Страница 3 из 5 · 40%

II

Mişa xəfiyyə kimi ifşa edildikdən və jandarm idarəsindən töhmət aldıqdan sonra dəmiryol jandarm idarəsində çalışırdı. O, səhvlərini düzəltmək, əvvəlki etibarını qazanmaq məqsədi ilə əlverişli bir vəzifə seçmişdi. Vaqonlardan miniklərin şeylərini daşıyırdı.

Mişanın vağzalda işləməsi inqilabçı fəhlələrin şəhərdən mədənə, mədəndən şəhərə gəlib-getmələrinə böyük əngəl törədirdi; çünki o hamını tanıyırdı. Mişa onların şəhərə nə üçün gəldiklərini bildiyindən fəhlələr təqib edilməkdən qorxurdular.

Mişa hamballıq vəzifəsində dəmiryol jandarm idarəsinə az kömək göstərmirdi. Jandarm idarəsinin müdiri Mişanın xəfiyyəliyə böyük istedadı olduğunu görüb ona yaxından hörmət edir, hətta onu bir neçə dəfə mühüm iş üçün öz evinə göndərmişdi. Şəfqət bacısı Dusya ilə orada tanış oldu. Dusyanın qoca anası Maşa jandarm müdirinin uşaqlarına dayəlik edirdi. Uşaqlara yaxşı can yandırdığından həyətdə, aşağı qatda ona bir otaq vermişdilər. Maşa öz dul qızı Dusya ilə orada yaşayırdı. Dusya az savadlı olduğuna baxmayaraq müdirin vasitəsi ilə xəstəxanada şəfqət bacısı vəzifəsində çalışırdı. Otuz beş yaşında dul bir qadın idi. Mişa 48 yaşında olduğu halda bu vaxta qədər evlənməmişdi. Maşanın bu ailədə böyük hörməti olduğunu bildiyindən Dusya ilə evlənməyə qərar verdi. Arabir Maşanın evinə gəlir, Dusya ilə görüşür, danışır, onu kinoya, gəzməyə aparır, özünü ona sevdirməyə və bu vasitə ilə yenə xəfiyyəlikdə əvvəlki etibarını qazanmağa çalışırdı.

Bir gün miniklər salonda oturub Tiflis qatarını gözləyirdi. Mişa salona girdi. Stol başında, uzun skamyalarda oturan minikləri bir-bir gözdən keçirdi. Küncdəki stolun ətrafında iki nəfər oturub qəlyanaltı edirdi. Stol üstündə bir şüşə şərab, bişmiş balıq və çörək vardı. Onlar yavaşyavaş danışır, qədəhləri bir-birinə vurub içirdilər. Bu simalar tanış gəldiyindən Mişa qapı ağzında durub onların bütün hərəkətini gözdən keçirirdi. Onlar məşğul olduqlarından Mişanı görmürdülər. Mişa onlardan ancaq birini tanıya bildi. Bu təşkilatın fəal üzvlərindən olan Qriqor idi. Mişa stolun altında iki böyük çamadanı gördüyü zaman onların Tiflisə, yaxud kəndlərə mühüm siyasi iş üçün getdiklərini yəqin etdi. Əhvalatı jandarm müdirinə xəbər verdi. Müdir onları yoxlamaq üçün iki nəfər agent göndərdi. Agentlər onlara yanaşıb hara getdiklərini soruşdu, biletlərini alıb baxdı. Hər iki bilet Yevlax stansiyasını alınmışdı. Agentlər çamadanların açılmasını tələb etdilər. Onlar açmaq istəmədiklərindən, hər ikisini jandarm idarəsinə gətirdilər. Çamadanlar açıldı, çap olmuş müxtəlif intibahnamələr çıxdı. Hər ikisi dərhal həbsxanaya göndərildi.

Bu hadisədən sonra Mişanın etibarı olduqca artdı. Bir gün müdir onu öz kabinetinə çağırıb fəhlə nümayişlərinin qarşısını almaq üçün hər polis dairəsində bir talan dəstəsi təşkil etmək lazım gəldiyini söylədi. Beşinci polis dairəsində talan dəstəsi təşkil etməyi ona tapşırdı. Mişa bu təklifi məmnuniyyətlə qəbul etdi. Talan dəstələri hazırlandıqdan sonra müəyyən edilmiş gündə dəstələr əllərində ling, balta və kəlbətin kimi alətlər, şəhərə yayılıb dükan və mağazaları dağıtmağa başladılar. Silahsız dükançı və mağazaçılar talançıları görüncə qaçıb canını qurtarmağa çalışırdı. Talançılar əvvəlcə kassanı, sonra da gücü çatdığı, qoltuğu tutduğu qədər malları götürüb gedirdilər. Mişa bu talandan varlanmışdı.

