Nəsihətnamə
Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir.
Dünyada dörd şeyin azı və çoxu bərabərdir.
Birisi oddur. Əlov bir cikkə bedə olsa, yenə xamuş etmək lazımdır.
İkinci tənzilli borcudur. Vəlov beş manat da olsa, yenə verib rədd etmək lazımdır.
Üçüncü düşməndir. Bir nəfər də olsa, yenə çalışıb, dost etmək lazımdır.
Dördüncü mərəzdir. Vəlov sərmazədəlikdə olsa, yenə dəfinə diqqət və əlac eyləmək lazımdır.
- Ev sahibinin yaxşılığı qonşularının əhvalından anlaşılır. Bir ev alınan vaxt qonşularının əhvalını mülahizə etməli, sonra almalıdır.
Evlərin də yaxşısı odur ki, qonaqlarının dərəcəsin və hörmətin riayət etsin.
İnsan gərək qarışqadan ibrət alsın. Çünki qarışqaların hələ böyüyü və əmr edənləri olmaya-olmaya, yenə xoş havalarda və fürsət vaxtında ittifaq ilə çalışıb, qış fəslində və zərurət zamanında insanlardan artıq rahat olub, asudə keçinirlər.
Ağıllı adamların nəsihətinə qulaq asmayan axırda peşman olur. Cavahirin qiyməti olsa, nəsihətin qiyməti yoxdur.
Tamahkar adamlar çox şeyə tamah eyləsələr də, yenə çox şeylərdən məhrum qalırlar. Tamah ilə və xəsisliklə yığılan dövlət çox vaxt varislərə də fayda verməz.
Bir insan elm və mərifət və tərbiyə səbəbilə özgələrin əlli yaşında göstərdiyi şöhrəti və qazandığı mərifəti bu iyirmi yaşında göstərir. Dünyada səadətin kamalı olmadığı kimi, müsibətin də daxi zavalı yoxdur.
İnsan əvvəl gərək cəhlin və bulmazlığın dərəcəsini bulsun, ondan sonra bulduğunu təkmil edib, bulmadığının təhsilinə çalışa. Çox zad öyrənər.
Yaxşı adamlara pislik eyləyən adamın əməli günə tüpürən adamın misalına bənzər. Çünki tüpürdüyü günə yetişməz. Yenə axırda öz üzünə düşər.
İnsanın elmi çoxaldıqca cəhli azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atlatmaqdan çətindir.
Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bulunsa, insanların da yaxşısı elmi-əxlaq ilə bulunur.
Bir işi başlayıb axıra çatdırmayan adam gərək məyus olmasın. Əvvəlinci dəfə cabəca olmasa, ikincidə, nəhayət üçüncüdə yerbəyer olur. İnsan hörümçəkdən ibrət götürməlidir.
Meyvəli ağaca daş atan çox olduğu kimi elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Necə ki, meyvəli ağaca daş vuranda yemiş verər, tərbiyəli və kamalat sahibi insan da gərək hər kəs ilə müdara və rəftar eləsin.
İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yeməklə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, yemək dirilikdən ötrü lazımdır.
İnadçı adamlar islaha gəlməzlər. Qaraya sabun, dəliyə nəsihət heç bir fayda verməz.
Vücudu xəstə olan adam təbibə və ruhu xəstə olan həbibə möhtacdır.
Ədavət toxumun əkən zəhmət və məşəqqət becərər. Yəni pislik eyləyən adam axırda pislik görəcəkdir.
Tənbəllik və işsizlik fəqr və zərurət qapısının kəlididir. İşlək adama ən böyük cəza bikar qalmaqdır.
Tənbəllik və kəsalət insanın vücudunda bir böyük mərəzdir. Odur ki, deyirlər: «İşləyən dəmir parıldar və işləməyən dəmir paslanır». Tənbəl adam badam yemək istər. Amma sındırmağın zəhmətindən qaçar.
