. Bu saat kənddə dayanmaq olmaz, taparlar. Siçan tələyə düşən kimi tutularıq. Qaçmaq lazımdır.

Mirzə Hüseyn

Hara qaçaq? Hörmətimiz olan bir kənd qalıb ki?

Salmanov

Mənim yalnız şəhərə ümidim gəlir.

Mirzə Hüseyn

Düzdür, dahiyanə fikirdir.

Salmanov

Qaçarıq şəhərə, bir-iki həftə gizlənərik, sonra da gedərik uzaq rayonlardan birinə.

Mirzə Hüseyn

Onda daha yubanmaq olmaz.

Salmanov

Danışma, özünü ver dağ yoluna, ayrı əlac yoxdur.

Çıxırlar. Otaq işıqlanır.

Şeyda

A kişi, burax məni.

Kərəmov

Hara buraxıram? Mən hələ siyasi sayıqlığımı itirməmişəm ki, səni buraxım. Milisioner, milisioner...

Bu halda Kamilə, Ziynət, Zalxa, Mehralı, Şirəli və bir neçə kolxozçu içəri girirlər.

Şeyda

Onların dalınca adam göndərin, qaçdılar!

Kərəmov

Xoş gəlmisiniz... Buyurun, narzan içək.

Zalxa

Lül keflidir ki... Bura bax, it iyi verir. Haradan qaçdılar, Şeyda!

Şeyda

Bu pəncərədən qaçdılar. Kərəmov qoymadı ki, dallarınca qaçım.

Zalxa

Bəs sən burada neyləyirdin?

Şeyda

Mən yan otaqda idim.

Mehralı

Görünür, adaxlıbazlığa gəlibmiş.

Ziynət

Hə, daha yubanmaq olmaz. Mehralı kişi, götür iki nəfər, dayan qaya başında, onlar oradan keçib Sarılar tərəfə ötə bilərlər. Şirəli dayı, tez ol, götür tüfəngi, çıx poçt yoluna, ay Təmraz, sən də Şirəli dayı ilə get. Gərək bu gecə onları tapaq.

Çıxırlar.

Kərəmov (tək)

Yoldaşlar, səs salmayın, iclası bağlayıram.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов