XIII
Страница 10 из 12 · 75%
– Yox, yox, bizim imkanımız var, biz yalan-palan danışıb nə Salamatın babalını, nə də bu qızların ah-naləsini boynumuza götürə bilmərik! – deyə döşü atlanan “imanlı qocalar” öz sözlərini xülasə edirdilər, – gor var, qıl körpü var, qır qazan var, biz oraya yıxılıb, şaqqur-şuqqur yana bilmərik!..
Salamatın bir çətən qız külfəti saqqalları tərpənən qocaların söhbəti zamanı tərpənmir, heç kəs o biri kəsdən qopub aralanmır, bir kəs belə cıqqır çıxarmırdı. Əksinə, hər qoca danışdıqca qızlar analarına sıxlaşır, ağlıkəsən qızların doğru ümidverici sözlərdən yana sevinclərindən gözləri yaşarır, körpələr isə hansı bir hiss ilə duyurdular ki, söhbət onların xeyrinə gedir. Mehman səbir və təmkinlə, bir kəs alt-üst bassa belə öz əlini qaldırıb sözünü kəsmir, ancaq birdən alt-üst vuranda, söz-sözü tutmayanda gülümsəyirdi. Beləliklə, o, söhbəti başa çatdırıb ayağa qalxdı, qocalarla görüşüb xudahafizləşdi, nəhayət, Salamatın topa külfətinə yanaşıb:
– Siz arxayın olun, qızlar! – deyə Mehman onlara təsəlli verdi.
– Biz atamızı Şura hökumətindən istəyirik! – deyə qızların tutuquşunu andıran səsləri bir-birinə qarışdı.
Qızların anası heç bir söz deməyib yaşmağını kirpiklərinə qədər qaldırdı, həyəcanından titrəsə də öz hisslərini gizləməyə çalışdı. Əgər Salamat əbəs yerdən beş-on ilə həbsə, sürgünə gedirdisə, bəs onda Güləbətin bu boyda qız külfətini necə saxlar, başı papaqsız evi necə dolandırardı?.. Yox, Güləbətin dinməsə də öz dərdini Mehmana danışmış, öz ürək sözünü ədalət gözlədiyi prokurora çatdırmışdı. Doğrudan da Güləbətinin üzə açılışıb, dinməməyi, çığır-bağır salmamağı, qarayaxalıq etməməyi Mehmana çox-çox söz demiş, ona deyəcəklərindən güclü təsir etmişdi. Mehman belə bir külfəti günahsız yerdən başıkəsik qoymağın necə ağır bir dərd olduğunu dərk edirdi. O öz yerində gözüylə gördüyü, qulaqlarıyla eşitdiyi üçün, o bu işin hər hansı sözlərlə yazılan kağızdan, tərtib edilən möhür basılan sənəddən də artıq təsirini duyurdu. Demək kağızlar, sənədlər hüquqi nöqteyi-nəzərdən nə qədər zəruri və nə qədər gərəksə, belə üzbəüz söhbətlərin özü də heç az gərək deyildir!..
– Görün, heç bu qədər də qız uşağını boynuburuq qoymaq olarmı? – deyə Mehmanın dolub tutulduğunu görən, cavan prokurorun ədalətlə hərəkət edəcəyinə şübhə etməyən Mirzə kişi adını tutmasa belə, Kamilovu əkən gorbagor ataya lənət yağdırıb, küfr olmamaq üçün ağ, uzun saqqalını uzanasına tumarlayıb, oğlunun gözünü yayındırıb salavat çəkdi, qalan qocalar da eynən saqqallarına tumar verdilər. Bununla da bu saç-saqqalda yalan danışmadıqlarını, bir daha prokurora yetirdilər. Mehman bayaqdan bəriyə hirsini yeyib özünü güclə saxlayan Kamilovun qarasına söyüb-söylənməyən, Mirzəoğluna müraciətlə səkilin gətirilməsini xahiş etdi. Mirzəoğlu səsi dolusu böyük oğlunun üstünə bağırıb:
– Ədə, Xanlar! – deyə açılışdı, – qardaşoğlunun atını tez yəhərləyib, yüyünləyib, gətirib gəlin!
İşin pis tutmadığını görən Mirzəoğlu özü də səfərə hazırlaşdı, o, taxtaqaburlu mauzerini çiynindən aşırdı.
– Sən haraya! – deyə qoca oğlundan xəbər aldı.