Torpaqdan yaradılmış insana kibr etmək lazım deyil. Kibr elə bir div aynasıdır ki, insanın vücudunu həddindən artıq göstərir.
Ata-anasının gözəl-gözəl nəsihətinə qulaq asmayan uşaq, axırda peşman olur. Nəsihətin qiyməti cavahirdən artıqdır. Amma qədrini bilən gərək.
Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır.
Yaxşılığı tərif eləyən kimsənin sözü doğru olsa, özü əsla yaxşılıqdan əl çəkməz. Vaiz və naseh kimsənə dediyinə əməl etsə, sözünün təsiri artıq olur.
Dövlətmənd adamların malına və dövlətinə həsrətlə baxıb, oğurlamaq fikrinə düşən adam heç vaxt dövlətli olmaz. Fağır və biçarələrin halına mərhəmət və mürüvvətlə baxan dövlətli heç bir vaxt fağır olmaz.
Bir şeyin qiyməti o şey əldən gedəndən sonra bilinir. Ağ pul qara gün üçün lazım olur.
Həddindən ziyadə fikir və xəyal eyləyən adam öz arzusuna çatmaz. Bizim üçün ən gözəl dərslər təcrübə dərsləridir.
Məsrəf adamın nə qədər malı olsa, yenə axırda zərurətə düşər. Çünki israfın idarə qapısı açıqdır. Necə ki, açıq qapıdan hər kəs içəri girə bilər, ehtiyaclıq da daxil ola bilər.
Ucuz gördüyü lazım olmayan şeyləri alan kimsə, lazımlı şeylərdən məhrum qalır. Diqqət və mülahizənin mənasını insan vaxtında bilər.
Dünyada əziz vaxtını bihudə keçirtmək insan üçün böyük bir müsibətdir.
Tənbəlliklən keçinən adam hər umduğundan məhrum qalır.
Dünyada elmi təhsil eləmək nə qədər çətin olsa da, yaddan çıxmağı çox asandır. Amma cəhalət dediyimiz təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir.
Bir mənfəət ümidi ilə dost olan adam insana dost deyil. İnsanın dostu kamalatının aynasıdır.
Həvəslə başlanan hər bir iş yarı olmuş kimidir. İş işləyib, yorulan adamın istirahəti istirahətdir. Bikarçılığın istirahəti zəhmət və məşəqqətdən ibarətdir.
Özü zəhmət ilə qazanıb, övrəti israf eləyən adamın evi dibi dəlik çuvala bənzər. İçinə hər nə qoysan, dolmaq bilməz.
Ağıllı ata-ana övladını elmə və tərbiyətə rağib edəndir. Balasını bikar və əziz saxlayan adam övladının düşmənidir.
Quzularının mələməyindən artıq bülbüllərin səsindən həzz alan çobanın öz sürüsünə xeyiri olmaz.
İnsanın öz nəfsi özünə böyük düşmən olduğundan hər zaddan vacib əvvəl onu islah etməlidir. Öz qəbahətini görən kimsə özgənin pisliyini görməyə vaxt tapmaz.
Ağıllı adam ədəbi ədəbsizdən öyrənir. Qeyrətli adam çörəyi daş dibindən çıxarır.
Dəliliyin əvvəlinci dərəcəsi özünü ağıllı bilməkdir. Çox səslənən təbilin içi hava ilə doludur. İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
Dünyada sənət və kəsb fəğr və zərurətə müqabil bir qala kimidir. Amma gözəl sənətkarlıqda həm fayda və həm ləzzət vardır.
Xalqın nifaqına və zərərinə bais olan iki üzlü və süxənçin adamlardır. Dili doğruçu olanın ağzının xətası az olur.
Nəsihət vermək nə qədər asan olsa, qəbul eyləmək o qədər çətindir. Qərəzkarın sözü kömür kimi dəydiyi yeri yandırmasa da, qaraldır.
Dünyada yaxşılıqdan gözəl şey yoxdur. Amma yaxşılığa layiq olanları axtarıb tapmıq ondan da yaxşıdır.
