Altıncı fəsil
Страница 3 из 6 · 33%
– Məni qəbul edərmisiniz? – deyə soruşdu. Şamil tanımadığı bu adama diqqətlə baxdıqdan sonra:
– Buyurun! – dedi.
Həmin adam içəri gəlib:
– Məni ya tanımırsınız, ya da tanımaq istəmirsiniz, – dedi. – Sizi bu gün həm təbrik etməyə, həm də sizdən üzr istəməyə gəlmişəm.
Şamil ancaq diqqətlə baxdıqdan sonra incə, sarı göz qapaqları içində sönük şüşə kimi parıldayan gözlərindən onun Varis olduğunu bildi. Az zaman içində onun bu qədər dəyişildiyinə heyrət etdi. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün görünürdü. Şamil Varisin vaxtı ilə söylədiyi acı sözləri unutmamışdı. Lakin özünə doğru uzanan əlləri tutub, onu yanındakı skamyaya oturtdu. Varis Şamili nəzərdən keçirdikdən sonra:
– Şamil, uşaqkən sən məndən zəifdin, indi yaxşısan, – dedi.
Şamil onu bir də diqqətlə süzərək:
– Ancaq, Varis, sən çox dəyişmisən, – dedi.
Varis stolun üstündəki qələmi əli ilə oynada-oynada:
– Dəyişilmək təbiətin qanunudur, neyləyim ki, bu qanunu durduracaq, dəyişdirəcək qüvvətim yoxdur.
– Lakin sən çox tez dəyişilmisən.
– Doğrudur, mənim həyatımın təkərləri çox sürətlə hərlənir!
Şamil gülərək:
– O halda yağını az sürt!
– Onun təkərləri yağ sürtmədən hərlənir. “Alışmış qudurmuşdan yaman olur” – deyirlər.
Hər ikisi susdu. Varis bir an sonra dilləndi:
– Şamil, mən xəstəyəm, xəstələr xəstəsiyəm, – dedi, – anam xəstə, atam xəstə, demək olar ki, həyatımı bütünlüklə xəstəxanada keçirirəm. Bu gün ancaq səni görmək üçün gəldim. Sabah səni evimizə aparacağam, hamımızı müayinə et!
Varis bu sözləri deyərkən Şamil papirosunu tüstülədə-tüstülədə məktəbdə keçirdikləri uşaqlıq çağlarını, məktəbi bitirdiyi il küçədə görüşərkən Varisin ona söylədiyi zəhərli sözləri xatırlayır, bununla belə Varisə qarşı olan kin və nifrətini unutmağa çalışırdı. Çünki Varis artıq yaşamır, sürünürdü.
– Doktor, sən bilirsənmi ki, mənim adımı nə üçün Varis qoymuşlar? – deyə soruşdu və cavab almadan sözünə davam etdi: – Atam yaşı xeyli ötmüş ikən anamla evlənmişdi. Dörd-beş il uşaqları olmamışdı. “Bu dövlət, sərvət kimə qalacaq” – deyə atam dərdlənirmiş. Mən dünyaya gəldiyim zaman atam torpağa yıxılıb: “Çox şükür, mənim də bu gün artıq varisim var!” – demişdir. Ona görə də adımı Varis qoymuşdular.
Ertəsi gün Varis Şamili evlərinə apardı. Onlar geniş bir küçədə, yeni üslubda tikilmiş dördmərtəbəli uca bir binada yaşayırdılar. Onlar pəncərələri yarımqapalı böyük bir otağa keçdilər. Varis cəld pəncərələri açıb, xəstələri gətirmək üçün getdi. Şamil otağı diqqətlə nəzərdən keçirtdi. Otaqda hər cür zəngin ev müxəlləfatı vardı. Divarda mahir bir rəssam fırçasından çıxmış, qışı, xəzanı və dəniz fırtınasını göstərən üç tablo asılmışdı. Şamil hər üç tablonu böyük bir maraq və diqqətlə seyrə başladı. Ən çox diqqətini cəlb edən dəniz fırtınasının təsviri idi. Buludlu göydən yağış tökülür, ildırım çaxır, coşub qaynayan köpüklü dalğalar fırtınaya tutulmuş gəmini bir top kimi atıb-tuturdu. Dəli dalğalar üstündə dağ təpəsi kimi görünən gəmi digər bir dalğa arasındakı uçurumlu dərələri andıran boşluqlar arasında yuvarlanacaq bir vəziyyət almışdı. O, tablonun təsvir etdiyi dəhşəti təhlil edərkən qapı açıldı. Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. Varis Şamili göstərərək:
– Sinif yoldaşım doktor Şamildir, tanış ol! – dedi.