Arazı xəstəxanadan apardıqdan sonra doktor Dusyaya qarşı dərin bir nifrət bəsləyir, onun bacarıqsızlığını və şəfqət bacılığına layiq olmadığını hər gün üzünə vururdu. Dusya onun fikrini anlamışdı. Bir gün doktor dörd yaşında sətəlcəm olan bir uşağı xardal suyuna salmağı tapşırmışdı. Dusya bir qutu xardal otunu suya töküb xəstə uşağı vannaya saldı. Doktor ona çox inanmadığından gəlib yoluxdu. Ovucu ilə Sudan götürüb diqqətlə baxdıqdan sonra:

– Buna nə qədər xardal otu tökdün? – deyə soruşdu.

Dusya başını qaldırmayıb etinasız bir tövrlə:

– İki qutu – deyə cavab verdi. Doktor təkrar soruşdu:

– Necə tökdün?

Dusya başını qaldırdı, qeyzlə gülümsəyərək:

– Bu nə sualdır? Xardal otunu necə tökürlər? Qutunun ağzını açıb vannaya boşaltdım və suyun içində əritdikdən sonra uşağı vannaya saldım.

Doktor acıqlı-acıqlı ona baxıb:

– Fikrin talançılarla məşğuldur. Səndən şəfqət bacısı olmaz, çıxar uşağı vannadan! Sadəcə xardal otu vannasını bacarmayan şəfqət bacısı mənə lazım deyil! – deyə çığırdı.

Dusyanın gözləri yaşardı, ağlaya-ağlaya:

– Bilmirəm, sən məndən nə istəyirsən? Son zamanlar hər gün məni nə üçün təhqir edirsən? – deyə, uşağı vannadan çıxartdı.

Doktor Marusyanı çağırdı:

– Al, bu uşağı, isti suda yaxala, geyindir, sonra xardal otu vannasında çimdir – deyə tapşırdı.

Üzünü Dusyaya tutub:

– Mən səninlə işləyə bilmirəm. Get, özünə başqa iş tap! – dedi.

Dusya o gün gözləri yaşlar içində evə qayıtdı. Taxtın üstünə uzanıb uşaq kimi ağlayırdı. Anası Maşa əhvalatı zor-güc öyrəndikdən sonra:

– Axmağın qızı, mən də deyirəm, bu nə üçün ağlayır. O kimdir ki, səni qovsun. Ağadan rica edərəm, səni yenə öz yerinə təyin etdirər, yaxud ondan da yaxşı iş tapar – deyə nə qədər təsəlli verdi, qız sakit olmadı. Qızın bu halı onu çox düşündürürdü. Ana ürəyi davam etməyib onu sakit etmək üçün tədbirlər düşündü. Nəhayət, Mişanı çağırmaqdan başqa çarə tapmadı. Son zamanlar Dusyanın Mişaya qarşı hörmət və məhəbbətinin artdığını bilirdi. O birbaş stansiyaya getdi. Mişanı axtarıb tapdıqdan sonra əhvalatı ona danışdı. İşdən sonra Dusyanı sakit etmək üçün onlara gəlməsini tapşırdı.

O gün müdir gülərüzlə ona bir-iki mühüm tapşırıq vermişdi. Bu tapşırıqlar gələcəkdə jandarm idarəsindən ala biləcəyi yeni vəzifə ilə bağlı olduğundan Mişa sevinir, əli, ayağı yerə dəymirdi. Maşanın dedikləri isə onu ürəkdən sevindirirdi. Dusya ilə evlənmək üçün bu, ən gözəl fürsət idi. İşini bitirər-bitirməz Maşanın evinə gəldi. Dusya taxtın üstündə uzanmışdı. Mişa qapı ağzından içəri girmək üçün icazə aldığı zaman Dusya taxtdan qalxdı. Kədərli bir səslə:

– Gəliniz! – deyə əzilmiş paltarının qırışlarını əli ilə açmağa başladı. Mişa içəri girincə onun əlini əlləri içində sıxaraq:

– Sənə nə olmuşdur Dusya? Nə üçün kədərlisən? – deyə soruşdu. Dusya qızarmış gözlərini qapaqları içində gizləyərək:

– Heç bir şey, – deyə cavab verdi. Ancaq onun solğun üzü, qızarmış gözləri daxilindəki kədərini açıq göstərirdi. Hər ikisi kiçik stol yanındakı skamyaya oturdu. Mişa hadisəni bildiyi halda onu qızın öz ağzından eşitmək istəyirdi. Qız əhvalatı qısaca ona danışarkən ürəyi kövrəlib gözləri yaşardı. Mişa fürsətdən istifadə edərək onun əlini dodaqlarına götürüb öpdükdən sonra:

