Doqquzuncu fəsil
Страница 4 из 5 · 60%
– Burada mühüm bir sirr var, bu işi açmaq lazımdır, – dedi. Bu hadisə onu o qədər məşğul etmişdi ki, sifariş verdiyini unutmuşdu. Bu işi açmaq, bu sirri tapmaq üçün tədbirlər düşünürdü. Xəyalından keçən müxtəlif tədbirlər Mişanı rahatsız edirdi. İstər-istəməz əlini yeməyə uzatdı. Selyodka balığının qabığını iki əli ilə soyub atdıqdan sonra acgözcəsinə yeməyə məşğul oldu. O qədər sürətlə yeyirdi ki, onun yeyişinə butün müştərilər, bufetçi və xidmətçi göz altından baxıb gülürdülər. Yeməyi bitirincə meyxanadan çıxdı. Gecəyarısına qədər meyxanaya gedən adamların keşiyini çəkdi. Ancaq meyxana qapısından girib gözdən itən adamı görə bilmədi. O gecə oxu daşa dəymiş ovçu kimi kor-peşman evə qayıtdı.
Mişa bu sirri açmağa qərar vermişdi. Üç gün-üç gecə haman meyxananın ətrafında sərsəri kimi dolaşdısa, axtardığı adamı görə bilmədi. Acığından dil-dodağını gəmirir, xəfiyyəlik işlərindəki məharətsizliyinə lənətlər yağdırırdı. Bu üç gün içərisindəki yorğunluq və içindəki həyəcandan onda sir-sifət qalmamışdı. Rəngi uçmuş, nəşəsi qaçmışdı. Onun bu halını görən Dusya:
– Sənə nə olmuşdur, xəstəsən, nədir? – deyə ondan soruşdu.
Mişa Dusyanın fikrini azdırmaq məqsədi ilə xəstə olduğunu söylədi.
Səhər tezdən qalxıb Mişa yenə şübhəli adamı tapmaq məqsədi ilə haman meyxanaya getdi. Bu dəfə o, dilənçi paltarı geyinmişdi. Bütün günü gözlədi, haman adamı görə bilmədi. Gecə saat 12 radələri idi. Mişa evə qayıtmaq istəyirdi ki, birdən haman adamın sürətlə meyxanaya girdiyini gördü. Dərhal özünü meyxanaya saldı, sərxoşlara məxsus bir əda ilə:
– Mərhəmətli insanlar, mənim bir qədəh arağa ehtiyacım var. Kim mənim ehtiyacımı təmin edə bilər? – deyə ona yanaşdı. Adam şübhəli nəzərlə Mişanın sərxoş dilənçi qiyafəsinə, bulaşıq gözlərinə, üzünün spirtdən yanmış dərisinə diqqətlə baxdıqdan sonra onun adi bir səfil olduğunu görüb, ovcuna bir abbası qoyub: – get, bufetdən al” – dedi. Mişa razılıq edib dəli kimi koridordakı bufetə tərəf getdi. Fəqət o adamın içəri girmədiyini görüncə, qapı ağzında bir saniyə dayandıqdan sonra tez geri döndü. O adamı görmədi. O, küçə qapısı ilə bufet qapısı arasında yox oldu. “Onu burada axtarmaq lazımdır!”– dedi. Hər tərəfə diqqətlə baxdı, nə bir tərəfə gediləcək bir yer, nə də açılacaq bir qapı vardı. Odur ki, əli ilə divarları yavaş-yavaş vurmağa başladı. O bir də əlini divara yavaşca vurarkən, divar başqa cür səsləndi. Mişanın qəlbində ümid doğdu. Gözləri sevincdən parladı, əlini divara bir də vurdu. Divarın arxası boş olduğunu yəqin etdi. İki əli ilə divarı bütün qüvvəti ilə itələdi: birdən-birə kiçik bir qapı açıldı. Özünü zor-güc saxlayıb tez içəri girdi. Bilməsinlər – deyə qapını yenə örtdü. Qarşısında qaranlıq uzun bir yol vardı. O qaranlıq yolla on beş addım getdi. Birdən-birə qəlbinə qorxu çökdü. “Bu uzun, qəbir kimi qaranlıq dar yol hara gedir? Burada məni tutub öldürsələr kimsənin xəbəri olmaz!” – deyə, artıq irəli getməyə cəsarət etmədi. Ancaq o burada mühüm işlər görüldüyünü yəqin etdi. Bir tərəfdən qorxu, bir tərəfdən sevinc və həyəcan onun qəlbini aldı. Artıq orada dura bilmədi. Çıxarkən qapını həyəcanla açdığından qapı səsləndi. Xidmətçi bu səsdən özünü dışarı atdı. Qapı yanında Mişanı görüncə şübhəli baxışlarla onu süzərək:
– Sən burda nə edirsən? – deyə soruşdu. Mişa özünü itirdi. Əliayağı titrəyə-titrəyə özünü sərxoşluğa vurub:
– Ey mərhəmətli adam, mənə bircə rumka araq, – deyə yalvardı. Xidmətçi onu bir də şübhəli nəzərlə süzüb:
– İçəri gəl! – deyə onu bufetin qarşısına götürdü.