Aslan bəy Şamilin əlindən tutub:
– Xoş gəlmisən – dedi.
Oturdular. Aslan bəy Şamili diqqətlə süzdükdən sonra Varisə:
– O zaman oxusaydın, indi sən də bir adam olmuşdun, – dedi.
Varis yerindən sıçrayıb əsəbi bir səslə:
– Kişi mən oxuya bilməzdim, xəstə idim. Bu sözü sən həmişə elə yerli-yersiz deyirsən, doktorun vaxtını alma! – deyərək qapını çırparaq getdi. Aslan bəyin boz və ətli üzündə, yanları qırışlarla bürünmüş qoyun gözlərində hiddət qığılcımı parladı. Ağ təsək qoyduğu başına hərəkət verərək:
– Görürsən, doktor? – dedi. Bu da oğul! zəhmət çək, böyüt, boyabaşa çatdır, bir söz deyəndə it kimi qapsın.
Bir qədər sükutdan sonra təsəki başından götürdü, arxalığının düymələrini qısa, qalın barmaqları ilə aça-aça:
– Eh... bu arxalığı da səhər-axşam geyib çıxarınca adam hövsələdən düşür, – deyə şikayətləndi. – Bu həyatın hər şeyi zəhmətlədir, hər şeyi çarpaşıqdır.
Arxalığını çıxarıb, stolun üstünə atdı. Ancaq bir köynəkdə qaldıqdan sonra soruşdu?
– Doktor, o Peterburq necə yerdir?
– Gözəl yerdir!
– Adamları da gözəldirmi?
– Gözəldir!
– Demək, lotu, orda yaxşı kef çəkmisən?
Şamil yuxarıdan-aşağı onu nifrətli baxışlarla süzdükdən sonra müayinə etməyə başladı. Aslan bəyin siması dərhal dəyişildi, onda ağır və ümidsiz xəstələrdə görünən bir hal doğdu. Zəif bir səslə:
– Bədənimdə ağrımayan yer yoxdur, – dedi. – Bu əl, bu ayaq, bu baş, bu gövdə, elə bil mənim deyil.
Şamil onu diqqətlə müayinə etdi. Təcrübəsinin az olmasına baxmayaraq onda köhnəlmiş və sümüklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. Sonra Varisin anası Qəmər xanım gəldi. O da qarnından və ayaqlarının ağrısından şikayət edirdi. Varisə növbə çatanda anası Qəmər:
– Doktor, biz heç, ona çarə elə, – dedi.
Hər üçünün əsas xəstəliyi eyni idi: əsəb xəstəliyi!
Yalnız vücud və təbiətlərindəki fərqdən asılı olaraq, hər birində bu xəstəlik ayrı-ayrı şəkillərdə özünü göstərirdi. Dərman yazırkən Varis soruşdu:
– Şamil, biz xəstələnirkən doktora gedirik, bəs doktorlar xəstələnərkən hara gedirlər?
Şamil gülümsəyərək:
– Təbiətin geniş qucağına! – deyə cavab verdi.
Varis gülə-gülə:
– Anladım, bu yay hara getsən səndən əl çəkən deyiləm, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
AğlaşmaISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:
Dəyərli bir xatirəİsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.
İblisin hüzurundaQaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.
Стихи других поэтов
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
MinayəsənmiMüddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?