– Mən də qardaşoğlunu bu qabaqkı bənd-bərələrdən keçirim! – deyə təkgöz adam cavab verdi, qoca başını yelləyib qarağat demisini tüstülətdi, qalan qocalar da bu fikrə şərik olub, qarağat demilərini tüstülətməyə girişdilər. İnqilabi fırtınalardan, Şimali Qafqaz döyüşlərindən çıxmış, elə burada da sağ gözünü itirən Mirzəoğlu atın belinə qalxdı. Mehman da yəhərlənib, yüyünlənən səkili mindi. Səkil bütün kəndlə salamatlaşır kimi kişnəyib nəinki bir tək bu obaya, hətta ətraf dağ-daşa səs saldı. Müəyyən gör-görüşdən sonra süvarilər tərpəndi. Mirzəoğlu atını səyirdib qabağa düşdü. Səkil hoqquldayıb özünü ətəyə saldı. Birdən xəbər tutmuş kimi tökülüb gələn köpəklər quyruğunu qaldırıb götürülən səkili dövrəyə aldılar. Səkil bir qıllı köpəyin kəlləsinə öz nallı təpiyi ilə elə ilişdirdi ki, köpək zir-zir zingildədi, Mirzəoğlunun zəhmli səsindən qalan köpəklər də dağılışıb, çal-çəpərin içində gizləndilər. Hər iki atlı qoşalaşıb yanaşı süzməyə başladı.
– Hələ bu uşağın ağzından süd qoxusu gəlir, – deyə kəmetiqad bir qoca dalınca söz atdı, – qorxuram o Kamilovun müqabilində bu uşağın ağzı heç qatıq da kəsməyə!
Qonağın haqqında nagüvara söz eşitmək istəməyən Mirzə kişi qarağat demisinə qullab vurub:
– “Əqil yaşda deyil başdadır!” – deyə dədə-baba misalıyla cavab verdi.
– Daş da kəsər, dəmir də!.. Əgər rüşvət qılıncını paslandırmasa, dilini qısaltmasa? – deyə başqa bir qoca yanındakı şəkkakı çiyinlədi.
– Dadandırarlar, yan-yörəsindəki Qaloş kimisi, quzunu duza dadandıran kimi bunu da rüşvətə dadandırar, – deyə kəmetiqad qoca əlavə etdi. – Bu dünyaya peyğəmbər gələn, axırda gora kəfənsoyan gedir!
– Elədir, atam, elədir! – deyə bayaqları nala-mıxa vuran qocalar söyləndilər: – Bəni-insanın təməhi ki var, həzrət Əlinin qılıncından da itidir!.. Bu cavan uşaq elə dartıb-dağıdan rüşvətxor olsun ki, qabaqkılar bunun yanında muştuluq olsunlar!
– O özünü elə ləkələyib, dilini elə qısaltsın ki, Qaloşun əlində baldan çıxan bərəmuma dönsün!..
Mehman ilə Mirzəoğlu öz atlarını yanaşı sürürdü. Ancaq Mehmanın gözləri aludə olduğu “Yeddi qardaş”dan doymurdu. O, rəngarəng təbiət mənzərələrindən gözlərini çəkmirdi. Mirzəoğlu isə arada öz tatarısını hərləyib ta uzaqlardan bəriyə sədri olduğu kolxozun ərazisini göstərir, öyünə-öyünə öz iş-gücündən nəql edirdi. Mehman Mirzəoğlunu dinləsə belə onun gözləri bu mənzərədən o birisinə keçirdi. Sıldırım dağların döşündən paqqıldayıb çıxan bulaqlar daşa-daşa daşır, tərtəmiz qar kimi ağara-ağara üzüaşağı axır. “Yeddi qardaş”ın sinələrindəki çınqıllıq içindən qırmızı özək baldırğanlar üzüyuxarı qalxır, qıjıltılı körpülər baldırğanların başında oynayırdı. Bu sədalar “Yeddi qardaş”a səs salır, başıqarlı dağlardan güclü-gurultulu əks-sədalar qayıdır, bütün bu aləmi doldurur, Mehman üçün eşitmədiyi musiqili dünya yaranırdı... Arada bir Mirzəoğlu atüstü üzəngidə dikəlir, Mehmana onun seçmədiyi əlavə şəlalələri də göstərir, çox da uzaq çəkmədən təbiətin bu bitib-tükənməz qüvvəsindən istifadə edəcəyini, nəinki bir tək öz kəndlərinə, ətraf kəndlərə belə işıq verəcəyini söyləyir, icrakom sədri Kamilovun belə xeyirxah işlərə havadar olmadığını yanıqlı-yanıqlı deyirdi. Əsrarəngiz təbiət aləminə məftun olan Mehman aradabir dönüb Mirzəoğluna cavab verir, tezcə də susub xəyala dalırdı. Mehman başıqarlı dağların əfsanəvi aləminə düşdüyü üçün onun ürəyi qanadlanır, vətən mülkünün gözəlliyi qarşısında ürəyi qürurla dolurdu. Bir-birindən aralıda dayanan “Yeddi qardaş”ın sinəsinə yapışan balaca-balaca obalardan gömgöy tüstülər uzanır, qarlı dağların zirvələrinə doğru qalxırdı, Mehman indiyə qədər görmədiyi aləmə boylanıb baxmaqdan çəkinmir, gözləri alışıb-yanan səkilin cilovunu əlindən buraxmırdı. Baxdıqca allı-güllü, yamyaşıl çəmənlərdə gümüş kimi parıldayan dəryazlar işləyir, yenicə çallayan arpa zəmilərində oraqlar, çinlər təzəcə işə düşür, nisbətən daha çox sahələri tutan buğda zəmiləri isə buğuma qalxırdı.
