Doqquzuncu fəsil
Страница 2 из 5 · 20%
Xanların öldürülməsi xəbərini eşidən kimi Azad təşkilat üzvlərinin təcili iclasını çağırdı. İclasda Xanların dəfnində iştirak etmək üçün Azad və Vanyanın rəhbərlik edəcəyi 30 nəfərdən ibarət bir nümayəndə heyəti ayrıldı. Hökumətin bu qanlı tədbirinə cavab olaraq Suraxanıda da geniş tətil keçirilməsi qərara alındı. Partiya təşkilatı bu tətilə Arazın başçılıq etməsini məsləhət gördü. Təşkilat tətilə hazırlıqlı gəlmək, əldə olan silahları inanılmış fəhlələr arasında paylamaq haqqında da göstəriş verdi.
Suraxanı mədənlərində çalışan fəhlələr səhər tezdən işi atıb bir gün əvvəl təyin edilmiş yerə yığışmışdılar. Bəzilərinin əlində silah parlayırdı. Hamıdan əvvəl gəlmiş Araz cəld oraya-buraya yüyürərək göstərişlər verir, tətilin mütəşəkkil keçməsi üçün tədbirlər görürdü. Əllərdə səhər nəsiminin asta-asta əsdirdiyi şüarlarda: “Xanların qatillərinə ölüm!”, “Rədd olsun mütləqiyyət!” sözləri yazılmışdı.
Bir az sonra Arazın xüsusi işarəsi ilə dəniz kimi dalğalanan insan kütləsi hərəkətə gəldi. Tətilçilər “İnternasional” oxuya-oxuya yarı palçıq, yarı daşlı şose ilə irəliləyib, neft buruqları arasında yerləşən böyük bir meydançaya toplandılar. Bura sarı gillə örtülmüş, qara neft çuxurları ilə dolu bir sahə idi. Neft sahibkarlarının kontorları da əsasən bu arada idi.
Çox çəkmədi ki, Araz fəhlələrin özləri ilə gətirdiyi kürsünün üstündə göründü. Fəhlələr onu böyük sevinclə qarşılayırdılar. Arazın gur səsi eşidildikdə hər yerə dərin bir sükut çökdü. Araz Xanlar Səfərəliyevin vəhşicəsinə öldürülməsinə etiraz əlaməti olaraq Suraxanı fəhlələrinin keçirdikləri mitinqi açıq elan etdi. İlk söz fəhlə İvanova verildi. İvanovun kürsüdə görünməsini fəhlələr alqışla qarşıladılar. İvanov üzünə tökülmüş sarı saçlarını əli ilə yuxarı qaldıraraq, qəzəb və nifrətlə dolu bir səslə danışmağa başladı. O, fəhlələrin yaxın dostu Xanları öldürənlərə, bu cinayəti təşkil edənlərə nifrətlər yağdıraraq, nitqinin sonunda bütün fəhlələri birləşməyə, zülm və əsarət dünyasını yıxmağa çağırıb dedi:
– Yoldaşlar, biz Bakı proletarları, istismarçılarla mübarizədə həlak olan dostlarımızın xatirəsini həmişə əziz tutmalı, yadda saxlamalıyıq. Sevimli Xanların xatirəsi həmişə ürəyimizdə yaşayacaqdır. Xanların qatillərinə ölüm!
Natiqin son sözləri tətilçilər arasında bomba kimi partladı. Alqış səsləri göylərə ucaldı. İvanovdan sonra daha bir neçə fəhlə çıxış etdi. Mitinq adi qayda üzrə davam edirdi. Gördüyü tədbirlərin yaxşı bəhrələr verdiyi Arazı çox sevindirdi. İndi son söz deyib mitinqi bağlamaq, tətili davam etdirmək lazım idi. Son natiq nitqini bitirdikdən sonra Araz kürsüyə qalxaraq, danışmaq istəyirkən fəhlələrdən biri onun bozarmış şalvarından tutub darta-darta:
– Araz, Araz burda bir qadın səni axtarır, – deyə Arazı saxladı. Araz qan-tər içində ona doğru gələn qadını gördü. Dərhal kürsüdən düşdü. Qadın tələsik Araza yaxınlaşaraq:
– Bu tətilçilərə sizmi rəhbərlik edirsiniz? – deyə soruşdu.
Araz:
– Yox, bu tətili fəhlələrin özləri təşkil edib, – deyə cavab verdi.
– Elə isə tez dağılmağı məsləhət görürəm. Tətili dağıtmaq üçün silahlı dəstələr gəlir.