Pisliyi yaddan çıxarıb, yaxşılığı yadda saxlamaq lazımdır. Amma bir adama yaxşılıq edib, əvəzini gözləmək bu gün əkdiyin ağacı sabah çıxardıb atmaq kimidir.
Müavinətə möhtac olanları gözləmək insanlıq şənindəndir. Cənabi-Rəbb rəhim, rəhm edənlərə rəhm vədəsi veribdir.
İnsanın ömrü azaldıqca arzusu uzanır.
Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər.
İnsan ömrünü və cavanlığını bühudə keçirtməsə, axırda peşman olmaz. Cavanlıq bir ziraətdir, hər nə əksə, qocalıqda biçəcəkdir.
Cəsur adama bəxt və tale əlin uzadar. Fürsəti fövt eyləyən bəxtindən şikayət edər. Vaxtı bihudə keçirtməsə, hər işi görməyə kifayət edər.
Fəzilətdən, ibadətdən, elm və mərifətdən məhrum olan adamlar üçün ölüm bir böyük nemətdir. Çalışmaq istəməyən adam yaşamağa layiq deyil.
Xəyanət bir qəlp puldur. Tanımayanlar arasında xərclənir. İnsan əlini özgəsinin cibinə və gözünü özgəsinin məktubuna gərək dikməsin.
Məhəbbət və ittifaq ilə yeyilən yavan çörək müxalifət və nifaq ilə yeyilən plovdan yaxşıdır. Şirin söz insanın qəlbinin yarasına məlhəm və acı söz zəhərli bir qılınc kimidir.
Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
İnsan üçün nizafət hər vaxt lazım olan bir zinətdir. Hər adam vücudunu və libasını və məskənini hər vaxt təmiz və pakizə etməlidir. Çünki vücudun təmizliyi ruhun təmizliyinə dəlalət edir.
Bu qədər danışdıq, amma səbrdən heç bəhs etmədik. Səbr bir ağacdır, onun kökü acı, amma meyvəsi dadlıdır.
İnsan böyük adamların kamalatını məmnuniyyət nəzərilə görüb, təhsin və qəbul etməlidir. İnsanın bir az nöqsanı kamalatına xələl verməz. Çünki günün üzündəki ləkələr nuruna ziyan verməz.
Elm bir çox kitabları oxuyub-yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir. Əhli-sənət çoxdur, amma sənətkarlıqda mahir olanı azdır.
Səadətə yetişən kimsə səadətdən məhrum olanların halını düşünməli və bir müsibətə giriftar olan vaxt ondan bədtərini yadına salıb, mütəsəlli olmalıdır.
Səadət və rahatlıq zamanında insanların dostu çox olur. Amma müsibət vaxtı dostları məhəkdən keçirib, çoxunu dağıdıb, azını saxlar.
Məclisdə dilini, süfrədə əlini qısa tutan xəcalətli olmaz. Zatı məmduh olanın sifata ehtiyacı yoxdur.
Çörək üstə acgöz adam xalqüllahın rəzilidir. Acın qarnı doyar, amma gözü doymaz.
İnsan öz-özünü tərif və tövsif etmək xəyalına düşməsin gərək. Çünki öz haqqında hər nə qədər az desə, özgələrin yanında o qədər məğbul olur və yaxşılıq hər bir halda özünü göstərir.
Xalq arasında vüqu gələn (baş verən) namehribançılığın çoxu çox görüşməkdən hasil olur. Dostlara məhəbbət və sədaqət etmək lazımdır. Amma qonşu olmaq əbəsdir.
İntiqamın lap yaxşısı pislik müqabilində yaxşılıq eləməkdir. İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxladandır.
Öz qəbahətlərini saxlayan adam çoxaldır, amma aşkar və iqrar eyləyən adam dağıdır. Ağlına fəxr eyləyən həmişə xəcalətli olur.