Gözü ilə bufetçiyə işarə edərək:
– Buna bir qədəh araq ver! – dedi.
Bufetçi dumanlı gözləri ilə onu süzdükdən sonra bir qədər araq verdi. Mişa arağı içib razılıq etdikdən sonra yarım sərxoş bir halda meyxanadan çıxdı. Mişa qapıdan çıxarkən xidmətçi onu gözləri ilə təqib edərək:
– Bu dilənçi mənə şübhəli görünür, – dedi. Bufetçi istehza ilə gülərək:
– Səfil, sərxoş bir dilənçidir, görmürsənmi üz-gözündən zəhrimar yağır – deyə cavab verdi.
Mişa meyxanadan çıxıb getmək istərkən yanından keçən bir nəfər birdən-birə dayandı. Qaranlıqda Mişanın qolundan çəkərək:
– Dostum, ələ heç ov keçirmisənmi? – deyə istehza ilə soruşdu. Mişa onu səsindən tanıdı. Bu Tanya idi. Bu qiyafədə Tanyanın onu tanımasına heyrət etdi və belə bir vaxtda ona təsadüf etməsindən bərk dilxor oldu. Ələ keçirə biləcəyi ovu onun ələ keçirməsindən qorxaraq azdırmaq üçün bir tədbir düşündü. Tanyanın sualına cavab verməyib:
– Xoş gördük, dostum, məqsədin nədir? – deyə soruşdu.
Tanya ona cavab verdi:
– Mənim bu gün heç bir məqsədim yoxdur. Həris ovçu kimi gözlərini meyxananın qapısına nə dikmisən? Kimi güdürsən?
Mişa ona azdırma vermək üçün:
– Hələ heç kimi! Ümid yaxşı şeydir, – deyə cavab verdi.
Tanya inandırıcı bir səslə:
– O xaraba meyxananı gecə-gündüz güdməkdən yoruldum. Heç bir şey ələ keçmədi. İnqilabçıların orada nə işi var?! Görmürsən bayquşlar ulaşır. Gəl, gəl, gedək, bu yaxın dükanda bir az pivə içək! – deyə onun qolundan çəkdi. Bu təklif Mişanın ürəyindən olduğundan məmnuniyyətlə qəbul etdi. Qaranlıq podyezlərdən birində üstdən geydiyi dilənçi paltarını və başındakı pariki çıxarıb Tanya ilə birlikdə yaxındakı pivəxanaya getdi.
İnqilabçılara kömək məqsədilə Tanya Mişanı gözdən qoymur, ona göz verib işıq vermirdi.
Bu gün də Tanya Mişanı bu məqsədlə yaxalamışdı.
Onlar kiçik bir pivəxanada oturub danışırdılar. Tanya bu gecə Mişadan şübhələndiyi üçün ondan söz almağa tədbirlər düşünürdü. Mişa öyünməyi sevən, özünü tərifləməyi bacaran bir xəfiyyə idi. İçdiyi zaman bu hal onda özünü daha çox göstərirdi. Tanya Mişanın bu zəif cəhətini bildiyindən onu çox içirməyə qərar verdi. Ayaq üstündə durmuş kelneri yanına çağıraraq:
Bizə iki şüşə araq və yavanlıq gətir! – dedi.