– Kədərlənmə əzizim, o şeytan qılıqlı doktorun üzündən qurtardığın üçün sevinməlisən. Sənə işmi yoxdur? Mənə qalırsa bir müddət sənə rahatlanmaq lazımdır, – deyə mənalı gülərək onun əlini təkrar dodaqlarına apardı. Cibindən bir qutu şokolad, iki apelsin çıxarıb qızın qabağına qoydu. Bu zaman Maşa da gəlmişdi. Mişanın bu sözləri ürəyinə kərə yağı kimi yayılmışdı. Məmnun və şən bir səslə gülə-gülə:

– Dusyanın ürəyindən bu kədəri tamamilə silmək üçün xeyir işi başlamaq lazımdır! – dedi. Sonra hər ikisini məmnun baxışlarla süzərək qəhqəhə ilə güldü. Dusya qaşlarını çataraq:

– Yox, mən hələ hazır deyiləm, – dedi.

Mişa:

– Çox danışma, xeyir işi uzatmaq yaxşı deyil, – dedi. Sonra apelsini götürüb soya-soya əlavə etdi:

– Bu gecə ağadan, xanımdan izin alaram. Yaxın dostlara xəbər verərəm. Sabah axşam kilsəyə gedib nikah oxutdurarsınız. Nədənsə mənim də ürəyim şənlik və toy istəyir. Əlimizi, qolumuzu bir az da atıb tutarıq.

Mişa soyduğu apelsini dilimləyib onlara payladı.

Bir saat sonra Dusya Mişa ilə dadlı-dadlı gülüb danışırdı. Axşam bərabər kinoya getdilər. Gecə evə dönərkən Maşa onları sevinclə qarşılayaraq:

– Ağaya xeyir işinizi dedim. Çox razı qaldı. “Mişa bizim adamdır, getsin” – dedi. Sabah axşam toyu başlayarıq.

Sevindiyindən o gecə Mişanın gözlərinə yuxu getmədi. Maşa vasitəsi ilə yüksək vəzifə ala biləcəyini düşünür və bu işə ürəkdən sevinirdi.

Səhəri Mişa Dusya ilə kilsəyə gedib nikah oxutdular. Toy bazar günü olduğundan o gecə səhərə qədər dost-aşnalarla yeyib-içməyə, çalıboynamağa məşğul oldular. Bazar ertəsindən Mişa yenidən fəaliyyətə başladı. İndi ona iki göz, iki qulaq kifayət etmirdi. İnsanların qəlbinə, vicdanlarına yol tapa bilmək üçün iki göz, iki qulaq da satın almaq istəyirdi. O yenə istədiyi kimi müxtəlif qiyafələrə girir, böyük bir iş açmaq üçün hər fədakarlığa qatlanırdı. Gözlərinin rəngini dəyişmək üçün qaşlarına, kirpiklərinə sürmə çəkir, stansiya salonlarını, şübhələndiyi meyxanaları, gecə-gündüz dolaşır, cin kimi insanların qulağına girir, “nəhəngləri dənizin dərinliklərində tutmaq olar” – deyə şəhərin tünlük yerlərində olan yeraltı qaranlıq meyxana və çayxanalara qədər soxulurdu. Bir gün yenə şəhərin ən məşhur passajının anbarında olan meyxana qarşısında durub ov axtarırdı. Ona şübhəli gələn bir adamın meyxanaya girdiyini gördü. Bir saniyə sonra Mişa da həmin meyxanaya girdi. Meyxana uzun, koridor kimi bir yer idi. Heç bir tərəfə pəncərəsi olmadığından gecə-gündüz elektrik lampaları yanırdı. Bir-birindən aralı dörd adamlıq stollar qoyulmuşdu. Stol başında oturan müştərilərin üzü, siması tavana bağlanmış kiçik lampaların sarımtıl işığında zor-güc seçilirdi. Ancaq bufetin ətrafı işıq idi. Mişa ağ döşlük tutmuş bufetçiyə, onun yanında duran xidmətçiyə yanaşıb sifariş verdikdən sonra, bütün müştəriləri aydın görə biləcək bir stol yanındakı skamyaya oturdu. Stol başında oturan müştəriləri lampaların sarımtıl işığında bir-bir gözdən keçirtdi. Təqib etdiyi adamı görmədi. Dərin bir heyrət içində düşünməyə başladı. O bu təəccüblü hadisədən həm maraqlanır, həm də şübhələnərək:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов