Altıncı fəsil
Страница 4 из 6 · 50%
II
Dondurucu və sərt bir qış idi. Səhər erkən paltosuz və qaloşsuz buzları ayaqları altında xışırdada-xışırdada mədənə gələn Araz soyuğun iliyinə qədər işlədiyinə baxmayaraq, səylə işləyirdi. Nahar fasiləsini bildirən fit çalındığı zaman Araz qızğın işdən bərk tərlədiyi halda yoldaşları ilə birlikdə öz yoxsul süfrəsini açıb yeməyə başladı. Fəhlələr deyir, danışır, Araz isə kefsiz adam kimi dinib-danışmırdı. Buruğun qırıq taxtaları arasından vıyıltı ilə içəri soxulan külək onun tərini soyutmuş, vücudunu dondurmuşdu. Axşam evə döndüyü zaman o bədənində bir ağrı hiss etdi. Sanki hər tərəfdən qabırğalarını iynələyirdilər. Araz bunlara əhəmiyyət vermirdi. Günəş Arazın simasından, hərəkətindən onun xəstələndiyini bildi:
– Səni deyəsən soyuq alıb, gəl bir belinə küpə qoyum, – dedi.
Araz razı olmadı, xörəyini yeyib yatdı. Səhər yenə adəti üzrə qalxıb işə getdi. Külək yenə şiddətlə davam edirdi. O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana işlədi. Axşam özünü zorgüclə evə sala bildi. Ayaq üstə durmağa taqəti qalmamışdı. Evə yetişər-yetişməz yatağa sərildi. Günəş Arazı bu vəziyyətdə heç görməmişdi. Araz soyuqdəyməni həmişə ayaq üstə keçirərdi. Heç bir xəstəlik bu vaxta qədər onu yatağa sərməmişdi. Günəş o gecə onu küpələdi. Keçi piyi ilə bədənini ovuşdurdu. Sarıçiçək çayı dəmləyib içirtdi. Bütün bu tədbirlərə baxmayaraq, Arazın qızdırması get-gedə artırdı. Günəş bunu duyduqca dərin bir iztirab və həyəcan içində çırpınır, nə edəcəyini bilmirdi. Səhər tezdən öz balaca qardaşı Nuruşun yanına qaçdı. Nuruş çox düşündüsə də bir şey edə bilmədi. Kənddə nə doktor var idi, nə aptek, nə də xəstəxana. Arazı şəhərə aparmaq da mümkün deyildi. Şəhərdən doktor gətirmək, aptekdən dərman almaq çətin bir məsələ idi. Bacısı Günəşin “qardaş” – deyə onun üstünə gəlməsi, onun isə bacısına heç bir kömək edə bilməməsi Nuruşun qəlbini neştər kimi dəlirdi. Nuruş çox düşündükdən sonra gedib, kənddə çoxdan həkimlik edən Mirzə Rzanı çağırdı. Mirzə Rza Araza həcəmət qoymağı tövsiyə etdi. Tərləmək üçün ona aspirin də verdi. Arazı bərk tərlətdilər, lakin halı yenə də yaxşılaşmadı, qızdırması da aşağı düşmədi. Mirzə Rza daha sonralar onun qolundan qan aldı, bir sıra başqa tədbirlər gördü, ancaq bunların da bir faydası olmadı. Arazın xəstəliyi uzanıb daha da ağırlaşdı. O bərk öskürürdü. Günəşin gecə-gündüz rahatlığı kəsilmişdi.
Bir bazar günü qardaşı Nuruşla birlikdə Arazı arabaya qoyub şəhərə, təcrübəli bir doktorun yanına apardılar. Doktor xəstəni diqqətlə müayinə etdikdən sonra üzünü Nuruşla Günəşə tutub:
– Bu neçə gündür xəstələnmişdir? – deyə soruşdu.