Məmur və rəis adamlar özündən sonra mənfəətli və böyük işlər qoymalıdır. Çünki gözəl ad insanın vücüdünü həmişə nəzərlərdə cilvələndirib, dirildir.
Öz-özünü bəyənən adam özünü heç kimsəyə bəyəndirməz. Çox vədə edənin vədəsinə inanmaq olmaz.
Elm, mərifət və səadətin dərəcələrinə tərəqqi eləməyin əvvəlinci şərti pis müsahiblərdən uzaq olmaqdır. İnsaniyyətin və cəmiyyətin lazım olan şərti bədəxlaq həmnişinlərdən kənar olmaqdır.
İnsan maaşını və nəfqəsini tədarük etmək üçün bir kəsbü kar tutmağa və bir sənət öyrənməyə möhtacdır. Hər şəxs gərək öz mayəhtacını təhsil edib, özgəsinə möhtac olmasın. Lakin ruzi təhsin eləməyin yolları şəriətə müvafiq olmağı hər bir halda şərtdir.
Qeyrətmənd adamlar hər gecə yatmamışdan irəli deməlidir: «Əlhəmdullah, bu gün səhhəti-bədənlə filan xeyir əməli elədim və filan əmrimi də cabəca etdim və filan mömin qardaşıma da ya maddi cəhətdən, ya dil ilən, ya əl ilən filan köməkliyi elədim. Əlhəqq, belə olmağı hər kəs arzu eyləməsə, insan deyildir.
Zaye olan övqat və fövt olan fürsətin iadə olunmadığı məlumdur. İnsanın ömrünün saniyələri dəqiqələrindən və dəqiqələri saatlarından və saatları həftə və ay və illərindən və illəri tamam ömürdən hesab olur. Buna görə insan heç bir vaxtını gərək bihudə keçirtməsin.
Sevdiyi adamın üstünə toz qonmağını istəmir. Amma bir inciklik səbəbilə cəmi qəbahətlərini üzünə sayır. Belə insana nə demək?
Zəhərdən ölənlər az olduğu üçün aləmdə hamı zəhərdən qorxar. Amma səfahət və cəhalət gündə min adamı həlak etdiyi halda, yenə çox adam ona meyl edər.
Özgəsinin sözünün həqiqətini anlamayan kimsə öz danışdığını bilməz. Söz arasında tez-tez and içən öz hərəkətinin (günahının) isbatına çalışır.
İnsan bilmədiyi şeyləri soruşmaqdan çəkinməsin gərək. Bilməmək eyb deyil, amma bilmək istəməmək ayıbdır.
Xəsis adam öz malını öz canından çox istər. Məsələn: Məkulatın (ərzağın) təzəsini almağa qüdrəti var ikən ucuz bilib, köhnəsini alır. Təzə libas geymək mümkün olduğu halda, köhnə və yırtıq və çirkli paltar giyər.
İnsan hər bir işi başlayanda əvvəl fikir, ondan sonra müşavirə və məsləhət, ondan sonra cabəca etməlidir. Məşvərətə ehtiyacı olmayan heç kəsdən gərək köməklik istəməsin.
İnsan səadət zamanında qazandığı dostunu müsibət zamanında gərək axtarsın. Müsibət zamanındakı dostunu səadət zamanında gərək yaddan çıxartmasın.
Qılınc yarası sağalsa, dil yarası sağalmaz. İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlamasıdır.
Bir adam yalan deyəndə özgəsinin zərərini və öz nəfini axtarır. Amma özünə hamıdan artıq zərər toxunur. Çünki dünyada yalançılıq səbəbindən çəkilən ziyanın həddi-hesabı yoxdur.
Dünyada elmin ləzzətini bilmək insan üçün bir böyük səadətdir. Amma səadət də bir xəzinədir ki, səy və qeyrət onun kilididir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-nesihetname
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xoşa sənilə həmavaz olduğum günlər,Həmişə həmdəmü həmraz olduğum günlər.
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördümSənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqiYenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
İstəyüp dərdinə eşqin bulmazam andan dəvaİstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,