– Bax, bu yeddi para kəndin adamı ancaq bir kişinin törəməsidir! – deyə Mirzəoğlu köhnə dostunun oğluna məlumat verməyi özünə borc bilirdi. – Vaxtilə, Qaraqoyunlu tayfasından ayrılıb, “Yeddi qardaş” dağlarına öz köçünü sürən Mirzəalı kişi burada bünövrə qoyubdur. Özü də yeddi oğluna arxalanıb arana düşməyibdir... Yeddi qardaş bu dağların güney üzündə qoyun saxlayıbdır... Hər oğlu ayrıldıqca qoca bax bu dağların birisinin ətəyini göstəribdir. Onların hər birisi özünə ayrı-ayrı damdaş salıb, ev olub tüstü çıxarıblar... Deyir, qıllı-qüvvətli köpəklərin hürüşməsindən bu dağlar dillənərmiş, bir-birinə arxalanan köpəklər qurd basarmışlar, onların qorxusundan bu dağlarda quşlar qanad salarmışlar... Bəli, belə-belə onlar artıb-törəyib, hərəsi bir oba olubdur.
– İndi bu obanın hərəsi bir neçə evdən ibarət olar? – deyə Mehman gözlərini qəribə aləmdən çəkməsə də soruşdu.
– Üst-üstə götürsən otuzu aşar, – deyə, Mirzəoğlu cavab verdi
– Demək, sizin birləşmiş kolxozda yüzdən artıq təsərrüfat birləşibdir?
– Bəli, elə olar!
– Deməli, “Yeddi qardaş”ın əvvəli də, axırı da birdir!
– Bəli, belə çıxır!
– Onda gərək sizin kolxozda bir ailə mehribançılığı olsun!
– Yox, arada ağlasığışmaz qanlıçılıq da az olmayıbdır! – deyə Mirzəoğlu vaxtilə törəmələr arasında baş verən qanlı ədavətlərdən: qız qaçırmaq, bir-birini gülləyə tutmaq hadisələrindən, torpaq, otlaq üstündə gedən amansız çəkişmələrdən xeyli danışıb əlavə etdi. – Əslinə qalsa elə Salamatın işinə də köhnə qanlıçılıq qarışıbdır!
– Demək sinfi mübarizə ilə qanlıçılıq bir-birinə qarışıbdır?
– Heyif ki, belə olubdur, – deyə Mirzəoğlu açıq söhbətə keçib söylədi ki, necə bu oba ilə o oba tamam yad-yadırğalar kimi varlanmaq, yer, torpaq tutmaq üstündə əldə silah bir-birilə vuruşub, hətta bir-birisinin evini belə od-alov veribdir.
– Bizim dildə desək bəlkə sinfi mübarizə şiddət kəsb edibdir, – deyə təbiət mənzərələrindən üzülə bilməyən Mehman soruşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xiii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
ITədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..
IIMəktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
IIIÇoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.
Стихи других поэтов
Bir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Verdi ağa mənə bir çuxa ki, min donə dəyər.Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,
ƏliƏrşi zəmin nohu qələm yox ikən,Varlığa hamıdan tez gələn Əli.