Mişa etiraz etdi:
– Pivə ilə araq? Sən neyləyirsən?
Tanya gülə-gülə:
Sən ömrə və vaxta qiymət qoymayan qəribə adamsan. Gecə-gündüz bu adamların dalınca düşüb,onu-bunu güdməkdən bir şey çıxmaz. Bir az da dincəlmək, əylənmək lazımdır! – dedi.
Onlar yeyib-içməyə başladılar. Qədəhlər içildikcə başlar qızdı. Mişa Tanyanı tez başdan edib kəşf etdiyi yeniliyi jandarm idarəsinə xəbər verməyə can atırdı. Lakin Tanya ondan daha tədbirli hərəkət etdi. O, Mişada yeni bir xəbər olduğunu hiss etdiyindən onu içirdir, müxtəlif söhbətlərlə onu qızışdırır və bildiklərini öyrənməyə çalışırdı. Mişanın artıq başı qızmış, ağlı dilinə hakim deyildi. O əvvəlcə xəfiyyəlikdə göstərdiyi məharətləri ilə öyünməyə başladı. Sonra əlindəki qədəhi başına çəkib:
– Təzə bir işə başlamışam, ona böyük ümidim var. Bunu aça bilsəm, göylərə nərdivan qoyacağam, – dedi.
Tanya gülümsəyərək:
– Heç inana bilmirəm. Sən həmişə kiçik məsələlərə böyük əhəmiyyət verir, həmişə də özün özünü biabır edirsən.
Mişa əlini stola çırparaq:
– Yox, doğru demirsən! – deyə etiraz etdi, sonra əhvalatı olduğu kimi ona danışdı.
Mişanın danışdıqları Tanyanı bərk təşvişə saldı. O, Azadın həmin bu meyxanaya iki dəfə girdiyini görmüş, orada inqilabçıların məşğul olduqlarını hiss etmişdi. İndi isə hər bir şey ona aydın idi. O hər necə olursa-olsun, həmin gizli qapını tapmalı, ora yığışanları xilas etməli idi. Həyəcanını gizlətmək üçün Tanya dərhal əlindəki qədəhi Mişanın müvəffəqiyyəti şərəfinə qaldırdı. Bu zaman xəfiyyəlikdə böyük şöhrət qazanmış Səlman içəri girdi. Onları görüncə yaxınlaşıb: “Dostlar yaman kef edirsiniz”– dedi. Tanya yanındakı stulu göstərib: “Otur Səlman, otur!” – dedi. Qədəhləri tez doldurub: “Bu qədəhləri də işlərimizin müvəffəqiyyəti şərəfinə içək” – deyə başına çəkdi. Qədəhi yerə qoyduqdan sonra paltosunu soyunub stuldan asdı, redikülünü stol üzərinə qoyub:
– Ürəyim bulanır, görünür çox içmişəm. Mən bu saat gəlirəm, – deyə, pivəxanadan çıxdı. Oradan bir baş meyxanaya gəldi. Mişanın verdiyi nişanələr üzrə qapının yerini tapdı. Lakin qapı daldan bağlı idi. Tanya nə edəcəyini bilmədi. Elə bu zaman Tanyanın hərəkətlərindən şübhələnən xidmətçi yanaşaraq:
– Nə istəyirsiniz? – deyə şübhəli nəzərlərlə ona baxdı. Tanya özünü itirmədi. Xidmətçi buradakı işlərdən xəbərdar olan adama oxşayırdı. Onun inqilabçılarla əlaqədə olması haqqında da Tanyanın az-çox məlumatı var idi. Odur ki, dərhal məsələni açıb xidmətçiyə söylədi. Xidmətçi heyrətlə:
– Qoca dilənçi qiyafəsində bir kişidir? – deyə soruşdu.
Tanya:
– Odur! – deyə cavab verdi, artıq dayanmayıb meyxanadan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Üsyan et!Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
SavaşKöçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Стихи других поэтов
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,