Günəş:
– Bu gün iki həftədir ki yatır, – deyə tez cavab verdi, – iki dəfə qan alıblar, iki dəfə də küpə qoymuşam.
Doktor başını buladı. Sonra xəstəyə baxıb:
– Bunun canı polad imiş, nə imiş ki, o qədər qan itirməyə tab gətirib, – deyə təəccüblə qaşlarını çatdı. – Başqası buna tab gətirməzdi. İkitərəfli bərk sətəlcəm imiş. Düzgün müalicə olunmadığından xəstəliyi daha da ağırlaşmışdır, ciyərlərinin qorxusu var, ciddi müalicə lazımdır.
Doktorun verdiyi dərmanlar Araza yaxşı təsir edirdi. Xəstə yatarkən yoldaşlarının, xüsusən Vanya ilə Qriqorun tez-tez onun yanına gəlmələrinə, təşkilatın işlərindən onu xəbərdar etmələrinə baxmayaraq, Arazın bütün canı yenə mədəndə, yoldaşlarının yanında idi. Odur ki, on gün sonra özünü bir qədər yaxşı hiss etcək ayağa qalxdı və Günəşin bütün təkid və etirazlarına baxmayaraq, bərk darıxdığını bəhanə edib, birbaş mədənə getdi.
Araz xeyli arıqlamış və zəifləmişdi. Şəhər doktorunun verdiyi dərmanları yenə hər gün qəbul edirdi. Bir ay sonra həmin doktor onu sonuncu dəfə müayinə edərkən dedi:
– Xəstəlik bir qədər getmişdir. Ancaq bu yay ciyərlərini tamamilə sağlamlaşdırmaq üçün ab-havalı bir yerə getməlisən. Yoxsa gələn qış ciyərlərini bir də soyuq alsa, çətin sağalar.
Araz gülümsəyərək doktorun bu sözünə əhəmiyyət vermədi. Günəş tez:
– Hara aparsaq yaxşıdır? – deyə soruşdu.
– Havası təmiz, saf olan bir yerə.
Günəş atası evindən gətirdiyi qızıl üzüyü, sırğasını satdı. Qardaşı Nuruş da bir qədər pul əldə etdi. Onlar Arazı mütləq Qarabağ kəndlərindən birinə aparmağa qərar verdilər.
Araz getməyə razı olmurdu. O bilirdi ki, elə yerlərdə istirahət etmək Araz kimi fəhlələrin işi deyil, Günəş onun bu fikrini anlayıb:
– Qorxma, pulumuz var, – deyə əldə etdiyi pulları çıxarıb ona göstərdi. Sonra bu pulları necə əldə etdiyini Araza danışdı.
İsti iyun günlərindən birində Araz Günəşlə birlikdə Qarabağ tərəfə hərəkət etdi. Onları yola salanlar arasında Vanya ilə Qriqor da vardı. Araz onlarla görüşüb ayrılarkən əllərini bərk-bərk sıxıb, tezliklə qayıdacağını bildirdi. Sonra oğlu Poladı qucaqlayıb öpdü. Onu dayısı Nuruşun yanında qoydular.
Gəldikləri yerin təbiətindəki gözəllik Arazla Günəşi məftun etmişdi. Uca, yaşıl dağlara, gur suların axdığı dərələrə, meşələrə baxdıqca heyran olub: “Dünyada nə gözəl yerlər varmış” – deyirdilər.
Onlar Qarabağın kəndlərindən birində gözəl mənzərəli bir yerdə kiçik bir otaq tutdular. Pəncərələrinin qarşısında başını göylərə dayamış qollu-budaqlı iki qocaman çinar vardı. Arazla Günəş bütün günlərini bu iki çinarın sərin kölgəsi altında keçirirdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.
AğlaşmaISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:
Dəyərli bir xatirəİsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.
İblisin hüzurundaQaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.
Стихи других поэтов
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
MinayəsənmiMüddətdir düşmüşəm mən intizara,Bircə söylə görüm Minayəsənmi?