Xəbərdarlıq üçün gələn qadın Tanya idi. O, zor-güclə boynuna qoyulan casusluq vəzifəsinə dərin bir nifrət bəsləyirdi. Onun bütün fəlakətlərinə səbəb olan bir dövlətin xeyrinə çalışmaq, yüksək əməllər uğrunda mübarizə edən fəhlələrə qarşı mübarizə aparmaq, onlara tələ qurmaq Tanyaya mənəvi bir əzab verirdi. Odur ki, o bu vəzifəyə qəbul edilən gündən fəhlələrə yaxınlaşmağı, onlara kömək etməyi qərara almışdı. Lakin bunu həyata keçirmək çox çətin idi. Ona heç kim inanmazdı. Buna görə Tanya öz işi ilə inqilabçılara kömək etməyə çalışır, onlara sadiq və dost olduğunu sübut etmək üçün fürsət axtarırdı. Jandarm idarəsinin rəisi onu çağırıb Suraxanıda hazırlanan tətili boğmaq üçün göndərilən polis dəstələri ilə getməyi tapşıranda Tanya öz fədakarlığını ancaq indi yerinə yetirə biləcəyini düşünüb, özünü şəhərdən tez bura yetirmişdi.
O, tətili boğmaq üçün göndərilən polislərin sayını və döyüş planlarını Araza ətraflı danışdı. Onun dediyi sözlər o qədər səmimi və ürək çırpıntısı ilə söyləmişdi ki, ona inanmamaq mümkün deyildi. Araz bu sadə, lakin cəsarətli qadına təşəkkür edib, onun əlini bərk-bərk sıxaraq, yenidən kürsüyə qalxdı. Onun kürsüdə görünməsi ilə ətrafa dərin bir sükut çökdü. Çox çəkmədi ki, Arazın əzəmətlə gurlayan səsi eşidildi:
– Yoldaşlar! Çar quldurları tərəfindən əziz dostumuz Xanların öldürülməsi biz fəhlələri həddindən artıq kədərləndirməklə bərabər mütləqiyyətə qarşı qəzəbimizi bir qat da artırdı. Biz indi öz mübarizəmizi mərdliklə davam etdirməliyik. Heç bir hədə, təhlükə bizi qorxutmamalıdır. Çarizm Xanlar kimi oğulları aradan çıxarmaqla sıralarımızı zəiflətmək istəyir. Lakin o bu arzusuna çata bilməyəcəkdir!
Araz qəzəb və həyəcanını heç cürə söndürə bilmirdi. Tanyanın verdiyi xəbər isə onu qorxmaz bir Aslana döndərmişdi. Belə bir ruhda da o hərarətli nitqinə davam edirdi.
– Əziz dostlar! Elə bu saat aldığım məlumata görə yerli hökümət tətili yatırmaq üçün bura silahlı dəstələr göndərmişdir. Onlar tətilçilərə divan tutmağa çalışacaqlar. Biz hökumətin bu qanlı tədbirinə öz gücümüzlə, qüvvəmizlə cavab verməliyik.
Tətilçilər:
– Doğrudur! Doğrudur! – deyə qışqırdılar.
– Biz öz gücümüzü göstərməliyik. Biz, bu insan düşmənlərinə bildirməliyik ki, Xanlar kimi dostlarımızı öldürmək onlara ucuz başa gəlməyəcəkdir.
Araz son sözlərini deyib yenicə qurtarmışdı ki, şosse yolu ilə irəliləyən polis dəstələri göründü. Onların arasında silahlı soldatlar da nəzərə çarpırdı. Onlar birbaş mitinqin toplandığı yerə doğru irəliləyirdilər. Belə bir vəziyyətdə tətilçilərə ürək-dirək vermək, tətili davam etdirmək lazım idi. Bütün tətilçilərin nəzərləri gələn polis dəstələrinə dikildiyi bir vaxtda yenidən Arazın gur səsi eşidildi:
– Yoldaşlar, tətilimiz davam edir, atəşə atəşlə cavab verəcəyik!
Böyük iradə və inamla deyilmiş bu sözlər fəhlələri hərəkətə gətirdi.
Polis dəstəsinin yaxınlaşması ilə ətrafı atəş səslərinin bürüməsi bir oldu. Bu, fəhlələri qorxutmaq üçün edilən ilk təşəbbüs idi. Tətilçilər isə öz yerlərindən bir addım da geri çəkilmədilər. Əksinə, atəşə atəşlə cavab verdilər. Fəhlələrin silahlı olduğunu görən polislər dərhal dağılışıb ətrafa səpələndilər. Atışma qızışıb getdikcə daha da şiddətləndi. Araz əlində silah tətilçilərə göstərişlər verir, düşmənin sıx yerləşdiyi yerləri atəşə tutdururdu. Tətilçilər böyük cəsarət və mətanət göstərirdilər. Onları dağıtmaq məqsədi ilə gələn polislər indi özlərini müdafiə etməyə məcbur olmuşdular. Düşmənin zəiflədiyini görən Araz uca səslə hücuma keçmək haqqında əmr verdi. Lakin polislər üçün gələn kömək vəziyyəti dəyişdi. Tətilçilərin üstünə güllə yağış kimi yağmağa başladı. Vəziyyətdən çıxmaq, tələfata yol verməmək lazım idi. Araz dərhal atəşi dayandırmaq haqqında əmr verdi. Buna baxıb qarşı tərəf də atəşi kəsdi. Bir anda əli silahlı polis və soldatlar fəhlələrin arasına soxulub tətilçiləri dağıtmağa başladılar. Müqavimət göstərən fəhlələr həbs olundu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
SavaşKöçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Стихи других поэтов
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,